Alimlər autoimmun xəstəliklərin yayılma tezliyini qiymətləndirmişlər
22 milyon insanın iştirakı ilə keçirilən geniş miqyaslı araşdırmada məlum olmuşdur ki, hər 10 şəxsdən 1-də autoimmun xəstəlik mövcuddur. Leuven Katolik Universiteti (Belçika), London İmperial Kolleci və Kardiff Universiteti (Böyük Britaniya) alimlərinin birgə işi The Lancet jurnalının 02.2023 tarixli nömrəsində dərc olunmuşdur.
Autoimmun xəstəliklər immun sistemin işinin qüsuru zamanı yaranır və orqanizmin sağlam hüceyrələrinin məhvi ilə özünü büruzə verir. Autoimmun xəstəliklərin müxtəlif növləri müxtəlif sürətlə yayılır. Alimlər Böyük Britaniyada 19 müxtəlif autoimmun xəstəliyin populyasiyanın cinsiyyət, yaş, sosial-iqtisadi vəziyyət, mövsüm və regionundan asılı olaraq yayılma tezliyini və eləcə də yanaşı rastgəlmə ehtimallarını araşdırmışlar.
Araşdırmada Clinical Practice Research Datalink-in 2000-2019-cu illərdə müalicə almış 22009375 xəstəsinin elektron tibbi məlumtlarından istifadə edilmişdir. Bu zaman kəsiyində heç olmasa 1 autoimmun xəstəlik diaqnozu 625879 (63,9%) qadında və 352993 (36,1%) kişidə qoyulmuşdur. Pasiyentlərin orta yaş göstəricisi 54-dür.
Araşdırılan 19 autoimmun xəstəlik ümumimilikdə iştirakçıların 10,2%-də (13,1% qadınlar, 7,4% kişilər) rast gəlinmişdir. Xəstəliklərdən daha çox rast gəlinənlərə: seliakiya, Şeqren sindromu və Qreyvs xəstəliyi aiddir. Həmçinin, pernisioz anemiya və Haşimoto tireoiditinin də nəzərəçarpacaq dərəcədə azaldığı müşahidə edilmişdir.
Müşahidə göstərdi ki, autoimmun xəstəliyi olan şəxsin ikinci bir autoimmun xəstəliyə tutulması digərlərinə nisbətən daha yüksəkdir. Əksər hallarda, Şeqren sindromu, sistem qırmızı qurdeşənəyi və sistem skleroderma birgə rast gəlinir. Uşaq yaşlarından I tip diabetdən əziyyət çəkən şəxslərdə böyük ehtimalla Addison xəstəliyi, seliakiya, Haşimoto tireoiditi, Qreyvs xəstəliyi də müşahidə olunacaqdır. Dağınıq skleroz isə nadir hallarda digər xəstəliklərlə yanaşı müşahidə olunur.
Bəzi autoimmun pozğunluqların sosial-iqtisadi, mövsümi və regional fərqləri bu xəstəliklərin patogenezində ətraf mühit amillərinin böyük rol oynadığını göstərir. Mütəxəssislər növbəti tədqiqatlarını bu halların ilkin səbəblərini araşdırmaq və ekoloji risk faktorları ilə mübarizə yollarını müəyyən etmək istiqamətində aparmağı nəzərdə tuturlar.
Mənbə: The Lancet