Audiometriya
Audiometriya – eşitmə itiliyinin təyini məqsədilə aparılan kompleks müayinə üsullarından ibarətdir. Müayinə aparılarkən fərqli üsullarla müxtəlif tezlikli səs dalğalarına qarşı eşitmə həssaslığı öyrənilir. Səs generatoru kimi xüsusi elektroakustik apparat- audiometr istifadə olunur. Audiometriyanın – danışıq, tonal və komputer növləri mövcuddur. Pasiyentdə daha dəqiq qiymətləndirmə əldə etmək üçün minimum iki növ müayinə aparılmalıdır.
Audiometriyaya göstərişlər
Audiometriya ilə həkim orta və daxili qulağın fərqli xəstəlikləri (adgeziv otir, labirintit), mərkəzi sinir-sisteminin patologiyaları (eşitmə sinirinin nevrinoması), gicgah sümüyünün zədələnməsi ilə nəticələnən kəllə-beyin travmaları və s zamanı eşitmə itiliyinin zəifləməsini aşkar edir.
Audiometriyaya əsas göstərişlər:
- Şikayətlərə əsasən. Əgər pasiyent uzun müddətdir ki, eşitməsinin zəiflədiyindən şikayətlənərsə audiometriya mütləqdir. Müayinə yalnız eşitmənin zəiflədiyini təsdiqləmir, həmçinin konduktiv eşitmə zəifliyini neyrosensor zəifliklə (səsötürmədə və ya səsin qəbul edilməsində problemin olması) differensasiya etməyə imkan verir.
- Eşitmə protezinin qoyulmasına hazırlıq dövrü. Eşitmə cihazının implantasiyası zamanı aparılan zəruri diaqnostik müayinələr kompleksinə audiometriya da daxildi. Müayinələrin nəticəsinə görə LOR-həkim koxlear implantın növünü və modelini təyin edir.
- Cərrahi əməliyyatın uğurluluq dərəcəsini qiymətləndirə bilir. Audiometriya vasitəsilə eşitmə apparatının funksionallağını yoxlamaq və qoyulmuş apparatda düzəlişlər edə bilmək mümkündür.
Audiometriyaya əks göstərişlər.
Mütləq əks göstəriş yoxdur. Subyektiv audiometriya zamanı müayinə olunan şəxs davamlı olaraq verilən səsi eşidib-eşitmədiyini həkimə bildirməli olduğu üçün manipulyasiyanı kiçik yaşlı (2-3 yaşadək) uşaqlarda və ağır psixi pozğunluqları olan şəxslərdə aparmaq çətin olur və ya mümkün olmur.
Müayinənin aparılma qaydası
Müayinə subyektiv və ya obyektiv ola bilər. Subyektiv audiometriya zamanı (səs, tonal və tonüstü) müayinə olunan şəxs özü səsin eşidilmə dərəcəsini qiymətləndirir. Obyektiv müayinə üsulu kompyuter audiometriyasıdır. Müayinə üçün səsdən izolyasiya olunmuş mühit olmalıdır. Hər qulaq ayrılıqda müayinə olunur, ilk yaxşı eşidən qulaqdan başlanılır. Əgər pasiyent hansı qulağının eşitmə qabiliyyətinin daha yaxşı olduğunu ayırd edə bilmirsə, müayinə sağ qulaqla (solaxaylarda sol) başlanılır.
Tonal audiometriya
Daha geniş istifadə edilən üsuldur. Səsötürməni yoxlayarkən (hava keçiriciliyi) pasiyent audiometrə bağlanmış xüsusi qulaqcığı taxır. Pasiyentin əlində pult olur və hər eşitdiyi səsdə düyməni basması istənilir. Həkim müxtəlif tezlikli və intensivlikli səsləri audiometrlə ötürür. Eşitmə müşahidə olunan minimal hədd (səs siqnalının minimal səviyyəsi) aydınlaşdırılır.
Səsin qəbul edilməsini (həssaslığın) öyrənmək üçün xüsusu sümük qəbuledicilərdən istifadə olunur. Qəbulediciləri qulaq seyvanının arxasında, məməyəbənzər çıxıntının üzərində yerləşdirirlər. Eşitmənin minimal həddi önəki müayinədə olduğu qaydada aydınlaşdırılır. Pasiyentin cavablarına əsasən həkim cədvəldə 2 oxlu koordinatla (səsin intensivliyi və tezliyi) qeydiyyat aparır.
Audiometriyanın nəticəsinə əsasən səsötürmə və səsi qəbul etmənin minimal həddini təsvir edən iki xətli audioqramma tərtib olunur. Audioqrammanın qiymətləndirilməsi və açılması zamanı həkim-surdoloq (otorimiolarinqologiyanın qolu olub, eşitmə və danışıq problemi olan xəstələrlə məşğul olan mütəxəssis) eşitmənin pisləşməsinə səbəb olan patoloji ocağın lokalizasiyasını aşkar edə bilir.
Tonüstü audiometriya
Eşitmə analizatorunun bəzi patologiyaları, məsələn, kortiev orqanının zədələnməsi zamanı, eşitmənin zəifləməsi ilə paralel uca səslərə həssaslıq artır. Neyrosensor karlıq zamanı xəstə alçaq səsləri eşitmir, lakin yüksək intensivlikli səsləri sağlam şəxslər kimi eşidir. Həmçinin, belə səslər xoşagəlməz və bəzən də ağrılı hiss olunur.
Bu hal səsin yüksəlmə sürəti fenomeni adlanır. Onun aşkarlanması üçün bir çox testlər aparılır. Səsin intensivliyinin diskomfort həddini müəyyən etmək üçün qulaqcıqlara ötürülən səsi narahatlıq hissi yaradanadək artırırlar. Eşitmənin neyrosensor tipdə zəifləməsi zamanı eşitmə həddi ilə diskomfort həddi arasındakı interval nisbətən az, konduktiv karlıq zamanı isə çoxdur.
Lüşer testi zamanı audiometrlə bağlı olan qulaqcıqlara eşitmə həddindən təxminən 40dB yüksək səslər ötürülür. Siqnalın intensivliyi tədricən 0.2 -6.0 dB diapazonunda artırılır. Neyrosensor karlıq zamanı pasiyent səsin intensivliyinin minimal (0.2 dB) dəyişikliyini belə hiss edə bildiyi halda, sağlam insan 1 dB-dən çox olan dəyişiklikləri seçir.
Nitq audiometriyası
Nitqi ayırd etmək həddini təyin etməyə kömək edir. Müayinə olunan şəxs qulaqcıqları taxır, kompakt diskdə müxtəlif sintaktik mürəkkəbliyə və tanınma qabiliyyətinə malik sözlər əvvəl izoləolunmuş şəkildə səssiz fonda, daha sonra isə küylü fonda ifa olunur. Pasiyent eşitdiyi bütün söz və ifadələri təkrar etməlidir. Tonal audiometriyada olduğu kimi, həkim xəstənin cavablarına əsasən audioqramma qrafiki qurur.
Kompyuter audiometriyası
Kompyuter audiometriyası eşitmə analizatorunun müxtəlif şöbələrində (kortiev orqanı, eşitmə siniri, beynin gicgah nahiyyəsi) yaranan bioelektrik impulslarının (eşitmə potensialı ilə yaradılan) qeydiyyatına əsaslanır. Audiometriyanın bu növü pasiyentin iştirakı olmadan eşitmə itiliyinin təyini üçün obyektiv müayinə üsulu hesab olunur.
Bu səbəbdən kompyuter audiometriyası subyektiv müayinənin aparılması mümkün olmayan şəxlərdə (məsələn, 2 yaşdan kiçik uşaqlar) çox əlverişlidir. Bu üsulu əsas üstünlüyü ondadır ki, eşitmənin zəifliyini simulyasiya etmək mümkün olmur. Çatışmayan xüsusiyyəti isə qiymətinin nisbətən yüksək olmasıdır.
Kompyuterə qoşulmuş olan elektrodlar pasiyentin başına yapışdırılır. Sonra müxtəlif davamiyyətli, intensivlikli və tezlikli səslər ötürən qulaqcıqlar taxılır. Nəticələr elektroensefaloqramma şəklində yazılır. Qrafik şəklə görə həkim eşitməyə səbəb olan patoloji prosesin lokalizasiyasını dəqiq təyin edə bilir.
Eşitmə analizatorunun anadangəlmə anomaliyaları zamanı yenidoğulmuşlarda audioloji skrininq məqsədilə kompyuter audiometriyası aparılmazdan öncə mütləq otoakustik emissiya- Kortiev orqanında tükcüklü hüceyrələrin titrəyişini törədən səsin qeydiyyatı aparılmalıdır.