Skarlatina- kəskin infeksion xəstəlik olub, xüsusilə ağız-udlağın zədələnməsi, güclü intoksikasiya və spesifik ekzantema ilə xarakterizə olunur. Skarlatinanın törədicisi xəstə ilə kontakt və ya hava-damcı yolu ilə yayılan A qrupundan olan streptokokkdur. Skarlatinanın klinikası ümumi intoksikasiya və qızdırma, skarlatinoz angina, regionar limfadenit, moruğabənzər dil, dəridə xırda qabıqlanma verən nöqtəvari səpkilərdən ibarətdir. Skarlatinanın diaqnostikası tipik kliniki simptomlara əsasən qoyulur.
Skarlatina haqqında ümumi məlumat
Skarlatina -ağız-udlağın zədələnməsi, aşkar intoksikasiya və xarakterik ekzantema ilə keçən kəskin infeksion xəstəlikdir.
Skarlatinanın törədicisinin xarakteristikası
Skarlatinanın törədicisi olan- A qrupundan olan beta-hemolitik streptokokklar- qrammüsbət bakteriyalar qrupundan olub fakultativ -aeroblara aiddir və oval formaya malikdir. Xəstəliyin mənbəyi və ötürücüsü bütün digər streptokokk infeksiyalarında olduğu kimi xəstə və ya daşıyıcı insandır. Skarlatina xəstələri xəstəliyin ilk günlərində daha təhlükəli hesab olunurlar, lakin kliniki simptomların üzə çıxmasından 3 həftə sonra yoluxuculuq qabiliyyəti təmamilə itir. Əhalinin böyük bir hissəsi (15-20%) simptomsuz daşıyıcılardır və bəzən insanlar bir neçə ay və il ərzində infeksiya mənbəyi rolunu oynayırlar.
Streptokokk infeksiyası hava damcı (öskürək, asqırma, danışıq zamanı) və ya kontakt yolu ilə yayılır. Törədici qida məhsullarının üzərinə düşərsə alimentar yolla yoluxma da mümkündür. Yoluxma xəstə insanla yaxın kontaktda daha böyük ehtimalla baş verir.
İnsanın skarlatinaya təbii həssaslığı yetərincə yüksəkdir, xəstəlik adətən antitoksik immunitetin olmadığı halda beta hemolitik streptokokka yoluxmuş şəxslərdə (eritrogen toksin ifraz edən) yaranır. Keçirilmiş infeksiyadan sonra yaranan immunitet tipə spesifik olaraq yaranır və digər streptokokk növlərinə yoluxmaya maneə yaratmır. Müəyyən qədər mövsümi asılılıq mövcuddur: xəstəlik əsasən payız-qış aylarında artır; həmçinin digər respirator streptokokk infeksiyaları (angina, streptokokk pnevmoniya) ilə əlaqəsi mövcuddur.
Skarlatinanın patogenezi
Skarlatina üçün giriş qapısı rolunu əsnək, burun-udlaq, bəzən isə (nadir hallarda) cinsi orqanların selikli qişası oynayır. Bəzən, bakteriyalar zədələnmiş dəri örtükləri vasitəsilə orqanizmə daxil olur. Bakteriyanın daxil olduğu nahiyyədə xarakterik nekrotik dəyişikliklərlə infeksiya ocağı formalaşır. İnfeksiya ocağında artan törədicilər qana toksinlər ifraz edir və infeksion intoksikasiyanın inkişafına səbəb olur. Ümumi qan axınında toksinlərin mövcudluğu müxtəlif orqanlarda, xüsusilə dəri örtüklərində xırda damarların genişlənməsini stimulə edir və spesifik səpkilər şəklində özünü büruzə verir.
Tədricən, intoksikasiya simptomlarını azaldan və səpkiləri yox edən antitoksik immunitet formalaşır. Bəzi hallarda, qan dövranına bakteriyaların bilavasitə özünün keçməsi müxtəlif orqan və toxumaların (limfa damarları, beyin qişaları, məməyəbənzər sümük toxuması, eşitmə aparatı və s.) mikroorqanizmlərlə zədələnməsinə və irinli-nekrotik iltihabına səbəb olur.
Skarlatinanın əlamətləri
İnkubasion dövr bir sutkadan 10 günədək davam edə bilər. Xəstəlik kəskin başlayır, temperatur qəfil yüksəlir, artan intoksikasiya əlamətləri: baş ağrısı, əzlələrdə ağrı, gücsüzlük, taxikardiya müşahidə olunur. İlk günlərdən yüksək qızdırma artan oyanıqlıq, eyforiya, və ya əksinə: apatiya, yuxululuq və əzginliklə müşayiət oluna bilər. Artmış intoksikasiya əlamətləri qusmaya səbəb ola bilər. Son dövrlərdə skarlatinanın zəif hipertermiya ilə keçən, yüksək qızdırma verməyən gedişi çox rast gəlinir.
Udqunma zamanı boğazda ağrı hissi, əsnəyin müayinəsində badamcıqlarda (angina ilə müqayisədə daha intensiv), dil kökündə, qırtlağın arxa divarında, yumşaq damaqda (“alovlu əsnək” görüntüsü) aşkar hiperemiya nəzərə çarpır. Bununla yanaşı, yumşaq damağın sərt damağa keçən hissəsi aşkar sərhədlə məhdudlaşır. Bəzən, follikulyar-lakunar anginanın kliniki şəkli: damaq badamcıqlarının intensiv hiperemiyalı selikli qişası selikli-irinli, fibrinoz və ya nekrotik xarakterli ərp ocaqları (adətən xırda ocaqlar, bəzən isə iri və dərinləşmiş) ilə örtülmüş olur.
Eyni zamanda regionar (boyunun ön hissəsi) limfa düyünlərinin iltihabı meydana çıxır: ölçüləri bir neçə dəfə böyüyür, sərtləşmiş və toxunduqda ağrılı olur. Dil, öncə bozumtul-ağ ərplə örtülür, daha sonra isə (xəstəliyin 4-5-ci günü) al-qırmızı rəng alır, məməcikləri hipertrofiyalaşır (“moruğabənzər” dil). Xəstəliyin ağır gedişi zamanı dodaqlar da eyni rəngi alır. Adətən, bu vaxtdan baxlayaraq anginanın simptomlar azalmağa başlayır. Nekrotik xarakterli ərp daha zəif templə reqressiyaya uğrayır.
Xarakterik xırda nöqtəvari səpkilər xəstəliyin birinci-ikinci günündə meydana çıxır. Ümumi hiperemiya fonunda üzün və bədənin yuxarı hissəsində (daha sonra isə qolların bükücü səthlərində, yanlarda, budların içəri səthində) daha tünd nöqtələr meydana çıxır və dəri büküşlərində və təbii qatlanma nahiyyələrində (dirsək büküşü, qasıq, qoltuqaltı çüxur) birləşərək tünd-qırmızı zolaqlar (Pastia simptomu) formalaşdırırlar.
Bəzi hallarda bir neçə nöqtəvari səpki elementi birləşərək bir böyük eritemaya çevrilirlər. Üzdə olan səpkilər üçün xarakterik lokalizasiya yerləri yanaqlar, gicgah və alın nahiyyəsidir. Burun-dodaq üçbucağında səpki olmur, dəri solğun (Filatov simptomu) olur. Səpkilərin üzərindən basdıqda müvəqqəti olaraq itirlər. Damarların kövrəkləşməsi səbəbilə sürtünmə va ya təzyiqə məruz qalan nahiyyələrdə xırda papulalar, makulalar və vezikullar formalaşır. Həmçinin, səpkilərin gec meydana çıxması halları və ya təmamilə olmaması halları da ola bilər.
Adətən, xəstəliyin başlanğıcından 3-5 gün sonra xəstənin ümumi vəziyyəti yaxşılaşır, simptomları tədricən azalır, səpkilər solur və birinci həftənin sonu- ikinci həftənin başlanğıcında təmamilə itərək, xırda lövhəli qabıqlanma (əldə və ayaqlarda-iri lövhəcikli) yaradır. Səpkinin özünü büruzə vermə şəkli və itmə sürəti xəstəliyin ağırlıq həddindən asılı olaraq dəyişir. Qabıqlanmanın intensivliyi bilavasitə səpkilərin sıxlığından və mövcud olma müddətindən asılıdır.
Skarlatinanln ekstrabukkal forması törədicinin zədələnmiş dəri örtükləri (çapıq, yaralanma, əməliyyat yarası) vasitəsilə daxil olması zamanı yaranır. Bununla yanaşı zədə nahiyyəsində irinli-nekrotik ocaq formalaşır, səpkilər daxil olma nahiyyəsindən başlayaraq yayılır, əsnəkdə zədələnmə olmur.
Yaşlılarda skarlatina adətən silinmiş gedişli olur, cüzi intoksikasiya əlamətləri, əsnəyin nəzərəçarpan kataral simptomları və solğun, cüzi, qısamüddətli səpkilərlə xarakterizə olunur. Nadir hallarda (eləcə də böyüklərdə) skarlatina çox ağır gedişli olub, toksiki-septik şokun inkişafı: şiddətli proqressivləşən intoksikasiya, qızdırma, ürək-damar çatışmazlığının yaranması mümkündür.
Skarlatinanın fəsadları
Əksər hallarda skarlatinanın irinli-iltihabi fəsadları (limfadenit, otit) və gecikmiş fəsadlardan isə- infeksion-allergik mexanizlərlə (autoimmun mənşəli kardit, artrit, nefrit) bağlı ağırlaşmalar meydana çıxır.
Skarlatinanın diaqnostikası
Spesifik kliniki əlamətlər fiziki baxış və anamnez məlumatlarına əsasən dəqiq diaqnoz qoymağa imkan verir. Laborator diaqnostikada: qanın ümumi analizi- bakterial infeksiya əlamətlərini: neytrofil leykositoz, leykositar formulun sola meyilliyi, EÇS-in artmasını aşkar edir. Spesifik ekspress-diaqnostika məqsədilə koaqlütinasiya reaksiyası aparılır.
Ürək-damar sistemi ağırlaşmaları zamanı pasiyent kardioloqun konsultasiyası, EKQ və ürəin USM-müayinəsindən keçirilməlidir. Otit zamanı LOR həkimin baxışı və otoskopiya məsləhətdir. Sidikçıxarıcı yolların vəziyyətini qiymətləndirmək üçün böyrəklərin USM-i aparılır.
Skarlatinanın müalicəsi
Müalicə, adətən ev şəraitində aparılır, stasionar müalicə xəstəliyin ağır gedişi zamanı mütləqdir. Pasiyentlərə 7-10 günlük yataq rejimi, anginoz əlamətlər dövründə balanslaşdırılmış vitaminlə zəngin qidaların da daxil olduğu sağlıqlı qidalanma (qida duru konsistensiyada) rejimi təyin olunur.
Skarlatinanın etiotrop müalicəsində seçim preparatı pensilindir və 10 günlük kurs şəklində təyin olunur. Rezerv antibiotik qrupu olaraq makrolidlər və I nəsil sefalosporinlər (əsasən: eritromisin və sefazolin) verilir. Qeyd olunan preparatlara əks göstərişlər mövcud olarsa, sintetik penisillinlər və ya linkozamidlər təyin olunur. Kompleks müalicə tədbiri kimi antibiotikin antitoksik zərdabla kombinasiyası seçilir.
İnfeksiya ocağının sanasiyası məqsədilə boğazın 1:5000 nisbətdə durulaşdırılmış furasilin məhlulu, dərman bitkilərinin (çobanyastığı, evkalipt, kalendula) dəmləmələri ilə qarqarası təyin olunur. Ağır intoksikasiya zamanı qlükoza və ya duz məhlulları ilə infuziya, ürək fəaliyyətinin pozğunluqları zamanı müvafiq kardioloji preparatların (niketamid, efedrin, kamfora) təyinatı göstərişdir.
Skarlatinanın proqnozu
Müasir təbabət streptokokk infeksiyalarını, eləcə də skarlatinanı xəstəliyin erkən etaplarında antibiotik təyin etməklə uğurla aradan qaldıra bilir. Əksər hallarda xəstəlik qənaətbəxş proqnoza malikdir. Nadir hallarda xəstəliyin ağır gedişli toksiko-septiki formaları ağirlaşmalar verə bilər. Təkrari xəstələnmə halları 2-3% hallarda rast gəlinə bilər.
Skarlatinanın profilaktikası
Skarlatinanın ümumi profilaktika tədbirlərinə- xəstə və daşıyıcının vaxtında aşkar edilməsi, onların izolyasiyası (evdə və ya stasionarda), karantin qaydalarına riayət etmək (xüsusilə, bağçalarda, məktəblərdə, tibb müəssisələrində aşkarlandıqda) daxildir. Xəstələrin stasionardan buraxılması xəstəliyin başlanğıcından ən azı 10 gün sonra olur və 12 gün müddətində də evdə müalicə davam etdirilir. Pasiyentlər kollektivə 22 gündən tez olmamaq və mənfi bakterioloji müayinə nəticəsinin olması şərtilə qayıda bilər.
Skarlatina keçirməmiş uşaq xəstə ilə kontaktdan sonra 7 gün müddətində bağçaya və məktəbə buraxılmır. Kontaktda olan yetkin insanlar isə 7 gün ərzində işə çıxma məhdudiyyəti olmadan nəzarətdə saxlanılır.