Stabiloqrafiya

Vestibulyar analizatorun müayinəsi

Göstərişlər

Otorinolarinqologiyada stabiloqrafiya spesifik sindromları olan xəstələrdə ağırlaşmaların qiymətləndirilməsinə imkan verən yardımçı müayinə üsuludur. Müayinənin aparılmasına göstərişlərə aiddir:

  • Menyer xəstəliyi
  • Vertebrobazilyar çatışmazlıq
  • İltihabi, travmatik və ya mərkəzi labirint sindromu
  • VIII kəllə sinirinin zədələnməsi
  • Vestibulyar neyronit
  • Başgicəllənmə

Stabiloqrafiya nevrologiyada KBQP (kəskin beyin qan dövranı pozğunluğu) olan xəstələrdə postinsult dəyişikliklərin dərəcəsinin təyin olunmasında, ekstrapiramid pozğunluqlarda, dağınıq sklerozda təyin olunur. İdman təbabətində müayinədən yürüyüşçülərin, atıcıların, gimnastların funksional vəziyyətlərini qiymətlndirmək üçün istifadə edirlər. Pilot, sənaye alpinisti, dənizçi vəzifələrinə yiyələnmək istəyənlər də professional müayinə üsulu kimi stabiloqrafiyadan keçirilirlər.

Əks göstərişlər

Stabiloqrafiya -qeyri-invaziv müayinə üsulu olub, heç bir əlavə təsirə malik deyil. Ona görə də, birbaşa əks göstəriş mövcud deyildir. Texniki olaraq aşağıdakı vəziyyətlərdə əks göstərişdir:

  • Müayinə olunan şəxsin dayaq vasitəsi olmadan vertikal vəziyyəti saxlaya bilməməsi.
  • 3-4 yaşdan kiçik uşaqlarda və 70 yaşdan böyüklərdə əzələ atrofiyası və onurğanın nəzərəçarpan pozğunluqları.
  • Pasiyentin psixiatrik vəziyyəti və stabiloqrafiyanı aparmaq üçün təlimatlara riayət edə bilməmək.

Stabiloqrafiyaya hazırlıq

Stabiloqrafiya müayinəsinə hazırlıq öncədən aparılmalıdır. Nəticənin dəqiq olması üçün bir çox qaydaya əməl etmək lazımdır:

  • Neyroleptik qəbulunu dayandırmaq. Prosedura 1 həftə qalmış müalicə həkiminin razılığı ilə preparatın qəbulunu dayandırmaq.
  • Alkoqol və narkotiklərdən imtina. Narkotik təsirli vasitələr (eləcə də etanol) koordinasiya pozğunluğuna səbəb olur ki, bu da müayinənin aparılmasına mane olur.
  • Normal yuxu. Stabiloqrafiya olunmalı şəxsdə gecə yuxu müddəti 7-8 saatdan az olmamalıdır. Əks halda vücudun stabilizasiya sisteminin fəaliyyətində kiçik, lakin statik əhəmiyyətli dəyişikliklər baş verə bilər.
  • Anamnezin toplanması. Pasiyentin keçirdiyi xəstəliklər, dominəedici tərəfi (sağaxay, solaxay) müəyyən edilməlidir. Görmə itiliyinin təyini mütləqdir. Əgər pasiyent görmə itiliyinin korreksiyası əməliyyatı keçirmişsə, bu protokolda mütləq qeyd olunmalıdır.
  • Antropometriya. Müayinə otağında pasiyentin boyu, çəkisi, çanaq sümüyünün ön-yuxarı oxları arasındakı məsafə ölçülür. Bu parametrlər cihazın iş rejiminin seçilməsi üçün vacibdir.

Müayinə üçün pasiyent ayaqqabısını və corablarını çıxarır. Müayinə ayaqyalın aparılır ki, bu da cihazın maksimal həssaslığına imkan verir.

Müayinənin aparılma qaydası

Stabiloqrafiya 3x4m2 sahəsi olan otaqda aparılır. İşıqlanması zəif olmalı, kəskin səslərin qarşısı alınmalıdır. Platformanı hər divardan ən az 1m aralı yerləşdirirlər. Prosedura bir neçə mərhələdən ibarətdir:

  • Ayaqların qoyulma qaydası. Avropa və amerikan üsulları mümkündür. Birinci halda dabanlar yanaşı qoyulur, pəncələr 30o bucaq altında aralı olur. İkinci halda pəncələr platformanın mərkəzinə simmetrik və bir-birinə paralel qoyulmalıdır.
  • Bədənin vəziyyətinin fiksasiyası. Pasiyent mümkün olduğu qədər düz durur. Əgər prosedur açıq gözlərlə aparılırsa, baxış xüsusi markerdə fiksasiya olunur. Başı çevirmək, danışmaq, əsaslanmamış hərəkətlərə icazə verilmir.
  • Məlumatların yazılması. Həkim kompyuterdə lazımi parametrlərin qeydiyyatına başlayır. Stabiloqrafiya zamanı bir siklin standart müddəti 30,60 və ya 52,1 saniyədir. Yarana biləcək artefaktları istisna etmək üçün 3-5 dəfə təkrarlanır. Qaranlıq otaqda sınaq açıq və ya bağlı gözlərlə, başı çevirməklə aparıla bilər.
  • Nəticənin qiymətləndirilməsi. Stabiloqramm əldə olunduqdan sonra, həkim onu qiymətləndirir və nəticələrə əsasən müvazinəti təmin edən vestibulyar aparatın və ya digər strukturların vəziyyətini təyin edir.

Stabiloqrafiyadan sonra

Stabiloqrafiya xüsusi bərpa tədbirləri və sonrakı nəzarəti tələb etmir. Manipulyasiyadan dərhal sonra pasiyent evə buraxılır. Nəticənin qiymətləndirilməsi təxminən 2 saat çəkir. Müalicə taktikası alınmış nəticəyə əsasən aparılır. Nəticənin yetərli olmadığı hallarda üzvi patologiyaları aşkarlayan vizualizasiya prosedurları (kompyuter tomoqrafiya, rentgenoqrafiya, ssintiqrafiya) təyin olunur.

Fəsadları

Günümüzədək fəsadı rast gəlinməmişdir. Stabiloqrafiya hər hansı dərman və ya fiziki təsirin işirakı olmadan aparılır və bu neqativ təsir ehtimalını istisna edir. Teorik olaraq klaustrofobiyadan, psixiatrik xəstəliklər qrupundan əziyyət çəkən şəxslərdə patologiyanın kəskinləşmə ehtimalı mövcuddur. Qapalı məkanda uzun müddət qalmaq və həkimin təlimatına ehtiyac olduğundan buna səbəb ola bilər.

error: Content is protected !!