Labirintit

Labirintit– daxili qulaq strukturlarının iltihabi zədələnməsi olub, infeksiyanın daxil olması və ya travma nəticəsində meydana çıxır. Labirintitin klinikası- vestibulyar pozğunluqları (başgicəllənmə, tarazlıq və koordinasiyanın pozulması) və eşitmə orqanının (qulaqda küy, eşitmənin zəifləməsi) zədələnmə simptomlarını özündə cəmləyir. Labirintə şübhə olduğu zaman diaqnoz məqsədilə otoskopiya, rentgenoloji müayinə, KT, audiometriya, elektrokoxleoqrafiya, impedansometriya, vestibulometriya, elektronistaqmoqrafiya, kalorik və pressor sınaqlar, törədicinin aşkarlanması üçün laborator müayinələr təyin olunur. Labirintitin müalicəsi medikamentoz və ya cərrahi ola bilər. Labirintit keçirmiş pasiyentlərə sonradan eşitmə reabilitasiyasına: koxlear implantasiya və ya eşitmə protezinə ehtiyac duyula bilər.

Labirintit haqqında ümumi məlumat

Daxili qulaq endolimfa ilə örtülmüş sümük labirintdən- ilbiz, dəhliz və yarımdairəvi kanalcıqlardan təşkil olunmuşdur. İlbizdə eşitmə analizatorunun səsə həssas hüceyrələri yerləşir. Dəhliz və 3 yarımdairəvi kanalcıqlar isə vestibulyar analizatorun reseptorları ilə təchiz olunmuşdur və bədənin tarazlığına və mühitdə vəziyyətinin hiss olunmasına cavabdehdir. Labirintit zamanı daxili qulaqda baş verən iltihabi dəyişikliklər hər iki analizatorun reseptor aparatını zədələyir və bu da eşitmə və vestibulyar pozğunluqların birgə inkişafına səbəb olur.

Labirintitin yaranma səbəbləri və patogenezi

Labirintin daxildə yerləşməsi səbəbindən onun infeksiyalaşması və labirintitin inkişafı digər infeksiya ocaqlarından mikroorqanizmlərin və ya toksinlərin yayılması nəticəsində baş verir. Labirintitin meydana çıxmasının əsas səbəbi orta otitdir. İlbizdə və dəhlizin sümük strukturlarında birləşdirici toxuma membranları ilə örtülmüş pəncərələr mövcuddur. Bu yolla daxili qulaq orta qulağın timpanik boşluğundan ayrılır. Orta qulağın iltihabı zamanı membranın infiltrasiyası və qabarması baş verir, nəticədə timpanik boşluqdan nüfuz edən və orta qulağın seroz iltihabına səbəb olan mikrobların və toksinlərin keçiriciliyi artır. Yaranmış seroz labirintit labirintin daxilində təzyiqin artmasına səbəb olur və bu da pəncərələrin birləşdirici toxuma membranlarının timpanik boşluğa açılması ilə müşayiət oluna bilər. Yaranan dəlikdən patogen mikroorqanizmlər daxili qulağa keçir və irinli labirintitin inkişafına səbəb olur.

Daxili eşitmə keçidi vasitəsilə infeksion agentlər və toksinlər daxili qulağa kəllə boşluğundan da keçə bilər. Belə hallarda labirintitin səbəbi meninqokokk və pnevmokok infeksiyası, qrip, qızılca, vərəm, skarlatina, qarın yatalağı mənşəli meningitdir. Ümumi infeksion xəstəliklər (epidemik parotit, sadə və kəmərvari herpes, sifilis) infeksiyanın hematogen transportu yolu ilə labirintitə səbəb ola bilir.

Qulaq travmaları zamanı zədələnmiş timpanik boşluq vasitəsilə infeksiyanın daxil olması da labirintitə səbəb ola bilər. Labirintit ancaq birbaşa zədələnmələr- kəskin predmetlər və ya arakəsmənin yad cisimlə travması zamanı yaranmır. Gicgah sümüyünün piramidasının sınıqları və timpanik arakəsmənin partlamasına səbəb olan temporo-pariyetal nahiyyənin küt kəllə-beyin travmaları da labirintitə səbəb ola bilər.

Labirintitin klassifikasiyası

Klassik otorinolarinqologiya labirintitin bir neçə kriteriyaya əsəslanan geniş təsnifatından yaralanır. Törədicinin xarakterinə görə labirintit virus, bakterial (spesifik və qeyri-spesifik), göbələk mənşəli ola bilər.

İnkişaf mexanizminə görə ayırd edilir: timpanogen labirintit- infeksiyanın orta qulaqdan keçməsi hesabına yaranan; meninqogen labirintit- meningit zamanı infeksiyanın beyin qişalarından keçməsi hesabına meydana çıxan; hematogen labirintit- infeksiyanın qan axını vasitəsilə labirintə daxil olması yolu ilə formalaşan; travmatik labirintit- qulağın və ya kəllənin travmalarının infeksion ağırlaşması kimi meydana çıxan.

Daxili qulaqda inkişaf edən iltihabın xarakterinə görə seroz, irinli və nekrotik labirintit ayırd edilir. Seroz labirintit endolimfanın miqdarının artması, tərkibində fibrin və qan hüceyrələrinin meydana çıxması ilə müşayiət olunan aşkar ekssudativ dəyişikliklərlə xarakterizə olunur. İrinli labirintitdə leykositar infiltrasiya baş verir, iltihabın sönməsi qranulyasiyanın formalaşması ilə müşayiət olunur. Nekrotik labirintit labirintin bu və ya digər hissəsində tromboz və ya eşitmə arteriyasının şaxələrinin sıxılması ilə əlaqədar qan dövranının pozulması nəticəsində formalaşır. Nekrotik labirintit arteriyanın zədələnməsilə keçən travmalar və ya ödemlə damarın sıxılması nəticəsində də baş verə bilər.

İltihabi prosesin yayılmasına görə diffuz və məhdud labirintit ayırd edilir.

Gedişinin xarakterinə görə labirintit kəskin və xroniki olur. Kəskin seroz labirintit iltihabın 2-3 həftə sonra sönməsilə xarakterizə olunur. Kəskin irinli labirintit ağır gedişə malik ola və ya xroniki formaya keçə bilər. Xroniki labirintit simptomların tədricən inkişafı ilə xarakterizə olunur; latent, praktiki olaraq simptomsuz gediş formaları da mümmkündür.

Labirintitin simptomları

Vestibulyar pozğunluqlar başgicəllənmə, spontan nistaqmın yaranması, hərəkətin və tarazlığın (vestibulyar ataksiya) koordinasiya pozğunluğu, vegetativ pozğunluqlarla özünü büruzə verir. Labirintitdə başgicəllənmə sistemli xarakter daşıyır. Pasiyentlər ətrafdakı əşyaların və ya öz bədənlərinin müəyyən istiqamətdə fırlanması hissindən şikayət edirlər. Bəzi hallarda labirintit zamanı sistemli başgicəllənmə yerimə zamanı davamsızlıq və inamsızlıqla müşahidə olunur, lakin yıxılma istiqamətini müəyyən edə bilmir.

Kəskin labirintit və ya xroniki labirintitin kəskinləşməsi zamanı başgicəllənmə tutmalar şəklində yaranır, davametmə müddəti 2-3 dəqiqədən bir neçə saatadək çəkə bilər. Tutma zamanı intensiv başgicəllənmə ürəkbulanma və qusma ilə müşayiət olunur, hərəkət zamanı artır; tər ifrazının artması, üzün dərisinin solğunluğu və ya hiperemiyası müşahidə olunur. Labirintit üçün xarakterik olan spontan nistaqm xəstəliyin gedişi zamanı öz istiqamətini dəyişməklə fərqlənir.

Labirintit xəstələrində müvazinətin pozulması ayaqda durma və ya gəzərkən cüzi pozuntulardan yıxılanadək və sərbəst hərəkətin mümkünsüzlüyünədək müxtəlif dərəcələrdə ola bilər. Romberq pozasında durmanın davamsızlığı xarakterikdir. Bu zaman əyilmə və ya yıxılma başın hərəkətindən asılı olaraq müxtəlif istiqamətlərdə ola bilər. Barmaq-burun sınağında koordinasiya pozğunluğu hədəfdən yayınma istiqamətinin nistaqmın ləng komponenti tərəfə olması müşahidə olunur.

Labirintit zamanı müşahidə olunan vegetativ pozğunluqlara dəri örtüklərinin pozulması (solğunluq və ya qızarma), qusma, ürəkbulanma, bradikardiya və ya taxikardiya, ürək nahiyyəsində diskomfort daxildir. Nəzərəçarpan vegetativ simptomlar xroniki labirintitin kəskinləşmələri arasındakı dövrdə müşahidə oluna bilər.

Eşitmə pozğunluqları səsi qəbuledən reseptorların qıcıqlanması və ya məhvi ilə əlaqədardır.Birinci halda qulaqda küy, ikincidə isə eşitmənin zəifləməsi və ya itməsi baş verir. Mövsümi labirintitdə karlıq geridönən xarakter daşıyır. İrinli labirintitdə eşitmə reseptorlarının kütləvi məhvi eşitmənin davamlı pozulmasından karlığadək gətirib çıxara bilər.

Labirintitin ağırlaşmaları

Labirintitin əsas ağırlaşmaları iltihabi prosesin qonşu orqanlara keçməsidir. İltihabi prosesin daxili qulaqdan üz siniri keçən fallop kanalına nüfuz etməsi üz sinirinin periferik nevritinə səbəb olur. Məməyəbənzər çıxıntının infeksiyalaşması mastoiditə, irinli prosesin gicgah sümüyünə nüfuz etməsi isə petrozitə səbəb olur. İrinli labirintit zamanı infeksiyanın kəllə boşluğuna keçməsi otogen ağırlaşmalara- meningit, ensefalit, baş beynin absesinə səbəb olur.

Labirintitin diaqnostikası

Labirintitin etiologiyasından asılı olmayaraq otorinolarinqoloq diaqnozu otonevroloq, nevroloq, infeksionist, travmatoloq və ya veneroloqun iştirakı ilə qoyur. Orta otit üçün xarakterik olan timpanik arakəsmədəki dəyişikliklər və ya onun travmatik perforasiyasını göstərən otoskopiya və mikrootoskopiya müayinələri təyin olunur. Gicgah sümüyünün KT-si və ya hədəf rentgenoqrafiya müayinəsi aparılır. Travmalar beynin rentgenoqrafiya və KT müayinəsi üçün göstəriş hesab olunur. Kəllə boşluğunda infeksion prosesə şübhə olduqda baş beynin MRT-si, ehtiyac olarsa lumbal punksiya aparılır.

Labirintit zamanı eşitmənin müayinə üsullarına: audiometriya, kamertonla müayinə, dəhliz audiometriyası, akustik impedansometriya, elektrokoxleoqrafiya, eşitmə törədilmiş potensialları müayinəsi, otoakustik emissiya, promontorial test daxildir. Labirintitli xəstələrdə vestibulyar funksiyanın müayinəsi otolarinqoloq və ya vestibuloloq tərəfindən aparılır. Müayinə üsullarına vestibulometriya, pressor (fistul) sınaq, stabiloqrafiya, kalorik sınaq daxildir. Vizual baxış zamanı nəzərə çarpmayan, gizli nistaqmın aşkarlanması üçün videookuloqrafiya və elektronistaqmoqrafiya təyin olunur.

Labirintitə səbəb olan spesifik infeksiya törədicisinin aşkarlanması üçün İFA, immunoflüoressensiya üsulu, PZR-diaqnostika üsulları təyin olunur. Qulaqdan ifrazat olduğu hallarda bakterioloji müayinə də aparılır. Anadangəlmə sifilisin diaqnostikası üçün RPR-test aparılır. labirintitin diaqnostikası zamanı beyincik absesi, ataksiya, Menyer xəstəliyi, koxlear nevrit, eşitmə sinirinin nevriti, otosklerozla differensiasiya etmək lazımdır.

Labirintitin müalicəsi

labirintitin medikamentoz terapiyası kompleks yanaşma tələb edir. Bura antibakterial və iltihabəleyhinə preparatlar, daxili qulaqda qan dövranını yaxşılaşdıran preparatlar, hiposensibilizasiyaedici vasitələr daxildir. Labirintit zamanı başgicəllənmə tutmalarının aradan qaldırılması məqsədilə vestibulolitiklər təyin olunur.

Timpanogen irinli labirintit cərrahi müdaxilə tələb edir. Bu zaman orta qulaqda sanasiya, labirintotomiya əməliyyatı və ya labirint fistulunun plastikası həyata keçirilir. Labirintit mastoidit və ya petrozitlə müşayiət olunarsa, müvafiq olaraq mastoidotomiya və ya gicgah sümüyü piramidasının açılması əməliyyatı aparılır. Labirintitin kəllədaxili ağırlaşmaları zamanı kəllədaxili boşluğun drenajını təmin edən labirintektomiya (labirintin çıxarılması) əməliyyatı göstərişdir.

Keçirilmiş labirintə bağlı davamlı eşitmə pozğunluqları zamanı eşitmə protezinə və ya eşitmənin bərpası əməliyyatına (koxlear implantasiya) ehtiyac olur.

Labirintitin proqnozu

Kəskin seroz labirintit müasir müalicə üsullarının köməyilə tam müalicə olunur və vestibulyar və eşitmə funksiyasının bərpası ilə müşayiət olunur. İrinli labirintit davamlı vestibulyar və eşitmə pozğunluqlarına səbəb olur. Zamanla, keçirilmiş labirintitdən sonra sağlam qulağın labirinti, baş beyin qabığının funksiyası, görmə analizatorunun işi, proprioseptiv və taktil həssaslıq hesabına müvazinətin adaptasiya mexanizmləri işə düşür. Lakin, labirintit nəticəsində zədələnmiş qulaqda itirilmiş eşitmə analizatorunun funksiyası bərpa olunmur.

error: Content is protected !!