Zülal qəbulu bud sümüyü boynunun sınma riskini azaldır
Yeni araşdırmalara görə zülal qəbulunu artırmaq və çay və ya kofenin requlyar qəbulu orta yaşlı qadınlarda bud sümüyü boynunun sınığı riskini azaltmağa kömək edir. Araşdırma Böyük Britaniyanın Lidsa Universitetinin alimləri tərəfindən aparılmışdır. Təcrübənin nəticələri Clinical Nutrition jurnalının 8 noyabr 2022-ci il buraxılışında dərc olunmuşdur.
Hər il dünyada 1,6 mln insan bud sümüyü boynunun sınığına məruz qalır. Belə travmalar çox vaxt özünə qulluq qabiliyyətinin pozulması və vaxtından əvvəl ölümlə nəticələnir. Yeni aparılmış təcrübədə ingiltərəli dietoloq-alimlər qida məhsulları və qidalı maddələrin bud sümüyü boynunun sınığı riski ilə əlaqəsini, eləcə də bədən kütlə indeksinin (BKİ) potensial modifikator effektini müəyyən etmişlər.
35-69 yaş arası britaniyalıların işə qəbulu (1995-1998-ci illər) zamanı toplanmış qidalanma, həyat tərzi, antropometrik və sosial-iqtisadi məlumatları və qida qəbulu tezliyini təsdiqləyən 217 punktdan ibarət sorğu nəticəsi öyrənilmişdir. İştirakçılar arasında bud sümüyü boynunun sınığı halları 2019-cu ilin martına kimi statistik hospitalizasiya məlumatlarına əsaslanaraq qiymətləndirilmişdir.
26318 iştirakçı qadından cəmi 822 -də (3,1%) bud sümüyü boynunun sınığı müşahidə olunmuşdur. Məlumatlar araşdırılarkən məlum olmuşdur ki, gündəlik rasionda zülal qəbulunun 25 q artırılması bud sümüyü boynunun sınığı riskini 14% azaltmışdır. Bununla yanaşı, çəki indeksi az olan qadınlarda bu riski daha 45% az olmuşdur. Zülal istənilən formada: ət, süd məhsulları, vegeterian qidalananlarda isə paxlalılar və ya quru meyvələrlə qəbul oluna bilər. 25 q zülal qızılbalıq steykində və ya 3-4 yumurtada olur.
Həmçinin, əlavə qəbul olunan hər fincan çay və ya kofenin sınığın baş vermə riskini 4% daha azaltması mütəxəssislərin marağına səbəb olmuşdur. Bunu onunla izah etmişlər ki, çay və kofedə olan bioloji aktiv birləşmələr (polifenollar, fitoestrogenlər) sümüklərin sağlamlığını qorumağa yardımçı olur.
Böyük Britaniyada gündəlik zülal norması 0,8 q/kq-dır ki, bu da bəzi mütəxəssislərin fikrincə çox aşağıdır. Yaş artdıqca qadınlarda sümüklərin mineral sıxlığı və əzələ kütləsi azaldığı üçün bəzi qida maddələrinin, xüsusilə zülal qəbulu, bud sümüyü boynunun sınığı riskini azaltmağa kömək edir.
Mənbə: Clinical Nutrition