Bronxoskopiya

Bronxoskopiya- optik cihazla- sərt və ya elastik bronxoskopla traxeobronxial ağacın endoskopik vizualizasiya üsuludur. Pulmonologiyada bronxoskopiya diaqnostik və müalicə məqsədilə aparılır. Diaqnostik bronxoskopiya müayinəsi törəmə və ya iltihabi proseslərin, bronxial ağacın inkişaf anomaliyalarının aşkarlanması, qanhayxırma səbəbini tapmaq, ətraflı müayinə üçün biopsiya və ya selik götürmək və s. məqsədlə aparılır. Müalicəvi bronxoskopiya yad cismin çıxarılması, broxların sanasiyası, dərman preparatlarının yeridilməsi, bronx adenomalarının çıxarılması, bronxların obturasion keçməməzliyinin likvidasiyası və s. üçün təyin edilir.

İstifadə edilən endoskopun tipinə görə elastik və sərt (rigid) bronxoskopiya ayırd edilir. Rigid bronxoskopiya zamanı əyilməyən tubusla aparılır və müayinə ümumi narkoz altında həyata keçirilir. Bronxoskopiyanın bu forması ilə tənəffüs yollarından yad cisim xaric edilir, aşkar qanaxma zamanı bronxial ağaca ümumi baxış keçirilir.
Elastiki bronxoskopiya əyilən fibrobronxoskopla aparılır, distal bronxlara da baxmağa və yerli keyitmə yolu ilə böyük həcmli müalicəvi və diaqnostik manipulyasiyalar aparmağa imkan verir. Bronxoskopiyadan öncə ağciyərlərin rentgenoqrafiyası, EKQ, koaquloqramma müayinələri tələb olunur.

Bronxoskopiyaya göstərişlər

Diaqnostik bronxoskopiyanı rentgenoloji aşkarlanmış, endobronxial və ya endotraxeal böyümüş ağciyər törəmələri, traxeya törəmələri, vərəm, bronxların stenozu, bronxoektaziyalar, bronxitlər, traxeobronxial ağacın inkişaf anomaliyaları, irinli destruktiv proseslər (absess, ağciyərlərin qanqrenası) zamanı təyin edirlər. Bronxoskopiya müayinəsi kliniki simptomlara: davamlı, motivəolunmamış öskürəklər, çoxlu və pis qoxulu ifrazatlar, qanaxma və ya qanhayxırma, təngnəfəslik və s. əsaslana bilər.
Diaqnostik bronxoskopiya zamanı traxeobronxial ağacın daxili səthi sadəcə vizualizasiya olunmur, həm də diaqnostik material- patoloji sekret, törəmə parçacıqları, bronx yaxması, ağciyərlərin transbronxial biopsiyası və s. də götürmək mümkün olur. Bronxoskopiya zamanı götürülmüş bioloji material sitoloji, bakterial və histoloji müayinə olunur.

Müasir pulmonologiyada bronxoskopiyadan müalicə məqsədilə bronxoalveolyar lavaj, traxeyanın aspirasiyası, endoskopik əməliyyatlar – yad cismin çıxarılması, qanaxmanı durdurmaq, bronx mənfəzindəki törəmələrin çıxarılması, traxeya və ya bronxun stenozunda daralmış sahənin stentlə endoprotezləşmə və genişləndirilməsi, ağciyər absesinin transbronxial drenajı, atelektazlar və ağciyər hipoventilyasiyasında əməliyyat sonrası likvidasiya üçün istifadə edilir. Kontrol bronxoskopiya ağciyərlərin və bronxların rezeksiyasından, törəmələrin endoskopik çıxarılmasından sonra aparılır.

Bronxoskopiyaya əks göstərişlər

Bronxoskopiyaya müvəqqəti əks göstərişlərə yanaşı xəstəliklərin -yüksək arterial hipertoniya, aritmiya, epilepsiya, şizofreniya, yaxın zamanda keçirilmiş miokard infarktı, KBT, insult, laxtalanma sisteminin patologiyaları, ÜİX, ağciyər-ürək çatışmazlığının ağır fomaları ola bilər. Rigit bronxoskopiyanı aparmaq alt çənənin ankilozu, onurğanın boyun şöbəsi fəqərələrinin zədələnməsi, qırtlaq və traxeyanın nəzərəçarpan stenozu zamanı texniki olaraq mümkün olmur.

Bronxoskopiyanın aparılma qaydası

Öskürək və qusma zamanı mədə möhtəviyyatının təsadüfən tənəffüs yollarına aspirasiyasının qarşısını almaq üçün müayinə 8-10 saatlıq aclıq dövründən sonra aparılır. Bronxoskopiyadan öncə diş protezlərini çıxarmaq (çıxan protezlər), sıx paltar yaxasını boşaltmaq lazımdır.

Elastiki bronxoskopiya zamanı öskürmə refleksini azaltmaq və burun vasitəsilə fibrobronxoskopiyada diskomfortu aradan götürmək üçün burun-udlağın və burun boşluğunun lidokain aerozolları ilə anesteziyası aparılır. Anesteziyadan 5-7 dəq sonra bronxoskopiya aparılır. Bronxoskopiya zamanı pasiyent oturaq vəziyyətdə olur. Burun keçəcəyi və ya ağız vasitəsilə videokamera və işıqlanma ilə təchiz olunmuş və optiki idarə edilən elastiki fibrobronxoskop nəfəs yoluna yeridilir. Bronxa çatdıqda güclü öskürək tutması başlayır. Pasiyent bilməlidir ki, fibroendoskopun nazik diametri (bronx mənfəzindən kiçik ölçüdədir) asfiksiya ehtimalını təmamilə yox edir.

Bronxoskopiya zamanı sıra ilə traxeya və bronxların səthinə baxılır, selikli qişanın vəziyyətinə (rəngi, damar şəklinin səviyyəsi və büküşlərə), bronxların divarının hərəkətliliyinə, sekretin xarakterinə diqqət edilir. Normada bronxoskopiyada solğun-çəhrayı rəngli və ya mat səthli və azca sarılımtıl tonlu zəif nəzərəçarpan büküşləri olan selikli qişa görünür. Traxeyaya və iri bronxlara baxış zamanı damar şəkli, qığırdaq halqalarının və qığırdaqarası boşluqların kəskin sərhəddi aydın nəzərə çarpır. Bronxların və traxeyanın (xüsusilə membranoz sahə) divarları tənəffüs zamanı hərəkətlidir.

Bronxların selikli qişasının iltihabı zamanı bronxoskopiyada bronx divarlarının hiperemiyası və ödemi, büküşlərin hamarlanması və damar şəklinin silinməsi, bronx mənfəzində selikli, irinli və ya selikli-irinli sekretin toplanması müşahidə olunur. Bronxların atrofik dəyişikliklərində bronxoskopiyada büküşlü görünüşün artması, selikli qişanın nazilməsi nəzərə çarpır. Ağciyərlərin bədxassəli törəmələrinin bronxoskopiyada aşkarlanması birbaşa (endobronxial böyümə hallarında) və ya dolayı (peribronxial inkişaf zamanı) əlamətlərə əsasən qoyulur. Şişlərin peribronxial lokalizasiyası mənfəzi deformasiya edir, bronx divarının hərəkətliliyi, lokal damar şəkli və büküşlər pozulur.

Endoskopik norma və patologiyanı ayırd edə bilən təcrübəli mütəxəssis-bronxoloq bronxoskopiyada bu və ya digər spesifik kənaraçıxmaları ayırd edə bilir. Baxışdan və lazımi manipulyasiyalardan (diaqnostik, sanasion, cərrahi) sonra bronxoskop xaric edilir. Qida qəbulunu selikli qişada keyimə hissi tam keçdikdən sonra etmək olar.

Bronxoskopiyanın fəsadları

Səsin xırıltılı və batıq olması, öskürək tutmaları bronxoskopiyadan sonra bir neçə müddət davam edir. Vaxtından tez maye və ya qida qəbulu onların traxeyaya düşməsinə səbəb ola bilər. Biopsiya və ya endobronxial törəmələrin çıxarılması zamanı qanaxma təhlükəsi ola bilər. Bronxoskopiya zamanı ağciyərlərin transbronxial biopsiyası divararalığı emfizeması və ya pnevmotoraksa səbəb ola bilər. Ağciyər-ürək çatışmazlığı olan xəstələrdə bronxoskopiya hipoksiya və aritmiyaya səbəb ola bilər. Bronxial astmalı xəstələrdə larinqospazm və ya bronxospazm təhlükəsi vardır.

Risk qruplarını, bronxoskopiya üsulunu və sedasiyanı düzgün qiymətləndirdikdə, eləcə də bronxoloqun professionallığı yüksək olduqda ağırlaşmalar demək olar ki, müşahidə edilmir. Bununla yanaşı, bəzi qeyri-standart vəziyyətlərdə bronxoskopiya təcili cərrahi və ya reanimasion yardım tələb edə bilər.