Pnevmoniya

Pnevmoniya- ağciyərlərin infeksion-iltihabi xarakterli kəskin zədələnməsi olub, prosesə ağciyər toxumasının struktur elementləri, xüsusilə alveollar və interstisial toxuma da qoşulur. Pnevmoniyanın klinikası qızdırma, zəiflik, tərləmə, döş qəfəsi arxasında ağrı, təngnəfəslik, bəlğəmli (selikli, irinli, “paslı”) öskürəklə xarakterizə olunur. Pnevmoniyanın diaqnozu auskultativ şəklə, ağciyərlərin rentgen məlumatlarına əsasən qoyulur. Kəskin dövrün müalicəsinə antibiotikoterapiya, dezintoksikasion müalicə, immunostimulyasiya; mukolitiklərin qəbulu, bəlğəmgətiricilər, antihistamin preparatlar; qızdırmadan sonrakı dövrdə- fizioterapiya, müalicəvi bədən tərbiyəsi daxildir.

Pnevmoniya haqqında ümumi məlumat

Pnemoniya- aşağı tənəffüs yollarının müxtəlif etiologiyalı iltihabı olub, alveoldaxili ekssudasiya və xarakterik kliniki-rentgenoloji əlamətlərlə özünü büruzə verir. Kəskin pnevmoniya hər 1000 nəfərdən 10-14-də, 50 yaşdan böyük yaş qruplarında isə hər 1000 nəfərdən 17-də rast gəlinir. Yeni nəsil antibakterial preparatarın mövcud olmasına baxmayaraq kəskin pnevmoniya, eləcə də ağırlaşmaları və letal (9%-dək) nəticələrin aktuallığı hələ də qorunub saxlanır.

Ölümə səbəb olan xəstəliklər arasında pnevmoniya ürək-damar xəstəlikləri, bədxassəli törəmələr və zəhərlənmələrdən sonra 4-cü yeri tutur. Pnevmoniya- ürək çatışmazlığı, onkoloji xəstəliklər, beyin qan dövranı pozğunluğu olan zəifləmiş xəstələrdə yaranmaqla, onların vəziyyətini daha da ağırlaşdıra bilər. QİÇS xəstələrində pnevmoniya ölümün birbaşa səbəblərindəndir.

Pnevmoniyanın səbəbləri və inkişaf mexanizmləri

Pnevmoniyanın etioloji faktorları arasında birinci yeri bakterial infeksiyalar tutur. Adətən pnevmoniyanın əsas törədiciləri aşağıdakılardır:

  • qram-müsbət mikroorqanizmlər: pnevmokokklar (40-60%), stafilokokklar (2-5%), streptokokklar (2,5%);
  • qram-mənfi mikroorqanizmlər: Fridlender çöpləri (3-8%), hemofil çöplər (7%), enterobakteriyalar (6%), proteylər, bağırsaq çöpləri, legionella və s (1,5-4,5%);
  • mikoplazma (6%);
  • virus infeksiyaları (herpes viruslar, qripp, paraqrip, adenovirus və s);
  • göbələk infeksiyaları.

Pnevmoniya həmçinin qeyri-infeksion faktorların: döş qəfəsinin travması, ionlaşdırıcı şüalanma, toksiki maddələr, allergenlər təsirindən də yaranır.

Risk faktorları

Pnevmaniyanın risk amillərinə durğunluq ürək çatışmazlığı, xroniki bronxit, burun-udlağın xroniki infeksiyaları, anadangəlmə ürək çatışmazlığı, ağır immunodefisit vəziyyətdə olan zəifləmiş və tükənmiş xəstələr, uzun müddətli yataq rejimində olan, eləcə də yaşlılar və qocalar aiddir.

Pnevmoniyanın inkişafı xüsusilə siqaretçəkən və alkoqoldan sui istifadə edən şəxslərdə rast gəlinir. Nikotin və alkoqol buxarları bronxların selikli qişasını zədələyir və bronxopulmonal sistemin müdafiə faktorlarını zəiflədərək infeksiyaların daxil olması və çoxalması üçün əlverişli mühit yaradır.

Patogenez

Pnevmoniyanın infeksion törədiciləri bronxogen, hematogen və limfogen yolla ağciyərlərə daxil olur. Alveolların bronxopulmonal müdafiə mexanizmlərinin zəifləməsi fonunda infeksion-iltihabi proses inkişaf edir, alveollararası arakəsmələrə nüfuz edərək ağciyər toxumasının digər şöbələrinə yayılır. Alveollarda ekssudat yaranır və oksigenin ağciyər toxuması-qandamarları arasındakı mübadiləsinə mane olur. Nəticədə oksigen və tənəffüs çatışmazlığı, ağırlaşmış gediş zamanı isə ürək çatışmazlığı inkişaf edir.

Pnevmoniyanın inkişafında 4 mərhələ ayırd edilir:

  • sürətli axın dövrü (12 saat-3 gün) ağciyər damarlarının kəskin dolması və alveollarda fibroz ekssudatın toplanması;
  • qırmızı hepatoz mərhələsi (1-3 gün)- ağciyər parenximası sıxlaşaraq qaraciyərəbənzər şəkil alır. Alveol ekssudatında böyük həcmdə eritrositlər aşkarlanır;
  • boz hepatoz mərhələsi (2-6 gün)- eritrositlərin parçalanması və leykositlərin alveollara massiv axını baş verir;
  • Bərpa mərhələsi- ağciyər toxumasının normal strukturu bərpa olunur.

Təsnifatı

1.Epidemioloji məlumatlara əsaslanaraq pnevmoniyanın aşağıdakı formaları ayırd edilir:
  • xəstəxanaxarici
  • xəstəxanadaxili
  • immunodefisit vəziyyətlərlə əlaqəli
  • atipik gediş.
2. Etioloji faktorlara (törədicilərə) görə:
  • bakterial
  • virus
  • mikoplazmoz
  • göbələk
  • qarışıq
3. İnkişaf mexanizminə görə:
  • birincili- ayrıca xəstəlik forması kimi inkişaf edir;
  • ikincili- yanaşı xəstəliklərin ağırlaşması kimi (məsələn, durğunluq pnevmoniyası);
  • aspirasion- bronxlara yad cisimlərin (qida parçaları, qusuntu kütləsi və s) düşməsi zamanı;
  • posttravmatik;
  • əməliyyat sonrası;
  • infarkt-pnevmoniya- ağciyər arteriyasının xırda şaxələrinin tromboemboliyası nəticəsində formalaşır.
4. Ağciyər toxumasının prosesə cəlb olunma sahəsinə görə:
  • birtərəfli (sağ və ya sol ağciyərin zədələnməsi
  • ikitərəfli
  • total, pay, paycıq, seqmentar, kök (mərkəzi).
5. Gedişinin xarakterinə görə:
  • kəskin
  • kəskin uzanmış
  • xroniki
6. Funksional pozğunluqların inkişafına görə:
  • funksional pozğunluqların olması ilə (xarakteri və təzahür şəklinə uyğun olaraq)
  • funksional pozğunluqlar olmadan.
7. Ağırlaşmaların inkişafına görə:
  • fəsadlaşmamış gediş
  • fəsadlaşmış gediş (plevrit, abses, bakterial-toksiki şok, miokardit, endokardit və s).
8. Kliniki-morfoloji əlamətlərə görə:
  • parenximatoz (krupoz və ya pay)
  • ocaqlı (bronxopnevmoniya, pay pnevmoniyası)
  • interstisial (adətən mikoplazma pnevmoniyası)
9. Gedişinin ağırlıq dərəcəsinə görə:
  • yüngül dərəcəli– zəif ifadəolunmuş intoksikasiya (huş aydındır, hərarət 38°С-dəkdir, normal arterial təzyiq, dəqiqədə 90 vurğudan çox olmayan taxikardiya), sakitlik halında təngnəfəslik yoxdur, rentgenoloji kiçik iltihab ocağı görünür.
  • orta ağır gedişli– zəif ifadə olunmuş intoksikasiya əlamətləri (huş aydındır, tərləmə, zəiflik, 39°С-dək hərarət, arterial təzyiqin düşməsi, dəqiqədə 100 vurğulu taxikardiya), sakitlik halında tənəffüs sayı dəqiqədə 30-dur, rentgendə aşkar infiltrasiya görünür.
  • ağır dərəcəli gediş– yüksək intoksikasiya (39-40°С qızdırma, huşun bulanıq olması, adinamiya, sayıqlama, 100/dəq vurğulu taxikardiya, kollaps), sakitlikdə tənəffüs sayının 40-dan çox olması, sianoz, ağırlaşmaların inkişafı ilə xarakterizə olunur. Rentgenoloji olaraq yayılmış infiltrasiya aşkarlanır.

Pnevmoniyanın əlamətləri

Krupoz pnevmoniya

39°С-dən yuxarı qızdırma, titrəmə, döş qəfəsində ağrı, təngnəfəslik və zəifliklə müşayiət olunan kəskin başlanğıcla xarakterikdir. Öskürək əvvəl quru, qeyri-məhsuldar , daha sonra 3-4-cü günlər “paslı” olur. Bədən hərarəti daimi yüksəkdir. Krupoz pnevmoniya zamanı qızdırma, öskürək və bəlğəm ifrazı 10 gün davam edir.

Krupoz pnevmoniyanın ağır gedişi zamanı dəri örtüklərinin qızarması və ağız-burun üçbucağının sianozu müşahidə edilir. Dodaqlarda, yanaqlarda, çənəaltında, burun qanadlarında herpetik səpkilər yaranır. Pasiyentin vəziyyəti ağırdır. Tənəffüs səthidir, tezləşmişdir, burun qanadları hərəkətlidir. Auskultasiyada krepitasiya və kiçik qovuqcuqlu xırıltılar eşidilir. Nəbz tezləşmiş, adətən aritmikdir, arterial təzyiq düşür, ürək tonları kardır.

Ocaqlı pnevmoniya

Tədricən, zəif nəzərə çarpan başlanğıcla xarakterikdir və adətən keçirilmiş KRVİ və ya kəskin traxeobronxitdən sonra yaranır. Bədən hərarəti febrildir (38-38,5°С), sutka ərzindədalğavari xarakter daşıyır, bəlğəm selikli-irinlidir, tərləmə, nəfəs alarkən zəiflik, nəfəsalma və öskürək zamanı döş qəfəsində ağrı, akrosianoz müşahidə edilir. Auskultasiyada sərt tənəffüs, nəfəsvermənin uzanması, quru kiçik- və iri qovuqcuqlu xırıltılar, iltihab ocağında krepitasiya müşahidə edilir.

Pnevmoniyanın fəsadları

Pnevmoniyanın gedişi ağırlıq dərəcəsinə, törədicinin xararakteri və ağırlaşmaların mövcudluğuna görə dəyişir. Pnevmoniyanın ağırlaşmalarına ağciyərlərin birbaşa iltihabına bağlı olaraq bronx-ağciyər sistemində və digər orqanlarda iltihabi və reaktiv proseslərin inkişafı daxildir. Pnevmoniyanın gedişi və nəticəsi əsasən ağırlaşmalardan asılıdır. Ağırlaşmalar ağciyərdaxili və ağciyərdənkənar ola bilər.

Pnevmoniyanın ağciyər ağırlaşmalarına aiddir:

  • obstruktiv sindrom
  • absess, ağciyərlərin qanqrenası
  • kəskin tənəffüs çatışmazlığı
  • parapnevmonik ekssudativ plevrit.

Pnevmoniyanın ağciyərdənkənar ağırlaşmalarına aiddir:

  • kəskin ürək çatışmazlığı
  • endokardit, miokardit
  • meningit və meninqoensefalit
  • qlomerulonefrit
  • infeksion-toksiki şok
  • anemiya
  • psixozlar və s.

Pnevmoniyanın diaqnostikası

Diaqnoz qoyularkən bir neçə məsələ eyni anda həll edilir: iltihabi prosesin digər ağciyər problemləri ilə differensial diaqnostikası, etiologiya və ağırlıq dərəcəsinin (ağırlaşmaların) qiymətləndirilməsi. Pnevmoniya diaqnozu simptomatik olaraq: qızdırma, intoksikasiya və öskürəyə əsasən qoyulur.

  1. Fizikal müayinə. Ağciyər toxumasının sıxlığının artması (perkutor ağciyər kütlüyünün səsi və bronxofoniyanın artması); xarakterik auskultativ şəkil- ocaqlı, yaş, xırda qovuqcuqlu, səsli xırıltılar və ya krepitasiya müəyyən edilir.
  2. Laborator diaqnostika. Qanın ümumi müayinəsindəki dəyişikliklərə leykositoz (15-30×109/l), leykositar formulanın çubuqnüvəlilərə doğru dəyişməsi (6-20%), EÇS-nin 30-50mm/saat olması xarakterikdir. Sidiyin ümumi analizində proteinuriya, bəzən mikrohematuriya aşkarlanır. Pnevmoniya zamanı bəlğəmin bakterioloji müayinəsi törədicini aşkarlamağa və antibiotiklərə həssaslığı təyin etməyə kömək edir.
  3. Ağciyərlərin rentgenoqrafiyası. Pnevmoniya zamanı rentgenoqrafiya xəstəliyin başlanğıcında və sağaldıqdan 3-4 həftə sonra iltihabi prosesin sağalmasına nəzarət və digər patologiyaların (bronxogen xərçəng) inkar edilməsi məqsədilə təyin edilir. Pnevmoniyanın bütün formalarında proses adətən ağciyərlərin aşağı paylarını əhatə edir. Rentgenoqrammada aşağıdakı dəyişikliklər müşahidə edilə bilər: parenximatoz (müxtəlif lokalizasiyalı və yayılma dərəcəli ocaqlı və ya diffuz kölgəliklər); interstisial (ağciyər şəkli perivaskulyar və peribronxial infiltrasiya hesabına güclənmişdir).
  4. USM. Plevra boşluğunun USM-i və exokardioqrafiya məlumatlarına görə, bəzən plevral maye aşkar edilir.

Pnevmoniyanın müalicəsi

Pnevmoniyalı pasiyentlər bir qayda olaraq ümumi terapevtik şöbələrə və ya pulmonoloji şöbələrə yerləşdirilirlər. Qızdırma və intoksikasiya dövründə yataq rejimi, bol isti maye qəbulu, yüksək kalorili, vitaminlərlə zəngin qidalanma təyin edilir. Tənəffüs çatışmazlığı əlamətləri aşkar nəzərə çarparsa oksigenlə inhalyasiya aparılır. Terapiyanın əsas istiqamətlərinə daxildir:

  • Antibiotikoterapiya. Müalicənin əsasını təşkil edir. Antibiotik təyinatı dərhal, törədicinin aşkarlanmasını gözləmədən olmalıdır. Antibiotik təyinatı həkim tərəfindən verilməlidir, özbaşına qəbul yolverilməzdir! Xəstəxanaxarici pnevmoniyaların müalicəsində adətən penisillinlər (amoksasillin-klavulonat, ampisillin vəs), makrolidlər, sefalosporinlər təyin edilir. Antibiotikin daxil edilmə yolu xəstəliyin ağırlığından asılıdır. Xəstəxanadaxili pnevmoniyaların müalicəsi müalicəsində penisillinlər, sefalosporinlər, flüorxinolonlar (siprofloksasin, ofloksasin vəs) istifadə edilir. Törədici məlum olmadıqda 2-3 preparatla antibakterial terapiya aparılır. Müalicə kursu 7-10 gündən 14 günədək davam edə bilər, antibiotiki dəyişmək mümkündür.
  • Simptomatik terapiya. Pnevmoniyalar zamanı dezintoksikasion terapiya, immunostimulyasiya, hərarətsalıcı, bəlğəmgətiricilər və mukolitiklər, antihistaminlər təyin edilir.
  • Fizioterapiya. Qızdırma və intosikasiya dövrü keçdikdən sonra fizioterapiya (kalsium xlorid, kalium yodid, hialuronidaza ilə elektroforez, UVÇ, masaj, inhalyasiya) və müalicəvi bədən tərbiyəsi təyin edilir.

Müalicə tam sağalanadək aparılır. Ümumi vəziyyət və əhval, fizikal, rentgenoloji və laborator göstəricilər normallaşanadək müalicəni durdurmaq olmaz. Eyni lokalizasiyalı təkrari pnevmoniyalar zamanı cərrahi müdaxilə təyin edilə bilər.

Proqnoz

Pnevmoniya zamanı proqnoz bir çox amillərdən asılıdır: törədicinin virulentliyi, pasiyentin yaşı, yanaşı xəstəliklər, immun sistemin vəziyyəti və adekvat müalicə. Xəstəliyin ağırlaşmaları, immunodefisit vəziyyətlər, törədicilərin antibiotikoterapiyaya davamlılığı zamanı proqnoz qeyri-qənaətbəxşdir. 1 yaşadək uşaqlarda stafilokokk, göy-yaşıl irin çöpləri və klebsiella ilə törədilən pnevmoniyalar daha təhlükəlidir və bu hallarda letallıq 10-30% təşkil edir.

Zamanında və adekvat müalicə tədbirləri xəstəliyin sağalma ilə sonlanmasına kömək edir. Ağciyər toxumasında dəyişikliklərin formalarına görə pnevmoniyaların aşağıdakı nəticələri mümkündür:

  • ağciyər toxumasının tam bərpası-70%;
  • lokal pnevmoskleroz -20%;
  • lokal karnifikasiya sahələrinin formalaşması-7%;
  • seqment və ya payın ölçülərinin kiçilməsi-2%;
  • seqment və ya payın daralması-1%.

Profilaktika

Pnevmoniyanın yaranmasının qarşısını alan amillərə orqanizmin dözümlülüyünü artırmaq, immuniteti yüksək tutmaq, soyumanın qarşısını almaq, burun-udlağın xroniki iltihab ocaqlarının sanasiyası, tozla mübarizə, siqaretçəkmə və alkoqol qəbulunu dayandırmaq daxildir. Zəifləmiş və yataq rejimində olan pasiyentlərə profilaktika məqsədilə tənəffüs və müalicəvi gimnastika, masaj, antiareqantların (pentoksifillin, heparin) təyini məsləhətdir.