Plevranın punksiyası (Torakosentez)
Plevranın punksiyası– diaqnostik və ya müalicəvi məqsədlərlə parietal plevranın transtorakal deşilməsidir. Plevral punksiyaya göstərişlərə ekssudativ plevrit, plevranın empieması, pnevmotoraks, hemotoraks, xilotoraks aiddir. Plevrada maye möhtəviyyat toplandıqda torakosentez VII-VIII qabırğaarası sahədə, arxa aksilyar xətt nahiyyəsində; hava olduqda isə II qabırğaarası sahədə orta körpücük xətti üzrə aparılır. Pasiyentin oturaq vəziyyətində yerli anesteziya ilə altdakı qabırğanın üst kənarından (qabırğaarası sinirləri və damarları zədələməmək üçün) plevra boşluğuna iynə yeridilir; sitoloji və bakterioloji müainə məqsədilə möhtəviyyat aspirasiya olunur.
Plevra boşluğunda sərbəst mayenin mövcudluğunu təsdiqləmək üçün punksiyadan əvvəl döş qəfəsinin rentgenoskopiyası (rentgenoqrafiya), plevra boşluğunun USM-i, perkussiya aparılır. Plevral punksiya zamanı diaqnostika ilə (möhtəviyyatın vizual qiymətləndirilməsi və laborator müayinəsi) yanaşı müalicəsi də (plevra boşluğunun boşaldılması) həyata keçirilir. Mayenin həcmi çox olduqda punksiyanın ardınca plevranın drenajı da təyin oluna bilər.
Plevranı punksiyasına göstərişlər
Plevra boşluğuna transsudat və ya ekssudatın (hidrotoraks, plevrit), irin (plevranın empieması), qan (hemotoraks), limfa (xilotoraks), hava (posttravmatik və ya spontan pnevmotoraks) toplanması punksiya üçün göstərişdir.
Diaqnostik plevral punksiya zamanı etiologiyanın dəqiqləşdirilməsi məqsədilə möhtəviyyatın miqdarı və xarakteri, fiziki-kimyəvi, sitoloji və bakterioloji müayinəsi aparılır. Müalicəvi plevral punksiyaya möhtəviyyatın aspirasiyası, plevra boşluğunun yuyulması və sanasiyası, antiseptiklərin, proteolitik fermentlərin, antibiotiklər, hormonal, fibrinolitik və şişəleyhinə preparatların yeridilməsi aiddir.
Qapalı gərgin və ya ikitərəfli pnevmotoraksda, massiv hemotoraksda punksiya təxirəsalınmaz tədbirdir. Əgər plevranın punksiyasından sonra pasiyentin vəziyyəti yaxşılaşmırsa, təcili torakoskopiya və ya torakotomiya göstərişdir.
Plevral punksiya travmatologiyada (döş qəfəsinin travmaları), pulmonologiyada (vərəm, ağciyərlərin və plevranın iltihabi və ya şiş xəstəlikləri), kardiologiyada (durğunluq ürək çatışmazlığı), revmatologiyada (kolagenozlarda), onkologiyada (müxtəlif lokalizasiyalı birincili şişlərin plevraya metastazı) geniş tətbiq olunur.
Plevra boşluğunun obliterasiyası, qanaxmanın artması, piodermiyalar, kəmərvari dəmrov və punksiya nahiyyəsində dərinin müxtəlif patologiyaları zamanı aparılmır.
Prosedurun aparılması
Plevral punksiyadan öncə rentgenoskopiya, plevra boşluğunun USM-i, döş qəfəsinin perkussiyası yolu ilə möhtəviyyatın səviyyəsinə uyğun dəridə işarələnməsi aparılır.
Plevranın punksiyasının tipik nöqtələri arxa qoltuqaltı və kürək xətləri (ekssudat olarsa) arasında VII-VIII qabırğaarası sahədə və orta körpücükaltı xətt boyunca (hava olduqda) II qabırğaarası sahədə yerləşir. Pasiyent müayinə zamanı müvafiq olaraq həkimə görə yana və ya üzbəüz oturur. Plevranın punksiyası zamanı pasiyentin qolu nişan qoyularkən olan vəziyyətdə olmalıdır.
Punksiyadan öncə dəri səthi 10×10 sm ölçüdə yodonat məhlulu və ya xlorheksidin spirti ilə işlənir. Çərtilmə aparılacaq nahiyyədə qatlarla anestetik (lidokain, novokain) ilfiltrasiya olunur: dəridə “limon qabığı” şəkli alındıqdan sonra şprisin iynəsi dərinliyə yeridilir, plevra istiqamətində irəliləyərək anestetik preparat dayanmadan yeridilir. Plevraya çatdıqda şprisin porşeni geri çəkilir və plevral möhtəyyat göründükdə xaric olunur. İnyeksion iynə punksion iynə ilə əvəz olunur, plevra boşluğuna çatdıqda “boş mühit” hissi yaranır, əllə və ya plevroaspirator (Poten apparatı) vasitəsilə plevral möhtəviyyat daxil olur. Möhtəviyyatın xaric olma tempinə görə punsion iynənin itələmək və ya vəziyyətini dəyişmək tələb oluna bilər. Plevra boşluğuna hava daxil olmasının qaşısını almaq üçün hər dəfə şprisi ayırdıqda konyulanın arxası əllə tutulur. Möhtəviyyatın çox olduğu hallarda aspirasiya çox yavaş aparılmalıdır (orta divararalığı üzvlərinin yerdəyişməsi olmaması üçün).
Punksiya zamanı əldə olunan material sınaq şüşələrinə yığılır və laborator müayinəyə göndərilir. Plevranın punksiyası zamanı xaric edilmiş möhtəviyyatın miqdarı da qeydə alınır. Plevral punksiyanın sonunda, iynə xaric edildikdən sonra- giriş yeri steril sarğı ilə bağlanmalıdır. Punksiyadan sonra təkrar rentgen müayinəsi aparılır (möhtəviyyatın mövcudluğunu aşkar etmək və fəsadlaşmaya nəzarət məqsədilə).
Plevranın punksiyasının fəsadları
Böyük həcmdə möhtəviyyatın birdəfəlik çıxarılması divararalığının yerdəyişməsi və kollapsın inkişafına səbəb ola bilər. Plevral punksiya ağciyərlər, qaraciyər, diafraqma, mədə, dalağın zədələnməsi, plevradaxili orqanların qanaxması, baş beyin arteriyalarının hava emboliyası, infeksiyalaşma, pnevmotoraks və ya dərialtı emfizema ilə fəsadlaşma mümkündür.
İynənin ağciyərlərə batması öskürəklə, preparatların keçməsi isə ağızda dərman dadı ilə özünü büruzə verir. İynənin mədəyə batması halında şprisə hava və ya mədə möhtəviyyatı daxil olur. Al qırmızı qan qabırğaarası damarların zədələnməsini göstərir. Bu zaman zədələnmiş damarın üzərindən sıxmaq qanaxmanı durdurmağa yetərli olur. Baş beynin hava emboliyası qəfil korluq, huşun pozulması və ya qıcolmalarla özünü büruzə verə bilər.
Dərialtı emfizema və ya pnevmotoraks ağciyərlərin zədələnməsi və ya plevra boşluğuna xaricdən hava daxil olması səbəbindən formalaşa bilər. Gərginlik pnevmotoraksı və mediastenal emfizema xüsusilə təhlükəlidir.
Plevranın və ya döş qəfəsinin infeksion ağırlaşmaları aseptika qaydalarının kobud pozğunluqları, infeksiyalaşmış bronx və ya ağciyər absesinin deşilməsi nəticəsində meydana çıxa bilər. Plevral punksiya zamanı ağırlaşma simptomları qeydə alınarsa iynə dərhal çıxarılmalı, pasiyent uzadılmalı, torakal cərrah, hava emboliyası zamanı isə- reanimatoloq və nevroloq çağırılmalıdır. Plevral punksiyanın ağırlaşmalarının qarşısını almaq üçün punksiya nöqtəsi dəqiq təyin olunmalı və manipulyasiyanın aparılma üsul və texnikasına ciddi riayət olunmalıdır.