Qızılca xəstəliyi
Qızılca kəskin virus infeksiyalarına aid olub, spesifik ekzantema və kataral əlamətlərin kombinasiyası ilə xarakterizə olunur. Qızılca törədicisi orqanizmə hava-damcı yolu ilə daxil olur. İnkubasiya dövrü 2 həftəyədək, bəzən isə 1 ayadək davam edə bilər. Qızılcanın kataral dövrü öskürək, qızdırma, boyun limfadeniti ilə özünü büruzə verə bilər. Ardınca, qızılca üçün xarakterik olan səpki elementləri dövrü gəlir. Sağalma dövrü xəstəliyin başlanğıcından 1-2 həftə sonra başlayır. Qızılcanın diaqnozu, müvafiq olaraq kliniki göstəricilərə əsasən qoyulur. Müalicə, əsasən simptomatik olub, temperaturun aşağı salınması, dezintoksikasiya, bədən müqavimətinin yüksəldilməsinə yönəldilmişdir.
Törədicinin xarakteristikası
Qızılca virusu RNT-tərkibli olub, Morbilivirus nəslinə aiddir. Xarici mühitə davamsızdır, qurudulma, günəş şüalarının təsiri, ultrabənövşəyi şüalanma, 500-dək isinmə zamanı inaktivləşir. Virus otaq temperaturunda 1-2 gün, aşağı temperaturda (-15-200-aralığında) bir neçə həftə aktivliyini qoruya bilir.
İnfeksiyanın rezervuarı və mənbəyi xəstə insan hesab olunur. İnfeksiyanın ifrazı inkubasiya dövrünün son 1-2 günündə başlayır, bütün prodromal dövr və səpkilər dövründə də 4 gün davam edir. Bəzi hallarda, kontagiozluq müddəti ekzantemanın meydana çıxdığı dövrdən 10 gün müddətində davam edə bilir. Qızılcanın simptomsuz daşıyıcılıq halı aşkar edilməmişdir.
Qızılca virusu aerozol mexanizmi ilə, hava-damcı yolu yayılır. Xəstə törədicini öskürək, asqırma, danışıq zamanı adi nəfəsvermə yolu ilə ətraf mühitə ifraz edir. Xırda dispers hissəciklər hava axını ilə bütün məkana yayılır. Virus ətraf mühitə davamsız olduğu üçün kontakt-məişət yolu ilə yoluxma inkar edilir. Hamilənin qızılcaya yoluxması zamanı virus transplasentar yolla dölə keçə bilər.
İnsanlar qızılca virusuna çox həssasdırlar və yoluxduqdan sonra ömürlük immunitetə sahib olurlar. Xəstəlik adətən uşaq yaşlarda rast gəlinir, böyüklərdə qızılca nadir və daha ağır formada keçir. Xəstəliyin pik dövrü qış-yaz aylarında, çox az hallarda isə avqust-sentyabr aylarında müşahidə olunur. Son illər əhalinin planlı vaksinasiyası səbəbindən qızılca ilə xəstələnmə halları çox aşağıdır.
Qızılcanın patogenezi
Virus yuxarı nəfəs yollarının selikli qişası vasitəsilə orqanizmə daxil olur, replikasiyası səthi epitel hüceyrələrində baş verir və qan dövranı ilə orqanizmə yayılaraq, retikuloendotelial sistemin strukturlarında toplanır. Qızılca virusu örtük toxumalara (dəri, konyunktiva, ağızın və nəfəs yollarının selikli qişası) tropluq xüsusiyyətinə malikdir.
Nadir hallarda baş beynin qızılca virusu ilə zədələnməsi- qızılca ensefaliti inkişaf edə bilər. Respirator sistemin selikli qişasının virusla zədələnməsi nekroza səbəb ola və nəticədə bakterial infeksiya üçün qapı rolunu oynaya bilər. Belə bir fikir mövcuddur ki, qızılca törədicisi orqanizmdə uzun müddət qala, ləng infeksion prosesə səbəb ola və sistem xəstəliklərin (sklerodermiya, sistem qırmızı qurd eşənəyi, dağınıq skleroz və s.) inkişafına səbəb ola bilər.
Qızılcanın əlamətləri
Qızılca zamanı inkubasion dövr 1-2 həftə, immunoqlobulin qəbul olunduqda isə 3-4 həftəyədək davam edə bilər. Qızılcanın tipik gedişi ardıcıl inkişaf edən və bir-birini əvəz edən 3 etapdan: kataral, səpkilər və rekonvalessensiya dövrlərindən ibarətdir. Kataral dövr bədən temperaturunun artması və ümumi intoksikasiya əlamətləri ilə başlayır. Qızdırma çox yüksək rəqəmlərə qalxa bilir, xəstə intensiv baş ağrısı, yuxusuzluq, titrətmə, zəiflikdən şikayət edir. Uşaqlarda intoksikasiya əlamətləri nisbətən zəif olur.
İntoksikasiya fonunda ik günlərdən quru öskürək meydana çıxır, selikli-irinli rinoreya, irinli ifrazatlı konyunktivit (göz qapaqlarının intensiv ödemi ilə), işıqdanqorxma müşahidə olunur. Uşaqlarda əsnək hiperemik, arxa divarda qranulyarlıq, üzdə şişkinlik olur. Böyüklərdə kataral əlamətlər daha zəif ifadə olunsa da, regionar limfadenit (əsasən boyun limfa düyünləri zədələnir) müşahidə oluna bilər. Ağciyərlərin auskultasiyasında sərt tənəffüs və quru xırıltılar nəzərə çarpır. Bəzən xəstəlik bağırsaq işinin pozulması, dispepsik simptomlarla (ürəkbulanma, qusma, yanğı, gəyirmə) müşayiət oluna bilər.
İlk qızdırma dalğası adətən 3-5 gün davam edir, daha sonra temperatur normaya düşür. Növbəti gün temperatur yenidən yüksəlir, intoksikasiya və kataral əlamətlər kəskinləşir və yanağın selikli qişasında Filatov-Koplik-Velskiy ləkələri- qızılcanın spesifik klinik əlaməti meydana çıxır. Ləkə, yanağın daxili selikli qişasında kiçik azı dişlərinin qarşısında (bəzən damağın selikli qişasına da keçə bilər) yerləşir, özünü nisbətən qabarmış ağ sahələri əhatə edən hiperemik haşiyə ilə (“yarma sıyığı” görüntüsü) büruzə verir. Adətən, səpkilər dövründə bu ləkələr yox olur, böyüklərdə isə səpkilərin ilk günlərində hələ qala bilər. Filatov-Koplik-Velskiy ləkələri ilə eyni vaxtda və ya onlardan çox qısa müddət qabaq sərt damaqda enantema, sancaq başını xatırladan qeyri düzgün formalı qırmızı ləkələr meydana çıxır. 1-2 gün sonra bu ləkələr ümumi hiperemiya fonunda nəzərdən itir.
Uşaqlarda kataral dövr adətən 3-5 gün, böyüklərdə isə təxminən 1 həftə davam edir. Daha sonra səpki dövrü başlayır. Qızılca zamanı səpkilər ilk olaraq başın tüklü hissəsində və qulaq ətrafında meydana çıxır, üzə və boyuna yayılır. İkinci gün səpki bədəni və çiyinləri əhatə edir. Üçüncü gün ətraflarda səpkilər formalaşır və üzdə solmağa başlayır. Səpkilərin belə xarakteri qızılca üçün spesifikdir və differensial diaqnostika üçün əsas meyar hesab olunur.
Qızılca səpkisi parlaq ləkəli-papuloz ekzantema olub, birləşməyə meylli olur və dəyişməmiş dəri sahələri ilə kəskin sərhədlənmiş olur. Səpkilər böyüklərdə uşaqlara nisbətən daha nəzərəçarpandır və ağır gediş zamanı hemorragik xarakter ala bilər. Səpkilər dövründə kataral simptomatika güclənir və qızdırma və intoksikasiya ağırlaşır.
Rekonvalessensiya dövrü xəstəliyin başlanğıcından 7-10 gün sonra (böyüklərdə qızılca daha uzun davam edir) başlayır, kliniki simptomatika sönür, temperatura normallaşır, səpki elementləri reqressiya (səpmə ardıcıllığına uyğun olaraq) olur və özündən sonra 5-7 günə yox olan açıq-qəhvəyi izlər qoyur. Piqmentasiya sahələrində müəyyən müddət qabıqlanma (əsasən üzdə) qalır. Rekonvalessensiya dövründə immun faktorların zəifləməsi böyük əhəmiyyət kəsb edir.
Yüngülləşdirilmiş qızılca xəstəliyin atipik kliniki forması olub, passiv və ya aktiv immunizasiya olunmuş şəxslərdə, və ya əvvəldən qızılca keçirmiş şəxslərdə müşahidə oluna bilər. Daha uzun davam edən inkubasiya dövrü, zəif ifadəolunmuş və ya heç olmayan intoksikasiya əlamətləri və qısa kataral əlamətlər dövrü ilə xarakterizə olunur. Qızılca üçün tipik olan ekzantema müşahidə olunur, lakin səpkilər eyni zamanda hər yerdə və ya əks ardıcıllıqla (qalxan yolla ətraflardan üzə) meydana çıxa bilər. Adətən Filatov-Koplik-Velskiy ləkələri müşahidə olunmur.
Qızılcanın daha bir atipik forması abortiv qızılcadır- başlanğıcı eynidir, lakin 1-2 gün sonra simptomlar zəifləyir, səpkilər üzdə və bədəndə meydana çıxır və reqressiya olur. Abortiv formada qızdırma adətən səpkilərin ilk günü müşahidə olunur. Bəzən, seroloji müayinə üsulları ilə qızılcanın subklinik formaları da aşkarlanır.
Qızılcanın ağırlaşmaları
Qızılca əksər hallarda bakterial pnevmoniya ilə ağırlaşır. Erkən yaşlı uşaqlarda qırtlağın (laringit) və bronxların (bronxit) iltihabı asfiksiya təhlükəsi yaradan yalançı inağın inkişafına səbəb ola bilər. Bəzən stomatit yarana bilər.
Böyüklərdə qızılca meningit və meninqoensefalitə, həmçinin polinevritin inkişafına səbəb ola bilər. Nadir hallarda, lakin çox ağır fəsad olan- qızılca ensefaliti inkişaf edə bilər. Hazırki dövrdə, autoimmun xəstəliklərin inkişaf mexanizmlərində qızılca virusunun patogenetik rolu haqqında ehtimallar mövcuddur.
Qızılcanın diaqnostikası
Qızılcanın diaqnostikası kliniki əlamətlərə əsasən qoyulur. Qanın ümumi müayinəsi virus infeksiyası üçün xarakterik olan: nəzərəçarpan leykopeniya fonunda limfositoz (və ya ağ qan hüceyrələrinin konsentrasiyası norma daxilində qalır), plazmositoz, EÇS-in yüksəlməsi göstəricilərinə malik olur. Böyüklərdə neytrofil və limfositlərin konsentrasiyasının aşağı düşməsi və eozinofillərin olmaması müşahidə olunur.
Spesifik bakterioloji və seroloji (kliniki praktikada az istifadə olunan) müayinələrin nəticəsi retrospektiv xarakter daşıyır. Pnevmoniyanın inkişafına şübhə yarandıqda ağciyərlərin rentgenoqrafiyası tələb olunur. Nevroloji ağırlaşmalar zamanı nevroloqun konsultasiyası, reoensefaloqrafiya, baş beynin EEQ-sı göstərişdir. Meningitin diaqnostikası üçün lumbal punksiya təyin oluna bilər.
Qızılcanın müalicəsi
Qızılcanın müalicəsi ambulator aparılır. Hospitalzasiya ağır gediş və ya epidemioloji göstəricilərə uyğun olaraq aparılır. Bütün qızdırma dövründə yataq rejimi təyin olunur. Hazırki dövrdə effektiv etiotrop müalicə üsulu məlum deyildir, müalicə simptomların yüngülləşdirilməsi və fəsadların qarşısının alınması məqsədilə aparılır. Toksikozu azaltmaq üçün bol maye qəbulu məsləhət görülür. İntensiv dezintoksikasiya üsulları ağır gediş zamanı aparılır.
Xəstələrə ağız və gözlərin gigiyenasına nəzarət, gur işıqdan yayınmaq məsləhətdir. Patogenetik və simptomatik müalicə məqsədilə antihistamin, hərarətsalıcı preparatlar, vitaminlər və adaptogenlər təyin olunur. Xəstəliyin erkən dövrlərində interferon qəbulu xəstəliyin gedişini əhəmiyyətli dərəcədə yüngülləşdirə bilər. İkinci infeksiya təhlükəsi yaranarsa geniş spektrli antibiotiklər təyin olunur. Qızılca ensefaliti yüksək dozada prednizalon və digər intensiv terapiya tədbirlərini tələb edir.
Qızılcanın proqnozu və profilaktikası
Fəsadlaşmamış qızılca, adətən sağalma ilə yekunlaşır, səpkilərdən sonra estetik qüsurlar qalmır. Qızılca ensefalitinin qoşulması proqnozu qeyri-qənaətbəxş edə bilər.
Qızılcanın spesifik müalicəsi əhalinin diri qızılca vaksini ilə planlı vaksinasiyasından ibarətdir. Uşaqlara ilk vaksinasiya 12-15 ayda , revaksinasiya isə 6 yaşda aparılır. Xəstələrin izolyasiyası 10 gün davam edir, peyvənd olunmamış və xəstələnmiş uşaqların izolyasiyası isə xəstəliyin başlanğıcından 21 gün davam edir.