Epidemik parotit

Epidemik parotit haqqında ümumi məlumat

Epidemik parotit kəskin infeksion xəstəlik olub, qulaqətrafı tüpürcək vəzilərinin və sinir sisteminin zədələnməsi ilə keçir. İnsanların infeksiyaya həssaslığı çox yüksəkdir. Postinfeksion immunitet güclü və uzunmüddətlidir. Erkən yaşlı uşaqlar anadan aldıqları antitellər və xəstələrlə nadir hallarda kontaktda olduqları üçün nadir hallarda xəstələnirlər. Hal-hazırda xəstəlik əsasən 5-15 yaşarası uşaqlarda, xüsusilə oğlan uşaqlarında rast gəlinir. Xəstəlik hər zaman, bütün fəsillərdə rast gəlinir, payız-qış dövündə müəyyən qədər artım müşahidə oluna bilər.
Epidemik parotit

Epidemik parotitə səbəb olan virus-RNT tərkibli paramiksovirusdur. Əsasən insanlarda xəstəlik törədir, lakin itlərdə də sahibindən yoluxma halları məlumdur. Xarici mühitə davamsızdır, quruluq, yüksək temperatur, ultrabənövşəyi şüaların təsiri altında asanlıqla məhv olurlar. Aşağı ətraf mühit temperaturunda 1 ilədək yaşaya bilirlər. Epidemik parotit törədicisinin mənbəyi xəstə insandır. Virus tüpürcək və sidiklə ifraz olunur, qanda və likvor mayesində, ana südündə aşkarlanır.

Virusun ifrazı klinik əlamətlərin büruzə verməsindən 1-2 gün öncədən başlayır və təxminən 1 həftə davam edir. 25-50% hallarda xəstəlik silinmiş və ya simptomsuz keçir, lakin aktiv şəkildə virus ifrazı davam edir. Epidemik parotitin törədicisi hava-damcı yolu ilə aerozol çexanizmi ilə ötürülür. Nadir hallarda (törədicinin davamlılığından asılı olaraq) ötürülmə xəstə insanın tüpürcəyilə çirklənmiş şəxsi əşyalar vasitəsilə ola bilər. Hamiləlik, doğuş və laktasiya dövründə virusun vertikal yolla anadan dölə ötürülməsi də mümkündür.

Epidemik parotitin simptomları

Epidemik parotitin inkubasiya dövrü bir neçə gündən 1 ayadək, orta hesabla 18-20 gün çəkir. Uşaqlarda nadir hallarda prodromal əlamətlər: baş ağrısı, zəif titrətmə, mialgiya və artralgiya, qulaqdibi vəzilərdə diskomfort, ağızda quruluq şikayətləri ola bilər. Əksər hallarda xəstəlk qəfil və sürətli artan qızdırma, titrətmə ilə başlayır. Qızdırma adətən 1 həftəyədək davam edir. İntoksikasiya əlamətləri: baş ağrısı, ümumi zəiflik, yuxusuzluq müşahidə edilir.

Xəstəliyin spesifik əlaməti qulaqdibi tüpürcək vəzilərinin iltihabı olub, bəzən çənəaltı və dilaltı vəziləri də əhatə edə bilər. İltihablaşmış tüpürcək vəziləri proyeksiyaları boyunca şişkinliklə, toxunduqda xəmirvari, ağrılı (xüsusilə mərkəzi hissəsi) konsistensiyası ilə xarakterikdir. Vəzin həddən artıq şişməsi üz ovalının deformasiyasına, qulaq məməciyinin yuxarı qalxmasına və üzün armudvari görünümünə səbəb ola bilər. İltihablaşmış nahiyyədə dəri rəngini dəyişmir, dartılmış olur, çətinliklə qatlanır, parıldayır. Adətən, iltihab 1-2 gün fasilə ilə hər iki qulaqdibi vəziləri zədələyir, lakin proses birtərəfli də ola bilər.

Qulaqdibi nahiyyədə ağırlıq hissi, ağrı (xüsusilə gecələr), qulaqlarda küy və ağrı (yevstax borusunun sıxılması səbəbilə), eşitmənin zəifləməsi ola bilər. Filatov simptomunun (qulaq seyvanının sırğalığının arxasına basdıqda ağrı) müsbət olması parotitin diaqnostikası üçün spesifik göstəricidir.

Bəzən vəzidəki ağrı hissi çeynəməyə mane olur, ağır hallarda isə çeynəmə əzələlərinin trizmi inkişaf edə bilər. Tüpürcək ifrazının azalması müşahidə oluna bilər. Vəzi nahiyyəsində ağrı 3-4 gün davam edir, bəzən qulaq və boyuna irradiasiya edə bilər. Tədricən şikayətlər itir, şişkinlik reqressiya edir. Limfa düyünlərinin böyümısi epidemik parotit üçün xarakterik deyil.
Böyüklər parotiti daha ağır keçirirlər, onlarda prodromal əlamətlər daha tez-tez rast gəlinir, intoksikasiya daha ağır olur və kataral əlamətıər müşahidə edilə bilər. Proses xüsusilə çənəaltı və dilaltı vəzilərə yayıla, bəzən də ancaq onlarda inkişaf edə bilər. Çənəaltı vəzi şişərək çənə altı nahiyyə boyunca dəri dartılmış şəkil alır, toxunduqda konsistensiyası xəmirəbənzər və ağrılı olur. Bəzən ödem boyun nahiyyəsinə də yayıla bilər. Dilaltı vəzinin iltihabı boyun nahiyyədə şişkinlik, ağrı və ağızın selikli qişasının dilaltı nahiyyədə hiperemiyası, dil çıxararkən ağrılı olması ilə xarakterizə olunur. Böyüklərdə tüpürcək vəzilərinin ödemi adətən 2 həftə və daha uzun müddət davam edə bilər.

Epidemik parotitin ağırlaşmaları

Epidemik parotitin kəskin dövrü adətən yüngül keçir, lakin sonradan seroz meningit (bəzən meninqoensefalit), orxit, epididimit, ooforitkəskin pankreatit kimi ağırlaşmalar yarana bilər. Belə bir məlumatlar vardır ki, bu xəstəliklər epidemik parotitin daha ağır gedişli olmasının göstəricisidir (virus sinirləri və vəzili orqanları zədələməyə meyillidir).

Epidemik parotitin diaqnostikası

Diaqnoz spesifik kliniki əlamətlərə əsasən qoyulur. Laborator müayinələr diaqnostika üçün yetərli informasiya verə bilmir. Şübhəli hallarda seroloji analizlər: İFA, KBR, HATR təyin edilə bilər.
Xəstəliyin ilk günlərində virusun V və S antigenlərinə qarşı antitellərin hər birinin təyini yoxlana bilər. Yardımçı diaqnostik müayinə kimi qanda və sidikdə amilaza və diastaza fermentlərinin aktivliyini təyin etmək lazımdır.

Epidemik parotitin müalicəsi

Ağırlaşmamış epidemik parotitin müalicəsi evdə aparılır, hospitalizasiya ya ağır fəsadlarda, və ya karantin məqsədilə aparıla bilər. Epidemik parotitin ağırlaşmaları zamanı androloq, ginekoloq, otorinolarinqoloq və surdoloqun konsultasiyası mütləqdir. Qızdırma dövründə ümumi vəziyyətdən asılı olmayaraq yataq rejimi məsləhətdir. İlk günlərdə duru və yarısulu qida qəbulu, çoxlu su və ya çay içmək lazımdır. Ağız gigiyenasına diqqətli olmaq, qaynanmış su və ya zəif sodalı məhlulla ağzı yaxalamaq, dişləri təmiz yumaq mütləqdir. İltihablanmış vəzilər nahiyyəsinə quru isidici kompress qoymaq, fizioterapevtik üsullar (UVÇ, UBŞ, diatermiya) təyini müsbət təsir göstərir.

Dezintoksikasion terapiya göstərişə uyğun olaraq aparılır, ağır intoksikasiyalar zamanı kiçik dozalarda qlükokortikoidlər (steroidlərlə mülicə yalnız stasionar şəraitdə aparılır) təyin edilə bilər. Xəstəliyin erkən dövrlərində interferon və ya onun sintetik analoqlarının təyini müalicəvi effekt göstərir. Epidemik parotit orxitlə ağırlaşarsa müalicəyə suspenzorilər əlavə edilir, ilk 3-4 gün xayalara soyuq, sonrakı günlər isinmə təyin edilir. Qlükokortikoidlərin erkən təyini mütləqdir.

Müalicə və profilaktikası

Ağırlaşmamış epidemik parotitin proqnozu qənaətbəxşdir, sağalma 1-2 həftəyə (bəzən bir qədər uzun) olur. İkitərəfli orxitin inkişafı fertil funksiyanın itirilməsi ilə nəticələnə bilər. Sinir sisteminin zədələnməsilə keçən ağırlaşmalardan sonra bir çox əzələ qruplarının parezi və iflici, eşitmənin zəifliyi və tam karlıq yarana bilər.

Xəstəliyin spesifik profilaktikası canlı vaksinlə 1 yaşda aparılır, 6 yaşda revaksinasiya aparılır. Vaksinasiya xəstəlik ehtimalını xeyli azaldır və ağırlaşmaların qarşısını alır. Epidemioloji tələbata uyğun olaraq vaksinasiya daha böyük yaşlarda da aparıla bilər.

Ümumi profilaktik tədbirlərə kliniki əlamətlərin tam aradan qalxmasınadək (9 gündən az olmayaraq) xəstənin izolyasiya olunması, ocağın dezinfeksiyası daxildir. Uşaq kollektivlərində karantin tədbirləri 21 gün aparılır, öncədən vaksinasiya olunmamış uşaqlar vaksinasiya edilir.

error: Content is protected !!