Artroskopiya
Artroskopiya -minimal invaziv müayinə üsulu olub, oynaqdaxili strukturları zədələyən patoloji amillərin diaqnostikası və müalicəsi məqsədilə aparılır. Xüsusi endoskopik alətlə (artroskopla) aparılır, aparatın hərəkətli hissəsi bir və ya bir neçə kiçik kəsikdən oynağa daxil edilir. Müayinə vasitəsilə oynağa baxış keçirmək və gözlə nəzarət etməklə toxumaların minimal zədələnmələrlə müxtəlif diaqnostik və müalicə prosedurlarını həyata keçirmək mümkün olur.
Müayinə üsulunun yaranma tarixi
Yapon həkimi Kendzi Takaqi artroskopiyanın əsasını qoyan şəxsdir və canlı heyvanlarda və insan cəsədlərində oynaqları öyrənərkən ilk dəfə sitoskopdan istifadə etmişdir. Takaqu ilk dəfə 1921-ci ildə artroskopdan istifadə etməyə başlamışdır. Növbəti illərdə mütəxəssislər artroskopun təkmilləşməsi üzərində çalışmışlar. Tədricən artroskopun ölçüsünü 3 dəfəyədək kiçiltmək və oynaq daxilində yerləşdirmək mümkün olmuşdur. Əlavə edilən köndələn və yan linzalar görüntü sahəsini böyütməyə imkan verir. Oynağın daxili səthinin ilk rəsmini Takaqu 1932-ci ildə əldə etmişdir.
Mütəxəssislərin əksəriyyəti əvvəlcə kəşfi düzgün qiymətləndirə bilməmişlər və artroskopu ciddi qəbul etməmişlər. Avropada artroskop yalnız 60-cı illərdən sonra istifadə olunmağa başlamışdır. Zamanla artroskopun ölçüsü daha da kiçilmiş və təkmilləşmişdir. Artroskopik manipulyasiyaların və əməliyyatların əsasını qoyan xüsusi prinsiplər formalaşmış və atlaslar hazırlanmışdır.
Geniş kliniki praktikada artroskopiya keçən əsrin 90-cı illərindən başlayaraq tətbiq olunur. Artroskopiya travmatologiya, ortopediya, revmatologiya və tibbin digər sahələrində geniş istifadə olunur.
Artroskopiyanın aparılma qaydası
Aparat -sərt metallik borudan və bir ucunda 30 və ya 70 dərəcəli bucaq altında olan obyektivdən, digər ucunda isə işıq kabeli və kameradan görüntünü monitorun ekranına ötürən ötürücüdən ibarətdir. Kiçik kəsikdən boru oyanağa daxil edilir və işıqlandırılır. Obyektivi oynaq daxilində hərəkət etdirərək, görüntü ekrana ötürülür. Ehtiyac olarsa görüntü videokasetə və ya elektron daşıyıcıya ötürülür.
Artroskopiya zamanı bir boru vasitəsilə fizioloji məhlul daxil olub digərindən xaric olaraq xırda elementlərin yuyulub xaric olmasına imkan yaradır. Bununla yanaşı, diaqnostik və müalicəvi məqsədlə zonddan istifadə etməklə oynaq daxili müxtəlif manipulyasiyalar -oynaqdan yad cismin, zədələnmiş vətər və ya qığırdaq qırıntılarının xaric edilməsi həyata keçirilə bilər.
İstifadə olunma məqsədindən asılı olaraq artroskopiyanın 3 növü ayırd edilir: diaqnostik, müalicəvi və müalicəvi-diaqnostik. Diaqnostik üsulla diz, çiyin və topuq-baldır oynağının artroskopiyası aparılır. Diz oynağının artroskopiyası travmaların və degenerativ-distrofik patologiyaların müayinəsində geniş tətbiq olunur. Çiyin və aşıq-baldır oynağının artroskopiyası nadir hallarda aparılır.
Artroskopiyaya göstərişlər
Artroskopiya əlavə və yardımçı müayinə üsulu hesab olunur və diaqnozu təsdiqləmək üçün aparılır. Naməlum genezli ağrı, hemartroz, residivləşən ödem və digər simptomlar zamanı rentgenoqrafiya, oynağın MRT müayinəsi, oynağın KT-si və digər müayinələrlə diaqnoz qoyula bilmədikdə artroskopiya göstərişdir. Bununla yanaşı, oynaq kapsulunun, bağların, meniskin və ya oynaq səthini örtən hialin qığırdaq qatının zədələnməsinə şübhə olduqda artroskopiya mütləqdir.
Diz oynağının artroskopiyası daxili və xarici menisklərin, xaçvari bağların, sinovila qişanın, bud və baldır sümüklərinin hialin qığırdaq toxumasının vəziyyətini qiymətləndirmək üçün aparılır. Diz oynağının rentgenoqrafiyası ilə patoloji halı differrensiasiya etmək mümükün olmadıqda artroskopiyaya müraciət olunur. Yeni travmalar zamanı (xaçabənzər bağın cırılması, menisklərin dağılması) müayinə və travmanın nəticələrini aradan qaldırmaq üçün artroskopiya aparıla bilər.
Sinovit, idmançılarda oynaqların yüklənməsi nəticəsində yaranan zədələnmələr, qonartroz zamanı da artroskopiya müayinəsi aparılmalıdır. Artroskopiyadan diaqnozun qoyulması, differensiasiyası, ağırlıq dərəcəsinin qiymətləndirilməsi, cərrahi əməliyyata hazırlıq və taktikanı dəqiqləşdirilməsi, eləcə də əməliyyatdan sonrakı dövrdə oynağın daxili struktur elementlərini incələmək üçün istifadə olunur.
Çiyin oynağının artroskopiyasında çiyin oynağı nahiyyəsində sümüklərin oynaq səthinin, əzələlərin, vətər və bağların vəziyyətinə baxılır. KT, MRT, elektromioqrafiya və digər müayinə üsulları istənilən nəticəni vermədikdə artroskopiya müayinəsi aparılır. Müayinədən diaqnostikanın yekun mərhələsində, müalicə müddətində və əməliyyatdan sonrakı dövrdə nəzarət məqsədilə istifadə olunur.
Aşıq-baldır oynağının artroskopiyası bağların, sinovial qişanın və sümük strukturlarının öyrənilməsi məqsədilə aparılır. KT, MRT, elektromioqrafiya və digər müayinə üsulları istənilən nəticəni vermədikdə artroskopiya müayinəsi aparılır. Oynaq qığırdağının zədələnməsi, xondromatoz, impisment-sindrom, posttravmatik artroz və artrofibroz şübhəsi olarsa, artroskopiyaya ehtiyac duyulur.
Oma-qalça oynağının artroskopiyası mürəkkəb diaqnostik müayinə üsulu olub, rentgenoqrafiya, MRT və KT müayinələri diaqnozun qoyulması üçün yetərli olmadığı hallarda təyin olunur. Travmatik zədələnmələr, inkişaf qüsurları, oynağın degenerativ-distrofik xəstəlikləri zamanı göstərişdir.
Artroskopiyaya əks göstərişlər
Xəstənin ağır vəziyyəti, kəskin infeksion xəstəliklər, infeksiyalaşmış yaralar, oynaq nahiyyəsində çapıqlar və dərinin irinli zədələnmələri zamanı artroskopiya əks göstərişdir. Oynaq kontrakturları, sümük və ya fibroz ankilozlar zamanı müayinənin informativliyi zəifləyir və bu hal nisbi əks göstəriş sayılır. Oma-qalça oynağının artroskopiyası endotraxeal narkoz altında aparıldığı üçün əks göstərişlərə- traxeya, qırtlaq və udlaq nahiyyəsinin patologiyaları (kəskin iltihabi xəstəliklər, bədxassəli törəmələr, vərəm) da daxildir.
Artroskopiyaya hazırlıq
Müayinədən öncə pasiyentdən ətraflı anamnez toplanır, anestetikə qarşı allergiyanın olub-olmaması dəqiqləşdirilir. Artroskopiya adətən yerli və ya peridual anesteziya altında aparılır, allergiyanın mövcud olduğu hallarda alternativ sedasiya üsulları seçilə bilər. Xəstədə hər hansı bir somatik xəstəliyin olub-olmaması dəqiqləşdirilir və ehtiyac olduqda mütəxəssisə yönləndirilir. Digər orqan və sistemlərin ağır patologiyaları və qanın laxtalanma sisteminin pozğunluqları öncədən korreksiya olunmalıdır. Qanın və sidiyin ümumi analizi aparılır. 50 yaşdan yuxarı şəxslərə döş qəfəsinin rentgenoqrafiyası və EKQ təyin olunur.
Prosedur acqarına aparılır. Müayinədən sonra rahat olmaq üçün pasiyentə sərbəst geyim və rahat ayaqqabı geyinmək məsləhət görülür. Artroskopiya müayinəsi aseptika və antiseptika qaydalarına riayət olunmaqla aparılır. Pasiyent soyunaraq xüsusi müayinə masasına uzanır. Anesteziya aparılır, troakar vasitəsilə bir və ya bir neçə kəsik aparılır və artroskop vasitəsilə oynağın daxili strukturları izlənilir.
Prosedurdan sonra 1 və ya 2 tikiş qoyulur və dəlik yerləri aseptik sağrı ilə bağlanır. Adətən, artroskopiyadan sonra xəstəyə sərbəst hərəkət etməyə icazə verilir. Müayinədən sonrakı bir neçə gün fiziki yükdən (kəskin hərəkətlər etməmək, ağırlıq götürməməli və s.) uzaq durmaq məsləhətdir.