Аkantamöbiaz

Аkantamöbiaz – gözün, dərinin və MSS-nin sərbəst yaşayan amöblər tərəfindən törədilən protozoy zədələnməsidir. Xəstəlik akantamöb konyunktivit, keratit, dermatit və ya qranulomatoz ensefalit formalarında gedir. Akantamöbiazın fəsadlaşmaları buynuz qişanın perforasiyası, daxili orqanların absesləri şəklində baş verə bilər. Xəstəliyin diaqnozu gözyaşında, buynuz qişanın sıyrıntısında, dəri bioptatında, onurğa beyni mayesində amöbün və ya onun sistlərinin aşkarlanması yolu ilə qoyulur. Akantamöbiazın yerli və sistemli müalicəsi aminoqlikozidlər qrupundan olan antibiotiklərlə (göz damcıları, məlhəmləri, inyeksiyaları formasında) aparılır.

Аkantamöbiaz barədə ümumi məlumat

Akantamöbiaz – Acanthamoeba cinsinə mənsub olan amöblər tərəfindən törədilən protozoozdur. Xəstəlik əksər hallarda akantamöb keratit və dərinin akantamöb zədələnməsi formasında gedir. Akantamöb dermatitin sporadik halları, adətən, subtropik və tropik iqlimli ölkələrdə qeyd olunur. Akantamöb keratit, adətən, görmənin kontakt korreksiyasından istifadə edən insanlarda inkişaf edir. Nadir hallarda akantamöb qranulomatoz ensefalit diaqnostika olunur. Dünyada MSS-nin zədələnməsi ilə gedən təxm. 400 akantamöbiaz klinik halı qeyd olunub; patologiyanın bu  forması zamanı sağqalma yalnız 2-3%-dir. Beləliklə, akantamöbiaz oftalmologiya, dermatologiya və nevrologiya sahəsinin mütəxəssisləri üçün aktual disiplinlərarası problemdir.

Аkantamöbiazın səbəbləri

Acanthamoeba cinsindən olan, sərbəst yaşayan, patogen amöblərlərdən 6 növü – A. hatchetti (gözləri zədələyir), A. palestinensis и A. astronyxis (MSS-ni zədələyir), A. polyphaga, A. Culbertsoni, A. castellanii (müxtəlif üzvləri, həmçinin dərini zədələyir) insan üçün təhlükə törədir. Acanthamoeba cinsinə aid olan amöblərin həyat tsikli vegetativ (trofozoit) və sist mərhələsindən ibarətdir.

Akantamöblər torpaqda, xüsusən atılmış sularla çirklənmiş süni və təbii su hövzələrinin durğun sularında  yaşayan aerob orqanizmlərdir. Bundan başqa, birhüceyrəli ibtidai kran sularında, kanalizasiyada, isidicilərin borularında da yaşayırlar. Akantamöblərin populyasiyanın artması üçün temperaturu 28°С-dən yüksək olan və içərisində müxtəlif üzvi maddələr olan sular əlverişlidir. Temperatur azaldıqda və ya hövzənin suyu qurudulduqda akantamöblər sist formasına keçir. Parazitlər sist formasında olarkən temperatur və pH dəyişkənliyinə, antiseptiklərin və dezinfektantların təsirinə qarşı davamlı olurlar.

Akantamöbiazın törədiciləri orqanizmə düşdükdə yenidən vegetativ formaya keçir və parazitizmə qadir olurlar. İnvaziya mənbəyi akantamöblərlə kontaminə olunmuş torpaq və sudur. İnsan kontakt-məişət yolu, qida və su ilə yoluxur. Gözlərin akantamöbiazı, adətən, yumşaq kontakt linzaların istifadəsinin və onlara qulluğun gigiyena qaydalarına riayət etməyən, duş qəbul edədə və çimərkən linzaları çıxarmayan, dezinfeksiya tədbirlərini təxirə salan, linzaları geyməzdən əvvəl əllərini yumayan və s. pasientlərdə meydana çıxır.  Sağlam insanlarda akantamöb tez-tez burun-udlaq seliyində və nəcisdə aşkar olunur. Lakin MSS-nin akantamöbiazının əsasən immun defisitli (xüsusən İİV infeksiyalı), şəkərli diabetli, bədxassəli törəmələri və alimentar çatışmazlığı olan insanlarda inkişaf etməsi təsdiq olunub.

Аkantamöbiazın simptomları

Akantamöbiaz, adətən, akantamöb keratit formasında gedir. Göz infeksiyasının başlanğıc simptomları gözlərin qızarması, kəsici ağrı, işıqdan qorxma, gözün yaşarması, görmənin bulanıqlaşması, gözdə yad cisim hissidir. Gecikmiş dövrdə buynuz qişanın həlqəşəkilli və ya diskşəkilli bulanıqlaşması nəzərə çarpır. Göz akantamöbiazında fəsadlaşma və remissiyanın növbələşməsi tez-tez uveit, sklerit, iridosiklit, hipopionun yaranmasına gətirib çıxarır. Akantamöbiazın qeyri-adekvat müalicəsi zamanı patoloji proses sürətlə proqressivləşir, buynuz qişanın perforasiyasına səbəb olur.

Dəri akantamöbiazı birincili (sərbəst) və ya ikincili, mərkəzi sinir sisteminin ilkin zədələnməsi səbəbilə yarana bilər. Dərinin birincili akantamöb zədələnməsi amöb sistləri ilə çirklənmiş suyun dərinin açıq yaralarına düşməsi nəticəsində baş verir. Bu zaman üz, sinə, kürək, ətrafların dərisində diametri 0,5-3 sm-ə çatan, tək və ya çoxsaylı düyünlər, papulalar və ya bozumtul-qara rəngli ləkələr əmələ gəlir. Sonralar bu elementlər üzəri strupla (quru qabıqla) örtülən dəri xoralarına çevrilir. Xəstəliyin uzunmüddətli gedişində əzələ, limfa düyünləri, qaraciyər, ağciyərlər və başqa daxili orqanların akantamöb absesləri formalaşa bilər. İkincili dəri akantamöbiazı akantamöbün birincili ocaqdan disseminasiya ilə bağlıdır.

Akantamöbiaz zamanı MSS-nin zədələnməsi qranulomatoz akantamöb ensefalitinin inkişafına səbəb olur. Bu nadir patologiya akantamöbün, adətən, birincili ocaqdan hematogen yolla baş beynə ötürülməsi nəticəsində yaranır. Amöb zədələnməsi beyin maddəsinə, damarlı və hörümçəyəbənzər qişaya, bazal qanqliona təsir göstərir.   Orqanizmin normal rezistentliyi zamanı qranulomatoz iltihab; rezistentlik zəiflədikdə isə nekrotik proses inkişaf edir. Beynin akantamöb zədələnməsi zamanı inkubasiya dövrü bir neçə həftədən bir aya qədər və daha uzun davam edə bilər. Akantamöbiazın başlanğıc dövrü davamsız subfebril temperatur, yuxululuq, baş ağrıları, qıcolmalar, konvergensiya pozulmaları ilə xarakterizə olunur. MSS-nin akantamöbiazının proqressivləşməsi komaya və letal sonlamaya gətirib çıxarır.

Аkantamöbiazın diaqnostikası və müalicəsi

Akantamöbiazın formasından asılı olaraq onun diaqnostikasını oftalmoloq, dermatoloq, nevroloq həyata keçirir. Göz, dəri, baş beynin akantamöb zədələnməsinin diaqnozu müayinə olunan materialda akantamöblərin vegetativ və sist formalarının tapılması yolu ilə təsdiqlənir. Akantamöb keratit zamanı bu material gözyaşı, buynuz qişanın yuyuntusu və sıyrıntısı; akantamöb dermatitdə ayrılmış infiltrat, dəri bioptatı; qranulomatoz ensefalitdə onurğa beyni mayesidir. Akantamöbiaz diaqnozunun təsdiqlənməsi üçün preparatların mikroskopik müayinəsindən başqa kultural metod, seroloji testlər, bioloji sınaqlar tətbiq olunur. Akantamöbiaza şübhə olduqda pasientlərdə başqa etiologiyalı keratit, ensefalit və dermatozları istisna etmək lazımdır.

Akantamöb keratitin müalicəsi kontakt linzalardan imtinanı tələb edir. Yerli müalicə antibakterial preparatların (gentametasin, neomisin, polimiksin B və s.), kortikosteroidlərin saatda bir dəfə konyunktiva boşluğuna instalyasiyasından; antifunqal preparatların (amfoterisin B, ketokonazol) qəbulundan ibarətdir. Göz damcıları ilə birgə göz qapağı altına həmin tərkibli məlhəmlərin aplikasiyası da istifadə olunur. Buynuz qişanın dəyişikliklərinin proqressivləşməsi zamanı keratoplastika da göstəriş ola bilər.

Dəri akantamöbiazı zamanı aminoqlikozidlər qrupundan olan preparatlarla sistemli, neomisin, polimiksin və s. tərkibli məlhəmlə yerli antibiotikoterapiya aparılır. Daha çətin tapşırığı akantamöb ensefalitin müalicəsi qarşıya qoyur. Akantamöbiazın bu klinik formasında amfoterisin B-nin venadaxili yeridilməsi, trimetoprim və sulfametoksazol kombinasiyasının, aminoqlikozidlərin təyini göstərişdir. MSS-nin akantamöbiazının müalicəsi tək-tək hallarda effektli olur.

Аkantamöbiazın proqnozu və profilaktikası

Dəri və gözlərin akantamöb zədələnmələri zamanı həyat üçün proqnoz kafidir, lakin baş beynin akantamöbiazı əksər hallarda letal sonlanır. Akantamöb keratitin profilaktikası kontakt linzalara qulluq və onlardan istifadə qaydalarına riayət, onların yalnız xüsusi steril məhlullarda saxlanması, linza üçün konteynerin işlənməsi, gözlərə bakteriasid maddələrin (natrium sulfasil və s.) instalyasiyası, çimərkən, hamamlara və saunalara gedərkən, duşa altında yuyunarkən kontakt linzaların mütləq çıxarılmasından ibarətdir. Dəri və MSS akantamöbiazının qarşını almağa şəxsi gigiyena qaydalarına əməl etmək, akantamöblərin yaşadığı çirkli su hövzələri ilə kontaktı məhdudlaşdırmaq imkan verir.

error: Content is protected !!