Simsiz qulaqlıqlar eşitmə cihazlarına alternativ ola bilər

Smartfonlarla komplektə daxil olan simsiz qulaqlıqların bəzi modelləri elektroakustik xüsusiyyətlərinə görə eşitmə cihazlarından heç də geri qalmır və bu səbəbdən yüngül və ya orta ağır dərəcəli eşitmə qüsuru olan şəxslər tərəfindən istifadə oluna bilərlər. Taybey (Tayvan) veteranlar üçün ümumi profilli Xəstəxanasının alimləri bu yenilik haqqında ətraflı məlumatı iScience jurnalının 15.11.2022 saylı buraxılışında bildirmişlər.

Eşitmə qabiliyyətinin itirilməsi ABŞ-da əlilliyə səbəb olan xroniki xəstəliklər arasında 3-cü, dünyada isə 4-cü yerdə durur. Məlumdur ki, karlıq psixi və koqnitiv sağlamlığın pozulması, həyat keyfiyyətinin azalması ilə sıx əlaqədardır. Lakin, məlumdur ki, eşitmə zəifliyi olan xəstələrin təqribən 75%-i qiymətinin yüksək olması və sosial qınaq səbəbilə eşitmə cihazlarından istifadə etmirlər.

Aparılmış yeni təcrübədə eşitmə cihazlarının və simsiz qulaqlıqların elektroakustik xarakteristikası öyrənilmişdir. Mütəxəssislər Airpods 2 və Airpods Pro- əlavə səs-küy azaldan modellərini- premium-sinfə aid və baza eşitmə cihazları ilə müqayisə etmişlər. Təcrübə zəif və qabarıq nəzərəçarpan eşitmə qüsuru olan 21 xəstə üzərində aparılmışdır. Təcrübəni aparanlar iştirakçılara qısa cümlə, məsələn, “elektrik enerjisinin sərfiyyatına görə qiymətlər bu yaxınlarda artmışdır” demişlər və alətlər taxılı halda deyiləni təkrar etməyi xahiş etmişlər.

Onlar müəyyən etmişlər ki, sakit vəziyyətdə Airpods Pro baza eşitmə aparatları ilə eyni keyfiyyətdə işləyir və premium sinfə aid cihazlardan cüzi dərəcədə geri qalır. Maraqlısı budur ki, Airpods Pro eşitmə cihazlarının texnoloji standartlarının 5-dən 4-nə malikdir. Airpods 2 qulaqlıqları, sadalananlar arasında ən aşağı göstəriciyə malik olsa da, eşitmə cihazı olmayanlarla müqayisədə daha yaxşı eşitməni təmin edə bilir.

Səs-küylü mühitdə, səslər iştirakçının böyrü tərəfdən gəldikdə, Airpods Pro premium sinfə aid cihazla oxşar effektlər göstərmişdir. Səs-küy iştirakçıdan öndə olduqda isə Airpods modellərinin heç biri eşitməni yaxşılaşdıra bilmədi. Təcrübənin müəlliflərinin fikrincə bu, səs dalğalarının paylanma trayektoriyaları, eləcə də, premium sinfə aid eşitmə cihazlarının səs siqnallarını qəbulunun təkmilləşmiş alqoritmi ilə əlaqədardır. Ümumilikdə isə, Airpods Pro Airpods 2-yə nisbətən daha yaxşı nəticələr göstərdi ki, bu da ehtimal ki, səs-küyü azaltma funksiyası ilə əlaqədardır.

Amerikada, premium sinfə aid eşitmə cihazları 10000 dollar, baza komplekti isə- 1500 dollardır. Airpods-un hər iki modeli eşitmə cihazlarından əhəmiyyətli dərəcədə ucuzdur: Airpods 2- 129 dollar, Airpods Pro- 249 dollar. Buna əsaslanaraq bu qənaətə gəlmək olar ki, simsiz qulaqlıqlar professional eşitmə cihazları əldə edə bilməyən orta və yüngül dərəcədə eşitmə qüsuru olan yetişkinlər üçün yaxşı alternativ vasitə ola bilər.

error: Content is protected !!