Dəbdə olan arıqlama preparatı qastroptoza səbəb olur
Milyonlarca insanın çəki atmaq üçün qəbul etdiyi qlükogenəbənzər peptit-1-in (GLP-1) analoqu olan məhşur hipoqlikemik vasitə bəzi pasiyentlərdə mədə parezinə səbəb ola bilər. Bunu təsdiq edən 2 böyük araşdırmanın nəticələri 18 mayda Vaşinqtonda keçirilən “2024 Həzm sistemi xəstəlikləri həftəsində (DDW)” təqdim edilmişdir.
Ozempik, Veqovi, Zepbaund kimi GLP-1 aqonistləri əslində ikinci tip şəkərli diabetin müalicəsində istifadə edilən dərman preparatları olsalar da, son dövrlərdə arıqlama vasitələri kimi geniş istifadə edilirlər. Bu preparatlar çəkinin ən az 10% itirilməsinə kömək edir. GLP-1 aqonistləri qidanın mədədə hərəkətini ləngidərək aclıq hissini tormozlayır. Həmçinin insulin sintezini stimulə edir və beynə impulslar göndərərək qidaya meyilliyi azaldır.
Lakin, pasiyentlərin bir qismində bu preparatlar qusma tutmaları yarada və mədənin işini qastroparezədək poza bilər. Bir qism pasiyentlərdə preparatın qəbulunu dayandırmaq parezi aradan qaldırsa da, bir qismində şikayətlər aylarca davam edir.
Klivlend Universitet xəstəxanasının alimlərinin apardığı ilk araşdırmada 80 tibb müəssisəsindən toplnmış 286000 pasiyentin tibbi sənədlərinə baxılmışdır. Pasiyentlər yetkin, piylənmədən əziyyət çəkən, lakin diabet olmayanlar şəxslərdir. GLP-1 qəbul edənədək bu pasiyentlərin heç birində qastroparez və ya pankreatit olmamışdır.
GLP-1 təyin edilən pasiyentlərin hər 10000-dən 10-da (0,1%) 6 ay müddətində qastroparez diaqnoz olunmuşdur. Hər bir pasiyent üçün ümumi risk kiçik görülsə də, GLP-1 qəbul edən pasiyentlərdə qastroparez yaranma ehtimalının 52% yüksəlməsi müşahidə edilir.
İkinci araşdırmada 300000 pasiyentin tibbi sənədlərinə baxılmışdır. GLP-1 qəbul etməyən şəxslərlə müqayisədə preparatı qəbul edənlərdə qastroparez ehtimalı 66% yüksək olmuşdur. Həmçinin, GLP-1 qəbul edən pasiyentlərdə ürəkbulanma, qusma və ya qastroezofageal refluks xəstəliyi (QERX) çox rast gəlmişdir. Onlarda öd kisəsinin çıxarılması əməliyyatları və dərman pankreatiti halları da çox rast gəlinmişdir.
Alimlərin fikrincə, GLP-1 analoqlarını qəbul edərkən qastroparez riski yetərincə qiymətləndirilməyir. Ehtimal edilir ki, bunun üçün yetərli sayda pasiyent araşdırmalara daxil edilməmişdir.
Mənbə: DDW