Adrenokortikotrop hormonun (AKTH) analizi

Adrenokortikotrop hormon (AKTH, kortikotropin)– polipeptid hormon olub, adenohipofizdə sintez olunur. AKTH-nun müayinəsi somatotrop hormon, aldesteron, kortizol, dehidroepiandrosteron-sulfatla birgə yoxlanılır. ADKH-nun müayinəsi böyrəküstü vəzi çatışmazlığının müxtəlif formalarının differensial diaqnostikası, aparılmış müalicə tədbirlərinin effektivliyinin qiymətləndirilməsi məqsədilə aparılır. Müayinə üçün venoz qan plazması istifadə olunur. Əksər hallarda göstəricilər bərk fazalı immunohemilyuminessent analiz üsulu ilə təyin olunur. Qanda AKTH-un normal göstəriciləri 0-46 pq/ml təşkil edir. Analizin cavabı- 2 iş günündə verilir.

Adrenokortikotrop hormon- adenohipofizin hormonu olub, hipotolamusun kortikotropin-rilizinq-faktorunun (KRF) təsirilə kortikotrop hüceyrələrdə sintez olunur. AKTH böyrəküstü vəzinin qabıq maddəsinə birbaşa təsir göstərərək kortizol sintezini stimulə edir. Bununla yanaşı, adrenokortikotrop hormon androgenlərin, progesteron və estrogenlərin də sintezini təmin edir. Müəyyən dərəcədə böyrəküstü vəzin beyin maddəsində mineralokortikoidlərin və katexolaminlərin sintezinin sürətlənməsinə təsir edir. ADKH-un sintez olunma sürəti mənfi əks əlaqə prinsipilə tənzimlənir. Qanda kortizolun səviyyəsi nə qədər yüksəkdirsə, hipotalamisdan kortikoliberin daha az ifraz olunur və, müvafiq olaraq da hipofizdə AKTH daha az sintez olunur.

Hipotalamo-hipofizar-böyrəküstü vəzi sisteminin işi sirkad ritmə və stressin təsirinə tabe olur. AKTH-un ən yüksək səviyyəsi səhərlər saat 6-8 arası, ən aşağı isə- axşamlar saat 21-22 arasıdır. AKTH-un yarımparçalanma dövrü 7-12 dəqiqədir. Əgər insan intensiv stressə məruz qalırsa gün ərzində AKTH-un səviyyəsi arta bilər. Qanda kortizolun konsentrasiyası emosional gərginlikdən yarım saat sonra maksimal həddə çatır. Saat fərqi ilə olan uzun müddətli uçuşlar zamanı AKTH-un sintezinin sirkad ritmi yalnız 1-2 həftə sonra normallaşır. Adrenokortikotrop hormon mədəaltı vəzinin beta-hüceyrələri tərəfindən insulin sintezini stimulə edir və hipoqlikemik vəziyyət yaradır. O, yağların parçalanmasını, əzələlər tərəfindən qlükoza və aminturşu qalıqlarının mənimsənilməsini aktivləşdirir. Dəri örtüklərində piqment sintezinə təkan verir.

Adrenokortikotrop hormonun kortizolla birgə müayinəsi həkim-endokrinoloq tərəfindən böyrəküstü vəzinin qabıq maddəsinin və hipofizin işinin pozulmasının aşkarlanması, böyrəküstü vəzinin çatışmazlıq səbəbinin müəyyənləşdirilməsi, AKTH-sintez edən şişlərin diaqnostikası məqsədilə aparılır. Kardioloq və terapevtlər AKTH testinin nəticələrindən ikincili arterial hipertenziyanın differensial diaqnostikası məqsədilə istifadə edirlər.

Göstərişlər

Ayşəkilli üz, artmış dəri həssaslığı, üzdə sızanaq, bənövşəyi zolaqlar, tüklənmənin artması və menstrual siklin pozulması ilə müşayiət artıq çəkili qadınlarda qanda adrenokortikotrop hormonun müayinəsi aparılır. Bu simptomlar hormondanasılı şişlər zamanı AKTH və ya kortizol sintezinin artma əlaməti ola bilər. AKTH müayinəsi əzələ zəifliyi, aşağı arterial təzyiq, çəki itkisi, hipoqlikemiya, hiperkaliemiya və hiperkalsiemiya zamanı aparılır. Bu əlamətlər AKTH-un defisiti ilə keçən böyrəküstü vəzinin qabıq maddəsinin xərçəngi və ya kortikosteromalar üçün xarakterikdir.

Uşaq yaşlarda qanda AKTH-un təyini ikincili cinsi əlamətlərin vaxtından əvvəl meydana çıxması zamanı aparılır. Qızlarda bu- kişi tipli tülənmə və erkən menarxe şəklində, oğlanlarda isə- boyun və inkişafının sürətlənməsi, cinsi orqanın böyüməsi və xayanın piqmentasiyası şəklində özünü büruzə verir. Bu simptomlar hipofizdə adrenokortikotrop hormonun sintezində çatışmazlığı göstərir. AKTH-un müayinəsinə əks göstərişlər yoxdur.

Müayinəyə hazırlıq və qanın götürülməsi

AKTH-un götürülməsi və müayinəsi xüsusi laboratoriyalarda aparılır. Nəticələrin daha etibarlı olması üçün bir neçə qaydaya əməl etmək lazımdır. Qanın götürülməsinə 24 saat qalmış özünü intensiv fiziki və psixoemosional yükləmək, spirtli içki qəbul etmək olmaz. Müalicə həkimi ilə razılaşdıqdan sonra 1 sutkadan az olmamaq şərtilə dərman qəbulu dayandırılmalıdır. Müayinədən 10-12 saat öncə qida qəbulu qadağandır. Müayinəyə 2 saat qalmış siqaret çəkmək olmaz.

AKTH-un müayinəsi üçün qan istənilən periferik venadan xüsusi vakutaynerə yığılır. Üzərində S.A.A, bioloji materialın götürüldüyü yer, tarix və saat qeyd olunur. Məlumatlar elektron məlumatlar bazasında qeydiyyata salınır. AKTH çox qeyri-stabil birləşmə olduğu üçün biomaterialdan plazmanın ayrılması və buza yerləşdirilməsi çox qısa zaman kəsiyində olmalıdır. Adrenokortikotrop hormonun molekulu davamsız olduğundan bütün qaydalara (materialın götürülməsi, transportu) riayət olunmaqla bir neçə dəfə təkrarlanmalıdır.

Qanda AKTH-un təyini əvvəllər bioloji və radioimmun üsullarla aparılırdı, lakin bu üsulların həssaslığı böyrəküstü vəzilərin çatışmazlıqlarının fərqli növlərini differensiasiya etmək üçün yetərli deyildi. Hazırki dövrdə, kortikotropinin müayinəsi immunoradiometrik və immunohemilyuminessent üsulları ilə aparılır. İmmunohemilyuminessent üsulun əsasında antigenlərin immun qarşılıqlı təsiri durur. Müayinə zamanı sınaq şüşəsinə xüsusi maddə- ultrabənövşəyi şüaların təsirilə lyuminessensiyaya uğrayan lyuminofor əlavə olunur. Lyuminoforun AKTH molekulu ilə birləşməsi nəticəsində xüsusi işıqlanma yaranır. Lyuminometr vasitəsilə işıqlanmanın intensivliyi ölçülür. Nəticə kalibrlənmiş qrafiklə müqayisə olunur və alınan nəticələrə əsasən AKTH-un səviyyəsi hesablanır.

Normal göstəricilər

AKTH üçün referans aralığı 0-46 pq/ml-dir. Normal dəyərlər sutkalıq dəyişikliklərə məruz qalır, müayinənin aparılma qaydasından və konkret laboratoriyada istifadə olunan reaktivlərdən asılıdır. Nəticələr əldə olunduqda, alınmış rəqəmi həmin laboratoriya üçün keçərli olan “Referans göstəriciləri” sütununda tapırıq. Analizin nəticəsinə hamiləlik, menstruasial siklin günü, stress, uzun sürən uçuşlar təsir edir.

Diaqnostik əhəmiyyəti

Adrenokortikotrop hormonun konsentrasiyasının 1,5-2,5 dəfə yüksəlməsi böyrəküstü vəzinin qabıq maddəsində, ikitərəfli patoloji proses nəticəsində meydana çıxan birincili böyrəküstü vəzi çatışmazlığında müşahidə olunur. Əsasən autoimmun mexanizmlər və ya vərəm nəticəsində Addison xəstəliyi yaranır. AKTH-un 2 dəfə artması İtsenko-Kuşinq xəstəliyinin göstəricisidir. Onun səbəbi- çoxlu miqdarda AKTH sintez edən hipofizin şişləridir.

Adrenokortikotrop hormonun 1,5 dəfə yüksəlməsi ektopik AKTH-sindromu zamanı müşahidə olunur. Sindrom struktur quruluşuna görə AKTH-a bənzər aktiv molekullar sintez edən bədxassəli törəmələr zamanı yaranır. Belə törəmlər adətən mədə, uşaqlıq, ağciyərlər, qalxanvari vəzidə rast gəlinir. Sintetik AKTH, insulin, spironolakton, estrogenlə müalicə zamanı AKTH-un səviyyəsi artır. AKTH-un səviyyəsinin yüksəlməsinin nadir səbəblərinə böyrəküstü vəzilərin anadangəlmə hiperplaziyası, Nelson sindromu, böyrəküstü vəzi virilizmi, əməliyyatsonrası və posttravmatik vəziyyətlər daxildir.

AKTH-un səviyyəsinin aşağı olması əsasən qlükokortikoidlərlə uzunmüddətli müalicə zamanı rast gəlinir. Adrenokortikotrop hormonun 1,5-2 dəfə azalması İtsenko-Kuşinq sindromu zamanı aşkarlanır. Bu sindrom böyrəküstü vəzinin xərçəngi və xoşxassəli törəmələr- kortikosteromalar zamanı rast gəlinir. Səbəbi, əks əlaqə mexanizmi ilə: kortizol nə qədər çox sintez olunursa, hipofizdə AKTH bir o qədər az ifraz olunur.

Normadan kənaraçıxmaların müalicəsi

Müayinə zamanı AKTH-un dəyişiklikləri zamanı pasiyent müalicə həkiminə (terapevt, endokrinoloq, kardioloq, onkoloq) müraciət etməlidir. Normal göstəricilər hipofiz və ya böyrəküstü vəzinin xəstəliklərini inkar etmir. Diaqnozun qoyulması üçün qanda AKTH bir neçə dəfə yoxlanılmalıdır. Ehtiyac olduqda, kortikoliberinlə yüklənmə sınağı, KT və MRT təyin olunur. Əlavə müayinələr diaqnozu dəqiqləşdirməyə və dərhal müalicəyə başlamağa kömək edir.

error: Content is protected !!