Tənəffüs (respirator) sistemi

İnsanın tənəffüs sistemi– orqanizmdə qanla xarici mühit arasında qazlar mübadiləsini təmin edən orqan və toxumalar toplusundan ibarətdir.

Tənəffüs sisteminin funksiyalarına:

  • oksigenin orqanizmə daxil olması;
  • orqanizmdən karbon qazının xaric olması;
  • orqanizmdən qazabənzər mübadilə məhsullarının xaric edilməsi;
  • termorequlyasiya;
  • sintetik: ağciyər toxumasında bir çox bioloji aktiv maddələr -heparin, lipidlər və s sintez olunur;
  • qanyaradıcı: tosqun hüceyrələr və bazofillər ağciyərlərdə yetişir;
  • depolaşma: ağciyər kapillyarları böyük həcmdə qanı toplaya bilir;
  • sorulma: ağciyərlərin səthindən efir, xloroform, nikotin və bir çox digər məhsullar asanlıqla sorulur.

Tənəffüs sistemi ağciyərlərdən və nəfəs yollarından ibarətdir.

Ağciyərlər qabırğaarası əzələlər və diafraqmanın hesabına yığılıb-açıla bilir.

Nəfəs yollarına: burun boşluğu, qırtlaq, traxeya, bronxlar və bronxiollar daxildir.

Ağciyərlər- alveol adlanan ağciyər kisəciklərindən ibarətdir.

Nəfəs yolları

Burun boşluğu

Burun boşluğu və qırtlaq yuxarı nəfəs yollarına aiddirlər. Burun qığırdaqlardan təşkil olunmuşdur və keçəcəkləri açıqdır. Burun keçəcəklərinin girişində nəfəs alarkən alınan havada iri toz hissəciklərini saxlayan xırda tükcüklər vardır.

Burun boşluğu daxildən sıx damar şəbəkəsi ilə təchiz olunmuş selikli qişadan ibarətdir. Burada çoxlu sayda selik vəziləri (selikli qişanın hər 1 sm də 150 vəzi) mövcuddur.

Selik mikrobların artıb-çoxalmasının qarşısını alır. Səthi kapillyarlardan selikli qişaya keçən leykositlər və faqositlər bakterial floranı məhv edirlər.

Bundan əlavə, selikli qişanın ölçüsü nəzərəçarpacaq dərəcədə dəyişə bilər. Qişanın divarında olan damarlar yığıldıqda onlar sıxılır, burun keçəcəkləri genişlənir və insan rahat və sərbəst nəfəs alır.

Yuxarı tənəffüs yollarının selikli qişası sayrışan epiteli ilə əhatə olunub. Hər bir hüceyrənin kiprikciklərinin və bütün epitel örtüyünun hərəkəti ciddi koordinəolunmuş şəkildə olur: hər öncəki kiprikcik növbəti kiprikcikləri kiçik fazalarla qabaqlayaraq hərəkətə keçir və nəticədə epitelin səthi dalğavari “çırpınma” şəklində tərpənir. Kiprikciklərin hərəkəti zərərli cisimləri xaric etməklə nəfəs yollarını təmiz saxlayır.

Burun boşluğunun yuxarı hissəsində qoxu orqanı yerləşir.

Burun keçəcəklərinin funksiyaları:

  • mikroorqanizmlərin filtrasiyası;
  • tozun filtrasiyası;
  • alınan havanın nəmləndirilməsi və isidilməsi;
  • selik filtrəolunmuş hər şeyi yuyaraq mədə-bağırsaq traktı ilə xaric edir.

Burun boşluğu burun çəpəri vasitəsilə 2 yerə bölünür. Sümük balıqqulaqları vasitəsilə burnun hər iki yarısı nazik, bir-birilə əlaqəli boşluqlara bölünür.

Burun boşluğuna hava daşıyıcı sümük ciblər: haymor, alın və s. açılır. Bu ciblər burnun artım cibləri adlanır. Onlar az miqdarda selikli vəzlərlə təchiz olunmuş nazik selikli örtüklə əhatələnmişdir. Bütün bu arakəsmələr, ciblər, balıqqulaqları və kəllə sümüklərindəki çoxsaylı artım cibləri burun boşluğunun daxili səthini və həcmini böyütmək üçündür.

Burunətrafı (paranazal) ciblər

Paranazal ciblər- kəllə sümüklərində yerləşən havalı və burun boşluğu ilə əlaqəli boşluqlardır. İnsanda 4 qrup burunətrafı ciblər ayırd edilir:

  • maksillyar -(haymor) ciblər -çənənin üst səthində yerləşən cüt boşluqdan ibarətdir;
  • alın (frontal) ciblər -cüt boşluqlar olub, alın nahiyyəsində yerləşir;
  • etmoidal (xəlbir) ciblər- xəlbir sümüyündə yerləşən boşluqlar;
  • sfenoidal (əsas) ciblər- əsas sümükdə yerləşən cüt boşluqlar.

Burunətrafı ciblərin əsas funksiyalarına aşağıdakılar aiddir:

  • kəllə sümüklərinin üz hissəsinin kütləsini azaltmaq;
  • səs rezonatorları;
  • baş beyni zədələrdən mexaniki qorumaq (amartizator) funksiyası;
  • diş köklərinin, göz almasının və s. nəfəs alarkən buruna daxil olan havanın temperatur dəyişikliklərindən termoizolyası;
  • nəfəs alınan havanın ciblərdə yavaş axını hesabına nəmlənməsi və isinməsi;
  • baroreseptor orqanı funksiyası (əlavə duyğu orqanı).

Haymor cibi (maksillyar cib) -burnun əlavə ciblərinə aid olub, üst çənə sümüyünün demək olar ki, bütün səthini əhatə edir. Cibin selikli qişasında çox az miqdarda vəzili (qədəhəbənzər) hüceyrələr, damarlar və sinirlər vardır.

Haymor cibi burun boşluğu ilə üst çənə sümüyünün daxili səthində yerləşən çıxıntı vasitəsilə əlaqəlidir. Normal vəziyyətdə cib hava ilə dolu olur.

Daha sonra burun dəlikləri 2 burunudlaq çıxıntısı (xoanalar) ilə burun və ağız boşluğunun arxasında yerləşən udlağa açılır.

Udlağın aşağı hissəsi 2 boruya: tənəffüs (öndə) və qida (arxada) borusuna keçir. Buna görə qırtlaq həzm və tənəffüs sitemi üçün ortaq orqan sayılır.

Qırtlaq

Nəfəs borusunun yuxarı, boynun ön hissəsində yerləşən hissəsini qırtlaq təşkil edir. Qırtlağın böyük hissəsi də səyirici (kirpikli) epitellə örtülmüş selikli qişa ilə əhatə olunmuşdur.

Qırtlaq bir-birilə hərəkətli birləşmiş qığırdaqlardan: üzüyəbənzər, qalxanabənzər (hulqum, adəm alması) və 2 cüt qığırdaqdan ibarətdir.

Qırtlaq qapağı qidanı udarkən qapanır. Qırtlaq qapağı öndən qalxanvari qığırdağa birləşmişdir.

Qırtlaq qığırdaqları öz aralarında oynaqlarla birləşmişdir, qığırdaqlararası arakəsmələr isə birləşdirici toxuma zarları ilə örtülmüşdür.

Qırtlaqda səs telləri və səs əzələlərindən ibarət nitq aparatı yerləşir; funksiyası səs əmələ gətirməkdir.

Səs tellərinin vəziyyəti

Səs telləri çoxqatlı yastı epitellə örtülmüşdür və selikli vəzilər mövcud deyildir. Səs tellərinin nəmliyi üst qatlardakı seliyin axması hesabınadır.

Səsin yaranması

Səs telləri səs elastiki liflərdən və səs əzələsini təşkil edən əzələ toxumasından ibarətdir. Cüt səs telləri qırtlaq boşluğunu dar yarığa çevirir.

Səs tellərinin qalınlığı, uzunluğu və dartılması əzələlərin köməyilə dəyişə bilər. Qırtlağın nitq və səslə bağlı bütün mürəkkəb hərəkətləri 16 fərqli əzələ tərəfindən həyata keçirilir.

Adi sakit nəfəsalma zamanı səs yarığı azca genişlənmiş olur, bağlar demək olar ki, hərəkətsizdir və nəfəsalma-nəfəsvermə zamanı gərgin deyil, və bu səbəbdən ağciyərlərdən hava onların yanından səssizcə keçir.

Səs çıxararkən səs telləri bir-birinə toxunanadək yaxınlaşır. Aşağıdan səs tellərinə təzyiq göstərən ağciyərdən sıxılmış hava axını bir anlıq onları aralayır, lakin elastikliyi hesabına səs telləri təkrar yeni hava axını təsir göstərənədək qapanır.

Səs tellərinin belə titrəyişi səsin meydana gəlməsinə səbəb olur. Səs tonu səs tellərinin uzunluğu və qalınlığından, həmçinin rezonator rolu oynayan ağız və burun boşluğunun quruluşundan asılıdır.

Qırtlağı xaricdən qalxanvari vəz örtür.

Ön tərəfdən qırtlağı boynun ön əzələləri mühafizə edir.

Traxeya və bronxlar

Traxeya- 12 sm-dək uzunluğa malik nəfəs borusudur.

O, arxadan birləşən 16-20 qığırdaq yarımhalqalardan ibarətdir; yarımhalqalar nəfəsvermə zamanı traxeyanın çökməsinin qarşısını alır.

Traxeyanın arxa hissəsi və qığırdaq yarımhalqaları arasındakı boşluqlar birləşdirici toxuma membranı ilə örtülmüşdür. Traxeyanın arxasında qida borusu yerləşir ki, qida loxması keçərkən traxeyanın mənfəzinə doğru qabarma verir.

IV-V döş fəqərələri səviyyəsində traxeya 2 böyük şaxəyə- sağ və sol ağciyərə daxil olan birincili bronxlara bölünür. Bu nahiyyə bifurkasiya (haçalanma) nahiyyəsi adlanır.

Sol bronxu aorta qövsü, sağı isə arxadan-önə yönəlmiş adsız vena əhatə edir. Keçmiş anatomların dediyi kimi, “aorta qövsü sol bronxda, adsız vena isə sağda oturur”.

Traxeya və bronxların divarında yerləşən qığırdaq yarımhalqalar, onları möhkəm və elastik edir ki, bunun hesabına hava axını rahat və maneəsiz keçə bilir. Bütün nəfəs yolunun (traxeya, bronxlar və bronxiolların bir qismi) daxili səthi çoxqatlı selikli qişa ilə örtülmüşdür.

Nəfəs yollarının quruluğu nəfəs alarkən daxil olan havanın isinməsinə, nəmlənməsinə və təmizlənməsinə şərait yaradır. Toz hissəcikləri səyirici epitellə yuxarıya doğru qovulur və öskürək və asqırma ilə xaric olur. Mikroblar selikli qişanın limfositləri tərəfindən zərərsizləşdirilir.

Ağciyərlər

Ağciyərlər (sağ və sol) döş qəfəsi tərəfindən qorunan döş boşluğunda yerləşir.

Plevra

Ağciyərlər plevra ilə örtülmüşdür.

Plevra -elastiki liflərlə zəngin nazik, hamar və islaq seroz qişa olub ağciyərlərin hər ikisini xaricdən örtür.

Ağciyər toxumasına söykənmiş sıx ağciyər plevrası və döş qəfəsini daxildən örtən parietal plevra ayırd edilir.

Ağciyər kökündə ağciyər plevrası parietal plevraya keçir. Bu yolla, ağciyərlərin hər biri hermetik plevral boşluqla (ağciyər plevrası və pariyetal plevra arasında nazik yarıqdan ibarət) əhatə olunur. Plevra boşluğu yaxma rolu oynayan və ağciyərlərin hərəkətini asanlaşdıran az miqdarda seroz maye ilə doludur.

Divararalığı

Divararalığı -sağ və sol plevra kisələri arasında boşluqdur. Öndən döş sümüyü və qabırğa qığırdaqları ilə, arxadan onurğa ilə əhatə olunmuşdur.

Divararalığında iri damarları ilə ürək, traxeya, qida borusu, çəngələbənzər vəzi, diafraqma sinirləri və döş qəfəsi limfatik axarı yerləşir.

Bronx ağacı

Dərin şırımlarla sağ ağciyər üç, sol ağciyər isə iki paya bölünür. Sol ağciyərin orta xəttə baxan hissəsində ürəyin yerləşdiyi çökəklik vardır.

Hər ağciyərə daxili tərəfində baş bronxlar, ağciyər arteriyaları və sinirlərindən ibarət kələf daxil olur, iki ağciyər venası və limfa amarları isə xaric olur. Bütün bu bronx-damar kələfi birlikdə ağciyər kökünü əmələ gətirir. Ağciyər kökü ətrafında çoxsaylı bronxial limfa düyünləri yerləşir.

Ağciyərə daxil olarkən sol bronx iki, sağ isə ağciyər paylarına müvafiq olaraq üç şaxəyə bölünür. Ağciyərlərdə bronxlar bronxial ağacı əmələ gətirirlər. Hər növbəti bronx “şaxəsinin” diametri, sonda mikroskopik 0.5 mm ölçüdə bronxiollaradək kiçilir. Bronxiolların yumşaq divarlarında yastı əzələ lifləri olur və qığırdaq yarımhalqalar mövcud deyildir. Belə bronxiolların sayı 25mln-dəkdir.

Bronxiollar ağciyər kisəciklərinə açılan şaxələnmiş alveol kanallarına keçir. Alveolların divarı kapillyar toru ilə hörülmüşdür: qaz mübadiləsi burda baş verir.

Alveolyar yollar və alveollar eyni vaxtda xırda bronx və bronxiolların əsasını da təşkil edən çoxsaylı elastiki birləşdirici toxuma və elastiki liflərlə əhatələnmişdir ki, bu da ağciyərlərin nəfəsalma zamanı asanlıqla genişlənməsinə və nəfəsvermə zamanı yenidən enməsinə imkan yaradır.

Alveollar

Alveollar nazik elastiki liflər şəbəkəsindən əmələ gəlmişdir. Alveolların daxili səthi təkqatlı yastı epitellə örtülmüşdür. Epitelin divarından surfaktantı- ağciyərlərin səthini bürüyən və onların yapışmasının qarşısını alan – səthi aktiv maddəni sintez edir.

Ağciyər kisəciklərinin epitelisinin altında ağciyər arteriyasının son şaxələrinin bölündüyü sıx kapillyar toru yerləşir. Alveol divarının və kapillyarların bir-birinə sıx toxunması hesabına tənəffüs zamanı qazlar mübadiləsi baş verir. Qana daxil olan oksigen, hemoqlobinlə birləşərək bütün orqanizmə yayılır və orqan və toxumalara çatdırılır.

Doğuşadək döl ağciyərlərlə nəfəs almır və ağciyər kisəcikləri yapışmış vəziyyətdə olur. Doğuşdan sonra ilk nəfəs almadan alveollar qabarır və ömrün sonunadək açıq vəziyyətdə qalır və hətta dərin nəfəsvermə zamanı belə içində müəyyən miqdarda hava qalır.

Qazlar mübadiləsi sahəsi

Qaz mübadiləsinin sıxlığı onun baş verdiyi səthin böyüklüyü hesabına mümkün olur. Hər ağciyər kisəciyi 0.25 mm ölçüdə elastiki kisədən ibarətdir. Hər iki ağciyərdə belə kisəciklərin sayı 350 mln-dək çatır. Əgər bütün alveolların qabardığını və hamar səthli bir böyük qabarcığa çevrildiyini təsəvvür etsək, bu qabarcıq 6 m diametrə, tutumu m-dən çox, daxili səthi isə m olsa, insanın dəri səthindən 56 dəfə böyük səth alınacaqdır.

Traxeya və bronxlar qaz mübadiləsində iştirak etmir, onlar sadəcə havaötürücü yollar rolunu oynayırlar.

 Tənəffüsün fiziologiyası

Orqanizmdə bütün həyatı vacib proseslər oksigenin mütləq iştirakı ilə, yəni, aerob yolla baş verir. Oksigenə xüsusilə beyin toxuması, ilk növbədə isə oksigensiz mühitdə bütün digər hüceyrələrdən erkən məhv olan qabıq neyronları həssasdırlar. Məlum olduğu kimi, kliniki ölüm müddəti 5 dəqiqəni keçməməlidir. Əks halda beyin qabığı neyronlarında geridönməz dəyişikliklər baş verə bilir.

Tənəffüs– ağciyərlərdə və toxumalarda fizioloji qazlar mübadiləsi prosesidir.

Tənəffüs prosesini 3 əsas mərhələyə ayırmaq olar:

  • ağciyər (xarici) tənəffüsü: ağciyər qabarcıqlarının kapillyarlarında qazlar mübadiləri;
  • qazların qanda transportu (daşınması);
  • hüceyrə (toxuma) tənəffüsü: hüceyrələrdə qaz mübadiləsi (mitoxondrilərdə qida maddələrinin fermentativ oksidləşməsi).

Eritrositlər mürəkkəb dəmir tərkibli zalal olan hemoqlobindən təşkil olinmuşdur. Bu zülal oksigeni və karbon qazını özünə birləşdirmək xüsusiyyətinə malikdir.

Ağciyər kapillyarlarından keçərkən hemoqlobin 4 atom oksigeni özünə birləşdirərək oksihmeqlobinə çevrilir. Eritrositlər oksigeni ağciyərlərdən toxumalara daşıyır. Toxumalarda oksigen ayrılır (oksihemoqlobin hemoqlobinə çevrilir) və karbonqazı birləşir (hemoqlobin karbohemoqlobinə çevrilir). Daha sonra karbon qazı ağciyərlərə transport olunur və orqanizmdən xaric edilir.

Hemoqlobin molekulu CO ilə (dəm qazı, karbon-oksid) davamlı birləşmə əmələ gətirir. Dəm qazı ilə zəhərlənmə zamanı ölümə səbəb oksigen çatışmazlığıdır.

Nəfəsalma və nəfəsvermənin mexanizmi

Nəfəsalma– aktiv hərəkət olub, xüsusi tənəffüs əzələlərin iştirakı ilə baş verir.

Tənəffüs əzələlərinə qabırğaarası əzələlər və diafraqma daxildir. Dərin nəfəsalma zamanı boyun, döş və qarın press əzlələri də iştirak edir.

Ağciyərlərin özü heç bir əzələyə malik deyillər. Onlar öz-özünə genişlənib-yığıla bilmirlər. Ağciyərlər sadəcə olaraq diafraqma və qabırğaarası əzələlərin hesabına hərəkət edən döş qəfəsinin ardınca genişlənib-yığılırlar.

Nəfəsalma zamanı diafraqma 3-4 sm aşağı enir, döş qəfəsinin həcmi 1000-1200 ml böyüyür. Bununla yanaşı, diafraqma alt qabıröaları periferiyaya doğru itələyir ki, bu da döş qəfəsinin həcminin artmasına imkan yaradır.

Qabırğaarası əzələlər yığılaraq qabırğaları qaldırır və bu yolla da döş qəfəsinin həcmi artır.

Ağciyərlər, genişlənmiş döş qəfəsinin ardınca açılır və daxilindəki təzyiq azalır. Nəticədə atmosfer təzyiqi ilə ağciyərlərdəki təzyiq arasında fərq yaranır, hava sürətlə daxil olur, nəfəs alınır.

Nəfəsvermə, nəfəsalmadan fərqli olaraq passiv aktdır, heç bir əzələ iştirakı olmadan baş verir. Qabırğaarası əzələlərin yerin cazibə qüvvəsinin təsirilə boşalması zamanı qabırğalar aşağı enir; diafraqma boşalaraq qalxır və ilkin vəziyyətini alır; döş boşluğunun həcmi azalır- ağciyərlər yığılır. Nəfəsvermə baş verir.

Ağciyərlər -ağciyər və parietal plevra arasında formalaşan hermetik qapalı boşluqda yerləşir. Plevra boşluğunda təzyiq atmosfer təzyiqindən aşağıdır (“mənfidir”). Mənfi təzyiq hesabına ağciyər plevrası parietal plevraya sıx söykənir.

Plevra boşluğunda təzyiqin azalması nəfəsalma zamanı ağciyərlərin ölçüsünün böyüməsinin və dartılmasının əsas səbəbidir. Döş qəfəsinin ölçüsünün böyüməsi zamanı plevra boşluğunda təzyiq azalır və yaranan təzyialər fərqi nəticəsində hava ağciyərlərə aktiv şəkildə daxil olur və ölçüsünü böyüdür.

Nəfəsvermə zamanı plevra boşluğunda təzyiq artır və təzyiqlər fərqi hesabına hava xaric olur, ağciyərlər çökür.

Döş qəfəsi tənəffüsü əsasən xarici qabırğaarası əzələlərin iştirakı ilə baş verir.

Qarın tənəffüsü diafraqma hesabına baş verir.

Kişilərdə qarın tipli tənəffüs, qadınlarda isə döş tipli tənəffüs olur. Tənəffüs tipindən asılı olmayaraq qadınlar da kişilər də ritmik tənəffüs edirlər. Həyatın ilk saatından başlayaraq tənəffüs ritmi pozulmur, yalnız tezliyi dəyişir.

Yenidoğulmuş uşaq dəqiqədə 60 tənəffüs hərəkəti edir, yetkin insanda isə sakit halda bu rəqəm 16-18 təşkil edir. Lakin, fiziki aktivlik, emosional gərginlik və ya yüksək hərarət zamanı tənəffüs hərəkətlərinin tezliyi arta bilər.

Ağciyərlərin həyat tutumu

Ağciyərlərin həyat tutumu (AHT) -maksimal nəfəsalma və nəfəsvermə zamanı ağciyərlərə daxil olan və oradan xaric olan havanın maksimal həcmini göstərir.

Ağciyərlərin həyat tutumu spirometr vasitəsilə ölçülür.

Yetkin insanda AHT 3500-7000 ml arası dəyişir və cinsdən, fiziki inkişaf göstəricilərindən: məsələn, döş qəfəsinin ölçüsündən asılıdır.

YHT bir neçə həcmdən asılıdır:

  • Tənəffüs həcmi- sakit tənəffüs zamanı ağciyərlərə daxil olan və xaric olan havanın miqdarı (500-600 ml).
  • Nəfəsalmanın rezerv həcmi – sakit nəfəsalmadan sonra ağciyərlərə daxil ola bilən havanın maksimal maksimal həcmi (1500-2500 ml).
  • Nəfəsvermənin rezerv həcmi- sakit nəfəsvermədən sonra ağciyərlərdən xaric edilə bilən havanın həcmi (1000-1500 ml).

Tənəffüsün tənzimlənməsi

Tənəffüs hərəkətləri – ağciyərlərin ritmik fəaliyyətini (nəfəsalma, nəfəsvermə) və adaptasion tənəffüs reflekslərini -yəni ətraf mühitdə və ya orqanizmin daxili mühitində baş verən dəyişikliklərə uyğunlaşmasını tənzimləyən sinir və humoral mexanizlər vasitəsilə idarə olunur.

Tənəffüsün əsas mərkəzi ilk dəfə 1885-ci ildə N.A.Mislavski tərəfindən aşkar olunan və uzunsov beyində yerləşən tənəffüs mərkəzi hesab olunur.

Tənəffüs mərkəzləri hipotalamus nahiyyəsində də yerləşir. Onlar orqanizmin həyatda qala bilməsi üçün vacib olan daha mürəkkəb adaptasion tənəffüs reflekslərinin formalaşmasında iştirak edirlər. Bundan əlavə, daha yüksək adaptasion proseslərə cavabdeh olan tənəffüs mərkəzləri baş beyin qabığında yerləşir. Beyin qabığında tənəffüs mərkəzlərinin mövcudluğu müxtəlif emosional vəziyyətlərdə və bəzən də qəfil tənəffüs hərəkətlərinin tezliyinin və dərinliyinin dəyişməsi ilə sübut olunur.

Bronxların divarı vegetativ sinir sistemi tərəfindən innervasiya olunur. Onların hamar əzələsi azan və simpatik sinirlərin mərkəzdənqaçan lifləri ilə təchiz olunmuşdur. Azan sinir bronxial əzələnin yığılmasını və bronxların daralmasını tənzimləyir, simpatik sinirlər isə bronx əzələsini boşaldır və bronxları genişləndirir.

Humoral tənzimlənmə: qanda karbon qazının konsentrasiyasının artmasına reflektor cavab olaraq nəfəsalma baş verir.

error: Content is protected !!