Аmbliopiya

Аmbliopiya – optik korreksiyaya tabe olmayan və görmə analizatorunun üzvi patologiyası ilə əlaqəli olmayan görmənin birtərəfli və ya ikitərəfli davamlı zəifləməsidir. Xəstəliyin gedişi simptomsuz ola və ya baxışların davamlı fiksasiyasının mümkünsüzlüyü, rəng duyğusunun və məkan qayrayışının pozulması, görmə itiliyinin azalması (azacıq zəifləmədən işıq duyğusunadək) ilə müşayiət oluna bilər. Ambliopiyanın diaqnostikası görmə itiliyinin, rəng duyğusunun və qaranlığa adaptasiyanın müəyyənləşdirilməsi; perimetriya, göz dibinin müayinəsi, tonometriya, biomikroskopiya, çəpgözlüyün növünün və çəplik bucağının təyini, refraktometriya, skiaskopiya, elektroretinoqrafiya, gözün USM-i, nevroloji müayinə və s.-dən ibarətdir. Müalicə xəstəliyin inkişafına səbəb olan amillərin aradan qaldırılmasına yönəlmişdir; bu məqsədlə cərrahi (çəpgözlüyün korreksiyası, ptozun aradan qaldırılması, kataraktanın ekstraksiyası) və ya konservativ (eynək korreksiyası, pleoptika, penalizasiya, fizioterapiya) metod seçilə bilər.

Ambliopiya barədə ümümi məlumat

Ambliopiya (“tənbəl” göz sindromu) gözlərdən birinin görmə prosesində iştirak etməməsi ilə xarakterizə olunur. Oftalmologiyada ambliopiya görmənin birtərəfli zəifləməsinin aparıcı səbəblərindən biri kimi dəyərləndirilir. Bütün dünyada ambliopiyadan əziyyət çəkənlər əhalinin 2%-ni təşkil edir. Ambliopiya əsasən uşaqlıq dövrünün xəstəliyidir,  buna görə də problemin mühüm aspekti onun erkən aşkarlanması və korreksiyasıdır.

Ambliopiyanın təsnifatı

Patologiyanın inkişaf dövründən asılı olaraq birincili (anadangəlmə) və ikincili ambliopiya ayırd edilir. Səbəbindən asılı olaraq ikincili ambliopiyaların bir neçə forması var: strabizmatik (disbinokulyar), obskurasion (vahid görmə pozulmuş), refraksion, anizometropik, isterik, qarışıq.

Ambliopiyanın çoxsaylı formalarının olmasına baxmayaraq, xəstəliyin inkişaf mexanizmi bütün hallarda vahid görmə pozulmuş və/ və ya mərkəzi görmənin funksional zəifləməsinə gətirib çıxaran patoloji binokulyar birləşmələrlə əlaqəlidir.

Strabizmik (disbinokulyar) ambliopiyanın əsasında bir gözün uzunmüddətli supressiyası nəticəsində binokulyar görmənin pozulması dayanır. Strabizmik ambliopiyanın iki forması var: mərkəzi və mərkəzi olmayan (qeyri-mərkəzi). Mərkəzi formada fiksasiya edən hissə kimi torlu qişanın mərkəzi zonası çıxış edir, yəni mərkəzi (düz) fiksasiya baş verir. Qeyri-mərkəzi formada isə fiksasiyanı torlu qişanın istənilən başqa fiksasiya nahiyəsi reallaşdırır, beləliklə, mərkəzi olmayan (qeyri-düz) fiksasiya baş verir. Qeyri-düz fiksasiyalı disbinokulyar ambliopiya kliniki halların 70-75%-ində diaqnostika olunur. Strabizmik ambliopiyanın növü müalicə metodunun seçimində nəzərə alınır.

Obskurasion (vahid görmə pozulmuş) ambliopiya gözün optik mühitinin anadangəlmə və ya erkən qazanılmış bulanıqlaşması ilə bağlıdır. Səbəbin dəf edilməsindən (məs., kataraktanın ekstraksiyası) və gözün arxa şöbələrində struktur dəyişikliklərin olmamasına baxmayaraq, görmənin zəifləməsi saxlanırsa, diaqnostika olunur.

Refraksion ambliopiyada korreksiyaya tabe olmayan refraksiya anomaliyaları mövcud olur. Onun inkişafının əsasında gözün torlu qişasının ətraf mühit əşyalarının aydın olmayan təsvirləri ilə uzunmüddətli və daimi proyeksiyası durur.

Anizometropik ambliopiya hər iki gözün qeyri-bərabər refraksiyası zamanı inkişaf edir; bu zaman sağ və sol gözün torlu qişasında əşyaların əksi fərqli olur. Bu xüsusiyyət vahid görmənin formalaşmasının qarşısını alır.

Hər hansı bir affekt zəminində yaranan funsional pozulmanın nadir forması isterik ambliopiyadır (psixogen korluq). Bu zaman görmə itiliyinin azalma dərəcəsi hissəvi və ya tam ola bilər.

Görmə itiliyinin azalmasının dərəcəsindən asılı olaraq ambliopiyanın zəif (0,4-0,8), orta (0,2-0,3), yüksək (0,05-0,1) və çox yüksək (0,04≥) dərəcələri ayırd edilir.

Ambliopiya bir (birtərəfli) və ya hər iki (ikitərəfli) gözdə diaqnostika oluna bilər.

Ambliopiyanın səbəbləri və növləri

Ambliopiyanın müxtəlif növlərinin birbaşa səbəbi müxtəlif faktorlar ola bilər.

Disbinokulyar ambliopiyanın səbəbi monolateral müştərək çəpgözlükdür. Bu zaman çəp göz görmə aktında iştirak etmir. Çəpgözlük zamanı ambliopiya patologiya olan gözdə inkişaf edir. Diplopiyanın qarşısını almaq üçün baş beyin çəp gözdə yaranan təsviri təzyiq altında saxlayır; bu da tədricən impulsların patologiyalı gözün torlu qişasından beyin qabığının görmə mərkəzinə ötürülməsinin kəsilməsinə gətirib çıxarır. Belə olan halda qüsurlu dövran yaranır: çəpgözlük bir tərəfdən disbinokulyar ambliopiyanın inkişafına səbəb olur, digər tərəfdən ambliopiyanın proqressivləşməsi çəpgözlüyü dərinləşdirir.

Obskurasion ambliopiyanın inkişafı, bir qayda olaraq, buynuz qişanın bulanıqlaşması (leykoma), anadangəlmə katarakta, yuxarı göz qapaqlarının ptozu, buynuz qişanın distrofiyası və travmaları, şüşəyəbənzər cisimdə kobud dəyişikliklər, hemoftalmiya ilə əlaqəlidir.

Anizometropik ambliopiyanın əsasında yüksək dərəcəli, korreksiya olunmamış anizometropiya durur: bu zaman ambliopiya refraksiyası daha çox pozulmuş gözdə inkişaf edir. Öz növbəsində, anizometropiyanın səbəbləri yüksək dərəcəli yaxını görmə (>8 dptr, bilateral), uzağı görmə (>5 dptr, bilateral), astiqmatizmdir (>2,5 dptr, istənilən meridianda).

Refraksion ambliopiya uzağı görmə (hipermetropiya), yaxını görmə (miopiya) və ya astiqmatizm uzun müddət optik korreksiya olunmazsa, inkişaf edir. Ambliopiya hər iki gözün verilmiş refraksiya fərqləri zamanı inkişaf edir: hipermetropik >0,5 dptr, astiqmatik >1,5 dptr, miopik >2,0 dptr.

İsterik ambliopiyanın inkişafına isteriya və psixozlarla müşayiət olunan əlverişsiz psixogen faktorlar səbəb olur. Bu zaman birtərəfli və ya ikitərəfli görmə pozulması, görmə sahəsinin konsentrik daralması, rəng duyğusunun pozulması, fotofobiya (işıqdan qorxma) və başqa funksional pozulmalar inkişaf edə bilər.

Ambliopiyanın risk qrupuna vaxtından əvvəl doğulmuş (xüsusən ağır dərəcəli erkən doğulma ilə), ağırlaşmış perinatal anamnezli, psixi inkişafın ləngiməsi olan, ailə anamnezində ambliopiya və ya çəpgözlük olan uşaqlar daxildir. Bir sıra irsi xəstəliklər – Kaufman sindromu, Bençe sindromu, mioz və ptozla gedən oftalmoplegiyalar ambliopiya ilə müşayiət olunur.

Ambliopiyanın simptomları

Ambliopiyanın müxtəlif formalarının öz klinikası var. Təzahürün zəif formalarında ambliopiyanın simptomsuz variantı mümkündür. Sensor təcrübəsi olmayan uşaqlar öz görmə qabiliyyətlərini, görmə prosesində bir, yoxsa hər iki gözün iştirakını qiymətləndirə bilmirlər. Az yaşlı uşaqda çəpgözlük, nistaqm, baxışların parlaq əşyalarda fiksasiyasının mümkünsüzlüyü ambliopiyanın mövcudluğu haqda düşünməyə əsas verir. Böyük yaşlı uşaqlarda görmə itiliyinin azalması və korreksiya vasitəsilə yaxşılaşmasının əldə olunmaması, yad məkanda orientasiyanın pozulması, bir gözün yana baxması, hər hansı bir əşyaya baxma və ya oxuma zamanı bir gözü bağlamaq vərdişi, maraqlandıran əşyaya baxdıqda başın əyilməsi və ya çevrilməsi, rəng duyğusunun və qaranlığa adaptasiyanın pozulması ambliopiyadan xəbər verə bilər.

Böyüklərdə isterik ambliopiya güclü emosional sarsıntı fonunda inkişaf edir və görmənin qəfləti itirilməsi ilə xarakterizə olunur. Bu vəziyyət bir neçə saatdan bir neçə ayadək davam edə bilər.

Ambliopiya zamanı görmənin pozulması görmə itiliyinin  yüngül dərəcəli azalmasından görmənin, demək olar ki, itirilməsinə (işıq duyğusu) və görmə fiksasiyasının mümkünsüzlüyünə qədər dəyişə bilər.

Ambliopiyanın diaqnostikası

Ambliopiyanın aşkarlanması məqsədilə kompleks oftalmoloji müayinələrin aparılması mütləqdir. Gözün ilkin inspeksiyasında oftalmoloq göz qapaqlarına, göz yarığına, göz almasının vəziyyətinə, bəbəyin işığa reaksiyasına diqqət edir.

Görmə haqda ümumi məlumatı oftalmoloji testlərin köməyilə əldə edirlər. Bu testlərə görmə itiliyinin korreksiyasız və korreksiya ilə birgə müayinəsi, rəng duyğusunun müayinəsi, perimetriya, işığ şüalarının sınmasının təyini aiddir. Görmə itiliyinin azalmasından asılı olaraq ambliopiyanın təzahür dərəcəsi müəyyənləşdirilir.

Gözün strukturlarına baxmaq üçün oftalmoskopiya, biomikroskopiya, Qoldman linzası ilə göz dibinin müayinəsi aparılır. Şüa sındırıcı mühitin (büllur və şüşəyəbənzər cisim) şəffaflığının müəyyənləşdirilməsi üçün keçən işıqda göz müayinə olunur. Mühitin şəffaflğı pozulduqda gözlərin USM-inin köməyilə onların vəziyyəti qiymətləndirilir.

Biometrik müayinələrdən mühüm rolu çəplik bucağının Qrişberq üsulu ilə müəyyənləşdirilməsi və sinaptoforla ölçülməsi oynayır. Refraksion və anizometropik ambliopiyanın istisnası məqsədilə refraksiyanın müayinəsi; refraktomeriya və skiaskopiya aparılır.

Ambliopiyalı pasientlərin kompleks müayinəsi tonometriya, elektroretinoqrafiya; ehtiyac olduqda nevroloq konsultasiyasından ibarətdir.

Ambliopiyanın müalicəsi

Yalnız erkən, fərdi seçilmiş və davamlı müalicə müsbət nəticələr verir. Ambliopiyanın korreksiyasının 6-7 yaşa qədər aparılması üstün tutulur; 11-12 yaşından böyük uşaqlarda ambliopiya müalicəyə tabe olmur.

Ambliopiyanın oftalmoloji korreksiyasının uğuru onun səbəbinin dəf edilməsi ilə birbaşa bağlıdır. Obskurasion ambliopiya zamanı kataraktanın aradan qaldırılması, ptozun cərrahi yolla düzəldilməsi, hemoftalmiya zamanı möhtəviyyatın sorulmasına yönəlmiş müalicə və ya vitrektomiyanın aparılması mühümdür. Disbinokulyar ambliopiyada çəpgözlüyün cərrahi korreksiyası həyata keçirilir.

Refraksion və ya anizometropik ambliopiyanın müalicəsi konservativ metodlarla aparılır. İlkin mərhələdə görmənin optimal korreksiyası – eynək seçilməsi, kontakt və ya gecə linzaları təyin olunur; anizometropiya zamanı lazer korreksiyası ilə reallaşdırılır.

Təxminən 3 həftə sonra pleoptik müalicəyə başlanır. Bu müalicə vasitəsilə daha yaxşı görən gözün dominant rolu aradan qaldırılır və ambliopiyalı gözün funksiyaları aktivləşdirilir. Ambliopiyanın müalicəsi məqsədilə aktiv və passiv pleoptika istifadə olunur.

Passiv pleoptika aparıcı gözün okkluziyasından (görmə prosesində fəaliyyətinin məhdudlaşdırılmasından); aktiv pleoptika isə defektli gözdə torlu qişanın işıq, elektrik impulasları, xüsusi kompyuter proqramları ilə stimulyası vasitəsilə okkluziyasından ibarətdir. Cihazlarla aparılan metodlar arasında ambliopiya zamanı “Ambliokor”la məşq, lazer stimulyasiyası, işıq-rəng stimulyasiyası, elektrostimulyasiya, elektromaqnit stimulyasiya, vibrostimulyasiya, refleksostimulyasiya, stimulyasiyanın kompyuter metodları və s. daha geniş yayılmışdır. Ambliopiya zamanı pleoptik kurslar ildə 3-4 dəfə həyata keçirilir.

Kiçik yaşlı uşaqlarda (1-4 yaş) ambliopiyanın müalicəsi penalizasiya ilə aparılır; bu zaman dominant gözün görmə itiliyi hiperkorreksiya və ya gözə atropin tökməklə məqsədyönlü şəkildə azaldılır. Beləliklə, dominant gözün görmə itiliyi zəifləyir, nəticədə ambliopik gözün aktivizasiyası baş verir. Ambliopiya zamanı fizioterapiya metodları – refleksoterapiya, vibromassaj, dərman elektroforezi effektivdir.

Ambliopiyanın müalicəsinin pleoptik mərhələsindən sonra binokulyar görmənin bərpasına, yəni ortoptik müalicəyə keçirilir. Bu mərhələ hər iki gözündə görmə itiliyi 0,4-dən az olmayan 4 yaşından kiçik uşaqlarda aparıla bilər. Adətən, bu məqsədlə sinoptofor aparatından istifadə olunur; pasient okulyara baxdıqda görmə zamanı vahid şəkildə birləşməsi vacib olan tam şəklin ayrı-ayrı hissələrini görür.

Ambliopiyanın müalicəsi hər iki gözdə təxminən eyni görmə itiliyinə nail olunanadək aparılır. İsterik ambliopiya zamanı sedativ preparatlar təyin olunur, psixoterapiya həyata keçirilir.

Ambliopiyanın proqnozu və profilaktikası

Ambliopiya zamanı proqnoz xəstəliyin səbəbindən və meydan çıxma vaxtından asılıdır. Patologiya nə qədər tez korreksiya olunarsa, nəticə də bir o qədər uğurlu olar. Daha yaxşı effekt 7 yaşına qədər müalicə aparılarsa, əldə olunur. Belə ki, bu yaşa qədər gözlərin formalaşma prosesi davam edir. Vaxtında və tam müalicə olunmuş ambliopiyada əksər hallarda görmənin tam normallaşmasına, demək olar ki, nail olunur. Ambliopiyalı böyüklərdə isə görmə itiliyinin davamlı geridönməz azalması inkişaf edir.

Ambliopiyanın profilaktikasına uşağın bir ayından etibarən müntəzəm dispanser müayinəsi yolu ilə nail olunur. Gözün optik mühitinin bulanıqlaşması, ptoz, nistaqm, çəpgözlük aşkar olunarsa, defektlərin erkən aradan qaldırılması mütləqdir. Ambliopiyanın müalicəsində davamlı effekt tam müalicə kursunun keçirilməsi, həkimin təlimatlarına (eynəklərin, göz plastrlarının istifadəsi, müntəzəm müayinə) dəqiq əməl olunması zamanı əldə olunur.

error: Content is protected !!