Аnizometropiya

Аnizometropiya – gözlərin kliniki refraksiya patologiyasıdır; bu zaman göz almalarının işıq şüalarını sındırma gücü 2 dptr-dan çox olur. Xəstəlik zamanı diplopiya (görmənin ikiləşməsi), görmə zamanı təsvirlərin bulanıqlığı, görmə itiliyinin azalması, göz işi zamanı sürətli yorulma meydana çıxır. Diaqnostika məqsədilə vizometriya, USM, kompüter refraktometriya, perimetriya, biomikroskopiya, oftalmoskopiya, skiaskopiya tətbiq olunur. Müalicə taktikası kontakt linzalar və ya eynəklər vasitəsilə görmə disfunksiyalarının korreksiyası; cərrahi metodların (eksimerlazer intrastromal keratomilyoz, İOL implantasiyası) tətbiqindən ibarətdir.

Anizometropiya barədə ümumi məlumat

Аnizometropiya refraksiya anomaliyaları qrupuna aid olunur. Statistikaya görə patologiyanın yayılması bütün göz xəstəlikləri içərisində 17% təşkil edir. Sübut olunmuşdur ki, gözlərin işıq şüalarını sındırma  gücünün müxtəlifliyinə uşaqlarda böyüklərə nisbətən daha tez-tez rastlanır. Anziometropiya 7 yaşlı məktəblilərin 8%-ində diaqnostika olunur; 10 yaşlılarda isə bu göstərici 17%-ə çatır. Refraktogenez prosesində uşaqların yalnız 38,2%-ində bu kliniki mənzərə stabil qalır, 25,5% pasientdə isə simptomatikanın reqressiyası müşahidə olunur. 36,3%-də isə simptomların ifadəliliyi artır. Avropa ölkələrində bu xəstəlikdən əhalinin 1,5%-i, Çində isə 4%-i əziyyət çəkir.

Anizometropiyanın səbəbləri 

Əksər hallarda anizometriyanın əsasında görmə orqanının üzvi patologiyaları durur. Funksional dəyişikliklər kliniki təzahürlərlə müşayiət olunan refraksiya fərqinin azacıq yüksəlməsinə gətirib çıxarır. Xəstəliyin əsas səbəbləri aşağıdakılardır:

  • Каtarakta – patologiyanın əmələ gəlməsinə səbəb büllurun bulanıqlaşmasıdır; nəticədə işıq şüalarının yalnız bir gözün optik sistemlərindən keçməsi pozulur və görmə disfunksiyaları meydana çıxır.
  • Anadangəlmə birtərəfli miopiya – yaxını görmə uşaqlarda anizometropiyanın daha çox yayılmış səbəbidir. Bir sıra hallarda göz alması formalaşdıqdan sonra simptomatika öz-özünə tamamilə keçib gedir.
  • Аstiqmatizm – bu patologiyanın inkişafı asimmetrik dəyişikliklər zamanı büllurun və ya buynuz qişanın formasının pozulması ilə əlaqəlidir.
  • Yüksək dərəcəli, birtərəfli hipermetropiya – asimmetrik uzağı görmə (hipermetropiya) 40 yaşından yuxarı pasientlərdə qlakuomatoz dəyişikliklərlə əlaqədar meydana çıxır.
  • Yatrogen təsir – kliniki refraksiyanın pozulması postoperativ dövrdə büllur, şüşəyəbənzər cisim, torlu qişada aparılan cərrahi müdaxilə nəticəsində baş verir. Sübut olunmuşdur ki, 18 yaşa qədər aparılan intraokulyar linzaların (İOL) implantasiyası böyük yaşlarda ametropiya və anizometropiyaya gətirib çıxarır.

Anizometropiyanın patogenezi

Hər iki gözün işıq şüalarını sındırma gücü arasında fərqin 2 dioptriyadan çox olması zamanı binokulyar görmənin pozulması inkişaf edir. Xəstəliyin uzunmüddətli gedişatında ikincili çəpgözlüyün klinikası artır. Normada hər iki gözün torlu qişasının və baş beynin iştirakı ilə təsviri tam formalaşır. Refraksiyanın inkişafı nəticəsində təsvir torlu qişada deformasiya olunur, xəstə onu “bulanıq” görür. Bu zaman pasient daha zəif görən gözünün görmə aktında iştirakını məhdudlaşdırır. Boylama oxun ölçüsü normal olmadıqda akkomodasiya qabiliyyəti pozulur. Əgər simptomatika refraksiyanın patologiyası nəticəsində büruzə veribsə, düyüncük şəkilli nöqtələrin yerləşməsi dəyişir. Bu da öz növbəsində daxili qişada təsvirin formalaşmasını dəyişir. Görmə itiliyinin azalması akkomodasiyanın spazmı ilə əlaqəli olduğundan geridönməz xarakter alır.

Anizometropiyanın təsnifatı

Anadangəlmə və qazanılmış anizometropiya ayırd edilir. Xəstəlik sərbəst nozoloji vahid və ya digər oftalmopatiyaların tərkib hissəsi kimi meydana çıxa bilər. Kliniki təsnifatına əsasən xəstəliyin aşağıdakı formaları ayırd edilir:

  • Oxşəkilli – bu variantın inkişafının səbəbi gözlərdən birində eyni refraksiya şəraitində boylama oxun patoloji dəyişikliyidir.
  • Refraksion – bu formada da boylama ox normaldır, lakin bir gözün refraksiyası digər gözdən 2≤ dptr çox olur.
  • Qarışıq – xəstəliyin oxşəkilli və refraksion variantlarının kombinasiyası ilə xarakterizə olunur.

Anizometropiyanın təzahürünün 3 dərəcəsi ayırd olunur:

  • Yüngül dərəcə – <3 dptr
  • Orta dərəcə– 3-6 dptr
  • Yüksək dərəcə – >6 dptr

Anizometropiyanın simptomları

Anizometropiyanın əsas kliniki təzahürlərinə binokulyar görmənin pozulması səbəb olur. Gözlərin işıq şüalarını sındırma gücünün müxtəlifliyi 2 dptr-dan az olduqda simptomlar zəif büruzə verir və nadir hallarda azacıq görmə diskomfortuna gətirib çıxarır. Korrektor eynəklərin istifadəsi görmə itiliyinin normal olmasını təmin edir. Xəstəliyin orta dərəcəsində pasientlər ikigörmə, görmə zamanı təsvirin konturlarının qeyri-dəqiqliyi, görmə funksiyalarının azalmasından şikayətlənirlər. Anizometropiya üçün gözləri yumduqda simptomların itməsi xarakterikdir. Valideynlər tez-tez uşağın oxuduqda, televizora baxdıqda və ya kompüterdə işlədikdə gözlərini qırpmasını qeyd edirlər.

Yüksək dərəcədə binokulyar görmə kəskin pozulur. Anizometropiya üçün xarakterik simptom təsvirin ölçülərinin və aydınlığının fərqin artmasıdır (anizeykoniya). Eynək korreksiyası tez-tez anizoforiya ilə müşayiət olunur. Strabizm simptomatikası yalnız baxışların istiqaməti dəyişdikdə meydana çıxır. Bu forma üçün konvergensiya xeyli çətinləşmiş anizopereskopiya xarakterikdir. Davamlı görmə yüklənmələri zamanı sürətli yorulma başlayır, baş ağrıları güclənir, suprasiliar (qaşüstü) qövsə irradiasiya edir.

Anizometropiyanın ağırlaşmaları

Anizometropiyanın erkən ağırlaşmaları – ambliopiya görmə prosesində zədələnmiş gözün iştirakının qəsdən məhdudlaşdırılması ilə əlaqəlidir. Vaxtında diaqnostika və müalicə olunmadıqda konvergent və divergent strabizm inkişaf edir. Kontakt linzaların uzunmüddətli istifadəsi buynuz qişanın mikrozədələri, keratit, epitelial ödem, qüzehli  qişanın rubeozası və buynuz qişanın neovaskulyarizasiyasına gətirib çıxarır. Gözün ön kameralarının infeksion və iltihabi xəstəliklərinin (konyunktivit, blefarit, irit) inkişafı riski yüksəlir. Patologiyanın spesifik ağırlaşmaları gözün akkomodasiya qabiliyyətinin müxtəlifliyi ilə xarakterizə olunan anizoakkomodasiyadır.

Anizometropiyanın diaqnostikası

Əksərən anizometropiyanın obyektiv əlamətləri oftalmoloji müayinə zamanı təsadüfən aşkar olunur. Pasientlər xəstəliyin yalnız orta və yüksək dərəcələrində həkimə müraciət edirlər. Diaqnostika planı aşağıdakılardan ibarətdir:

  • Kompyuter refraktometriya – metod kliniki refraksiyanın tiplərini müəyyənləşdirmək, şüasındırıcı mühitin boylama oxa münasibətinin öyrənilməsi üçün tətbiq olunur.
  • Viziometriya – görmə itiliyinin azalma dərəcəsini təyin etməyə imkan verir.
  • Gözlərin USM-i – göz almasının ön-arxa oxunun ölçülməsi üçün istifadə olunur. Ultrasəs müayinəsi optik mühitin bulanıqlaşması zamanı şüşəyəbənzər cisim, torlu qişa və optik sinirin müayinəsi üçün mühümdür.
  • Oftalmoskopiya – göz dibinin müayinəsilə daxili qişaların, görmə siniri diskinin vəziyyətini öyrənmək olar.
  • Pеrimetriya – görmə sahəsinin konsentrik tipli assimmetrik daralmasını aşkarlamağa imkan verən əlavə müayinə metodudur.
  • Gözlərin biomikroskopiyası – gözün ön kameralarının müayinəsi xəstəliyin etiologiyasının müəyyənləşdirilməsi, buynuz qişanın ikincili iltihab əlamətləri və bulbar konyunktivitin aşkarlanması üçün informativdir.
  • Gözlərin sкiaskopiyası – kölgə sınağı kliniki refraksiyanın öyrənilməsində alternativ metoddur; bu metod optik sistemin şüasındırıcı qüvvəsinin ön-arxa ölçülərinin nisbətini ölçməyə imkan verir. Anizometropiyalı pasientlərdə qaranlıq oftalmoloji güzgü istiqamətində yerini dəyişir.

Anizometropiyanın müalicəsi

Etiotrop müalicə əsas xəstəliyin təzahürlərinin aradan qaldırılmasına yönəlmişdir. Konservativ metodlar – görmə itiliyinin korreksiyası patologiyanın yüngül və orta dərəcəli formalarında istifadə olunur. Əgər korrektor eynəyin gözləri arasında fərq 2,5 dptr-dan yüksəkdirsə, cərrahi müdaxilə göstərişdir. Anizometropiyanın müalicəsi məqsədilə aşağıdakı metodlar tətbiq olunur:

  • Görmə itiliyinin korreksiyası – görmə funksiyalarının korreksiyası məqsədilə spesifik teleskopik eynəklər, toplayıcı və səpici linzalardan ibarət optik sistemlər istifadə oluna bilər. Onların istifadəsinə dair göstərişlərə görmə analizatorunun üzvi zədələnmələri aiddir. Yüksək dərəcəli anizometropiya zamanı izeykonik eynəklər (izeykonik linzalar stiqmatiq, astiqmatiq və afokal olur) təyin olunur. Simptomatik terapiya kontakt linza seçiminə əsaslanır. Uşaqlarda eynəklər cərrahi müalicə və eynəklə korreksiya əks göstəriş olduqda istifadə olunur.
  • Cərrahi korreksiya – buynuz qişanın zədələnməsi olmadıqda eksimerlazer intrastromal keratomilyozun aparılması effektlidir. Keratorefraksion cərrahi korreksiyanın alternativ variantı əlavə İOL (intraokulyar linza) implantasiyasıdır. Bu zaman endotelial hüceyrələrin sıxlığı yaşa müvafiq minimal limitdən aşağı olmamalıdır. Yüksək dərəcəli miopiyalı pasientlərdə cərrahi müdaxilədən bir ay əvvəl torlu qişanın lazer koaqulyasiyası aparılır.

Anizometropiyanın proqnoz və profilaktikası

Həyat və əmək qabiliyyəti üçün proqnoz kafidir. Spesifik profilaktika metodları hazırlanmayıb. Qeydi-spesifik preventiv tədbirlər isə görmə itiliyinin və kliniki refraksiyanın kontrolundan  ibarətdir. Son 2 ildə gözlərinə cərrahi müdaxilə olunmuş şəxslərə 6 ayda bir dəfə refraktometriyanın və viziometriyanın mütləq şəkildə aparılması ilə oftalmoloq konsultasiyası göstərişdir. Bir yaşından böyük uşaqlarda kliniki refraksiyanın anomaliyalarının diaqnostikası zamanı çəpgözlüyün profilaktikası məqsədilə görmə disfunksiyasının vaxtında korreksiyası həyata keçirilir. 12 aydan kiçik pasientlərə müalicənin xüsusi metodlarından istifadə göstəriş deyil.

error: Content is protected !!