Vestibulyar ataksiya

Vestibulyar ataksiya- hərəkət koordinasiyasının və bədən vəziyyətinin saxlanılmasının pozulması olub, vestibulyar aparatın hər hansı bir şöbəsində zədələnmələrlə əlaqədardır. Vestibulyar ataksiya ayaqüstü və oturmuş vəziyyətdə, eləcə də yerimə zamanı sabit dura bilməməkdir. Sistemli başgicəllənmə və nistaqmla müşayiət olunur; ürəkbulanma və qusma, vegetativ pozğunluqlar və vestibulyar ataksiyanın yaranmasına səbəb olan patoloji prosesin xarakterinə uyğun simptomlarla özünü büruzə verir. Vestibulyar ataksiyanın diaqnostikasında əsas məqsəd səbəb olan amilin müəyyən olunmasıdır. Vestibulyar ataksiyanın müalicəsi simptomatik aparılır. Əsas müalicə tədbirləri xəstəliyin səbəbinə qarşı yönəlmiş olur.

Vestibulyar ataksiya haqqında ümumi məlumat

İnsan orqanizmdə bədənin xarici mühitdə oriyentasiyasını təmin edən orqan vestibulyar analizatordur. O bədənin və onun ayrı-ayrı hissələrinin vəziyyətini və hərəkət xarakterini təyin edir, cazibə qüvvəsinə həssaslığı təmin edir. Məkanda bədənin vəziyyətinin istənilən dəyişikliyi daxili qulağın labirintində yerləşən xüsusi tükcüklü hüceyrələr- vestibulyar reseptorlar tərəfindən qəbul edilir. Sinir impulsları reseptorlardan vestibulyar sinirə, o isə eşitmə siniri ilə birlikdə VII cüt baş-beyin sinirinə keçir. Daha sonra impulslar informasiyanı qəbul edən və hərəki aktivliyin idarə olunmasını təmin edən uzunsov beyində yerləşmiş vestibulyar nüvəyə daxil olur. Vestibulyar nüvədən tənzimləyici sinir impulsları MSS-nin müxtəlif şöbələrinə: beyincik, onurğa beyin, retikulyar formasiya, vegetativ sinir ucları, gözü hərəkət etdirən nüvə və beyin qabığına paylanır. Onlar isə öz növbəsində, tarazlığın saxlanması üçün zəruri olan əzələ tonusu və reflektor reaksiyaları tənzimləyir.

Vestibulyar ataksiyanın səbəbləri

Vestibulyar analizatorun istənilən strukturunun zədələnməsi vestibulyar ataksiyaya səbəb ola bilər. Əksər hallarda bu daxili qulağın iltihabi xəstəlikləri- labirintit zamanı tükcüklü hüceyrələrin zədələnməsilə əlaqədar olur. Labirintit yaranması travmalar və ya kəskin orta otit zamanı orta qulaqdan infeksiyanın keçməsi, xroniki irinli orta otit, aerootitin ağırlaşması ilə əlaqədar ola bilər. Vestibulyar ataksiyanın yaranmasına səbəb olan tükcüklü hüceyrələrin məhvi- qulaq şişlərinin (tərəmələrinin) invaziv böyüməsi və ya qulağın xolesteatoması zamanı ifrazatın toksiki təsirindən baş verir. Tutmaşəkilli vestibuyar ataksiya Menyer xəstəliyinin göstəricisidir.

Nadir hallarda vestibulyar ataksiyanın səbəbi eşitmə sinirinin- infeksiya, törəmə (eşitmə sinirinin nevrinoması zamanı) və ya toksiki (ototoksiki dərman vasitələrinin qəbulu) amillərin təsirilə zədələnməsi ola bilər. Çox vaxt vestibulyar neyronit virus infeksiyaları ilə: KRVİ, herpes, qripp və s.lə əlaqədar yaranır.

Vestibulyar ataksiya uzunsov beyində yerləşən vestibulyar nüvələrin təsirindən də yarana bilər. Bu halda vestibulyar ataksiyaya- uzunsov beynin sıxılmasına səbəb olan kraniovertebral anomaliyalar (Kiari anomaliyası, atlant assimilyasiya, platibaziya), beyin sütununun şişləri, ensefalit və beynin arxa çüxurunun araxnoiditi, demielinizəedici xəstəliklər (dağınıq skleroz, kəskin ensefalomielit) səbəb olur. Vestibulyar ataksiya- onurğa arteriyaları sindromu, ateroskleroz, hipertoniya xəstəliyi, baş-beyin damarlarının anevrizması ilə əlaqədar meydana çıxan vertebro-bazilyar qan dövranının pozulmasına bağlı beyin kötüyünün xroniki işemiyasının kliniki təzahürü hesab olunur. Bu nahiyyənin qan dövranının kəskin pozğunluqları (tranzitor işemik atak, işemik və ya hemorragik insult) zamanı da vestibulyar ataksiya baş verə bilər.

Kəllə-beyin travmaları da çox vaxt vestibulyar ataksiyaya səbəb ola bilər. Bu halda səbəb həm zədələyici faktorun vestibulyar sinirin nüvəsinə və qabığına bilavasitə təsir, həm də travmaya bağlı qan dövranı pozğunluqları (posttravmatik damar spazmı) ilə əlaqədar yarana bilər.

Vestibulyar ataksiyanın simptomları

Vestibulyar ataksiya həm hərəkət (dinamik ataksiya) zamanı, həm də sakit vəziyyətdə (statik ataksiya) meydana çıxa bilər. Vestibulyar ataksiyanın digər ataksiyalardan əsas fərqi ondadır ki, bədənin və başın vəziyyətini dəyişdikdə əlamətlər daha qabarıq xarakter alır. Başın, gözlərin və bədənin çevrilmələri zamanı ataksiyanın güclənməsi pasiyenti bu hərəkətləri etməməyə və ya tədricən və yavaş etməyə məcbur edir. Hərəkətlərə göz nəzarəti vestibulyar analizatorun funksional pozğunluqlarının qismən kompensasiyasına imkan yaratdığı üçün, pasiyent gözləri bağlı halda özünü daha güvənsiz hiss edir və ataksiyanın intensivliyi artmış olur.

Vestibulyar analizatorun zədələnməsi adətən birtərəfli xarakter daşıyır. Belə hallarda vestibulyar ataksiya yürüyüş zamanı eyni istiqamətə- zədələnmə ocağı yerləşən hissəyə doğru qərarsız hərəkətlərlə (səndələmə) özünü büruzə verir. Ayaqüstə durduqda və ya oturmuş vəziyyətdə də pasiyent eyni istiqamətə doğru əyilmiş vəziyyət alır. Bu simptom Romberq pozası ilə, və ya pasiyentə gözlərini bağlayaraq bir neçə addım atmaq göstərişi verməklə aşkar olunur.

Vestibulyar ataksiyanın xarakterik əlamətlərinə sistemli başgicəllənmədir ki, bu zaman pasiyent bədəninin və ya ətrafdakı əşyaların fırlandığını deyir. Başgicəllənmə hətta, uzanmış vəziyyətdə gözləri bağıadıqda da meydana çıxır. Belə hallarda yuxuya getmənin çətinləşməsinə bağlı olan yuxu pozğunluğu da müşahidə olunur. Vestibulo-visseral sinir əlaqələrinin prosesə qoşulması ürəkbulanma və qusma ilə müşayiət olunur. Vestibulo-vegetativ qarşılıqlı əlaqə isə aşağıdakı vegetativ reaksiyalarla özünü göstərir: dərinin avazıması və ya qızarması, qorxu hissi, taxikardiya, dəyişkən nəbz, hiperhidroz.

Əksər hallarda vestibulyar ataksiya zədələnmiş nahiyyənin əks tərəfinə yönəlmiş horizontal nistaqmla müşayiət olunur. Bilateral nistaqm da mümkündür. Vestibulyar nüvələrin zədələnməsi zamanı rotasion hərəkətlə müşayiət olunan vertikal ataksiya baş verə bilər. Vestibulyar analizatorun periferik şöbələrinin zədələnməsi zamanı nistaqm başı çevirərkən arta, lakin təkrar çevrilmələrdə isə, əksinə azala bilər. Kraniovertebral anomaliyalar zamanı vestibulyar ataksiya başın önə əyilməsi zamanı meydana çıxan nistaqmla müşayiət oluna bilər.

Vestibulyar ataksiyanın diaqnostikası

Diaqnoz nevroloji baxış zamanı pasiyentin xarakterik şikayətlərinə əsasən qoyula bilər. Vestibulyar ataksiyanı digər ataksiya növlərindən (beyincik, sensetiv, qabıq) differensiasiya etmək və eləcə də, vestibulyator analizatorun zədələnmə dərəcəsini və xarakterini dəqiqləşdirmək üçün nevroloqa bir çox instrumental müayinələrin nəticələri kömək edir: reoensefaloqrafiya, Exo-Eq, EEQ, baş beynin KT və MRT-si, rentgenoloji müayinələr. Vestibulyar ataksiya MSS-nin bir çox xəstəlikləri zamanı meydana çıxdığından, kliniki nevrologiyanın əsas vəzifələrindən biri məhz səbəb olan xəstəliyin aşkarlanmasıdır.

Reoensefaloqrafiya baş beynin qan dövranının vəziyyəti haqda ətraflı məlumat verməyə imkan yaradır. Ehtiyac olarsa, beyin damarlarının angioqrafiyası və ya MRT-angioqrafiyası ilə dəqiqləşdirilə bilər. Exo-Eq vasitəsilə baş beynin likvor sisteminin vəziyyəti qiymətləndirilir. Exo-nun müayinəyə əlavə olunması vestibulyar ataksiyaya səbəb ola biləcək həcmli törəmələrin (şiş, hematoma və ya abses) aşkarlanmasına imkan yaradır. EEQ beynin bioelektrik aktivliyini analiz etmək üçün istifadə olunur. KTMRT müayinələri isə həcmli törəmələrin və vestibulyar ataksiyaya səbəb ola biləcək demielizan sahələrin aşkarlanması məqsədilə təyin olunur. Kraniovertebral anomaliyaya şübhə olduqda onurğanın boyun şöbəsi və kəllə sümüyünün rentgenoqrafiyası aparılır.

Vestibulyar ataksiyalı xəstələrdə vestibulyator analizatorun müayinəsi vestibuloloq tərəfindən, o olmadıqda isə nevroloq və ya otolarinqoloq tərəfindən aparılır. Müayinəyə vestibulometriya, stabiloqrafiya, videookuloqrafiya və ya elektronistaqmoqrafiya, eləcə də kalorik testlər daxildir. Vestibulyar ataksiyanın eşitmə problemləri (karlıq) ilə paralel rastlanma ehtimalını da nəzərə alaraq: sərhəd audiometriyası, kamertonla müayinə, elektrokoxleoqrafiya, promontorial test və s. aparılır.

Vestibulyar ataksiyanın müalicəsi

Müalicə ilk növbədə patologiyaya səbəb olan xəstəliyin sağalmasına yönəldilir. Qulaqda infeksion patologiya varsa antibiotikoterapiya, orta qulağın yuyulması, sanasiya əməliyyatı, labirintotomiya və irinli ocağın likvidasiyasını təmin edən digər tədbirlər görülür. Vestibulyar ataksiya damar problemlərinə bağlı olaraq yaranmışsa, baş beynin qan dövranını yaxşılaşdıran preparatlar təyin olunur. Kraniovertebral anomaliyaların ağır hallarında cərrahi korreksiya aparılır. Müvafiq müalicə üsulu həcmli törəmələrin mövcudluğu, ensefalit, araxnoidit zamanı da göstərişdir.

Vestibulyar ataksiyanın özü simptomatik yolla- sinir hüceyrələrində metabolizm və funksionallığı yaxşılaşdıran preparatların: pirasetam, qamma-aminoyağ turşusu, ginkqo biloba, B qrup vitaminlər qəbulu yolu ilə müalicə olunur. Həmçinin, pasiyentlərə hərəkətlərin koordinasiyası və əzələlərin möhkəmləndirilməsi məqsədilə müalicəvi bədən tərbiyəsi məsləhət görülür.

error: Content is protected !!