Badam qəbulu bağırsaq mikrobiomunu sağlamlaşdırır
Badam ləpəsi ən xeyirli atıştırmalıqlardan hesab oluna bilər, belə ki, o bağırsaq mikrobiomuna və fiziologiyasına müsbət təsir göstərir. Bu haqda London Kraliyyət kolleci mütəxəssislərinin American Journal of Clinical Nutrition jurnalının 20 oktyabr 2022-ci il saylı buraxılışında dərc etdikləri elmi məqalədə bəhs edilir.
Bağırsaq mikrobiomu metabolik, immun və digər proseslərə təsir göstərən minlərlə xeyirli və zərərli mikroorqanizmlərdən təşkil olunmuşdur. Bağırsaq mikrobiomunun insan sağlamlığına təsiri hələ də öyrənilməkdədir, lakin əldə olunan məlumatlara əsasən bəzi qida maddələrinin qəbulu bağırsaqlarımızda müəyyən qrup bakteriyalara müsbət təsir göstərir.
Badamın tərkibində lipidlər, liflər və polifenollar vardır, qidalı maddələrin mənimsənilməsində vacib rol oynayır və sağlamlığa müsbət və ya mənfi təsir göstərə bilər. Britaniya alimlərinin apardığı yeni təcrübədə bütöv və ya toz şəklində badamın bağırsaq bifidobakteriyalarına, bağırsaq mikrobiotunun tərkibinə və MBT-dən qidanın keçmə müddətinə təsirini öyrənmişlər.
Təcrübədə 87 sağlam yetkin şəxs iştirak edirdi və onları 3 qrupa ayırmışdılar: birinci qrup atışdırma şəklində tam badam ləpəsi (56 q/gün), ikincisi- əzilmiş badam (56 q/gün), üçüncü qrup isə kalori hesabı ilə balanslaşdırılmış kekslər (maffinlər) vermişlər.
Təcrübənin əvvəlində və sonunda iştirakçılarda növbəti parametrlər yoxlanılmışdır: bağırsaq mikrobiotunun tərkibi və növləri (16S rRNT gen sıralaması), qısazəncirli yağ turşuları (qaz xromatoqrafiyası), uçucu üzvi birləşmələr (qaz xromatoqrafiyası kütlə-spektrometriyası), bağırsaqdan keçmə müddəti (kapsul endoskopiyası), nəcis ifrazının tezliyi və bağırsaq simptomları (7-günlük qeydiyyat).
Mütəxəssislər müəyyən etmişlər ki, badam qəbul edən qrup (tam və ya toz şəklində) kontrol qrupu ilə müqayisədə (18,2 mkmol/q) daha böyük həcmdə butirata (24,1 mkmol/q) malikdir. Badamın qəbul forması (tam və ya əzilmiş) təcrübənin nəticəsinə heç bir təsir etməmişdir. Butirat- qısazəncirli yağ turşusu olub, bağırsaqlar üçün əsas yanacaq deposudur və digər qidalı maddələrin sorulmasını tənzimləyir.
Qidanın bağırsaqdan keçmə müddəti və stulun konsistensiyasında əsaslı fərq olmasa da, bütöv badam qəbul edənlərdə həftə ərzində defekasiya sayında 1,5 artım olmuşdur. Bu nəticələr göstərir ki, badam qəbulu qəbizlik problemi olan insanlar üçün də xeyirlidir. Hər üç qrupda nəcisdəki bifidobakteriyaların sayında və keyfiyyətində əsaslı fərq müşahidə edilməmişdir.
Təcrübə göstərmişdir ki, bütöv və əzilmiş şəkildə badam qəbulu daha yüksək səviyyədə monodoymamış yağ turşularının, liflərin, kalium və digər vacib qidalı maddələrin mənimsənilməsini təmin edir. Alimlər bağırsaq mikrobiomunun sağlamlığı üçün rasiona badamı əlavə etməyi məsləhət görürlər.