Prediabetin 6 növü aşkar olunmuşdur

Prediabet adlanan patologiya fərqli nəticələrə səbəb ola bilir. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, prediabet diaqnozu qoyulmuş şəxslərdə ikinci tip diabet və ya digər ağırlaşmaların formalaşma riskinə görə patologiyanın 6 yarımtipi mövcuddur. Almaniyada aparılmış (Tubingen Universitetinin Tibbi Araşdırmalar mərkəzi) diabet və digər metabolik xəstəliklərin araşdırılması nəticəsində əldə olunmuş məlumatlar Nature Medicine jurnalının 04.01.2022 buraxılışında dərc olunmuşdur.

Şəkərli diabet ümumdünya pandemiyası adlandırılır. 1980-ci ildən müasir dövrümüzədək bütün dünyada diabet xəstələrinin sayı 4 dəfə artmışdır. Təkcə Almaniyada ikinci tip diabet xəstələrinin sayı 7 mln-dur. Bilmək lazımdır ki, diabet xəstəliyi qəfil formalaşmır. Xəstəlik formalaşanadək pasiyentlərdə uzun zaman qanda qlükozanın səviyyəsi yüksək olur.

Müasir dövrədək prediabetin diabet və ya hər hansı bir ağırlaşmaya çevrilmə ehtimalını dəqiqliklə müəyyən etmək mümkün deyildi. Lakin, artıq klaster müayinə yolu ilə prediabetin şəkərli diabetə çevrilən 6 fərqli tipini aşkar etmək mümkün olmuşdur.

Tubingen Universitetinin Tibbi Araşdırmalar Mərkəzinin professoru Hans Ulrix Qerin və professor Friçin rəhbərliyi ilə mütəxəssislər prediabetli xəstələrdə metabolik dəyişiklikləri detallı öyrənmişlər. 25 il ərzində pasiyentər müntəzəm olaraq klinik, laborator, genetik analizlər və MRT müayinəsindən keçmişlər. Metabolik dəyişikliklərin əsas göstəricilərinə- qanda qlükoza və insulinin səviyyəsi, qaraciyərdə piylənmə dərəcəsi, orqanizmdə piyin paylanma şəkli, qanda lipidlərin miqdarı və genetik faktorlara əsasən 6 yarımtip ayırd etmişlər.

Bu yarımtiplərdən 3-də (1,2 və 4) ŞD-lə ağırlaşma riski aşağıdır. 1 və 2-ci qrupa daxil olan iştirakçılar kliniki sağlamdırlar. 2-ci qrupa daxil olanların əksəriyyəti normal bədən kütləsinə malikdirlər və onlarda ağırlaşma riski çox aşağıdır. 4-cü qrupa daxil olan iştirakçılar artıq çəkili, lakin metabolizmi hələ norma daxilində olanlardır. Digər 3 qrupa (3,5 və 6) daxil olan şəxslər diabet və ya ikincili ağırlaşmalar üçün yüksək risk qrupundadırlar.

3-cü qrupa daxil olan şəxslərdə insulin yetərli miqdarda sintez olunmur və bu səbəbdən ŞD-in yaranma riski yüksəkdir. 5-ci qrupa daxil olan şəxslərdə qaraciyərin piy distrofiyası formalaşmışdır və diabetin yaranması üçün yüksək risk qrupuna daxildirlər. Belə ki, qaraciyərdə piy distrofiyası olan şəxslərdə insulinə həssaslıq zəifləmiş olur ki, nəticədə qanda qlükozanın səviyyəsi artır. 6-cı qrupda isə böyrəklərin zədələnmə simptomları diabet diaqnozu qoyulmaqdan öncə aşkarlanan pasiyentlər daxildirlər. Bu qrupda ölüm riski xeyli yüksəkdir.

Mütəxəssislər bu qənaətə gəlmişlər ki, prediabetin belə differensasial klassifikasiyası erkən dövrlərdə düzgün müalicə-profilaktika üsullarını təyin etməyə və bununla da ikinci tip ŞD və onun ikincili ağırlaşmalarının qarşısını almağa imkan verir.

error: Content is protected !!