Dilaltı bağın qısalığı

Uşaqlarda dilaltı bağın qısa olması (qısa dilaltı yüyən)- dilin ağız boşluğunda tam hərəkətinə mane olan dilaltı bağın qısalığıdır. Qısa dilaltı yüyən uşağın əmmə funksiyasına, düzgün tələffüz qabiliyyətinə mane olur, diş ardıcıllığının pozulmasına, düzgün olmayan dişləmə, gingivit, parodontit və s. səbəb olur. Qısa dil yüyəni ağız boşluğunun vizual müayinəsi zamanı aşkarlanır. Uşaqlarda qısa dilaltı yüyənin 2 müalicə yolu məlumdur: konservativ (artikulyasion gimnastika yolu ilə bağın dartılması) və cərrahi (frenulotomiya).

Dilaltı bağın qısalığı haqqında ümumi məlumat

Uşaqlarda qısa dilaltı yüyən (ankiloqlossiya)- üz-çənə nahiyyəsinin kiçik anadangəlmə anomaliyası olub, dili ağız dibi ilə əlaqələndirən və dilin hərəkətini məhdudlaşdıran bağın qısalığı ilə xarakterizə olunur. Qısa dilaltı yüyən yeniyetmələr arasında 1:1000 rast gəlinir; ankiloqlossiya oğlanlarda qızlara nisbətən 3 dəfə daha çox rast gəlinir. Qısa dilaltı yüyən uşaqda periodont toxumasının travmasına, funksional pozğunluqlara (əmmə, udqunmanın çətinləşməsi, nitq pozğunluğu) səbəb ola bilər. Qısa dilaltı yüyən bir neçə sahənin problemi olub, pediatriyanın, uşaq stomatologiyasının və loqopediyanın mühüm problemlərindəndir.

Ağız boşluğunda cəmi 3 bağ mövcuddur: dilaltı bağ, üst dodaq və alt dodaq bağı. Dilaltı bağ selikli qişanın büküşü olub, dilin aşağı səthinin ortasından başlayıb, ön kəsici dişlərin boyun nahiyyəsindən 0.5-0.8sm məsafədə ağız boşluğuna birləşir. Normal dilaltı bağ nazik, dartılmış pərdə şəkildə olub, dilin hərəkətinə mane olmur.

Bəzi uşaqlarda dilaltı bağ dilin yuxarı üçdə birinə və ya hətta ucuna yaxın hissəyə birləşir və dilin hərəkətinin müxtəlif dərəcədə məhdudlaşmasına: yetərli dərəcədə hərəkət etməməkdən praktiki olaraq hərəkətsiz olmasına səbəb olur. 5 yaşlı uşaqda dilaltı bağın uzunluğu, dartılmış vəziyyətdə 8mm-dən qısa olmamalıdır. Əgər dilaltı bağ bu ölçüdən qısadırsa, yetərli qədər elastiki olmur, anomal bitişmiş olur- bu hal qısa dilaltı bağ kimi qiymətləndirilir.

Dilaltı bağın qısalığının səbəbləri

Patologiyanın rast gəlindiyi halların demək olar ki, yarısında valideynlərdən birindən irsən keçmiş olur. Dilaltı bağın qısalığının qeyri-irsi səbəbi ilk trimestrdə, diş-çənə sisteminin formalaşma dövründə embriona zədələyici amillərin təsiridir. Bu zədələyici amillərə hamiləlik toksikozu, qadınlarda virus xəstəlikləri, dərman preparatlarının (salisilatlar, antibiotiklər, sulfanilamidlər və s.) qəbulu, stress, peşə zərələri (boyalar, laklar, kimyəvi reaktivlər) və s. aiddir. Hesab olunur ki, kiçik anomaliyalar adətən 35 yaşdan yuxarı anaların övladları arasında daha çox rast gəlinir.

Ümumilikdə isə dilaltı bağın qısalığının dəqiq yaranma səbəbi sonunadək öyrənilməmişdir.

Dilaltı bağın qısalığının təsnifatı

Kliniki praktikada, uşaqlarda dilin hərəkətini məhdudlaşdıran dilaltı bağın qısalığının 5 tipi ayırd edilir:

  • dilin hərəkətliliyini məhdudlaşdıran nazik, şəffaf qısalmış dilaltı bağ;
  • öndən dilin ucuna yaxın hissəyə birləşmiş və dili yuxarı qaldırarkən ucunun haçalanaraq “ürək” şəklini almasına səbəb olan nazik, yarımşəffaf qısalmış dilaltı bağ;
  • Dilin ucuna yaxın birləşmiş qalın, güclü, qeyri-şəffaf ip şəklində qısa dilaltı bağ. Dilin hərəkəti məhdudlaşır, uzatdıqda ucu yuxarı çevrilir, arxa hissə qabarır;
  • qısa sərt ip şəklində olan dilaltı bağ dil əzələləri ilə birləşmiş olur. Anadangəlmə üst damağın və dodağın yarığı olan uşaqlarda rast gəlinir;
  • dilaltı bağın ipi demək olar ki, seçilmir; onun lifləri diz əzələləi ilə qarışmış olur, dilin hərəkətini kəskin məhdudlaşdırır.

Dilaltı bağın qısalığının simptomları

Uşaqlarda ankiloqlossiya qidalanma, nitqin formalaşması, diş-çənə sisteminin formalaşmasında çətinliklərə səbəb ola bilər. Qısa dilaltı bağ olan uşaqda funksional pozğunluqların dərəcəsi bağın uzunluğu və elastikliyindən, birləşmə yerindən, dilin sərbəst kənarının uzunluğu və hərəkətliliyindən asılıdır.

Qısa dilaltı yüyən olan südəmər uşaqların dörddə birində əmmə zamanı çətinlik yaranır. Bu zaman uşaq döşü ağzı ilə düzgün tuta bilmur, döş giləsinin tutulması çətinləşir və ya tez-tez “ağızdan çıxır”. Sorma zamanı xarakterik “şappıltı” səsi gəlir, uşaq narahat olur, tez yorulur. Həmçinin, uşaq kifayət qədər süd əmə bilmədiyi üçün doymur. Nəticədə, çəki artımı az, bəzən isə hipotrofiya həddində olur.

Çox vaxt analar qeyd edirlər ki, əmmə zamanı körpə dilin düzgün olmayan quruluşunu kompensasiya etmək və süd vəzinə təzyiqi artırmaq üçün dodaqlarından istifadə edir, giləni damağı ilə dişləyir və ya çeynəyir.Uşaqda gərginlik və əzələlərin yorulması nəticəsində çənədə tremor yarana bilər.

Dilaltı bağın qısalığı zamanı əmmə prosesi ana və uşaq üçün yorucu hal alır, döş giləsinin zədələnməsi və çatlaqları ilə əlaqədar ağrılı ola bilir. Effektiv olmayan sorma südün sintezini stimulə etmədiyi üçün laktasiya problemlərinə (hipoqalaktiya) səbəb ola bilir. Bu səbəbdən, qısa dilaltı yüyən olan uşaqlar çox vaxt butulka ilə və ya süni qida ilə qidalandırılmaya məruz qalırlar.

Bəzi hallarda, dilaltı bağ qısa olsa da, uşaqda əmmə prosesi normal olur və kifayət qədər ana südü ilə qidalana bilir. Belə uşaqlarda ankiloqlossiya problemi anatomik qüsur olaraq özünü daha böyük yaşlarda, nitqin formalaşdığı dövrlərdə büruzə verə bilir. Qısa dilaltı bağ cingiltili ([r], [l]), kar ([ş], [j], [ç]) və digər yüksək artikulyasiyalı ([t], [d]) səsləri tələffüz eməkdə çətinlik törədir. Loqopediyada bu vəziyyət mexaniki dislaliya adlanır. Səsləri tələffüzün polimorf pozğunluqları zamanı uşağın nitqi qarışıq və ətraf üçün anlaşılmaz olur.

Dilaltı bağın qısa olması uşaqda bəzi stomatoloji problemlərə: açıq dişləmə, proqnatiya, dişlərin sıralanmasının pozulması, ön aşağı kəsici dişlər arsında diastemanın formalaşması, gingivit və parodontitin inkişafı, diş boynunun açılması və dişlərin hiperesteziyasına səbəb ola bilər.

Yuxarı yaşlı uşaqlarda və yeniyetmələrdə dilaltı bağın qısalığı kosmetik qüsur kimi (V-şəkilli dil ucu), danışıq zamanı ağız suyunun çox ifrazı, aerofagiya, xorultu və yuxu apnoesi ilə narahat edə bilər. Bu problemlər özgüvənə mənfi təsir edə, emosional və rəftar qüsurlarına səbəb ola və uşaq psixoloqunun müdaxiləsini tələb edə bilər.

Dilaltı bağın qısalığının diaqnostikası

Dilaltı bağın qısalığının diaqnostikası, müalicəsi və nəticələrinin aradan qaldırılması ilə müxtəlif mütəxəssislər: neonatoloq, pediatr, uşaq cərrahı, uşaq stomatoloqu, uşaq ortodontu, uşaq LOR-u, loqoped məşğul olurlar.

Adətən, dilaltı bağın qısalığı yenidoğulmuşun həyatının ilk günlərində, ümumi baxış zamanı aşkarlanır. Daha böyük yaşlarda valideyn özü bir çox əlamətlərə əsasən: uşaq dodağını yalaya bilmir, dilini üst dişlərə çatdıra bilmir, dilin ucunu çölə çıxara bilmir və s – şübhələnə bilər. Tibbi mütəxəssislər bəzən dilaltı bağın funksionallığını qiymətləndirmək üçün E. Hazelbeyker testindən istifadə edirlər.

Uşaqlarda dilaltı bağın qısalığının müalicəsi

Cərrahi əməliyyata mütləq göstəriş qidalanmanın pozulması, dişlərin ardıcıllığının pozulması və dişləmənin düzgün olmamasıdır. Səsləri tələffüzün 90% hallarda korreksiyası artikulyasion gimnastika ilə- dislaliyanın loqopedik məşqlərinin bir forması olan dilaltı bağın dartılması və loqopedik masajla mümkün olur.

Əgər dilaltı bağ əmmə prosesinə mane olursa, doğum evində çərtilir. Bu yaşda dilaltı bağın çərtilməsi (frenulotomiya) tam ağrısızdır və anesteziya tələb etmir, çünki bağın özü heç bir sinir uclarına malik deyildir. Qanaxmanı saxlamaq üçün uşaq dərhal əmmə üçün ananın döşünə qoyulur. 9 ayadək yaş qrupuna daxil olan uşaqlarda qısa dilaltı bağ yerli applikasion anesteziya altında, xüsusi bıçaqla (elektroneştər, lazerli neştər) vasitəsilə çərtilir.

Daha yuxarı yaşlarda, bağ daha qalın olduqda dilaltı bağın plastikası (frenuloplastika)- bağın çərtilməsi və kəsik nahiyyəsinin tikilməsi aparılır. Dilaltı bağın qısalığının cərrahi korreksiyasından sonra uşaq (məktəbəqədər, məktəb yaşlı) artıq formalaşmş nitq stereotipini dəyişmək və düzgün nitq qabiliyyətinin bərpası üçün loqoped tərəfindən istiqamətləndirilməlidir; çapığın formalaşmaması üçün miogimnastika məsləhətdir.

Dilaltı bağın qısalığının proqnozu

Əksər hallarda proqnoz qənaətbəxşdir. Yenidoğulmuşda dilaltı bağın çərtilməsi əmmə, udma, tənəffüs, adekvat çəki artımını bərpa etməyə imkan verir. Dilaltı bağın erkən yaş dövrlərində çərtilməsi uşağın inkişafında problemlərin qarşısını almağa, dişləmə, nitq qabiliyyətinin düzgün formalaşmasına səbəb olur.

Nəzərə almaq lazımdır ki, yuxarı yaşlarda dilaltı bağın plastikası aparılmış uşaqda nitq dərhal normallaşmayacaq. Səsləri tələffüzün qüsurlarını aradan qaldırmaq üçün xüsusi loqopedik kurslar aparılmalıdır. Dilaltı bağın konservativ müalicəsi uşaqda səbr, məsləhət olunan məşqlərin sistematik olmasını tləb edir. Bu metod 5 yaşadək uşaqlarda daha effektiv olur.

error: Content is protected !!