Аllergik övrə

Аllergik övrə – dərinin kəskin və ya (nadir hallarda) xroniki xarakterli allergik xəstəliyidir. Onun simptomları qaşınma, yanıqdan sonra əmələ gələn səpkilərə bənzər güclü dərialtı eritematoz elementlərdir; patologiyanın adı da buradan götürülmüşdür. Diaqnostika pasientin inspeksiyası (baxış), qan analizi, İgE-nin səviyyəsinin təyininə əsaslanır; immunoloji müayinələr – allergenin təyini üçün allergik sınaq aparıla bilər. Allergik övrənin müalicəsi antihistamin, immunomodulyator preparatlar, hipoallergik pəhrizlə aparılır.

Аllergik övrə barədə ümumi məlumat

Аllergik övrə (urtikariya) – qaşınma, eritematoz səpkilərlə gedən, adətən qida və ya digər allergenlərlə provokasiya olunan dəri xəstəliyidir.  Tibbi statistikaya əsaslanaraq qeyd etmək olar ki, oxşar vəziyyət çox geniş yayılmışdır. Belə ki, yer kürəsinin əhalisinin 10-20%-indən çoxu həyatı boyunca azı bir dəfə bu patologiyanın simptomlarını yaşayıblar.    Klinik halların çoxunda allergik övrə kəskin xarakter daşıyır və müalicədən sonra (bəzən öz-özünə (spontan)) dəri və selikli qişalarda heç bir iz qoymadan itir.  Bəzi həkim-dermatoloqların rəyinə görə xəstəliyin xroniki forması autoimmun və irsi faktorlarla əlaqəli olduğundan ayrı nozoloji qrupa keçirilməlidir.  Həqiqi allergik formalardan başqa, müxtəlif fiziki faktorlar nəticəsində yaranan “psevdoallergik övrə” də vardır.

İstənilən yaş dövründə allergik övrə yarana bilər; lakin yaşlar üzrə ayırd etdikdə, məlum olur ki, uşaqlar arasında daha çox müşahidə olunur.  Bu, formalaşmamış bir çox immun prosesləri, nəticədə isə müxtəlif faktorlara qarşı asanlıqla allergiyanın inkişafını izah edir. Xroniki övrə daha çox qadınlarda rastlanır. Belə hallarda xəstəliyin etiologiyasını (səbəbini) müəyyənləşdirmək heç də həmişə mümkün olmur. Bu səbəbdən də tez-tez idiopatik övrə adlandırılır.  Bu patologiya insan həyatı üçün heç bir təhlükə törətmir, lakin antinevrotik ödemlər və anafilaktik şok kimi fəsadlar müşahidə oluna bilər. Belə kliniki hallarda xəstənin həyatını xilas etmək üçün təcili tibbi yardıma müraciət etmək lazımdır.

Аllergik övrənin səbəbləri

Allergik övrədə dəri zədələnməsinin əsas səbəbi toxuma bazofillərinin (tosqun hüceyrələrin) kütləvi deqranulyasiyasıdır. Bu hüceyrələrin qranulları histamin, heparin, leykotrien və digər çoxsaylı bioloji aktiv birləşmələrdən ibarətdir. Bu maddələr isə toxumalardakı metabolik prosesləri əhəmiyyətli dərəcədə dəyişmək qabiliyyətinə malikdir.  Onlar əsasən qan damarlarının genişlənməsinə, damar divarlarının keçiriciliyinin yüksəlməsinə, toxuma mayesinin toplanmasına, dəri reseptorlarını stimulyasiya edərək qaşınmaya səbəb olur. Allergik övrə zamanı bu reaksiyalar əksər hallarda yerli xarakter daşıyır və dərinin müəyyən hissəsini və ya nadir hallarda bütün orqanizmi zədələyir. Bəzən aktiv maddələrin kütləvi ifrazı anafilaktik şok və Kvinke ödemi kimi ümumi reaksiyaya gətirib çıxara bilər.

Tosqun hüceyrələrin deqranulyasiyasına səbəb olan amillər allergik övrənin müxtəlif formalarında fərqlidir. Adətən, bu, İgE-dən asılı hiperhəssaslığın reagin tipidir (1-ci tip allergiya). Allergik övrənin bu növündə qida komponentləri, bitki tozcuqları, məişət tozu, bəzi dərman maddələri və digər faktorlar allergendir. Belə olan halda dəri əlamətləri qida və ya digər allergiyanın simptomlarından biridir. Bəzən bu tip dermatoloji simptomlar 2-ci tip allergiyanın – adətən qan transfuziyasının da nəticəsi ola bilər. İmmunokompleks dözümsüzlük reaksiyasının inkişafı ilə bəzi dərman preparatlarının venadaxili yeridilməsi allergik övrəyə səbəb ola bilər.

Müəyyən olunmuşdur ki, bəzi infeksion xəstəliklər, endokrin pozulmalar, psixo-emosional sferanın pozulması allergik övrənin yaranma ehtimalını artırır.  Bu, patologiyanın idiopatik və xroniki formaları üçün xüsusən aktualdır; bu dəri patologiyalarının patogenezi zəif öyrənilmişdir; ehtimal olunur ki, patoloji proses dəri toxumasının bazofillərinin aktivasiyasının immun və qeyri-immun mexanizmləri ilə əlaqədardır. Buna görə də dəqiqləşdirilməmiş etiologiyalı allergik övrə zamanı gizli və xroniki xəstəlikləri və pozulmaları aşkarlamaq məqsədilə pasientin orqanizmi tam müayinə olunur.

Psevdoallergik övrənin patogenezi xeyli oxşardır – bioloji aktiv birləşmələrin ifrazı ilə müşayiət olunan dərinin toxuma bazofillərinin kütləvi aktivasiyası baş verir. Lakin bu prosesin səbəbləri və mexanizmləri bir qədər fərqlidir –  tosqun hüceyrələrin membranının anadangəlmə və qazanılmış qeyri-stabilliyi, həmin hüceyrələrin müxtəlif fiziki və ya hormonal faktorlara qarşı anomal reaksiyasıdır. Bundan başqa, psevdoallergik övrəli  xəstələrdə dəri toxumasının histamin və bazofil qranullarının digər komponentlərinə qarşı yüksək həssaslıq aşkar olunur. Buna görə də bu maddələrin hətta az miqdarının ifrazı övrənin kliniki mənzərəsinin yaranmasına gətirib çıxara bilər.

Аllergik övrənin təsnifatı

Yuxarıda da qeyd olunduğu kimi allergik övrənin iki tipi ayırd edilir – kəskin və xroniki. Onlar arasındakı sərhəd olduqca təsadüfidir. Hesab olunur ki, kəskin formada səpkilər və qaşınma 6 həftədən az müddətdə davam edir. Əgər xəstəlik daha uzun davam edərsə, xroniki allergik övrə diaqnozu qoyulur.

Bundan başqa, həqiqi allergik övrə ilə psevdoallergiyanın differensiasiyası vacibdir. Psevdoallergiya zamanı tosqun hüceyrələrin aktivasiyası qeyri-immun mexanizmlərlə baş verir. Bu patologiyanın çoxsaylı müxtəlif növləri mövcuddur. Psevdoallergiyanın mexaniki növlərinə aşağıdakılar aiddir:

  • Dermoqrafik övrə(urtikar dermoqrafizm) – dəriyə zəif fiziki təzyiqlərlə (məs., paltarın tikişləri) provokasiya olunur. Patogenezində tosqun hüceyrələrin aktivasiyasının qeyri-immun mexanizmləri daha çox rol oynayır.
  • Soyuq övrə – son illərdə temperatur övrəsinin bu tipinə daha çox rastlanır. Müəyyən olunmuşdur ki, bu patologiya olan pasientlərdə soyuğun təsiri zamanı trombositlərin bəzi faktorları yüksəlir və tosqun hüceyrələrin membran stabilliyi azalır. Soyuğun yerli təsiri, həmçinin soyuq yeməklərin və içkilərin qəbulu dəri toxumasının histaminə qarşı yüksək həssaslığı fonunda eritematoz səpkilərin inkişafına və qaşınmaya gətirib çıxarır.
  • İsti övrə – övrənin kifayət qədər nadir variantıdır. Urtikar dermoqrafizmdə olduğu kimi bu xəstəliyin inkişafında da tosqun hüceyrələrin aktivasiyasının qeyri-immun mexanizmləri əsas rol oynayır – yüksək temperaturda onların deqranulyasiyası baş verir.
  • Günəş övrəsi (fotoallergiya) – bu övrədə provakasiyaedici faktor Günəş işığıdır. Övrənin bu tipi ilə xəstə olan insanlarda dərinin histaminə qarşı yüksək həssaslığı müşahidə olunur. Buna görə də tosqun hüceyrələrin hətta əhəmiyyətsiz dərəcədə deqranulyasiyası nəzərə çarpan dəyişikliklərə gətirib çıxarır.
  • Vibrasion övrə – peşə xəstəliklərinin kifayət qədər nadir formasıdır. Tikintidə, istehsalatda işləyən insanlarda rastlanır. Bu zaman bazofillərin deqranulyasiyası mexaniki titrəmə nəticəsində baş verir.
  • Аkvagen övrə – bu tip əvvəllər övrənin mexaniki növlərinə aid edilmirdi. Lakin son illərdə müəyyənləşdirildi ki, bu patologiyada su şırnağının fiziki təsiri provokasiyaedici faktor kimi çıxış edir. Tosqun hüceyrələrin aktivasiyası qeyri-immun mexanizmlə, kifayət qədər zəif gedir. Lakin dərinin histaminə qarşı yüksək həssaslığı zamanı eritema və qaşınmaya gətirib çıxarır.

Mexaniki faktorlardan başqa, övrənin inkişafında xolinerik vegetativ sinir sisteminin disbalansı provokasiyaedici faktor ola bilər.  Bu, xolinergik övrə adlandırılan patologiyanın inkişafına səbəb olur. Xəstəlik zamanı tipik eritematoz səpkilər və dəri qaşınması ilə yanaşı, tər ifrazının və dəri tempraturunun tənzimlənməsinin pozulması da meydana çıxır. Övrənin belə növü çox vaxt insanın yaşantıları ilə provokasiya olunur. Bundan başqa, bu dəri xəstəliyinə yaxın nozologiya piqment övrəsidir. Priqment övrəsi autoimmun xarakterli patologiyadır. Bu patologiya zamanı dəri toxumasına bazofillərin yüksək konsentrasiyası toplanır, müxtəlif faktorların təsirindən asanlıqla aktivasiya olunur.

Allergik övrənin simptomları

Övrənin növlərinin və provakatorlarının çox geniş rəngarəngliyə malik olmasına baxamayaraq, xəstəlik kifayət qədər birtərəfli simptomatika ilə gedir və yalnız ağırlıq dərəcəsinə görə bir-birindən fərqlənir. İlk təzahür edən əlamətlər qaşınmalar və hiperemiyadır (dərinin qızarması). Bu dəri əlamətləri lokal və generalizə olunmuş, həmçinin simmetrik (xolinergik tip psevdoallergik övrədə) və ya adətən asimmetrik  ola bilər. Dərinin qızarmış nahiyələrində sürətlə (bir neçə dəqiqədən bir neçə saatadək) bir-birilə birləşə bilən müxtəlif ölçülü (0,2-5 sm) qabarcıqlar əmələ gəlir. Allergik övrənin mühüm diaqnostik əlaməti ağrısız qabarcıqların olmasıdır.

Əksər kliniki hallarda dəridəki dəyişikliklər provakator faktorun təkrari təsiri olmadığı təqdirdə gün ərzində iz qoymadan keçib gedir. Bəzən allergik övrənin ağır formalarında simptomlar sürətlə inkişaf edir. Dəridə olan səpkilərdən angionevrotik ödem inkişaf edir. Dəri dəyişikliklərinin qalması və yeni səpkilərin inkişafı provokasiyaedici faktorların təsirinin davam etdiyini göstərir. Belə olan halda, provokasiyaedici faktorlar endogen təbiətə (idiopatik övrədə olduğu kimi) malik ola bilər.

Аllergik övrənin diaqnostikası

Dermatalogiyada bu xəstəliyin diaqnostikasında  çoxsaylı metodlardan istifadə olunur. Belə ki, xəstəliyin çoxsaylı formalarının olması diaqnostikada geniş imkanlar tələb edir.  İnspeksiyada (baxış) dəri səthində müxtəlif ölçülü və lokalizasiyalı ağrısız, eritematoz səpkilər aşkar olunur. Allergik övrənin kəskin formasının diaqnostikası, xüsusən hər hansı bir allergiya ilə müşayiət olunursa, pasientin allergik anamnezinə və qanda immunoqlobulin E-nin səviyyəsinin təyininə əsasən aparılır. Eozinofillərin qanda miqdarı bu patologiya, xüsusən də kəskin və sporadik formalar üçün diaqnostik kriteriya deyil. Lakin səpki dövrü uzun müddət davam edərsə, zəif eozinofiliya müşahidə oluna bilər.  Allerqoloji sınaq vasitəsilə allergiyanın mənbəyini tapmaq və pasienti xəstəliyin gələcək tutmalarından qorumaq üçün rasionunu korreksiya etmək olar.

Hipoallergen pəhrizə əməl olunmasına, provokasiyaedici fiziki faktorların aradan qaldırılmasına baxmayaraq, bir sutka ərzində səpkilər yox olmursa, limfatik düyünlər müayinə olunmalı, qanın ümumi və biokimyəvi, həmçinin sidiyin analizi aparılmalıdır. Вütün bunlar allergik övrənin inkişafının ilkin səbəbi olan patologiyanı müəyyənləşdirməyə və ya psevdoallergik formanı vaxtında aşkarlamağa imkan verir. Övrə hipertermiyaya səbəb olmur. Hipertermiyalı pasientlərlə də eynən bu cür davranmaq lazımdır. Belə ki, urtikariya hipertermiya yaratmır, lakin bəzi infeksion xəstəliklər hər iki simptomun səbəbi ola bilər.

Psevdoallergik övrənin hər bir növü (dermoqrafik, soyuq, günəşli və s.) provokatorun dozalanmış təsiri ilə diaqnostika olunur. Bunu üçün dermoqrafometr, buz parçası, müxtəlif dalğa uzunluqlu ultrabənövşəyi şüalar və digər üsullar istifadə olunur. Nəticələr övrənin növünə, simptomların ağırlıq dərəcəsinə və digər faktorlara əsasən bir neçə dəqiqə və ya saat, maksimum – 48 saat sonra qiymətləndirilir. Dərinin müayinə olunmuş nahiyəsində eritematoz səpkilər və qaşınmanın yaranması sınağın müsbət olduğunu ifadə edir.

Allergik övrənin müalicəsi

Müalicənin əsası prinsipi dəri toxumasına histaminin təsirinin azaldılmasına yönəlmişdir – bu, ödemin və qaşınmanın əhəmiyyətli dərəcədə azalmasına imkan verir. Bunun üçün antihistaminlər vasitəsilə H1 histamin reseptorlarını blokada etmək vacibdir. Hal-hazırda ikinci (loratadin, setirizin), üçüncü (levosetirizin) nəsil antihistaminlərə üstünlük verilir. Bu preparatlar allergik övrənin kəskin formalarında, həmçinin dermoqrafik və günəş psevdoallergiyalarında çox effektlidir. Lakin övrənin xroniki formalarında və simptomların gecikmiş təzahür edən növlərində (bəzi tiplərində təzyiqdən səpkilər yaranır) antihistaminlərin effekti kəskin azalmışdır.

Patologiyanın xroniki formasının müalicəsi, həmçinin residivləşmiş xarakterli allergik övrədə  fəsadların profilaktikası üçün  bazofillərin membran stabilizatorları (ketotifen fumarat) və kalsium antaqonistləri (nifedipin) istifadə olunur. Onlar tosqun hüceyrələrin aktivasiyasının pozulmasını artırır, beləliklə, dəri təzahürlərinin meydana çıxmasını çətinləşdirirlər. Əgər xəstəliyin yaranmasında immunitetin aktivliyinin azalmasının təsirinə şübhə varsa, əlavə olaraq immunmodulyatorlar təyin olunur. Allergik övrə ilə müşayiət edilən sistem xəstəlik aşkarlanarsa, həmin xəstəliklər də müalicə olunur.

Dərman preparatlarının təyini ilə yanaşı insanın immun sisteminin yüklənmədən azad olunmasında hipoallergen pəhrizin böyük əhəmiyyəti var. Bundan başqa, provokasiya edən faktor (psevdoallergiya zamanı qida və fiziki amillər) müəyyənləşdirildikdən sonra onu pasientin həyatından çıxarmaq və təsirlərini minimuma endirmək üçün tədbirlər görülməlidir. Angionevrotik ödem və anafilaktik şoka gətirib çıxaran sürətli xarakterli allergik övrədə pasientin həyatını xilas etmək üçün təxirəsalınmaz tədbirlər (adrenalin və steroid inyeksiyaları, hospitalizasiya) həyata keçirilməlidir.

Аllergik övrənin proqnoz və profilaktikası

Kəskin övərinin proqnozu əksər hallarda kafidir – bir gün ərzində səpkilər iz saxlamadan itir. Bir çox kliniki hallarda provokatorun təsiri olmadıqda xəstəlik həyat boyunca bir daha təkrarlanmır. Lakin allergik övrənin xroniki formalarında proqnoz onun növündən, ağırlıq dərəcəsindən, pasientin dermatoloq və ya allerqoloqun tələblərinə əməl etməsi və müalicənin düzgün təyin olunmasından çox asılıdır. Bu insanlar həmişə hipoallergen pəhriz saxlamalıdır (qida rasionundan yumurta, şokolad, dəniz məhsulları və digər məhsulları çıxarmalıdır). Həmçinin təsirini minimuma endirmək məqsədilə dəri patologiyasının səbəbini müəyyənləşdirmək çox əhəmiyyətlidir. Əgər övrə başqa bir xəstəlik nəticəsində yaranıbsa, onda proqnoz həmin xəstəliyin uğurlu müalicəsindən asılıdır.

error: Content is protected !!