Hallüsinasiyalar

Hallüsinasiyalar -reallıqda olmayan obyektlərin və ya duyğusal obrazların qəbul edilməsi olub, real xarici qıcıqlandırıcı olmadan meydana çıxır, lakin reallıq kimi qəbul olunur. Elementar hallüsinasiyalara səs, uğultu, işıq sayrışması, parlaq fiqurlar, qoxular aiddir. Sadələrə- formalaşmış fiqurlar: statik heyvanlar, məişət əşyaları daxildir. Mürəkkəb hallüsinasiyalar- dinamik təzahürlər, məsələn, baş verənləri şərh edən səslər şəklində ola bilər. Diaqnoz -ümumi baxış, söhbət və bütün kliniki göstəriciləri qiymətləndirməklə qoyulur. Müalicənin gedişində antipsixotik preparatlar təyin olunur.

Ümumi xarakteristika

Həqiqi və yalançı hallüsinasiyalar olur. Həqiqi hallüsinasiyalarda obrazlar keyfiyyət göstəricisinə, tamlığa, quruluşa və davamlılığa malikdirlər. Onlar real həyat şəraiti ilə uyumludur, yəni real əşyalarla qarşılıqlı mövcuddur, məsələn, balta masanın üzərindədir. Psevdohallüsinasiyalar (yalançı) şərti, təsəvvürdə formalaşan mühitdə yerləşir, çox vaxt dəqiq quruluşa malik deyildir. Ən geniş yayılmış variantlara -xəstənin beynində yaranan səslər və ya havada asılı gözlə görünən obrazlar aiddir. Psevdohallüsinasiyaların mənbəyini pasiyent -başqa birinin süni müdaxiləsi kimi qiymətləndirilir.

Tərkibinə görə hallüsinasiyalar elementar, sadə və mürəkkəb olur. Elementar hallüsinasiyalar natamam obyektivliyə malikdirlər, unimodaldırlar, qeyri-nitq səsləri və səbəbsiz qıvılcımlar (sayrışmalar) şəklində sadə obrazlar kimi meydana çıxırlar. Sadə hallüsinasiyalar cismi, statistik olur, bəzən yer dəyişir, lakin formasını dəyişmir. Onlar unimodaldır- bir analizator iştirak edir. Mürəkkəb hallüsinasiyalar bir neçə analizadorun (duyğu orqanının) iştirakı ilə formalaşır, obrazlar dinamikdir, adətən mənalı məzmuna malikdirlər. Məsələn, zəhər qoxusu və divar arxasından gələn səslər xəstəni zəhərləməkdə qərarlıdırlar.

Hallüsinasiyalar müxtəlif xarakterdə- tək-tək və ya çoxsaylı obrazlar şəklində, xaotik formalaşan və ya ümumi sujetlə uyumlu, xəstə üçün neytral və ya dəhşətli, hökmedici, şərh edici, əyləndirici ola bilərlər. Əlaqəli olduğu analizatora görə görmə, qoxu, eşitmə, taktil, dad, visseral, motor və kompleks növləri olur. Səbəbindən və modallığından, ümumi xarakteristikasından asılı olmayaraq pasiyent obrazları reallıq kimi qəbul edir.

Hallüsinasiyaların səbəbləri

Hallüsinasiyalar rəftarı, emosiyaları, hissləri və düşüncələri bütünlüklə dəyişmək xüsusiyyətinə malikdir. Obrazlar nə qədər parlaqdırsa, reallığı bir oqədər “gizlədir”. Onların tərkibi, tezliyi səbəbindən asılı olaraq dəyişir. Hallüsinasiyaların səbəblərini 4 böyük qrupa bölmək olar: fizioloji və ya psixoloji stress vəziyyəti, psixi xəstəliklər, nevroloji patologiyalar və psixoaktiv maddələrlə zəhərlənmələr.

Ekstremal vəziyyətlər

Hallüsinasion hallar orqanizm üçün ekstremal vəziyyətlərdə, əsasən kimyəvi elementlərin ağır defisiti və ya çoxluğu, informasiyalar, fiziki təsirlər səbəbindən ölüm riski hallarında meydana çıxır və kəskin psixi və ya fizioloji stressə səbəb ola bilir. Hallüsinasiyalar isə beyində biokimyəvi proseslərin pozulması zamanı formalaşır. Buna səbəb aşağıdakılar ola bilər:

  • Yüksək temperatur. Bədən hərarətinin 41-42° С-dək yüksəlməsi qeyri-real obrazları, səsləri doğura bilər. Belə vəziyyət qızdırma, ağır günvurma zamanı müşahidə olunur. Psixomotor oyanıqlıq, sayıqlama, çaşqınlıq xarakterikdir.
  • Soyuma. Ekstremal aşağı temperatur da sayıqlama-hallüsinasion vəziyyət yarada bilər. Artıq donmanın yüngül dərəcəsində, bədən temperaturu 35° С-dən aşağı düşdükdə əlamətlər meydana çıxmağa başlayır. İnsan titrəyir, daxili orqanların işi zəifləyir, hərəkət koordinasiyası pozulur, qavrama qabiliyyəti pozulur.
  • Qida çatışmazlığı. Qidalı maddələrin defisiti enerji çatışmazlığına, bu isə beynin və digər orqanların işinin pozulmasına səbəb olur. İnsan təcridolunmuş, laqeyid, yaxın şəxslərə və ətrafdakı hadisələrə maraq göstərmir.
  • Hava çatışmazlığı. Beynin normal işi üçün oksigen çox vacibdir. Hava axını dayandıqda beyin toxuması rezerv oksigen ehtiyatlarından 4-5 dəq müddətində istifadə edə bilir, daha sonra hipoksik dəyişikliklər və hallüsionasion obrazlar formalaşır. Oksigen çatışmazlığına- qəsdən boğulma, hava olmayan otaqda olmaq, beynin işemik zədələnməsi səbəb ola bilər.
  • Güclü yorğunluq. Uzun müddətli fiziki və əqli yüklənmə hallüsinasiyalara səbəb ola bilər. Qavrama pozğunluğu sinir sisteminin tükənməsi, daha doğrusu- reallığı xəyaldan ayırd edə bilən selektiv funksiyasının pozulması səbəbindən olur.
  • Yuxu deprivasiyası (məhrum olma). Yuxu çatışmazlığı yuxusuzluq, ağır xəstəliklər, işdə yüklənmələr səbəbindən məcburi oyaq qalma nəticəsində yarana bilər. Bəzən bundan məqsədyönlü olaraq düşüncəni dəyişmək üçün istifadə edilir. Səbəbindən asılı olmayaraq insan parlaq hallüsinasiyalar, duyğu orqanlarının həssaslığının artmasını, qeyri-reallıq duyğusunu yaşayır.
  • Sensor çatışmazlıq. Müxtəlif qıcıqlandırıcıların təsiri hesabına sinir sistemi normal fəaliyyət göstərir. Əgər daxil olan sensor məlumatların həcmi azalarsa və ya təmamilə itərsə, beyin onu öz stimulları- fərqli modallı obrazları ilə kompensasiya edir. Oxşar vəziyyət kosmonavtlarda müşahidə olunur. Müalicə məqsədilə pasiyentlərin yaradıcılıq qabiliyyətlərini və dərin emosiyalarını stimuləetmək üçün sensor deprivasiya kameralarından istifadə olunur.
  • Sosial izolyasiya. Digər insanlarla əlaqənin azalması və ya olmaması şəxsiyyətin individuallığının itirilməsinə səbəb olur. İnsan kim olduğunu, necə biri olduğunu xatırlamır, özünü cəmiyyətin bir fərdi kimi itirdiyini hiss edir. Hallüsinasiyalar qoruyucu mexanizm rolu oynayır, psixi vəziyyəti və özünüidarəni qorumaq üçün formalaşır. Adətən o “dost” səsi, hər hansı ailə üzvünün obrazı şəklində meydana çıxır. Sosial deprivasiyaya təkadamlıq həbsxana kamerasında qalmaq, ağır xəstəliklər səbəb ola bilər.

Psixi pozğunluqlar

Psixiatriyada hallüsinasiyalar adətən, hallüsinasion-sayıqlama sindromları çərçivəsində özünü büruzə verir. Psixozlar üçün- emosional-rəftar hərəkətlərinin adekvat olmaması, özünə kritik yanaşmanın olmaması ilə xarakterikdir. Bir qayda olaraq, xəstələrdə psevdohallüsinasiyalar -real şəraitlə uyğun olmayan, çox vaxt başqası tərəfindən yeridilən kimi hiss edilən görmə, eşitmə, qoxu, dadbilmə, kinestetik obrazlar formalaşır. Hallüsinasion-sayıqlama əlamətlərinin səbəblərinə aiddir:

  • Şizofreniya. Qallyüsinasiya şizofreniyanın ilk pilləsi hesab olunur. Pasiyent öz düşüncələrinin, düşüncələrinin əksinin, bir-birini qarşılıqlı inkar edən və şərh edən səslər eşidir. Somatik psevdoduyğular (orqanların deformasiyası, hərəkəti) yaranır. Xəstələr əmindirlər ki, onların fikirlərinə, hisslərinə və düşüncələrinə təsir edirlər, onların fikri oxuna, başqaları tərəfindən tanına bilər.
  • Bipolyar pozğunluqlar. Psixoz əlamətləri bipolyar affektiv pozğunluqların ağır gedişi zamanı müşahidə olunur. Yayılmış psixotik əlamətlər- səs və vizual hallüsinasiyalar şəklində özünü büruzə verir. Onlar adətən, xəstəliyin maniyalar fazasında dahilik, hər şeyə qadirlik sayıqlamaları ilə paralel inkişaf edir. Hallüsinasiyalar xəstənin əhvalına konqruent və ya qeyri-konqruent ola, maniakal tendensiyaları dəstəkləməklə və ya onlarla əlaqəsi olmadan meydana çıxa bilər.
  • Simptomatik psixozlar. Ekzogen psixotik vəziyyətlərin səbəblərinə -ağır somatik xəstəliklər, infeksiyalar, zəhərlənmələr aiddir. Kəskin psixoz adətən bir neçə saatdan 2-3 sutkayadək davam edə bilər. Hallüsinasiyalarla müşayiət olunan deliriy əsasən gecələr formalaşır, yaranan obrazlar xəstəni qorxudur. Ağır hallarda deliriy amensiyaya keçir və bu zaman dalğınlıq, əlaqəsiz nitq, xaotik hərəkətlər üstünlük təşkil edir.
  • Orqanik sayıqlama pozğunluqları. Şizofreniyaya bənzər pozğunluqlarda əsaslanmış səbəb olmadan özünü idarəetmənin olmaması, aqressiyanın yaranması ilə müşayiət olunan hallüsinasion-sayıqlama tutmaları mümkündür. Hallüsinasiyalar adətən, görmə ilə əlaqəli, dini, sehirli tərkibli olub, hərəkətə sövq edir. Orqanik sayıqlama pozğunluqlarına -epilepsiya, beynin ocaqlı zədələnmələri, psixoaktiv maddələrlə zəhərlənmə zamanı rast gəlinir.
  • Orqanik (üzvi) hallüsinoz. Üzvi hallüsinozları fərqləndirən xüsusiyyət- üzvi faktorun təsirindən meydana çıxan fasiləsiz hallüsinasiyalardır. Obrazlar davamlı olur, oyaq vaxtı, huşun aydın olduğu zaman meydana çıxır. Bunlardan ən geniş yayılmışı alkoqol hallüsinozudur və xəstə bu zaman işarəedici və ya hədələyici səslər eşidir.

Nevroloji xəstəliklər

Hallüsinasiyaların daha bir səbəbi- beynin informasiyaları qəbul etmə mərkəzlərinin orqanik zədələnmələridir. Analizatorların qabıq maddələrinin patoloji qıcıqlanması baş verir, pasiyentlər sayrışmalar, sadə parlayan obyektlər görür, musiqi eşidir, qoxular və ağızda real qıcıqlandırıcı olmadan dad hiss edir. Hallüsinasiyaların digər nevroloji səbəbi- analizatorların və ya funsiyasının itməsidir. Nevroloji patologiyalar zamanı hallüsinasion simptomların formalaşmasının əsas faktorlarına aiddir:

  • Neyrodegenerativ proseslər. Sinir toxumasının degenerasiyası demensiyanın- yaddaş, nitq, intellekt daxil olmaqla ali qabıq funksiyalarının pozulması ilə xarakterik olan, xroniki proqressivləşən xəstəliklərin inkişafına səbəb olur. Hallüsinasiyalar vacib simptom hesab olunmur. Onlar daha çox Levi hissəciklərilə keçən demensiyada, daha az hallarda Alsheymer xəstəliyində, Hentinqton xoreyasında müşahidə olunur.
  • Beynin lokal zədələnmələri. Beynin gicgah, ənsə və ya təpə nahiyyələrinin ocaqlı zədələnmələri orta beyin və beyin sütununa stimuləedici təsir göstərərək hallüsinasion görüntülərə və hisslərə səbəb ola bilirlər. Dolayı səbəblərə -törəmələr, insultlar, damar malformasiyaları, kəllə-beyin travmaları, epilepsiyanın ocaqlı formaları səbəb ola bilərlər. Həqiqi elementar və sadə hallüsinasiyalar: işıltı, səslər, taktil hissiyatlar tipikdir.
  • Neyroinfeksiyalar. Neyroinfeksiyalar zamanı törədicilər sinir hüceyrələrinə daxil olaraq həm ümumi somatik, həm də MSS-nin zədələnmə əlamətlərinə səbəb olurlar. Qıcolmalar, düşüncə pozğunluğu, oyanıqlıq halı, sayıqlama-hallüsinasion sindromlar kəskin gedişli irinli ensefalitlər və meningitlər zamanı müşahidə olunurlar.
  • Analizatorun funksiyasının pozulması. Analizator xarici informasiyanı qəbul etmək funksiyasını itirdikdə məcburi həssaslıq deprivasiyası vəziyyəti formalaşır. Hallüsinasiyalar kompensator mexanizmlərə əsasən formalaşır, müəyyən modallıqda obrazlar yaranır. Şarl Bonne sindromu buna misal ola bilər- qazanılmış ağır görmə pozğunluğu olan xəstənin obrazlar görməsi.
  • Narkolepsiya. Narkolepsiyalı xəstələrdə səbəbsiz mürgüləmə, huşun saxlanması fonunda əzələ tonusunun azalması tutmaları meydana çıxır. belə xəstələr yuxuya gedərkən hipnaqoqik hallüsinasiyalar yaranır və tam yuxuya getməyə inkan vermir; oyandıqda isə -hipnopompik hallüsinasiyalar ətrafı düzgün qiymətləndirməyə mane olur.

Psixoaktiv maddələrin qəbulu

Narkotik maddələrin, alkoqolun, bəzi dərman preparatlarının qəbulu hallüsinasiyaları provokasiya edə bilər. Psixoaktiv maddənin qəbulunun ardınca düşüncə pozğunluğu, koqnitik funksiyaların, dərketmə və emosiyaların pozulması ilə müşayiət olunan kəskin intoksikasiya inkişaf edir. Psixotik simptomların təzahür dərəcəsi qəbul edilən maddənin tipindən və dozasından asılıdır. Psixi sfera pozğunluqları parlaq hallüsinasion obrazlarla, yalançı tanış obrazlar, sayıqlamalarla xarakterikdir. Belə vəziyyətləə səbəb olan maddələrə aiddir:

  • Hallüsinogenlər. Dietilamid lizergin turşusu (DLT), meskalin, eksatzi kimi psixomimetiklərin qəbulu zamanı psixi və rəftar pozğunluqları inkişaf edir. İntoksikasiyanın kəskin dövründə idarəedilməyən gülüş, ağlama, eyforiya, depersonalizasiya, derealizasiya müşahidə olunur. Hallüsinasion hisslər adətən çox parlaq, dinamik, polimodal xarakterdə olur. Hallüsinoza meyillik saxlanıla və gələcəkdə alkoqol, yuxu dərmanlarının qəbulu fonunda təkrarlana bilər.
  • Kannabinoidlər. Tiryək bitkisinin xırdalanmış çiçəkləri və yarpaqları, onlardan əldə edilən dərman preparatları narkotik sərxoşluğa səbəb olur. Hallüsinogen, stimuləedici və sedativ effektlər müşahidə olunur. Hallüsinasion görüntülər -kəskin intoksikasiyanın nəticəsidir və birdəfəlik yüksək dozada qəbul zamanı yaranır. Nitq aydın olmur, mürəkkəb hərəki funksiyalar pozulur, koordinasiya zəifləyir.
  • Amfetaminlər. Bunlar sintetik maddələr olub, psixi oyanıqlıq, rifah duyğusu, digər insanlara qarşı emosional bağlılıq yaradır. Böyük dozalarda qəbulu panik ataklara, hallüsinoza, paranoyalara səbəb ola bilər. Qıcıqlanma, impulsivlik, səbəbsiz aqressivlik artır. Narkotiklərin uzun müddət istifadəsi simptomatik olaraq şizofreniyayabənzər amfetamin psixozunun yaranma riskini artırır.
  • Toksikomaniya. Toksiki maddələrə boya məhlulları, yapışqanlar, laklar daxildir. İntoksikasiya baş verənləri adekvat qiymətləndirmək qabiliyyətinin itirilməsilə müşayiət olunur. Hallüsinasion səslər və görüntülər yarana, şüur bulanıqlığı, qusma baş verə bilər. Maddənin orqanizmdən çıxarılması baş ağrısının artması, ümumi zəifliklə özünü büruzə verə bilər.

Hallüsinasiyaların diaqnostikası

Qavrama pozğunluqları zamanı hissləri subyektiv xarakter daşıması diaqnozu çətinləşdirir. Xəstənin vəziyyətinin patopsixoloji qiymətləndirilməsi həkim-psixiatrın kliniki təcrübəsindən asılıdır. Hallüsinasiyanın mövcudluğunu pasiyentin rəftarına nəzarət etməklə, xəstəliyin ümumi klinikasının (anamnez, katamnestik informasiy) qiymətləndirilməsilə ehtimal etmək olar. Standart diaqnostik proses 3 əsas proseduru özündə birləşdirir:

  • Kliniki sorğu. Hallüsinasiyaların əsas xüsusiyyəti odur ki, xəstə onu reallığın bir hissəsi kimi qəbul edir, nadir hallarda belə olmadığını dərk edə bilər. Buna görə də, simptom haqda birbaşa sual effektiv olmayacaq. Hallüsinator-sayıqlama sindromu adətən, pasiyentlə danışıq zamanı, həqiqətə az bənzər və ya həqiqətdən uzaq halları- “dalğalarla təsir”, “düşüncələri oxumaq”, “gözlərilə beynə yeritmək” haqda danışarkən üzə çıxır. Daha obyektiv kliniki məlumatı xəstənin ailə üzvləri verir.
  • İzləmə. Xəstənin rəftarı, emosional vəziyyəti hallüsinasiyaya işarə edə bilər. O, önündəki boşluğa, divara doğru baxa, bu vaxt qorxu hissi keçirə, təəccüblənə, sevinə bilər. Eşitmə hallüsinasiyaları zamanı pasiyent tez-tez səsə qulaq asa, dialoqa girə, mübahisə edə, gülə, zarafat edə bilər. Taktil hisslər onu qaşınmağa, dərisini silməyə məcbur edə bilər, həkimdən ona baxmasını, “həşəratları” götürməsini istəyə bilər.
  • Provokasion sınaqlar. Gizli düşüncə pozğunluqlarını və meyillikləri aşkar edə biləcək bir sıra testlər mövcuddur. Aşaffenburq sınağı zamanı pasiyentə qoşulu olmayan telefonla danışmaq təklif edilir. Əgər pasiyent danışmağa başlayırsa və ya nə isə eşidərsə eşitmə modallıqlı hallüsinasiyanın mövcudluğundan şübhələnmək olar. Görmə hallüsinasiyalarının aşkarlanması üçün Reyxardt sınağı (təmiz kağız vərəqinə baxmaq), göz qapaqlarına bsmaqla Lipman sınağı aparılır.

Hallüsinasiyaların müalicəsi

Psixoaktiv dərmanların qəbulundan sonra meydana çıxan hallüsinasiyaların aradan qaldırılması üçün, preparatların qəbulunu dayandırmaq kifayətdir. Deprivasiya zamanı həyati vacib maddələrin və vəziyyətlərin əvvəlki vəziyyətə qaytarılması: bədən temperaturunu normallaşdırmaq, rasional qidalanmanı, yuxu və istirahəti bərpa etmək, sosial əlaqələri yeniləmək. Psixi və nevroloji xəstəliklər zamanı hallüsinasion simptomlar neyroleptiklərlə aradan qaldırılır. Onlar psixi və motor oyanıqlığı azaldır, produktiv psixi simptomatikanın formalaşmasına mane olur.

error: Content is protected !!