Sinusit

Sinusit- infeksion-iltihabi proses olub, burunətrafı ciblərin selikli qişasını əhatə edir. Virus, bakteriyal, göbələk və ya allergik mənşəli olur. Sinusiti xarakterizə edən ümumi simptomlara bədən hərarətinin yüksəlməsi, əlavə ciblər nahiyyəsində ağrı, burun tənəffüsünün çətinləşməsi, burundan seroz-irinli ifrazat daxildir. Sinusitlər rentgenoqrafiya, burunətrafı ciblərin USM, KT və MRT müayinəsinə, diaqnostik punksiyaya əsasən qoyulur. Sinusitlər zamanı antibiotikoterapiya, fizioterapiya, burunətrafı ciblərin müalicəvi yuyulması, punsiyası və drenajı, ənənəvi və endoskopik əməliyyatları aparılır.

Ümumi məlumat

Sinusit- bir və ya bir neçə burunətrafı cibdə iltihabi prosesin inkişafıdır. Yaşlı əhalinin 0,02%-də sinusit diaqnozu qoyulur; uşaqlarda yuxarı tənəffüs yollarının infeksiyaları 0,5% hallarda sinusitlə ağırlaşır. Otorinolarinqologiyada sinusitlərə daxildir: üst çənə ciblərinin iltihabı- haymorit, alın ciblərinin iltihabı- frontit, pazabənzər cibin iltihabı- sfenoidit, xəlbirəbənzər cibin iltihabı etmoidit. Hərarətin yüksəlməsi, ba. ağrısı, burunun tutulması və burundan irinli ifrazat, iltihablanmış cib nahiyyəsində ödem müşahidə edilir. Müalicə aparılmazsa ciddi ağırlaşmalar: görmə sinirinin və göz almasının iltihabı, osteomielit, beyin absesi, meningit inkişaf edə bilər.

Sinusitlərin səbəbləri

Burun boşluğu 7 burunətrafı (paranazal) ciblə əlaqəlidir: iki alın, iki üst çənə, iki xəlbirəbənzər və bir pazabənzər ciblər. Ciblər dar axarlar vasitəsilə burun boşluğu ilə əlaqəlidir. Bu axarlar vasitəsilə ciblər davamlı olaraq drenaj olunur (təmizlənir). Hər hansı səbəbdən cib təmizlənə bilmirsə möhtəviyyat boşluqda ləngiyir və sinusitin inkişafı üçün əlverişli şərait yaranır.

Burunətrafı ciblərin mənfəzləri burundaxili strukturların müxtəlif deformasiyalarında (hipertrofik rinitlər, burun çəpərinin əyriliyi, xəlbirəbənzər labirintin və burun balıqqulaqlarının anomaliyaları) darala bilər. Sinusitlərin yaranma səbəblərindən biri də virus infeksiyalarıdır. İltihab nəticəsində əlavə ciblərin və burunun selikli qişası şişir. Selik vəziləri daha çox selik ifraz etməyə başlayır. Ciblərin mənfəzi ödem hesabına daha da daralır və qatı patoloji sekretlə dolmuş olur.

Ventilyasiyanın pozulması, ifrazatın durğunluğu və ciblərin toxumasında oksigen defisiti şərti-patogen floranın inkişafı üçün əlverişli mühit yaradır. Virus infeksiyasına bakterial flora da qoşulur. Sinusitin təzahür dərəcəsi iltihabı törədən bakteriyanın virulentliyindən asılıdır. Antibiotiklərdən geniş istifadə sinusiti törədən bakteriyaların bir çox antibiotiklərə qarşı yüksək rezistentliyinə (davamlılığına) səbəb ola bilər.

Son illərdə sinusitlər əsasən göbələk mənşəli olurlar. Bunun da səbəbi yersiz antibiotikoterapiyanın geniş istifadəsidir. Belə ki, göstəriş olmadığı halda antibiotiklərdən istifadə immun sistemə mənfi təsir göstərir, normal mikrofloranı pozur və mikoz infeksiya (göbələk) üçün əlverişli mühit yaradır. Sinusitlərin yaranması bakteriyalarla əlaqədar olmaya bilər. Paranazal ciblərin mənfəzinin daralmasına səbəb olan ödem havanın çox soyuq olması və ya bəzi kimyəvi maddələrlə əlaqədar yarana bilər.

Lakin, sinusitlərin əsas yaranma səbəbi immunodefisit vəziyyətlər və allergik reaksiyalardır. Allergiya -əsas təzahür əlaməti burun boşluğunun ödemi olan vazomotor rinitə təkan verir. Proses dəfələrlə təkrarlanır. 80% hallarda xroniki sinusitin səbəbi vazomotor rinit hesab olunur.

Təsnifatı

Lokalizasiyasından asılı olaraq sinusitlər aşağıdakı kimi təsnif olunur:

  • Haymorit. İltihabi proses haymor (üst çənə) cibini əhatə edir.
  • Etmoidit. İltihabi proses xəlbirəbənzər labirintdə inkişaf edir.
  • Frontit. İltihabi proses alın cibində inkişaf edir.
  • Sfenoidit. İltihab pazabənzər cibdə inkişaf edir.

Yayılmasına görə birinci yerdə haymorit, ikinci yerdə etmoidit, üçüncüdə- frontit və dördüncüdə isə sfenoidit durur. Prosesə bir və ya bir neçə cib eyni vaxtda qoşula bilər. İltihabi proses bütün cibləri əhatə edərsə, xəstəlik pansinusit adlanır.

Bütün sinusitlər kəskin, yarımkəskin və ya xroniki ola bilər. Kəskin sinusit, adətən zökəmlə, qriplə, skarlatina, qızılca və digər infeksion xəstəliklərlə başlaya bilər. Xəstəlik 2-4 həftə davam edir. Yarımkəskin sinusit, çox zaman kəskin sinusitin səhv və ya natamam müalicəsi nəticəsində formalaşır. Yarımkəskin sinusitin əlamətləri 4-12 həftə çəkə bilər. Xroniki sinusit kəskin infeksion sinusitlərin təkrarlanması nəticəsində, və ya allergik rinitin ağırlaşması kimi meydana çıxa bilər. Prosesin xroniki kimi qiymətləndirilməsi üçün şikayətlər 12 həftədən uzun davam etməlidir.

İltihabi prosesin xarakterinə görə sinusitlərin 3 forması ayırd edilir:

  • ödemli-kataral. Burunətrafı ciblərin yalnız selikli qişası zədələnir. Proses seroz ifrazatla müşayiət olunur;
  • irinli. İltihab burunətrafı ciblərin dərin qatlarına yayılır. İfrazat irinli xarakter alır;
  • qarışıq. Ödemli-kataral və irinli sinusit əlamətləri müşahidə edilir.

Sinusitin əlamətləri

Haymoritin əlamətləri

Xəstəlik kəskin başlayır. Bədən hərarəti 38-390 C-dək yüksəlir, aşkar nəzərəçarpan ümumi intoksikasiya, titrətmə mümkündür. Bəzi hallarda pasiyentin bədən hərarəti normal və ya subfebril ola bilər. Haymoritli pasiyent proses gedən cib, almacıq sümüyü, alın və burun kökü nahiyyəsində ağrıdan əziyyət çəkir. Ağrı palpasiya zamanı artır. Gicgah və ya üzün müvafiq sahəsi boyunca irrradiasiya edə (yayıla) bilər. Bəzi pasiyentlərdə müxtəlif intensivlikli yayılmış ağrılar müşahidə edilir.

Burun tənəffüs zədələnmə nahiyyəsində pozulur. İkitərəfli haymoritdə burun tutulduğundan, nəfəsalma ağız vasitəsilə olur. Bəzən göz yaşı kanalı da tutulduğu üçün gözlər yaşarır. Burundan ifrazat əvvəl seroz, duru olur, daha sonra qatı, bulanıq, yaşılımtıl xarakter alır.

Etmoiditin əlamətləri

Adətən, xəlbirəbənzər labirintin ön şöbələrində iltihabi proses frontit və ya haymoritlə eyni vaxtda inkişaf edir. Arxa şöbələrin iltihabı isə çox vaxt sfenoiditlə birgə olur.

Etmoidit xəstəsi baş ağrısından, burnun kökü və yəhər nahiyyəsində sıxıcı ağrıdan şikayət edir. Uşaqlarda çox zaman yanaşı olaraq konyunktivanın hiperemiyası, aşağı və yuxarı göz qapaqlarının daxili səthinin ödemi müşahidə edilir. Bəzi pasiyentlərdə nevroloji xarakterli ağrılar yarana bilər.

Adətən bədən hərarəti də yüksəlir. Xəstəliyin ilk günlərində burun ifrazatı seroz olur, daha sonra irinləyir. Qoxu hissi kəskin zəifləyir, burun tənəffüsü çətinləşir. İltihabi proses intensivləşərsə, göz almasına yayıla, göz almasının qabarmasına və göz qapaqlarının aşkar ödeminə səbəb ola bilər.

Frontitin əlamətləri

Frontit, digər sinusitlərlə müqayisədə daha ağır gedişə malikdir. Hipertermiya, burun tənəffüsünün çətinləşməsi, burnun iltihab olan tərəfindən ifrazat xarakterikdir. Pasiyentləri alın nahiyyəsində olan və daha çox sabahları intensiv olan ağrı narahat edir. Bəzi pasiyentlərdə qoxu qabiliyyətinin zəifləməsi və işıqdanqorxma, gözdə ağrılar müşahidə edilir.

Baş ağrılarının intensivliyi zədələnmiş cibin təmizlənməsindən sonra azalır və cibdə ifrazatın toplanması ilə artır. Bəzi hallarda (adətən -qripoz frontitdə) alın nahiyyəsində dərinin rəngi dəyişir, iltihab olan tərəfdə qaşaltı nahiyyədə və yuxarı göz qapağında ödem müşahidə edilir.

Xroniki frontit çox vaxt orta burun keçəcəyinin selikli qişasının hipertrofiyası ilə müşayiət olunur. Poliplər ola bilər. Bəzən iltihab sümük strukturlarına yayılaraq nekroza və svişlərin formalaşmasına səbəb ola bilər.

Sfenoiditin əıamətləri

Sfenoidit nadir hallarda tək rast gəlinir. Adətən pazabənzər cibin iltihabı ilə eyni vaxtda formalaşır. Pasiyentlər başın göz alması nahiyyəsində, təpə və ənsə nahiyyəsində və ya dərinlikdə ağrılardan şikayət edirlər. Xroniki sfenoiditdə iltihab görmə sinirləri çarpazına yayılaraq proqressivləən korluğa səbəb ola bilər. Çox vaxt sfenoidit silinmiş kliniki gedişə malik olur.

Sinusitin ağırlaşmaları

Sinusitlər zamanı patoloji proses göz almasına və kəllədaxili strukturlara yayıla bilər. İltihabi prosesin dərin qatlara yayılması sümüklərin prosesə qoşulmasına və osteomielitə səbəb ola bilər. Sinusitlərin ən geniş yayılmş fəsadı meningitdir. Xəstəlik çox zaman xəlbirəbənzər labirintin və pazabənzər cibin iltihabı zamanı yaranır. Frontit zamanı beynin epidural və ya subdural (daha az hallarda) absesi yarana bilər.

Kliniki əlamətlərin zəif nəzərə çarpması fəsadların vaxtında aşkarlanmasına çətinlik törədir. Sinusitlərin kəllədaxili gecikmiş ağırlaşmaları proqnoz baxımından qeyri-qənaətbəxş hesab edilir və letal nəticələrlə sonlana bilər.

Sinusitlərin diaqnostikası

Diaqnoz xarakterik kliniki əlamətlərə, obyektiv baxışa və əlavə müayinə üsullarına əsasən qoyulur. Diaqnostika məqsədilə burunətrafı ciblərin iki proyeksiyada rentgenoqrafiyası, ultrasəs müayinəsi, nüvə maqnit rezonans və KT müayinəsi təyin edilir. Ağırlaşmaların inkar edilməsi məqsədilə baş beynin KT və MRT-si təyin edilə bilər.

Sinusitlərin müalicəsi

Kəskin sinusitin müalicəsi ağrı sindromunun aradan qaldırılması, iltihabi prosesin inkişafına səbəb olan amilə qarşı və ciblərin drenajının bərpası istiqamətində aparılır. Axının bərpası və burun boşluğu və ciblərdə ödemi aradan qaldırmaq üçün damardaraldıcı preparatlar (nafazolin, oksimetazolin, ksilometazolin və s.) təyin edilir.

Sinusitlərdə sinus-evakuasiya metodu da böyük əhəmiyyət kəsb edir. Prosedur aşağıdakı qaydada aparılır: burun boşluqlarına 2 kateter yeridilir. Antiseptik məhlul bir kateter vasitəsilə yeridilir, digərindən xaric olur. Burun boşluğu və iltihablaşmış cibdən antiseptiklə yanaşı irin və selik də xaric olur.

Bakterial mənşəli sinusitlərdə antibiotiklər təyin edilir. Cibdən irini xaric etmək üçün onun açılması (haymorotomiya və s.) də aparıla bilər. Virus sinusitlərində antibiotikoterapiya təyin edilmir, çünki onlar viruslara təsir göstərməməklə yanaşı immun statusu, LOR-orqanların normal mikroflorasını poza bilər və prosesin xronikiləşməsinə səbəb ola bilər.

Kəskin sinusitli pasiyentlərə antihistaminlər və sorucu preparatlar (iltihablaşmış cibdə bitişmələrin (spayka) yaranmasının qarşısını almaq məqsədilə) təyin edilir. Allergik mənşəli sinusitlərdə allergiyaəleyhinə müalicə tədbirləri aparılır. Xroniki sinusitlərin müalicəsi kəskin kliniki şəklin müalicəsilə analoji xarakter daşıyır. Müalicə sxemində fizioterapiya üsulları (dinamik cərəyan, UVÇ və s.) da təyin edilir.

Konservativ müalicə üsullarının effektiv olmadığı xroniki sinusitlərdə drenajın bərpası istiqamətindən tədbirlər görülür. Burun poliplərinin lazerlə aradan qaldırılması, burun çəpəri əyriliyinin düzəldilməsi və s. aparılır. Ciblərdə cərrahi əməliyyatlar həm ənənəvi üsullarla, həm də endoskopik yolla həyata keçirilir.