İnsulin analizi
İnsulin- zülalı hormon olub, mədəaltı vəzinin beta hüceyrələri tərəfindən sintez olunur və karbohidrat mübadiləsinin əsas tənzimləyicisidir. İnsulin müayinəsi qanda və sidikdə C-peptidin, proinsulinin təyini, qlükozaya rezistentlik testi ilə paralel aparılır. İnsulinin müayinəsi hipoqlikemik vəziyyətlərin və toxumaların insulinə dözümsüzlüyünü səbəblərini araşdırmaq məqsədilə aparılır. İnsulin müayinəsi üçün venoz qan plazmasından istifadə olunur. Qanda hormonun təyini üçün çox vaxt immunoferment üsulundan istifadə olunur. Bu üsulla müayinə zamanı normal göstərici 2,7-10,4 μU/ml hesabı ilə referans olunur. Müayinənin nəticəsi üçün 2 gün tələb olunur.
İnsulin hormonu mədəaltı vəzinin Langerhans adacıqlarında beta-hüceyrələr tərəfindən sintez olunur. İnsulin molekulu A- və B-peptidlər adlanan 2 zülal zəncirindən ibarətdir. A-peptid zəncirində 21, B-zəncirdə isə 30 aminturşu qalığı iştirak edir. Zülal zəncirləri ikiqat sulfid körpücükləri ilə birləşmişdirlər. Beta-hüceyrələr qanda şəkərin səviyyəsinə çox həssasdırlar. Qanda qlükozanın konsentrasiyasının yüksəlməsi, qanunauyğun olaraq insulin sekresiyasını artırır ki, o da qlükozanın toxumalar tərəfindən mənimsənilməsini aktivləşdirir.
İnsulin bir çox mübadilə proseslərində iştirak edir. Onun əsas təsir effekti -anabolik təsirdir. Onun əsas işi, qlükozanı parçalayan fermentativ reaksiyaları sürətləndirməkdir. Fizioloji şərtlər daxilində, qanda qlükozanın səviyyəsi orqanizmin ehtiyacından yüksəkdirsə, insulin “artıq” qlükozanı qlikogen şəklində qaraciyər hüceyrələrində və skelet əzələlərində toplayır. İnsulin hormonu qlükozanın adipositlər tərəfindən tutulmasını və “piy deposu” şəklində toplanmasını, eləcə də, protein sintezini induksiya edir və parçalanmasının qarşısını alır.
Mədəaltı vəzinin beta-hüceyrələrinin zədələnməsinə səbəb olan xəstəliklər zamanı insulin sintezi azalır. Qlükozanın toxumalar tərəfindən utilizasiyası kəskin azalır, hüceyrələrdə enerji sintezinin çatışmazlığı meydana çıxır. Eyni zamanda, qanda şəkərin səviyyəsi də yüksəlir. Bu hal şəkərli diabet adlanır. Toxumaların energetik “aclığı” ilə davam edən uzunmüddətli hiperqlikemiya (qanda qlükozanın yüksək səviyyəsi) bütün orqanizmdə mübadilə proseslərinin pozulmasına səbəb olur. İlk növbədə damarların divarı, sinirlər, böyrəklər, gözlər, beyin hüceyrələri zədələnir.
Qanda insulinin müayinəsi adətən, endokrinoloq və diabetoloqlar tərəfindən təyin olunur. Hormonun müayinəsi mədəaltı vəzinin hormon sintezetmə səviyyəsini dəqiq öyrənmək məqsədilə aparılır. Nəticələrə əsasən şəkərli diabetin müalicə sxemini dəqiqləşdirmək, eləcə də hipoqlikemik vəziyyətin dəqiq səbəbini müəyyən etmək mümkün olur. Cərrahlar və onkoloqlar insulin analizini mədəaltı vəzidə aparılan cərrahi əməliyyatlardan sonra artıq insulin sintezinə səbəb olan şiş hüceyrələrinin miqdarını və mümkün metastaz ehtimalını dəqiqləşdirmək məqsədilə təyin edirlər.
İnsulinin müayinəsinə göstərişlər
Qanda insulinin müayinəsi qəfil meydana çıxan aclıq hissi, ürəkdöyünmə, əllərin əsməsi, huşun dumanlı olması və diplopiya ilə müşayiət olunan bağırsaq peristaltikasının sürətlənməsi zamanı göstərişdir. Əgər bu simptomlar uzun sürən aclıqdan sonra, gecə və ya səhərlər baş verirsə, mədəaltı vəzinin şişi- insulinoma tərəfindən insulinin normadan çox sintezi və buna bağlı olaraq meydana çıxan hipoqlikemiyanı göstərə bilər.
İnsulin təyini I və II tip şəkərli diabeti differensiasiya etmək üçün də təyin olunur. I tip şəkərli diabet (insulindənasılı) zamanı mədəaltı vəzinin hüceyrələrinin məhvi hesabına endogen insulinin səviyyəsi azalmış olur. II tip şəkərli diabet (insulinə rezistent) zamanı, adətən insulin sintezi azalmır, hüceyrə reseptorlarının insulinə həssaslığı azalır. Hormonun səviyyəsi hətta yüksək ola bilər. Qanda insulinin təyini metabolik sindrom və yumurtalıqların polikistozu zamanı da kompleks müayinənin tərkibində aparıla bilər. İnsulin müayinəsinə əks göstəriş mövcud deyildir.
Müayinəyə hazırlıq və qanın götürülməsi
İnsulin müayinəsi üçün qan immunoloji və biokimyəvi laboratoriyalarda götürülür. Müayinəyə 1 sutka qalmış ağır fiziki və psixoemosional yüklənmə məsləhət deyil. Müalicə həkiminin icazəsilə şəkərsalıcı dərman qəbulunu dayandırmaq lazımdır. 8-14 saat öncədən qida qəbulu olmamalıdır. Qan qırmızı qapaqlı, gelsizsınaq şüşəsinə yığılır. Daha sonra qan sentrifuqadan keçirilərək, plazma hissəsi ayrılır. Laboratoriyada insulinin müayinəsi bir neçə üsulla: bioloji, radioimmun və immunoferment yolu ilə aparıla bilər.
İmmunoferment üsulunun prinsipi belədir- müayinə üçün 2 reagentdən istifadə olunur. Birinci reagent fermentlərlə konyuqəolunmuş çoxlu sayda spesifik immobilizəolunmuş antitellərdən, ikinci isə- təbii antigenlərdən təşkil olunmuşdur. Mikroplanşetin dəliklərinə (çökəkliklərinə) öncə streptavidin, daha sonra isə insulinə qarşı monoklonal antitel əlavə olunur. Sonuncunun immobilizasiyası baş verir. Daha sonra enzimlərlə işarələnmiş antitellər və nativ antigenli zərdab əlavə olunur. Qarışdırıldıqdan sonra təbii antigen və antitellər arasında- streptavidinə yüksək oxşarlıq xüsusiyyətinə görə dəliklərin dibinə çökən və həll ola bilən “sendviç-kompleks” formalaşır. 20 dəqiqə sonra “antigen-antitel” kompleksi aktiv aspirasiya hesabına birləşməmiş antigendən ayrılır. Konyuqəolunmuş antitellərin fermentlərinin aktivliyi nativ antigenin miqdarı ilə düz proporsionaldır. Reagent əlavə olunduqdan sonra lyuminessensiyanın intensivliyi lyuminometr vasitəsilə ölçülür. İşıqlanmanın intensivliyi biomaterialda insulinin konsentrasiyası ilə düz proporsionaldır.
İnsulinin normal göstəriciləri
İnsulinin referans dəyərləri fərqli laboratoriyalarda müxtəlif ola bilər. Buna səbəb, bazarda mövcud reagentlərin və müayinə üsullarının çoxluğudur. Nəticələri qiymətləndirərkən “Referans dəyərləri” qrafasındakı rəqəmləri həmin laboratoriyanın normal göstəriciləri ilə müqayisə etmək lazımdır. İnsulin üçün ölçü vahidi μU/ml -dir (millimetrdə mikroVahid). İmmunoferment analizi zamanı insulinin normal dəyərləri 2,7-10,4μU/ml aralığında dəyişir. Nəticələri qiymətləndirərkən nəzərə almaq lazımdır ki, bəzi preparatların- oral kontraseptivlər, kortikosteroidlər, levodopa, xinidin, spironolakton, yuxarı dozada nikotin turşusu (PP vitamini)- uzun müddətli qəbulu nəticələrə təsir edə bilər.
İnsulinin diaqnostik əhəmiyyəti
İnsulinin konsentrasiyasının əhəmiyyətli dərəcədə artması mədəaltı vəzinin adenoması- insulinoma zamanı müşahidə olunur. Bu zaman, aclıq qlükozasının səviyyəsi 2mmol/l -dən aşağı olur. İnsulinərezistent II tip diabetin başlanğıc dövründə və metabolik sindrom zamanı qanda insulinin səviyyəsi artmış olur. Şəkərli diabetin proqressivləşmə dərəcəsinə uyğun olaraq insulin uzun müddət normal səviyyədə qala və daha sonralar azalmağa başlaya bilər.
İtsenko-Kuşinq xəstəliyi və akromeqaliya zamanı insulinin səviyyəsi normadan yuxarıdır. Bu onunla əlaqədardır ki, belə xəstəliklər zamanı qlükokortikoidlərin və somatotropinin yüksək səviyyəsi orqanizmin hüceyrə strukturlarında şəkərin utilizasiyasını ləngidir. Bu zaman insulinin yüksək konsentrasiyasına baxmayaraq qan plazmasında qlükozanın səviyyəsi yüksək olaraq qalır. Qaraciyər xəstəlikləri zamanı qanda insulinin səviyyəsinin artması müşahidə olunur. Buna səbəb insulinaza fermentini sintez edən qaraciyər hüceyrələrinin zədələnməsidir. Normada insulinaza portal sistemdən keçən insulin molekulunu parçalayır. İnsulin hormonu qalaktoza və fruktozaya anadangəlmə dözümsüzlük və miodistrofiyaların bəzi növləri zamanı da artmış olur.
İnsulindənasılı (I tip) şəkərli diabet zamanı mədəaltı vəzinin hüceyrələrinin məhvi səbəbindən qanda insulinin səviyyəsi azalır. Orqanın natamam rezeksiyası zamanı da insulinin səviyyəsi eyni səbəbdən azalmış olur.
Normadan kənaraçıxmaların müalicəsi
Müalicə üçün endokrinoloq, onkoloq və ya qastroenteroloqa müraciət etmək lazımdır. Müalicə -alınan nəticələrə, kliniki əlamətlərə və laborator-diaqnostik müayinələrə əsasən təyin olunur. Şəkərli diabetin medikamentoz müalicəsi qəti individual xarakter daşıyır və bəzi hallarda insulin və ya şəkərsalıcı preparatın xüsusi sxem və doza ilə təyin olunması tələb oluna bilər. İnsulinomaya şübhə olarsa və təsdiqini taparsa, cərrahi müdaxilə mütləqdir.