Qastroezogeal Reflyuks Xəstəliyi (QERX)

Qastroezofageal reflyuks xəstəliyi- qida borusunun aşağı şöbələrinin divarının iltihabı olub, mədə və ya on iki barmaq bağırsaq möhtəviyyatının qida borusuna davaml reflyuksu (geri hərəkəti) nəticəsində yaranır. Qida qəbulu və fiziki aktivlikdən sonra artan qıcqırma, turş və ya acı dadlı hıçqırıq, udqunma zamanı ağrı və çətinlik, dispepsiya, döş sümüyü arxasında ağrılar və digər simptomlarla özünü büruzə verir. Diaqnostikası FQDS, qida borusu daxili pH-metriya, manometriya, qida borusu və mədənin rentgenoqrafiyası ilə qoyulur. Müalicəyə qeyri-medikomentoz tədbirlər, simptomatik terapiyanın təyini daxildir. Bəzi hallarda cərrahi müdaxilə göstərişdir.

QERX haqqında ümumi məlumat

Qastroezofageal reflyuks xəstəliyi (QERX) -mədə və 12 barmaq bağırsaq möhtəviyyatının qida borusuna atılması nəticəsində formalaşan morfoloji dəyişikliklər və simptomlar kompleksindən ibarətdir. Həzm sisteminin ən geniş yayılmış patologiyası olub bir çox ağırlaşmalara meyilliklə özünü büruzə verir. Geniş yayılması, ağır klinikası, pasiyentin həyat keyfiyyətinə mənfi təsiri, həyat üçün təhlükəli ağırlaşmaların inkişafı və çox vaxt tipik olmayan kliniki gedişi QERX-ni müasir qastroenterologiyanın ən aktual problemlərindən birinə çevirir. Xəstəliyin getdikcə artması QERX-in inkişaf mexanizmlərinin ətraflı araşdırılması, erkən diaqnostika üsullarının təkmilləşdirilməsi və effektiv patogenetik müalicə tədbirlərinin öyrənilməsini tələb edir.

Reflyuksun subyektiv əlamətlərinə qıcqırma- döş sümüyü arxasında yanğı hissi və hıçqırma aiddir. Əgər qıcqırma müntəzəm (həftədə 2 dəfədən çox) hal alarsa, bu QERX-ə işarədir və ətraflı müayinə tələb edir. Xroniki reflyuks uzun müddət davam edərsə xroniki ezofagitə, daha sonra isə qida borusunun aşağı şöbələrinin selikli qişasının morfoloji dəyişikliklərinə və Barrett sindromuna səbəb ola bilər.

QERX-in səbəbləri

Patologiyanın inkişafına səbəb olan faktorlara həzm traktının yuxarı şöbələrinin motor funksiyalarının pozulması, hiperasidoitik vəziyyətlər, qida borusunun selikli qişasının müdafiə funksiyasının zəifləməsi daxildir. QERX zamanı çox vaxt qida borusunu aqressiv mədə möhtəviyyatından qoruyan 2 təbii mexanizm: ezofageal klirens (qida borusunun mədə möhtəviyyatını evakuasiya qabiliyyəti) və qida borusunun selikli qişasının rezistentliyi pozulur. Stress, siqaret, piylənmə, tez-tez hamiləlik, diafraqma yırtığı, dərmanlar (beta-adrenoblokatorlar, kalsium kanallarının blokatorları, antixolin preparatlar, nitratlar) xəstəliyin inkişaf riskini artırırlar.

QERX-in patogenezi

QERX-in yaranmasının əsas səbəbi qida borusunun aşağı sfinkterinin çatışmazlığıdır. Sağlam şəxslərdə bu sirkulyar əzələ elementi adi halda qida borusu ilə mədə arasında yığılmış vəziyyətdə olur və qida kütləsinin geriyə hərəkətinə (reflyuks) mane olur. Sfinkterin çatışmazlığı zamanı bu çıxıntı açıq qalır və mədə yığılarkən onun möhtəviyyaının geriyə- qida borusuna atılması baş verir. Aqressiv mədə möhtəviyyatı qida borusunun divarlarının qıcıqlanmasına və selikli qişada dərin pozğunluqlara səbəb olur. Sağlam şəxslərdə reflyuks gövdənin əyilməsi, fiziki aktivlik zamanı və ya gecə baş verə bilər.

QERX-in simptomları

Xəstəliyin tipik şəkli gövdənin vəziyyətini dəyişdikdə, fiziki aktivlik zamanı, çoxlu qida qəbulu və uzanmış vəziyyətdə qıcqırma, turş və ya acı dadlı hıçqırma ilə xarakterikdir. Ürəkbulanma və qusma ilə müşayiət oluna bilər. Gedişinin ağırlığından asılı olaraq disfagiya- udqunma pozğunluğu- birincili (motorikanın pozulması səbəbilə) və ya qida borusunda strikturların (daralmaların) inkişafı ilə əlaqədar meydana çıxa bilər.

Bəzən QERX tipik olmayan kliniki əlamətlərlə: döş qəfəsində ağrı (əsasən, qida qəbulundan sonra yaranan, əyildikdə artan), qida qəbulundan sonra qarında ağırlıq, yuxu zamanı hipersalivasiya (tüpürcək ifrazının artması), ağızdan pis qoxu, xırıtılı səs ilə özünü büruzə verə bilər. Patologiyanı sübut edən əsaslı amillərə təkrarlanan pnevmoniya və bronxospazm, idiopatik ağciyər fibrozu, laringit və orta otitə meyillik, diş emalının zədələnməsi aiddir. Aşkar simptomokomplekslərlə keçməyən QERX daha ağır fəsadların inkişafı ilə xarakterikdir.

QERX-in ağırlaşmaları

QERX-in ən çox rast gəlinən ağırlaşmalarına (30-45%) reflyuks-ezofagitin- qida borusunun aşağı şöbələrinin selikli qişasının iltihabının inkişafıdır. Selikli qişanın xoralı-eroziv zədələnmələri və onların sağalması zamanı meydana çıxan çapıqlar strikuralara- qida borusunun mənfəzinin daralmasına səbəb ola bilər. Qida borusunun daralması artan disfagiya, hıçqırma və yanğı ilə özünü büruzə verir.

Qida borusu divarının uzun müddət davam edən iltihabı xoralara- selikli qişadan tutmuş selikaltı qatların zədələnməsinədək səbəb ola bilər. Qida borusu xorası adətən qanaxmalara səbəb olur. Uzun müddət davam edən qastroezofageal reflyuks və xroniki ezofagit qida borusunun aşağı şöbələrinin normal epitelinin mədə və ya bağırsaq epiteli ilə əvəzolunmasına təkan verir. Belə dəyişiklik Barrett xəstəliyi adlanır. Bu vəziyyət xərçəngönü hal olub, 2-5% hallarda adenokarsinomaya (qida borusu xərçəngi)- epitelin bədxassəli törəməsinə transformasiya olur.

QERX-in diaqnostikası

QERX-in əsas diaqnostika üsulu, ağırlıq dərəcəsinin və qida borusunun divarlarında morfoloji dəyişikliklərin təyini ezofaqoqastroskopiya ilə mümkün olur. O endoskopun konsultasiyasından sonra aparılır. Müayinə zamanı selikli qişanın histoloji vəziyyətini qiymətləndirmək və Barrett qida borusunun diaqnostikası üçün bioptat götürülür.

Qida borusunun rentgenoqrafiyası qida borusunun xorası, strikturlar, diafraqma yırtığı təyin olunur. 50% hallarda reflyuks görünür. Qida borusunun aşağı sfinkterinin təzyiqi manometriya köməyilə təyin edilir. Qastroezofageal reflyuks xəstəliyi üçün müsbət Bernşteyn sınağı ( 0,1%-li xlorid turşusunun qida borusuna yeridilməsi yanğıya səbəb olur), eləcə də antasid preparatların qəbulu zamanı kliniki simptomların itməsi (qələvi testi) xarakterikdir. Qida borusunun motor funksiyası elektromioqrafiya köməyilə təyin olunur.

Selikli qişada dəyişikliklərin erkən diaqnostikası üçün xroniki qıcqırmadan əziyyət çəkən şəxslərə endoskopik müayinə (qastroskopiya) və qida borusunun biopsiyası məsləhətdir. Çox vaxt xəstələrdə öskürək, xırıltılı səs müşahidə olunur. Belə hallarda udlaq və qırtlaqda iltihabın aşkarlanması üçün otolarinqoloqun konsultasiyası göstərişdir. Laringit və faringitə səbəb reflyuksdursa, antasidlər təyin olunur. İltihab əlamətləri bundan sonra yox olur.

QERX-in müalicəsi

Qastroezogeal reflyuks zamanı qeyri-medikamentoz müalicə tədbirlərinə çəkinin normallaşdırılması, qidalanma rejiminə nəzarət (kiçik porsiyalarla 3-4 dəfə qidalanmaq, yatmazdan ən azı 4 saat əvvəl qida qəbulu), qida borusu sfinkterini boşaldan qidalardan (yağlı qida, ədviyyatlar, kofe, portağal, tomat şirəsi, soğan, nanə, alkoqollu içkilər) uzaq durmaq, rasionda heyvani zülalın miqdarını artırmaq, isti qida və alkoqoldan imtina aiddir. Gövdəni sıxan, dar geyimlər geyməmək lazımdır.

Yatarkən çapayının baş hissəsinin 15 sm yüksək olması, siqaretdən imtina məsləhətdir. Əyilmiş vəziyyətdə uzun sürən işdən, ağır fiziki hərəkətlərdən uzaq durmaq lazımdır. Qida borusunun motorikasına neqativ təsir göstərən dərman preparatlarının (nitratlar, antixolinergik preparatlar, beta-adrenoblokatorlar, progesteron, antidepressantlar, kalsium kanalı blokatorları), eləcə də selikli qişaya mənfi təsir göstərən iltihabəleyhinə preparatlar əks göstərişdir.

QERX-in medikamentoz müalicəsi həkim-qastroenteroloq tərəfindən aparılır. Müalicə müddəti adətən 5-8 həftə (bəzən 26 həftəyədək uzana bilər) olur və aşağıdakı qrup preparatlarla: antasidlər (alüminium-fosfat, alüminium-hidroksid, maqnezium-karbonat, maqnezium-oksid), H2-histamin reseptorlarının blokatorları (ranitidin, famotidin), proton pompası inhibitorları (omeprazol, rebeprazol, ezomeprazol) ilə aparılır.

QERX-in konservativ terapiyası effektiv olmadıqda (5-10% hallarda), ağırlaşmaların və ya diafraqma yırtığının mövcud olduğu vəziyyətlərdə cərrahi müdaxiləyə ehtiyac olur. Cərrahi müdaxilələrə: qastroezofageal birləşmə nahiyyəsinin (kardial hissəyə tikiş atılır) endoskopik plikasiyası, qida borusunun raditezlikli ablasiyası (qastroezofageal və kardial hissələrin birləşdiyi nahiyyənin çapıqlaşması və reflyuksun azalması məqsədilə), qastrokardiopeksiya və Nissenə görə laparoskopik fundoplikasiya aiddir.

QERX-in proqnozu və profilaktikası

QERX-in profilaktikasına sağlam həyat tərzi sürmək, risk faktorlarından uzaq durmaq (siqaret və alkoqoldan imtina, yağlı və kəskin qida yeməmək, normadan çox qida qəbul etməmək, ağırlıq qaldırmaq və uzun müddət əyilmiş vəziyyətdən yayınmaq mə s.) lazımdır.

Problemin vaxtında aşkarlanması və normal həyat tərzinə (QERX-in qeyri-medikamentoz müalicə tədbirləri) riayət olunması halında proqnoz qənaətbəxşdir. Uzun davam edən və davamlı reflyuksla müşahidə olunan tez-tez residivlərin olması, fəsadların inkişafı, Barrett qida borusunun formalaşması proqnozu xeyli pisləşdirir.

error: Content is protected !!