Görmə itiliyinin təyini (Visometriya)
Görmə itiliyinin təyini (visometriya) oftalmologiyada gözün görmə analizatorunun qeyri-invaziv müayinə üsuludur. Digər müayinə üsulları ilə birlikdə göz almasında patoloji dəyişikliklərin dəqiq diaqnostikası məqsədilə təyin olunur. Görmə itiliyinin təyini konyuktiva və buynuz qişada iltihabi proseslər, gözün tor və xorioidal qişalarında degenerativ-destruktiv proseslər və ya bədxassəli törəmələr zamanı aparılır. Xüsusi hazırlıq tələb etmir, xəstədə heç bir narahatlıq yaratmır, tam təhlükəsizdir.
Görmə itiliyi -gözün bir-birindən minimal məsafədə yerləşən 2 nöqtəni təyin etmək qabiliyyətini göstərir. “Görmə itiliyi” terminini elmə 1861-ci ildə hollan həkim-oftalmoloqu F.Donders gətirmişdir. 1 il sonra onun tələbəsi X.Snellen görmə itiliyinin qiymətləndirilməsi üçün özünün xüsusi şriftlərindən ibarət cədvəl təqdim etmişdir. Hərflər xüsusi setkada yerləşirdi və onları “optotiplər” adlandırmışdır. O dövrədək görmə itiliyinin təyini üçün adi tipoqrafik şriftlərdən ibarət cədvəldən istifadə olunurdu.
Gözün görməyə cavabdeh olan hissəsi torlu qişanın makulyar hissəsidir. Makulada xüsusi fotoreseptorlar- kolbacıqlar vardır ki, bunların hesabına işıq impulsları baş beynə ötürülür. Makulyar nahiyyədən uzaqlaşdıqca görmə itiliyi zəifləyir. Görmə itiliyinin norma göstəricisi “vahiddir” (1,0). Bu rəqəm 2 fərqli nöqtəni differensiasiya edə bilən ən kiçik bucağın göstəricisidir. Görmə itiliyinin zəifləməsinə ya neyronlar zəncirindəki və ya reseptorlardakı dəyişikliklər, ya da görmə analizatorunun patoloji dəyişiklikləri (iltihabi xəstəlikləri, distrofik dəyişikliklər, travmalar) səbəb olur. Həmçinin, müayinə taktikası, optotiplər cədvəlində fonun parlaqlığı, optotiplərin təqdim olunma müddəti, test şəklinin rəngi və forması, ətrafın rəng çaları görmə itiliyinin qiymətləndirilməsinə təsir edə bilər. Görmə itiliyinin müayinəsi fərqli oftalmoloji və nevroloji xəstəliklər zamanı görmə sisteminin iş qabiliyyətini qiymətləndirmək üçün ilkin baza müayinələrindən biridir. Tamamilə ağrısız, heç bir narahatlıq hissi yaşatmayan, sağlamlıq üçün heç bir zərəri olmayan müayinə üsuludur. Xüsusi hazırlıq tədbirlərinə ehtiyac yoxdur.
Görmə itiliyinin təyininə (visometriyaya) göstərişlər
Görmə itiliyinin təyini oftalmologiyada həm skrininq müayinələr zamanı, həm də yekun nəticələri qiymətləndirmək zamanı təyin olunur. Tibbi-sosial araşdırmalar zamanı görmə itiliyinin təyini pasientin görmə funksiyasının vacib göstəricisidir. Görmə itiliyinin göstəricisi travma və ya gözün digər ciddi zədələnmələri zamanı patologiyanın ağırlıq dərəcəsini təyin edərkən də nəzərə alınır. Görmə itiliyinin dəqiq diaqnostikası (digər vacib göstəricilərlə yanaşı) əllillik qrupunun təyini və pasiyentlərin həyat fəaliyyətinin məhdudluq dərəcəsinin müəyyən olunması zamanı tələb olunur.
Görmə itiliyinin dinamik müayinəsinə əsasən oftalmoloq pasiyentdə görmə funksiyasının proqnozu və göz dibinin ətraflı müayinəsini apara bilir. Bundan başqa görmə itiliyi mülki və hərbi vəzifələrə yararlılıq kriteriyasının təyinində vacib göstəricidir. Görmə itiliyinin müayinəsi zamanı həkim göstəricilərin qəsdən azaldılması və ya əksinə, yüksək göstərilməsi hallarına -pilotlar, dənizçilər, hərbi vəzifələrin araşdırılması zamanı rast gəlir. Müayinəyə əks göstəriş yoxdur.
Visometriyanın aparılma qaydası
Müayinə aparılarkən optotiplərin olduğu cədvəldən istifadə olunur. Əsasən hərf və Landolt halqaları şəklində optotiplər olan Sivtsev-Golovin cədvəlindən və uşaqlarda isə şəkillər olan cədvəldən istifadə olunur. Son illərdə görmə itiliyinin təyini eyni optiotların olduğu cədvəllərdən yararlanmaqla avtomatik cihazlar vasitəsilə aparılır. Sivtsev cədvəli 12 cərgədə yerləşmiş tədricən kiçilən hərflərdən ibarət cədvəldir. Cədvəl Rota aparatında yerləşdirilir və yerdən 120 sm məsafədə olur.
Oftalmoloqa müraciət edərkən anamnez toplandıqdan sonra pasiyentdə sağ və sol gözün ayrı-ayrılıqda visometriyası aparılır. Müayinə nisbətən qaranlıq otaqda aparılır və optotiplər əks olunan cədvəl lampa ilə işıqlandırılır. Müayinə olunan şəxs lövhədən 5m məsafədə stulda və ya xüsusi kresloda əyləşir. Müayinə əvvəlcə sağ, daha sonra isə sol gözdə aparılır (digər göz xüsusi vasitələ bağlı saxlanaraq). Ehtiyac olduqda hər iki gözü açaraq müayinə aparıla bilər. Həkim müayinəni ən böyük ölçülü optotipdən başlayır. Sıra ilə aşağı cərgələrdəki hərfləri də göstərir. Görmə itiliyi ən alt cərgədəki hərfləri görülməsi və düzgün səsləndirilməsi hallarında hesab olunur. Pasiyent 4-6-cı sıralarda 1, 7-10-cu sıralarda isə 2 hərfdə səhv edə bilər.
Nəticələrin qiymətləndirilməsi
Cədvəllə müayinə zamanı görmə itiliyinin minimal göstəricisi 0,1, maksimal göstəricisi isə 2,0 hesab olunur. Görmə itiliyi 0,1-dən az olarsa “barmaqların sayılması” üsulundan istifadə edilir. Pasiyent görənədək həkim barmaqlarını yaxınlaşdırır. Daha sonra, hansı məsafədə xəstə düzgün saydısa, xüsusi formulaya əsasən görmə itiliyi qiymətləndirilir. Torlu qişanın xorası, ağırlaşmış qlaukoma və göz almasının tamlığının pozulması ilə nəticələnən travması zamanı pasiyent barmaqların sayını təyin edə bilmir. Belə hallarda görmə itiliyi işığa həssaslıq dərəcəsinə görə təyin olunur. İşığahəssaslıq müayinə olunan gözə müxtəlif nahiyyələrdən parlaq işıq kütləsini yönləndirməklə aparılır. İşığahəssaslıq düzgün və qeyri-düzgün proyeksiyalı ola bilər. Düzgün işığahəssaslıq zamanı pasiyent işıq şüasının sağdan, soldan, yuxarıdan və ya aşağıdan gəldiyini doğru ayırd edə bilir. İşığahəssaslıq tam yoxdursa, görmə itiliyi sıfra bərabər hesab olunur.