Kofeinin metaboliti uşaqlarda yaxındangörmənin proqressivləşməsinin qarşısını alır

Kofeinin metaboliti olan 7-metilksantinin peroral qəbulu uşaqlarda miopiyanın (yaxındangörmə) proqressivləşmə tempini zəiflədir. Bu haqda Trira Tədqiqat Laboratoriya Mərkəzinin (Danimarka) və Tzinan Universitetinin (Çin) Şençjen oftalmoloji xəstəxanasının və Kardiff universitetinin (Böyük Britaniya) optometriya və görmə elmi məktəbi mütəxəssislərinin birgə beynəlxalq tədqiqatı zamanı əldə olunan nəticələr sübut ola bilər. Elmi məqalə 22 avqust 2022-ci ildə British Journal of Ophthalmology jurnalında nəşr edilmişdir.

Uşaqlarda miopiya adətən 6-7 yaş aralarında başlayır və 16-20 yaşadək proqressivləşir. Miopiyanın sürətlə artması makulodistrofiya, torlu qişanın soyulması, qlaukoma kimi ağırlaşmalara səbəb ola bilər. Müasir dövrümüzdə yaxındangörmənin proqressivləşməsinin qarşısını alan hər hansı bir farmakoloji və ya optik üsul məlum deyildir.

Aparılan erkən araşdırmalar göstərir ki, kofeinin metaboliti olan 7-metilksantin (7-MX) göz almasının ön-arxa oxunun həddən artıq uzanmasını inhibə edir. Tədqiqatın aparılmasında əsas məqsəd 7-MX qəbul edən uşaqlarda miopiyanın proqressivləşmə sürətini izləməkdir.

Tədqiqatda Danimarka göz klinikasında 2000-ci il iyundan 2021-ci il yanvar ayınadək yaxındangörmə probleminə görə 7-MX ilə müalicə olunan 711 uşaq (36 qız və 355 oğlan) iştirak etmişdir. Yaşları 7-15 arası götürülmüşdür. Bütün uşaqlarda ön-arxa oxun və refraksiyanın ölçülməsi daxil olmaqla kompleks oftalmoloji müayinələr aparılmışdır. Uşaqlardan 624-ü gündə 1200 mq-dək dozada (orta hesabla 470 mq) 7-MX həbləri qəbul edirdilər.

Uşaqlar orta hesabla 3.6 il ( 11 ay-9 il diapozonunda) nəzarətdə saxlanılmışdır. Miopiyanın orta proqressivləşmə dərəcəsi bu dövrdə 1,34 dioptriya (D) (-6,50 dən +0,75 diapazonda) təşkil edirdi. 7-MX ilə müalicə miopiyanın proqressivləşmə və görmə oxunun uzanma sürətinin zəifləməsinə səbəb olur.

Müşahidələr göstərdi ki, refraksiya anomaliyası -2,53 D olan 7 yaşlı uşaqda növbəti 6 il ərzində müalicə edilmədikdə yaxındangörmə -3,49D-dək artmışdır. Lakin eyni göstəriciləri olan uşağa gündə 1000mq dozada 7-MX təyin edildikdə bu göstərici cəmi -2,65D -dək yüksəlmişdir. Görmə oxunun uzunluğu müalicə olmadıqda 1,80 mm-dək artdığı halda, gündəlik 1000 mq 7-MX qəbul edən uşaqlarda 1,63mm olmuşdur.

11 yaşlı 6 il ərzində gündəlik 7-MX qəbul edən uşaqda miopiyanın -1,43 D qədər proqressivləşdiyi halda, müalicə aparılmadığı halda bu rəqəm -2,27 D olacaqdı. Bu uşaqda gözün ön-arxa oxunun uzunluğu 7-MX qəbul etməsəydi 1,01 mm uzanacağı halda, müalicə aldığı üçün cəmi 0,84 mm uzanmışdır. 7-MX ilə müalicənin hər hansı bir əlavə təsiri aşkar edilməmişdir.

7-metilksantin ABŞ-da zərərsiz bioloji əlavələr qrupuna daxil edilmişdir. Bu səbəbdən onu istənilən pəhriz məhsullarına məhdudiyyətsiz əlavə etmək olar. 7-MX tibbdə uşaqlarda astmanın müalicəsində istifadə olunan (3000 mq/gündəlik dozada) vasitədir. Mütəxəssislərə görə əgər 7-MX-nin təsiri daha geniş kliniki araşdırmalarla təsdiqini taparsa, o uşaqlarda yaxındangörmənin müalicəsində əvəzolunmaz vasitəyə çevrilə bilər.

error: Content is protected !!