3 aylıq dövr- körpə üçün maraqlı kəşflər, yeni bacarıqlar və inkişafın sürətli inkişaf dövrüdür. Körpəniz artıq yenidoğulmuş deyil, ancaq yeyib-yatmaq istəmir. 3 aylıq uşaq dünyanı kəşf etmək istəyir, qarşılıq vermək və ətrafdakılarla kontakta girməyə çalışır. Demək olar ki, hər gün uşaqda yeni bacarıqlara şahid olursunuz.
3 aylıq uşağın fiziki inkişafı
0-3 aylıq yaş dövrü uşağın aktiv böyümə dövrüdür. Hər ay boyda 2-3 sm, çəkidə isə 750-800 q artım müşahidə olunur. 3 aylıq uşaq artıq 5-6 kq çəkidə olmalıdır. Adətən oğlanlar çəkidə qızlardan üstün olurlar.
Bu parametrləri valideynlər sərbəst olaraq ölçə bilərlər, lakin planlı həkim baxışı zamanı da bu dəyərlər mütləq qiymətləndirilir. Boy və çəkidən başqa başın və döş qəfəsinin də ölçüsü mütləq alınır. 3 aylıq uşaqda başın dairəsi 38-39 sm olur. Döş qəfəsinin dairəsi də 38-39 sm-ə çatır.
Göstəricilərin norma daxilində olması vacibdir. Əgər hər hansı istiqamətdə kənaraçıxma olarsa, səbəbi araşdırılmalıdır.
Boyunu ölmək üçün uşaq sərt səthi olan yerə uzadılır, dizlərinə azca basaraq düzləndirilir və başı ehtiyatla fiksə edilir. Ölçü təpədən ayaqaltına kimi aparılır. Uşağın çəkisi xüsusi horizontal tərəzi ilə ölçülür.
Uşağın fiziki inkişafını qiymətləndirərkən ancaq çəki və boyu nəzərə alınmır, inkişafın nə qədər harmonik olması da böyük əhəmiyyət kəsb edir.
3 aylıq uşağın sinir-psixi inkişafı
- vertikal vəziyyətdə hərəkət edən cismi gözü ilə izləyə bilir;
- səs olan tərəfə başını çevirir;
- ünsiyyət zamanı reaksiya verir;
- qarnı üstdə uzatdıqda başını yuxarı qaldırır, biləklərinə istinad edir. Başını vertikal vəziyyətdə davamlı saxlaya bilir;
- asılmış oyuncaqları təsadüfən vura bilir;
- qığıldayır;
Bu əlamətlər 3-4 aylıq uşağa xas olan xüsusiyyətlərdir. Lakin nəzərə almaq lazımdır ki, hər uşaq individual inkişaf xüsusiyyətinə malikdir və onların inkişafını qiymətləndirərkən digər uşaqlarla deyil, 1-2 aylığındakı inkişafı ilə fərqləndirmək lazımdır. Əgər uşaq başını sərbəst saxlaya bilmirsə pediatrla məsləhətləşmək lazımdır. Əgər özü çevrilə bilmirsə,narahat olmağa dəyməz. Müasir məlumatlara əsasən bəzi uşaqlarda bu 4-5 ayında alınır.
3 aylıq uşağın qidalanması
3 aylıq uşaq ana südü ilə qidalanmaya dam etməlidir. Əgər ana südü yetərli olarsa əlavə heç bir qidaya ehtiyac duyulmur. Ana südünü yalnız ana südünü əvəz edən, pediatrın məsləhət gördüyü süni qidalar verilməlidir. ÜST (Ümumidünya səhiyyə təşkilatı) 6 ayadək uşaqlara ana südü və ya əvəzediclərdən başqa heç bir əlavə qidanın verilməsini məsləhət görmür.
3 aylıq uşağa qulluq necə olmalıdır?
Uşağın normal inkişafı üçün lazımi qulluq şəraiti yaradılmalıdır. Komfortlu mühitdə körpə yeni bacarıqlara daha sürətli yiyələnə bilir.
Komfortlu mühit dedikdə, ilk növbətə uşağın olduğu otağın temperaturuna diqqət etmək lazımdır.Otaq temperaturu 20-220C intervalında, rütubət 40-60% olmalıdır. Otağın havası tez-tez dəyişmək lazımdır.
Təmiz havada gəzinti uşağın sağlam inkişafı üçün böyük əhəmiyyətə malikdir. Normal hava şəraitində və uşağın əhval-ruhiyyəsi qənaətbəxş olarsa hər gün minimum 2 saat açıq havada gəzinti məsləhətdir.
Gigiyena qaydaları böyüyən orqanizm üçün mühüm amillərdəndir. Südəmər uşağı hər gün çimizdirmək, ehtiyac olduqda isə yuyundurmaq mütləqdir.
3 aylıq uşağın normal inkişafı valideynlərlə kontaktdan da asılıdır. Uşağın ana və ata sevgi və qayğısına böyük ehtiyacı vardır.
3 aylıq uşağın günlük rejimi
3 aylığında uşaqda xüsusi yuxu və oyaqlıq rejimi formalaşır. Adətən, südəmər yaşda uşaqlar səhərlər eyni saatda sərbəst oyanırlar. Qidalanır, bir qədər oyaq qalır, təkrar yatır. Günortaya yaxın təkrar oyanır, yeyir, aktiv əynayır və təkrar yuxu axşam saatlarında olur. Növbəti dəfə oyandıqdan sonra gecə yuxusuna gedir. Süni qidalanmada olan uşaqlar adətən səhərədək yatır, təbii qidalanmada isə uşaq demək olar ki, gecə əmmək üçün oyanır. Bu 3 aylıq uşaq üçün normal haldır.
3 aylıq uşaqda nələrə diqqət etmək lazımdır?
- Ümumi vəziyyətə. Sağlam uşaq toxdursa, geyimi və bezi qurudursa gümrah və şən olur, yatmaq istəmir. Bütün qaydalara riayət olunmasına baxmayaraq uşaq əzgin, halsız, apatik və ya əksinə həddən artıq oyanıqdırsa həkimə müraciət etmək lazımdır.
- Sidik ifrazı. 3 aylıq uşaqda gün ərzində 10-15 dəfə sidik ifrazı olmalıdır.
- Nəcis. Defekasiya aktının tezliyi adətən qidalanma sayı ilə üst-üstə düşür. 3 aylıq uşağın nəcisi sıyığabənzər konsistensiyada olmalıdır.
- Qidalanmadan sonra rəftarı. Sağlam uşaq əmmədən sonra südü requrgitasiya edə (qusa) bilər- bu normaldır. Əsas şərt odur ki, qaytarılan qidanın həcmi çox olmasın və körpə çəki defisitindən əziyyət çəkməsin.