Di George Sindromu
Di George sindromu -genetik xəstəlik olub, birincili immunodefisitlərə aiddir və immunitetin zəifliyilə yanaşı çoxsaylı inkişaf anomaliyaları ilə xarakterizə olunur. Əsas əlamətləri ağırlaşmaya meyilli tez-tez bakterial infeksiyalar, anadangəlmə ürək qüsurları, üzün anomaliyaları və digər pozğunluqlardır. Di George sindromunun diaqnostikası ürəyin, qalxanvari və qalxanvariətraf vəzinin müayinəsi, immunoloji statusun və molekulyar-genetik analizlərin nəticələrinə əsasən qoyulur. Müalicə simptomatik olub, ürək qüsurlarının və üzün anomaliyalarının cərrahi korreksiyası, əvəzedici immunoloji terapiya, bakterial və göbələk infeksiyaları ilə mübarizə daxil olmaqla aparılır.
Di Georgi sindromu haqqında ümumi məlumat
Di Georgi sindromu (timusun və qalxanvariətraf vəzinin hipoplaziyası, velokardiofassial sindrom)- genetik xəstəlik olub, üçüncü və dördüncü faringeal kisələrin embrional inkişafının pozulması ilə xarakterizə olunur. Bu hal ilk dəfə 1965-ci ildə amerikan pediatrı Angelo Di George tərəfindən təsvir olunmuş və timusun və qalxanvariətraf vəzinin anadangəlmə aplaziyası kimi təsnif olunmuşdur. Genetika sahəsində aparılan digər araşdırmalar bu patologiyanın birincili immunodefisit halından daha geniş bir patologiya olduğunu söyləməyə əsas verdi. Aparılan araşdırmalar nəticəsində sindroma başqa bir ad verildi. Əksər hallarda rast gəlinən orqan zədələnmələrini (damaq, ürək, üz) nəzərə alaraq, mütəxəssislər bu sindromu velokardiofassial sindrom adlandırmağı təklif etdilər. Müasir araşdırmaçıların bəziləri bu iki sindromu fərqləndirməyi üstün tuturlar və onların fikrincə “həqiqi” velokardiofassial sindrom aşkar immunoloji pozğunluqlarla müşayiət olunmur. Di George sindromunun rastgəlmə tezliyi 1:3000-20000-dir və belə böyük fərqin olmasına səbəb bu xəstəliklə velokardiofassial sindromun dəqiq differensiasiyasının hələ də mümkün olmamasıdır. Bu səbəbdən, eyni xəstə müxtəlif mütəxəssislərin fikrincə ya birincili immunodefisit xəstəlikli olub yanaşı patologiyalarla müşayiət oluna, ya da immunitetin zəifləməsi fonunda çoxsaylı inkişaf patologiyalarının yaranmasına səbəb ola bilər.
Di George sindromunun səbəbləri
Di George sindromunun genetik mənşəyi- bir çox vacib transkripsiya faktorlarını kodlaşdırmağa cavabdeh olan genlərin yerləşdiyi 22-ci xromosomun uzun çiyninin mərkəzi hissəsinin zədələnməsidir. Bu genlərdən birini- TBX1-i identifikasiya etmək mümkün olmuşdur və onun istehsal etdiyi zülal T-box adlanır. Bu zülal embriogenezə nəzarət edən proteinlərə aiddir. Xəstələrin az qismində 22-ci xromosomda əhəmiyyətli zədə aşkarlanmadığı halda, yalnız bu gendə mutasiyanın olması -Di George sindromu ilə TBX1 geninin birbaşa əlaqəsini sübut edir. Digər xromosom patologiyalarının da rolu haqda ehtimallar mövcuddur. Belə ki, Di George sindromunun analoji əlamətləri 10,17 və 18-ci xromosomların patolgiyaları zamanı da aşkar edilir.
Çox vaxt bu sindrom kişi və ya qadın cinsi hüceyrələrinin formalaşması zamanı spontan olaraq meydana çıxır- yəni, herminativ xarakter daşıyır. Yalnız, rast gəlinən patologiyaların 1/10-da xəstəlik ailəvi xarakter daşıyır və autosom-dominant yolla ötürülür. Di George sindromunun patogenezi bir çox orqan və toxumaların əsasını qoyan xüsusi embrional törəmələrin- faringeal kisələrin (əsasən, 3-cü və 4-cü) formalaşmasının pozulmasına əsaslanır. Onlar, ilk növbədə damaq, qalxanvariətraf vəziləri, timus, divararalığı və ürək damarlarının formalaşmasına cavabdehdirlər və Di George sindromu zaman məhz bu orqanların inkişf qüsurlarına rast gəlinir.
Di George sindromunun əlamətləri
Di George sindromunun əksər əlamətləri doğulduqdan dərhal sonra aşkarlanır, ayrı-ayrı patologiyaların (məsələn, ürəyin) patologiyaları isə daha erkən dövrlərdə- profilaktik USM zamanı aşkarlana bilir. Adətən, ilk əlamət üzün inkişaf anomaliyalarıdır və damaq yarığı, bəzən “dovşandodaqlıq”la, alt çənənin arxaya olması (proqnatiya) ilə paralel olur. Bəzən, Di George sindromlu uşaqlar böyük ağız, kiçik burun, gözlərin aralı yerləşməsi, qulaq seyvanının deformasiyası və ya inkişaf etməməsi ilə xarakterizə olunur. Xəstəliyin nisbətən yüngül gedişində yuxarıda qeyd olunan əlamətlər daha az ifadə oluna bilər və hətta, üst damağın açıq olması yalnız arxa hissədə ola və LOR həkimin ətraflı baxışı zamanı aşkarlana bilər.
Xəstəliyin ilk aylarında birinci növbədə ürəyin anadangəlmə qüsurları- Fallo tetradası və ya ayrıca qüsurlar: mədəciklərarası arakəsmənin qüsuru, arterial axacağın açıq qalması və digərləri aradan qaldırılmalıdır. Onlar sianoz, ürək-damar çatışmazlığı ilə müşayiət oluna və ixtisaslaşmış tibbi yardım (eləcə də, cərrahi müdaxilə) göstərilmədiyi hallarda xəstənin erkən yaşlarda ölümünə səbəb ola bilər. Uşaqlarda Di George sindromunun digər əlamətlərinə- qalxanvariətraf vəzilərin hipoplaziyası və hipoklsiemiyaya bağlı qıcolmalar və tetaniya daxildir.
Di George sindromunu velokardiofassial sindromun digər formalarından fərqləndirən əsas vacib əlaməti- aşkar nəzərəçarpan birincili immunodefisitdir. O, adətən timusun apoplaziyası və ya yetişməməsi səbəbindən yaranır və əsasən hüceyrə immunitetini zədələyir. Lakin, humoral və hüceyrə immunitetinin bir-birilə sıx əlaqəsi səbəbindən bu hal orqanizmin ümumi müdafiə mexanizmlərinin zəifləməsinə səbəb olur. Di George sindromlu xəstələr virus, bakterial və göbələk infeksiyalarına çox həssas olurlar və bu törədicilər uzanmış və ağır gedişlə xarakterizə olunurlar. Bəzi mütəxəssislər müxtəlif dərəcələrdə əqli gerilik hallarını, bəzən isə nevroloji xarakterli qıcolma hallarını təsvir edirlər.
Di George sindromunun diaqnostikası
Di George sindromunun diaqnozu üçün xəstəyə ümumi baxış, kardioloji müayinə üsulları (EXO-KQ, EKQ), qalxanvari vəzinin və timusun USM-i, immunoloji sınaqlar aparılır. Qanın ümumi və biokimyəvi müayinəsi, anamnez, genetik müayinələr yardımçı rol oynayır. Di George sindromlu xəstələrə baxış zamanı xəstəlik üçün xarakterik əlamətlər- sərt damağın yarıq olması, üzün quruluş anomaliyaları, LOR-orqanların patologiyaları nəzərə çarpır. Anamnezdə, adətən hipokalsiemiya ilə bağlı qıcolmalar, bir çox hallarda dişlərin böyük həcmdə kariesi aşkarlanır.
Çəngəlvari vəzinin ultrasəs müayinəsində ölçüsünün əhəmiyyətli dərəcədə kiçilməsi və ya orqanın ümumiyyətlə olmaması (ageneziya) müşahidə oluna bilər. EXO-KQ və digər kardioloji müayinə üsulları çoxsaylı ürək (məsələn, mədəciklərarası çəpərin qüsuru) və divararalığı damarlarının qüsurlarını aşkar edir. İmmunoloji müayinə T-limfositlərin səviyyəsinin əhəmiyyətli dərəcədə az olduğunu göstərir. Periferik qanın müayinəsində bu özünü immunoqlobulin-zülalların konsentrasiyasının azlığı ilə paralel göstərir. Qanın biokimyəvi müayinəsində kalsiumun və qalxanvariətraf vəzilərin səviyyəsi aşağı olur. Həkim-genetik DNT-nin flüoressent hibridləşməsi və ya multipleks polimeraz zəncirvari reaksiya vasitəsilə 22-ci xromosomda delesiyanı aşkarlayır.
Di George sindromunun müalicəsi
Di George sindromunun spesifik müalicəsi mövcud deyildir, ancaq polliativ və simptomatik müalicə rədbirləri görülür. Anadangəlmə ürək qüsurlarının vaxtında aşkarlanması və ehtiyac olduqda onların cərrahi korreksiyası böyük əhəmiyyət kəsb edir, çünki bu xəstəlik zamanı neonatal ölüm hallarının səbəbi məhz ürək-damar patologiyaları ilə bağlı olur. Hipokalsiemiya səbəbindən qıcolma tutmaları böyük təhlükə yaradır və qanın elektrolit balansının korreksiyasını tələb edir. Di George sindromu zamanı üz və damaq qüsurlarının aradan qaldırılması üçün də cərrahi müdaxiləyə ehtiyac yaranır.
Aşkar immundefisit səbəbindən istənilən bakterial, virus və ya göbələk infeksiyası əlaməti müvafiq qrup preparatların (antibiotik, virusəleyhinə ə funqisid) təcili qəbuluna göstərişdir. Di George sindromu zamanı xəstədə immun statusun yaxşılaşdırılması üçün əvəzedici terapiya məqsədilə donor plazmasından alınmış immunoqlobulinlərin yeridilməsi göstərişdir. Ayrı-ayrı hallarda çəngələbənzər vəzinin köçürülməsi T-limfositlərin sintezini stimulə edir və xəstənin həyat keyfiyyətini artırmağa kömək edir.
Di George sindromunun proqnozu və profilaktikası
Əksər araşdırmacıların fikrincə, Di George sindromunun proqnozu qeyri-müəyyəndir, çünki xəstəliyin simptomları əhəmiyyətli dərəcədə dəyişkən xarakter daşıyır. Di George sindromunun daha xoşxassəli formalarında intensiz polliativ terapiyanın, xüsusilə virus və göbələk infeksiyalarının müalicə və profilaktikasının aparılması kifayət edir. Pasiyentlərin intelektual qabiliyyətləri bir qədər ləngiyir, lakin düzgün aparılan pedaqoji və psixoloji korreksiya yolları ilə ləngimənin qarşısını almaq olur. Mutasiyanın çox vaxt spontan xarakter daşıması Di George sindromunun profilaktikası yollarını aşkar etməyi mümkünsüz edir.