Pişik cırmaqlamasından gələn təhlükə
Felinoz- pişiklərin cırmaqlaması və ya dişləməsi səbəbindən meydana çıxa biləcək xəstəlikdir. Bu xəstəlik Bartonella henselae tərəfindən törədilir. Bartonella henselae pişik orqanizmində yaşayır və adətən heyvan üçün heç bir həyati təhlükə törətmir. Yalnız pişik insanı cırmaqladıqda və ya dişlədikdə -insanda xəstəlik törədə bilər.
3-10 gün ərzində zədə nahiyyəsində (cırmaq və ya diş) papula- qırmızı düyün, daha sonra vezikula (qabarcıq) formalaşır və onun deşilməsi dəridə xora yaradır. Bir neçə gün və ya həftə sonra zədə nahiyyəsinə yaxın regionar limfa vəziləri böyüyür və ağrılı olur. Limfa vəzilərinin ölçüsü 4 ayadək böyük saxlana bilər. İnsanda ümumi əzginlik, baş ağrısı, yüksək hərarət müşahidə olunur.
Adətən 1-4 ay ərzində, heç bir müalicə tədbiri görülmədən insanın sağlamlığına zərər vermədən tam sağalma olur. Lakin, bəzi şəxslərdə xəstəlik atipik gedişli olur və ciddi ağırlaşmalara səbəb olur. Bu səbəbdən də papula əmələ gəldikdə ətraflı müayinə məqsədilə mütləq həkimə müraciət etmək lazımdır.
Profilaktika üçün: pişiklə incə rəftar edin, “qəza” olduqda isə yara nahiyyəsini 2%-li hidrogen peroksid məhlulu ilə işləmək və yaranın ətrafına spirt və ya yod məhlulu sürtmək lazımdır.