Кandidoz

Кandidoz– əsasən dəri və selikli qişaları, nadir hallarda daxili orqanları zədələyən göbələk xəstəliyidir. Tənəffüs, həzm və sidik-cinsiyyət sisteminin kandidozları ayırd edilir. İmmunitetin kəskin zəifləməsi nəticəsində generalizə olunmuş kandidoz (kandidoz sepsis) inkişaf edə bilər. Kişilərdə sidik-cinsiyyət sisteminin kandidozu cinsi üzvün iltihabı (qızartı, şişkinlik, bozumtul ərp və eroziyalarla örtülmüş, qaşınma, yanma hissi və penisin başı nahiyəsində ağrılar) şəklində büruzə verir. Kandida mənşəli uretrit və sistit meydana çıxa bilər. Qadınlarda isə xarici cinsiyyət orqanları və uşaqlıq yolu zədələnir. Kandidoz vaxtında müalicə olunmazsa, xroniki residivləşən formaya keçə bilər.

Каndidoz barədə ümumi məlumat

Кandidoz – əsasən dəri və selikli qişaları, nadir hallarda daxili orqanları zədələyən göbələk xəstəliyidir. Tənəffüs, həzm və sidik-cinsiyyət sisteminin kandidozları ayırd edilir. İmmunitetin kəskin zəifləməsi nəticəsində generalizə olunmuş kandidoz (kandidoz sepsis) inkişaf edə bilər. Kişilərdə sidik-cinsiyyət sisteminin kandidozu cinsi üzvün iltihabı (qızartı, şişkinlik, bozumtul ərp və eroziyalarla örtülmüş, qaşınma, yanma hissi və penisin başı nahiyəsində ağrılar) şəklində büruzə verir. Kandida mənşəli uretrit və sistit meydana çıxa bilər. Qadınlarda isə xarici cinsiyyət orqanlarını və uşaqlıq yolunu zədələyir. Kandidoz vaxtında müalicə olunmazsa, xroniki residivləşən gedişata keçə bilər.

Urogenital kandidoz Kandida (Candida) cinsindən olan maya göbələkləri tərəfindən törədilir. Bu göbələklər cinsi orqanların selikli qişasının normal mikroflorasına aiddir.  Kandidoz kandida göbələklərinin intensiv çoxalması və sidik-cinsiyyət traktı mühitinin təbii balansının pozulması nəticəsində inkişaf edir. Orqanizmin ümumi müdafiə qabiliyyətinin azalması kifayət qədər ciddi kandidozun inkişafını təşviq edir.

Urogenital kandidoz sağlamlıq və həyat üçün təhlükəli xəstəlik deyil; lakin intim və psixo-emosional sferada baş verən dəyişikliklər səbəbindən həddən artıq xoşagəlməzdir. Bundan başqa, kandidozun mövcudluğu yanaşı gedən ağır patologiyanın (şəkərli diabet, İİV-infeksiyası və s.) olmasından xəbər verir.

Cinsi orqanların kandidozu qadınlarda və kişilərdə urogenital traktın selikli qişalarını zədələyir və mahiyyət etibarı ilə cinsi infeksiyadır.

Cinsi orqanların kandidozu tez-tez cinsi yolla ötürülən başqa infeksiyalarla – xlamidioz, qonoreya, trixomonioz və s. müşayiət olunur.

Kandidozun kəskin və yarımkəskin formaları 2 aydan çox davam etmir. Bu dövrdə ödem, hiperemiya, cinsi orqanlardan ifrazat və digər iltihab simptomları aydın təzahür edir. Kandidozun xroniki formaları 2 aydan çox davam etməsilə xarakterizə olunur. Selikli qişalarda quruluq ocaqları, hiperpiqmentasiya, infiltrasiya, toxuma atrofiyası inkişaf edir.

Son dövrlərdə urogenital kandidozun atipik, silinmiş və aparılan müalicəyə davamlı formalarına heç də az rastlanmır.

Cinsi orqanların kandidozunun inkişafı

Venerologiya sahəsində aparılmış müayinələrin nəticələrinə əsasən cinsi orqanların kandidozunun inkişafına aşağıdakı faktorlar daha çox səbəb olur:

  • Antibakterial və hormonal preparatların qəbulu;
  • Hamiləlik;
  • Bağırsaqların kandidozu (disbakterioz);
  • Şəkərli diabet;
  • İmmun sistemini zəiflədən İİV və başqa infeksiyalar;
  • Vaginanın ifrat yuyulması;
  • Sintetik və dar alt paltarları geyinmək;
  • Fiziki faktorların uzunmüddətli, xoşagəlməz təsiri (isti, rütubətli yerlərdə iş və s.).

Qadınlarda kandidozun təzahürləri

Urogenital kandidoz daha çox qadınlar arasında yayılmışdır. Qadınların 75%-i həyatı boyunca azı bir dəfə vulvovaginal kandidozla qarşılaşır və onların yarısında xəstəlik residivləşmiş xarakter daşıyır.

Qadınlarda cinsi üzvlərin kandidozu vulva və vaginanın, nadir hallarda uretra və sidik kisəsinin selikli qişalarının zədələnməsi ilə xarakterizə olunur.

Sidikçıxarıcı yollara siraət etməyən kandida mənşəli vulvit və vulvovaginit aşağıdakı kimi təzahür edir:

  • vaginadan çoxlu, südlü-ağ rəngli və kəsmiyəbənzər konsistensiyalı, xoşagəlməz qoxulu ifrazat;
  • vulva nahiyəsində sidik ifrazından sonra, yuxu zamanı və ya vanna qəbulundan sonra güclənən qıcıqlanma, yanma hissi və qaşınma;
  • ağrılı cinsi əlaqə, qıcıqlanma simptomlarının güclənməsi və cinsi əlaqədən sonra xarakterik xoşagəlməz qoxu.

Kandida mənşəli vulvit zamanı xarici cinsiyyət orqanlarının – klitor, böyük və kiçik cinsiyyət dodaqları, uşaqlıq yolu dəhlizinin maya göbələkləri ilə zədələnməsi baş verir. Vulvanın kandidozu tipik və atipik kliniki formalarda gedə bilər.

Vulvanın kandidozunun tipik formalarına aiddir:

  • kəskin və yarımkəskin gedişli kataral-membranoz vulvit;
  • kataral xroniki vulvit.

Vulvanın kandidozunun atipik formalarına aşağıdakılar aid edilir:

  • leykoplakiyaya bənzər xroniki vulvit;
  • krauroza bənzər xroniki vulvit;
  • аsimptomatik pruriginoz xroniki vulvit;

Bundan başqa, kəskin göbələk infeksiyasının qarışıq formalarına da rastlanır: каndida-bakteriya, kandida-xlamidiya, kandida-qonoreya, kandida-trixomonada mənşəli vulvit.

Vulvanın kandidozunun tipik formaları üçün intensivliyi menstruasiyadan əvvəl güclənən, menstrual və postmenstrual dövrdə zəifləyən və ya tamamilə itən yanma hissi, qaşınma ilə xarakterizə olunur.

Vulvanın selikli qişasının kandidozla zədələnməsi zamanı üzv bənövşəyi-sianotik hiperemiyalı olur. Selikli qişada açıldıqda geniş eroziya əmələ gətirən kiçik, nöqtəvi qabarcıqlar  görünür. Kiçik cinsiyyət dodaqları ağ, kəsmiyəbənzər örtüklə örtülür.

Kandida mənşəli vulvitin xroniki formalarında davamlı hiperemiya və toxuma infiltrasiyası, toxumaların qalınlaşması və quruluğunun yüksəlməsi təyin olunur.

Kandida mənşəli vulvitin atipik gedişinə nadir hallarda rastlanır və xroniki formada gedir.

Kandidoz vulvanın selikli qişasından qasıq-bud büküşünə və perianal nəhiyəyə yayıla bilər. Belə təzahürlər, adətən, miksedema, şəkərli diabet, yumurtalıqların hipofunksiyası olan xəstələrdə xroniki kandidoz zamanı müşahidə olunur.

Kandida mənşəli vaginit üçün selikli qişanın göbələk patologiyasının uşaqlıq yoluna (vagina) və tez-tez uşaqlıq boynunun vaginal hissəsinə yayılması xarakterikdir.

Vaginal kandidoz 4 əsas formada gedir:

  • kəskin və yarımkəskin gedişli kataral-eksudativ-membranoz vaginit;
  • kəskin və yarımkəskin gedişli, qarışıq kandida-bakteriya mənşəli, kataral-eksudativ vaginit;
  • yarımkəskin və xroniki kataral kandida mənşəli vaginit;
  • asimptomatik xroniki kandida mənşəli vaginit.

Vaginal kandidoz zamanı selikli qişalar aydın hiperemik olub üzəri kreməbənzər və ya kövşək ovuntulu örtüklə örtülü olur. Vaginanın divarları və tağı, həmçinin uşaqlıq boynunun vaginal hissəsi eroziyalaşır. İfrazat çoxlu, kəsmiyəbənzər və ya kreməbənzər konsistensiyalı, bəzən köpüklü və hətta irinli, xoşagəlməz qoxulu olur. Pasientlərdə subyektiv olaraq vaginada mülayim ağrı, yanma hissi və qaşınma qeyd olunur.

Каndida mənşəli endoservisit sərbəst rastlanmır, yalnız vaginal kandidozla əlaqəli inkişaf edir.

Vaginal kandidoz nəticəsində göbələk infeksiyaları qalxan yollarla xarici yarığı uşaqlıq boynu kanalına ötürülür. Каndida mənşəli endoservisit tez-tez yumurtalıqların natamam funksiyaları nəticəsində inkişaf edir. Uşaqlıq boynunun kandidozunun tipik gedişində servikal kanaldan ağ, ovuntulu yumaqcıqlar və ya ağ, qatı selik ifraz olunur. Uşaqlıq boynunun səthi ağımtıl örtüklə örtülür. Uşaqlıq boynunun kandidozunun silinmiş forması   zəif südlü-selikli ifrazatla xarakterizə olunur.

Qadınlarda urogenital kandidozların nisbətən nadir rastlanan növləri kandida mənşəli uretrit və sistitdir. Kəskin kandida mənşəli uretrit qarnın aşağı nahiyəsində daimi küt ağrılar və dizurik pozulmalarla (kəsilmə və yanma hissi; sidik ifrazına tez-tez və ağrılı çağırışlar) xarakterizə olunur. Baxış zamanı uretra dodaqlarının şişkinliyi və hiperemiyası, sidik kanalının xarici dəliyində kəsmiyəbənzər yumaqcıqlar aşkarlanır.

Kandidoz zamanı kəskin sistit  ağrılı sidik ifrazı və yalançı çağırışlarla təzahür edir.

Fəsadsız keçən xroniki kandida mənşəli uretrit və sistit silinmiş simptomatika ilə və ya simptomsuz gedir.

Kişilərdə kandidozun təzahürləri

Kişilərdə urogenital kandidoz daha çox balanit – cinsi üzvün başının iltihabı və ya postit – pülüyün daxili səhifəsinin iltihabı və ya bu patologiyaların kombinasiyası şəklində özünü göstərir.

Kаndida mənşəli balanopostit cinsi yolla ötürülən infeksiyalara aiddir. Onun inkişafı qadınlarda hormonal kontraseptivlər, antibakterial və trixomonadalar əleyhinə preparatlarla əlaqəli urogenital kandidozun yayılması ilə bağlıdır.

Kаndida mənşəlli balanopostitin kliniki mənzərəsi onun gediş formasından (membranoz, eroziv və ya eritematoz-pustulyoz) asılıdır. Subyektiv olaraq cinsi üzvün başında qaşınma və yanma hissi qeyd olunur. Penisin başının,  tac şırımlarının, pülüyün daxili səhifəsinin dərisində hiperemiya, ödem və iltihab aşkar olunur, ağımtıl-bozumtul örtüklə örtülür. Pülüyün infiltrasiyası üzvün başının çılpaqlanmasını çətinləşdirir. Cinsi üzvün başı erozivləşə və nəm ola bilər, bu isə ikincili irinli infeksiyanın qoşulmasını asanlaşdırır. Kаndida mənşəli balanopostit zamanı sidik ifrazının pozulma simptomları müşahidə olunmur.

Kаndida mənşəli balanopostitin xroniki gedişi pülüyün çapıq vasitəsilə tədricən daralması nəticəsində fimozla fəsadlaşa bilər. Kаndida mənşəli balanopostitin başqa fəsadları arasında limfadenit, limfangit, cinsi üzvün qızılyel iltihabı, kandida qranulomaları, ziyillər, cinsi üzvün karsinomasına rast gəlinir.

Kişilərdə kandidoz zamanı uretra nadir hallarda zədələnir və adətən, kandida mənşəli uretrit yarımkəskin formada gedir. İnkubasiya dövrü 2 həftədən 2 ayadək davam edir. Uretranın kandidozu yüngül qaşınma və yanma hissi, uretradan, adətən, az, selikli-sulu, nadir hallarda isə çoxlu, irinli ifrazatın xaric olması ilə müşayiət olunur. Uretroskopiyada sidikçıxarıcı kanalların selikli qişasında ağımtıl ərp aşkar olunur. Ərpin kənarlaşması  uretranın selikli qişasının ödemi və kəskin hiperemiyası ilə müşayiət olunur.

Uretranın kandidozunun ağırlaşmalarına çox vaxt prostatit, sistit, epididimit aid edilir.

Kandidozun generalizə olunmuş forması

Xəstəliyin xüsusən bədxassəli formalarında bir çox orqanlar patoloji prosesə qoşula, beləliklə, kandidozun generalizə olunmuş forması inkişaf edə bilər. Generalizə olunmuş kandidozun risk faktorlarına  vaxtından əvvəl doğulma, qlükokortikoidlərin və antibiotiklərin qəbulu, süni qidalanma, kimyaterapiya, narkomaniya, cərrahi əməliyyatlar, postoperativ dövr və s. aiddir. Generalizə olunmuş kandidoz hərarət, mərkəzi sinir sistemi tərəfindən reaksiyalar, mədə-bağırsaq traktının funksional pozulmaları, periferik qanın göstəricilərinin dəyişilməsi (leykositoz, sola meyilliklə neytrofilyoz), homeostazın pozulması ilə müşayiət olunur.

Cinsi orqanların kаndidozunun diaqnostikası

Kişilər kandidoz simptomları meydana çıxdıqda uroloqa, qadınlar isə ginekoloqa müraciət edirlər. Urogenital kandidozun diaqnostikası pasientin şikayətlərinə və cinsi orqanların selikli qişasının inspeksiyasına əsasən aparılır. Kandidoz diaqnozu vagina və ya penisdən xaric olan ifrazatın işıq mikroskopiyası, bakterial analizi və Candida göbələklərinin növlərinə qarşı antifunqal preparatların həssaslığının təyin olunması ilə təsdiq olunur.

Kandidozun trixomoniaz, qonoreya, qardnerelyoz, digər urogenital infeksiyalar və yanaşı gedən CYYX-dən differensiasiyası məqsədilə veneroloqun konsultasiyası mütləqdir.

Cinsi orqanların kandidozu zamanı orqanizmin xroniki xəstəliklərini inkar etmək, immunitetin vəziyyətini qiymətləndirmək mühümdür.

Kandidozun diaqnostikası üçün DİF və ya ZPR kimi hətta vahid törədicini aşkarlayan yüksək dəqiqlikli laborator metodlar tələb olunmur. Urogenital traktın kandidozu zamanı diaqnostik kriteriya göbələk törədicilərinin intensiv çoxalması faktının aşkarlanmasıdır.

Cinsi orqanların kаndidozunun müalicəsi

Urogenital traktın kandidozunun müalicəsi həm yerli, həm də ümumi tədbirlərlə həyata keçirilir. Müalicə metodu kandidozun gedişinin ağırlığından asılı olaraq seçilir. Cinsi orqanların kandidozunun yüngül formaları, adətən, yerli preparatlar, ağır formaları isə əlavə olaraq ümumi təsirli preparatlarla müalicə olunur.

Kandidozun yerli müalicəsi tərkibində antifunqal maddələr (nistatin, klotrimazol, pimafusin, mikonazol, ketokonazol) olan vaginal şamlar və tabletlər, məlhəmlərlə aparılır.

Kandidozun müalicəsində ümumi təsirli preparatlar daxilə qəbul olunur. Bu məqsədlə flukonazol, intrakonazol təyin olunur.

Patologiyanın müalicəsi üçün qeyd olunan preparatların əksəriyyətinin yan təsiri normada patogen mikroorqanizmlərin inkişafının qarşısını alan cinsi orqanların normal mikroflorasının, xüsusən laktobasillərin azalmasıdır. Cinsi orqanların mikroflorasının normal balansının bərpası məqsədilə antifunqal terapiyadan sonra tərkibində laktobakteriyalar olan eubiotiklər və ya tərkibində inaktivləşmiş laktobasillər olan inyeksiyalar təyin olunur.

Kandidoz təkcə cinsi orqanları deyil, həm də bağırsaqları zədələyir. Buna görə də onun müalicəsində bağırsaq disbakteriozu zamanı sintezi pozulan B qrupu vitaminləri təyin olunur. Kandidozlar zamanı həmçinin polivitaminlərin təyini də əsaslandırılmışdır.

Urogenital kandidozun müalicəsi pasientin bütün cinsi partnyorlarının eyni zamanda müalicəsi ilə aparılır.

error: Content is protected !!