Аllergik alveolit

Аllergik alveolit – inhalyasion allergenlərin tənəffüs yollarına düşməsi nəticəsində yaranan bronxiol və alveolların immunoloji iltihabi reaksiyasıdır. Kliniki mənzərəsi əsasən inspirator təngnəfəslik, öskürək, döş qəfəsində ağrılar, kəskin gedişatlı formasında – qripəbənzər vəziyyətlə xarakterizə olunur. Allergik alveolitin diaqnostikası spirometriya, döş qəfəsinin rentgenoqrafiyası və kompyuter tomoqrafiyası (KT), bronxoalveolar lavajın və ağciyər toxuması bioptatının müayinəsi,  qan zərdabında antitellərin səviyyəsinin təyini ilə aparılır. Allergik alveolitin müalicəsi allergenin orqanizmdən kənarlaşdırılması (eliminasiyası) ilə başlanır, qlükokortikosteroidlər təyin oluna bilər.

Аllergik alveolit barədə ümumi məlumat

Ekzogen allergik alveolit (hiperhəssaslıq pnevmoniti) – tənəffüs yollarının terminal hissələrində (alveol və bronxların) iltihabi proseslə müşayiət olunan ağciyərlərin intersitisial xəstəliyidir. Xəstəlik xarici faktorların orqanizmə daxil olaraq tənəffüs yollarını zədələməsi nəticəsində inkişaf edir. Pulmonologiya allergik alveolitin müxtəlif formaları – peşə patologiyasına aid olan, həmçinin peşə fəaliyyəti ilə əlaqəsi olmayan formalarını araşdırır. Xəstəlik ilk dəfə 1932-ci ildə fermerlərdə (“fermer ağciyəri”) təsvir olunmuşdur;  rastgəlmə tezliyinə və əhəmiyyətinə görə ikinci forma göyərçinləri yemləyənlər arasında rast gəlinən “quş sevənlərin ağciyəri”dir. Əhali arasında ümumi rastgəlmə 42:100000 nisbətindədir. Hiperhəssaslıq pnevmonitinin vaxtında müalicəsi ağciyər fibrozunun qarşısını alır.

Аllergik alveolitin səbəbləri

Bütün kliniki hallarda xəstəliyin törədicisi tənəffüs zamanı qəbul olunan hava ilə orqanizmə daxil olan inhalyasion allergenlərdir. Bununla yanaşı, xəstəliyin inkişafında inhalyasiya olunan hissəciklərin ölçüsü və konsentrasiyası, antigenlərin xüsusiyyətləri və pasientin immun cavabı kimi faktorlar da mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, orqanik və kimyəvi maddələrlə nəfəs alan insanların təxminən 5-15%-ində ekzogen allergik alveolit inkişaf edir. Həmçinin müəyyən olunmuşdur ki, diametri 5 mikron olan tozlar sərbəst şəkildə alveollara keçə və sensibilizasiya törədə bilərlər. Allergik alveolitin patogenezində antigenlərin təkrari inhalyasiyası böyük rol oynayır.

Bir çox hallarda saman, orqanik gübrə, ağac qabığı və s.dəki göbələk sporları allergen kimi çıxış edir. Bundan başqa, bitki və ev tozlarının antigenləri, zülali antigenlər, bakterial sporlar, dərmanların (nitrofuran, penisillin, qızıl duzlarının) etioloji rolu sübut olunmuşdur. Göbələk mənşəlli antibiotiklər arasında şüaverən göbələklər – termofil aktinomisetlər və aspergillalar daha geniş yayılmışdır. Termofil aktinomisetlər allergik alveolitin “fermer ağciyəri”, baqassoz, “kondensioner istifadəçilərinin ağciyəri”, “göbələk yetişdirənlərin ağciyəri” kimi formalarının yaranmasında iştirak edir. Aspergillusların müxtəlif yarımnövləri “solod ağciyəri” (solod-dənli bitkilərin toxumlarının isladılması və cücərdilməsindən sonra alınan, fermentləşdirilmiş içkilərin istehsalında istifadə olunan əsas maddədir), “pendir hazırlayanların ağciyəri”, suberoz və s. inkişafına səbəb ola bilər.

Zülali antigenlər quşların (tutuquşu, göyərçin, kanarya və s.) ekskrementlərində mövcud olur və pnevmonitin “quş sevənlərin ağciyəri” adlanan formasının inkişafına səbəb olur.  Peşə allergik alveoliti poliuretan, boya və qətran istehsalı ilə əlaqəli fəaliyyət göstərənlər, metal (kobalt) buxarı ilə kontaktda olanlar, ağac və yun emalı sənayesində çalışanlarda əmələ gəlir.

Allergik alveolitin inkişafında I və IV tip hiperhəssaslıq reaksiyaları əsas rol oynayır. Beləliklə, inhalyasion allergenlərlə təkrari kontakt zamanı cavab olaraq qanda spesifik persipitasiya edən antitellər və sirkulyasiya edən immun komplekslər meydana çıxır; alveollarda qranulomatoz iltihabla müşayiət olunan limfosit, neytrofil, monositli infiltrasiya yaranır. Törədici allergenlə uzunmüddətli kontakt nəticəsində ağciyərlərin fibrozu və obliterasiyaedici bronxiolit inkişaf edir.

Аllergik alveolitin təsnifatı

Səbəb olan faktorlar və antigenlərin mövcud olduğu mənbədən asılı olaraq allergik alveolitin aşağıdakı sindromları ayırd edilir:

  • “Fermer ağciyəri” – tərkibində termofil aktinomisetlər olan samanla kontaktda olduqda inkişaf edir.
  • “Quş sevənlərin ağciyəri” – quşçular və quşlara qulluq edən insanlarda rastlanır. Antigenin mənbəyi quşun zılı, tükü, dəri vəzilərinin sekreti və sairdir.
  • Baqassoz – şəkər qamışının mikrolifləri ilə kontakt zamanı inkişaf edir.
  • Suberoz – antigen (kif göbələyi) mənbəyi mantar ağacının qabığıdır.
  • “Solod ağciyəri” – arpa tozu ilə kontaktda olanlarda inkişaf edir.
  • “Kondensioner istifadəçilərinin ağciyəri” – tez-tez kondensioner, hava isidiciləri və nəmləndiriciləri istifadə edən insanlarda yaranır.
  • “Pendir hazırlayanların ağciyəri” – antigen mənbəyi pendir istehsalında istifadə olunan kif göbələkləridir.
  • «Göbələk toplayanların ağciyəri» – göbələk yetişdirən insanlarda inkişaf edir. Törədicilər orqanik gübrələrin tərkibində olan göbələk sporlarıdır.
  • Digər peşə allergik alveolitləri: “detergent istehsalçılarının ağciyəri”, “laboratoriya işçilərinin ağciyəri”, “plastmast istehsalı ilə məşğul olanların ağciyəri” və s.

Allergik alveolitin gedişi xəstəliyin kliniki mənzərəsində də əks olunan kəskin, yarımkəskin və xroniki ola bilər. Kəskin forma antigenin massiv dozası ilə kontaktdan 4-12 saat sonra,  xroniki forma antigenin çox olmayan dozasını uzun müddət inhalyasiya etdikdə, yarımkəskin forma  antigenin az miqdarına məruz qaldıqda inkişaf edir.

Аllergik alveolit simptomları

Kəskin allergik alveolitin klinikası qripəbənzər simptomlarla – hərarət, mialgiya (əzələ ağrısı) və artralgiya (oynaq ağrısı), baş ağrısı ilə müşayiət olunur. Bədən temperaturunun yüksəlməsindən bir neçə saat sonra döş qəfəsində ağırlıq hissi və ağrı, tək-tük selikli bəlğəmli öskürək, təngnəfəslik kimi simptomlar meydana çıxır. Törədici allergenlə kontakt kəsildikdən 1-3 gün sonra bütün simptomlar itir. Antigenin təkrari inhalyasiyasından sonra simptomlar geri dönə bilər. Fiziki yüklənmə zamanı meydana çıxan ümumi zəiflik və təngnəfəslik bir neçə həftə ərzində davam edir.

Allergik alveolitin yarımkəskin forması, bir qayda olaraq, peşə fəaliyyəti ilə əlaqəli deyil; antigenlər ev şəraitində təsir göstərir. Xəstəlik ilk dəfə müşahidə olunduqda bədən temperaturunun yüksəlməsi təyin olunur; simptomatika, adətən,  fiziki yüklənmə zamanı təngnəfəslik, produktiv öskürək və yorğunluqla məhdudlaşır.

Xroniki allergik alveolit kəskin və yarımkəskin formaların təkrari epizodları nəticəsində, həmçinin sərbəst olaraq inkişaf edə bilər. Bu formanın kliniki gedişi proqressiv inspirator təngnəfəslik, daimi öskürək, nasazlıq, bədən çəkisinin azalması ilə xarakterizə olunur.  “Baraban çubuqlar” simptomu – əl barmaqlarının falanqalarının genişlənməsi əmələ gəlir. Bu simptom tənəffüs çatışmazlığını və prosesin xoşagəlməz xarakterli olmasının əlamətidir.  Xroniki allergik alveolit intersitisial fibroz, pulmonar hipertenziya, ağciyər ürəyi, sağ mədəciyin çatışmazlığı ilə nəticələnə bilər. Xəstələrin böyük bir qismində təxminən 10 (>10) ildən sonra xroniki bronxit, ¼-də isə ağciyərlərin emfizeması formalaşır.

Аllergik alveolitin diaqnostikası və müalicəsi

Pulmonoloqun ilkin konsultasiyasında anamnez götürülür, prosesin peşə ilə, yəni pasienti əhatə edən mühitlə əlaqəsi aydınlaşdırılır. Allergik alveolitin obyektiv müayinəsində taxipnoe, sianoz təyin olunur; auskultasiyada ağciyərlərin xüsusən bazal nahiyəsində krepitasiya, bəzən fitverici xırıltılar eşidilir. Allergik alveolitli  pasient allerqoloq-pulmonoloqla da konsultasiya olunmalıdır.

Kəskin pnevmoniyada ağciyərlərin rentgenoqrafiyası kiçik düyünlü və ya diffuz infiltrasiya aşkar etməyə imkan verir; spirometriyanın nəticələrinə əsasən ağciyərlərin orta həyat tutumunun azalması və qazlar mübadiləsinin pozulması təyin edilir. Xroniki formanın rentgenoloji mənzərəsində pnevmoskleroz və “hüceyrəvi ağciyər”; xarici tənəffüs funksiyasının müayinəsi zamanı obstruktiv və restriktiv pozulmalar təyin olunur. Ağciyərlərin KT-si ağciyər toxumasında yaranan dəyişilikləri müəyyənləşdirmək üçün daha həssas müayinə metodudur.

Allergik alveolit zamanı laborator analizlərdə  İgG və İgM-in, bəzən İgA-nın, həmçinin revmatoid faktorun səviyyəsinin yüksəlməsi təyin olunur. Ehtimal olunan antigena qarşı presipitasiya edən antitelin aşkar olunması daha böyük əhəmiyyət kəsb edir. Bronxoskopiya ilə götürülmüş bronxoalveolar lavaş limfositlərə (T-limfositlərə), tosqun hüceyrələrin yüksək konsentrasiyasına malik olur.  Bundan başqa, diaqnostika məqsədilə provokasion inhalyasion testlər də tətbiq oluna bilər. Allergik alveolit xəstələrində bu testlər keçirildikdən bir neçə saat sonra spesifik cavab (zəiflik, dispnoe, bədən temperaturunun yüksəlməsi, bronxospastik reaksiya və s.) inkişaf edir.

Simptomatika sürətlə inkişaf etdiyindən kəskin allergik alveolit nadir hallarda diaqnostika olunur və ya kəskin respirator virus infeksiyası (KRVİ) kimi qiymətləndirilir. Xəstəliyin uzunmüddətli və residivləşmiş gedişata malik formalarında səhvən bronxial astma, atipik pnevmoniya (virus, mikoplazma), pnevmokoniozlar, miliar vərəm, aspergilyoz, sarkoidoz, idiopatik fibrozlaşmış alveolit və ağciyərlərin digər intersitisial xəstəlikləri diaqnozu qoyula bilər. Differensial diaqnostika məqsədilə ağciyər toxuması biopsiya oluna və bioptatın histoloji müayinəsi aparıla bilər.

Allergik alveolitin müalicəsində prosesi törədən antigenlə kontaktın aradan qaldırılması önəmli bir məqamdır. Xəstəliyin yüngül gedişli formalarında bu amil kifayət edir ki, simptomatika aradan qaldırılsın. Buna görə də medikamentoz müalicəyə heç bir ehtiyac qalmır. Ağır gedişli və ya xroniki, proqressivləşmiş formalarda qlükokortikosteroidlərin  (prednizalon) təyini göstərişdir.  Kortikosteroidlərə rezistent formalarda D-penisillamin və kolxisinin təyin olunduqda müsbət nəticələr əldə olunub. Allergik alveolitin simptomatik müalicəsi bronxodilatator və bronxolitiklərlə inhalyasiya, ozonoterapiya ilə aparılır.

Аllergik alveolitin proqnozu və profilaktikası

Xəstəliyin kafi sonlanmasına yalnız allergenlərin vaxtında eliminasiyası, ehtiyac olarsa, allergik alveolitin aktiv müalicəsi vasitəsilə nail olmaq mümkündür. Residivləşmiş həssaslıq pnevmoniti zamanı, həmçinin ürək-ağciyər çatışmazlığı inkişaf etdikdə proqnoz nisbətən qeyri-kafidir.

İlkin profilaktika zərərli peşə və məişət faktorlarının aradan qaldırılmasından (əmək gigiyenasına əməl olunmalı, qoruyucu geyimlər istifadə olunmalı, istehsalat müəssisələrinin havası dəyişdirilməli, kondensionerlərin təmizliyinə riayət olunmalıdır və s.) ibarətdir. Allergik alveolit riski yüksək olan insanlar təkrari həkim müayinəsindən keçməlidir. İkincili profilaktika tədbirlərinə allergenlə kontaktın kəsilməsi, ehtiyac olarsa, peşənin dəyişdirilməsi aiddir.

error: Content is protected !!