Osteoporoz

Osteoporoz- sümüklərin struktur dəyişiklikləri ilə: kütləsinin azalması, sərtliyinin zəifləməsi və kövrəkliyinin artması ilə keçən xəstəliyidir. Xəstəlik azsimptomlu keçir, bəzən mil sümüyünün, bud başının və ya onurğa cisimlərinin sınıqlarından sonra aşkarlanır. Tək osteoporozun diaqnostikası deyil, səbəbinin araşdırılması da böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə- rentgenoqrafiya, densitometriya, KT, sümük toxumasının metabolizmi və hormonal fonun müayinəsi daxil olmaqla pasiyentin hərtərəfli müayinəsi aparılır. Müalicə kompleks şəkildə, kalsium preparatları, kalsitonin, D vitamini, bifosfonatlar və hormonal preparatlarla aparılır.

Osteoporoz haqqında ümumi məlumat

Osteoporoz (latın dilində osreon sümük+ poros çıxıntı) – skeletin sümük strukturunun pozulması ilə keçən xəstəliyidir. Sümüyün kütləsi tədricən azalır, sərtliyi daha az, daha kövrək olur. Xəstəlik azsimptomlu olur, bəzən mil sümüyünün, bud başının və ya onurğa cisimlərinin sınıqlarından sonra aşkarlanır. ÜST-a görə, osteoporoz yayılmasına görə qeyri-infeksion xəstəliklər arasında, ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər və şəkərli diabetdən sonra dördüncü yeri tutur. Xəstəlik əsasən yaşlı şəxslərdə, xüsusilə qadınlarda postmenopauza dövründə rast gəlinir.

Osteoporozun səbəbləri

Osteoporoz polietioloji xəstəliklər qrupuna daxildir. Birincili osteoporozun ən geniş yayılmış səbəbi sümük toxumasının yaşa bağlı (involyusion) dəyişiklikləridir. Az hallarda birincili forma irsi xarakter daşıya və ya bilinməyən səbəbdən meydana çıxa bilər.

İnvolyusion osteoporoza işarə edən faktorlara aşağıdakılar daxildir:

  • ailəvi anamnez (ailənin yaşlı üzvlərində cüzi travmalar zamanı sınıqların olması);
  • ahıl və qocalıq dövrü;
  • astenik bədən quruluşü, çəkinin azalması;
  • alçaq boyluluq;
  • menstrual siklin gec (15 yaş və daha sonra) başlanğıcı;
  • erkən menopauza (50 yaşadək);
  • sonsuzluq;
  • menstrual siklin pozulması;
  • çoxlu sayda hamiləlik və doğuş;
  • döşlə uzunmüddətli qidalandırma.

Sümük toxumasının vəziyyəti estrogenin sintezindən asılı olduğu üçün osteoporozun rastgəlmə tezliyi postmenopauza dövründən sonra kəskin artır. 50-55 yaşlı qadınlar osteporoza bağlı sınıqlardan kişilərə nisbətən 4-7 dəfə çox əziyyət çəkirlər. 70 yaşdan sonra hər ikinci qadında sınıq aşkarlanır.

İkincili sistemli osteoporoz endokrin pozğunluqlar, somatik patologiyalar, pasientin həyat tərzi ilə əlaqədar meydana çıxır. İkincili osteoporozun risk faktorlarına aşağıdakılar daxildir:

  • daxili orqanların funksiyasının pozulması, eləcə də – qidalanma və daxili sekresiya vəzilərinin işinin pozulması, böyrək xəstəlikləri, bəzi autoimmun patologiyalar;
  • bəzi dərman preparatlarının qəbulu, nikotin, alkoqol və qəhvədən sui istifadə;
  • hərəkətsizlik, fiziki aktivliyin yetərli olmaması, uzun davam edən yataq rejimi ( travmalar, əməliyyatlar, xroniki patologiyalar zamanı).

İkincili lokal osteoporoz sümük strukturlarının pozulması ilə müşayiət olunan xəstəlik və patoloji hallar zamanı formalaşır. Əsas səbəblərə aşağıdakılar daxildir:

  • uzun müdətli immobilizasiya, neyrotrofiki pozğunluqlar fonunda travmatik zedələnmələr;
  • iltihabi proseslər, məsələn osteomielit;
  • sümüklərin birincili bədxassəli törəmələri, digər lokalizasiyalı törəmələrin sümüklərə metastazları.

Osteoporozun patogenezi

Osteoporozun inkişaf mexanizminin tək yolu yoxdur, çünki sümük toxumasının quruluş və tərkibinin dəyişmə dinamikası provokasiya rolunu oynayan xəstəlikdən (ikincili osteoporoz zamanı) və müxtəlif risk faktorlarının (birincili osteoporoz) mövcudluğundan bilavasitə asılıdır. Bununla yanaşı, bütün patoloji hallar üçün xarakterik olan mərhələlər ardıcıllığı mövcuddur.

Sümük toxumasının formalaşmasının pozulması böyümə və ya yenilənmə dönəmində baş verir. Sümük toxumasının parçalanması bərpasına üstün gəlir. Sümüyün sərtliyi, kütləsi azalır. Kortikal qatın qalınlığı, trabekulların sayı azalır. Nəticədə, osteoporoz zamanı sümüyün möhkəmlik xüsusiyyəti zəirfləyir, uşaqlarda deformasiyalar, böyüklərdə isə sınıqlar baş verir.

Sınıqların yaranma riski sümüyün sıxlığının azalmasına proporsional olaraq artır. Sümüyün sıxlığının 10%-dək azalması sınıq riskini 2-3 dəfə artırır. Osteoporoz ilk növbədə süngər maddənin üstünlük təşkil etdiyi sümükləri (fəqərələr, mil sümüyü və mil-bilək oynağı) zədələyir və xəstəliyin tipik ağırlaşması fəqərə cisimlərinin və ya mil sümüyünün distal epifizinin sınığı hesab olunur.

Osteoporozun klassifikasiyası

Osteoporoz 2 əsas qrupa bölünür: birincili və ikincili. Birincili forma həmişə sistemli xarakter daşıyır və xəstələrin 85-90%-i əhatə edir. Birincili osteoporoz 4 yarımqrupa ayrılır:

  • Postmenopauzal. Hormonal fonun dəyişməsi ilə əlaqədar formalaşır və qadınlarda, menopauza dövründən sonra (adətən, 50 yaşdan sonra) rast gəlinir.
  • Senil. Yaşlanma prosesləri ilə əlaqədar meydana çıxır, adətən 70 yaşdan yuxarı, kişilərdə nisbətən gənc yaş dövrlərində də rast gəlinə bilir.
  • Yuvenil. Səbələri məlum deyil. Yeniyetmələrdə və çox nadir hallarda rast gəlinir.
  • İdiopatik. Etiologiyası məlum deyil. Qadınlarda və kişilərdə gənc və orta yaş dövrlərində (20-50 yaş) rast gəlinir.

İkincili osteoporoz etioloji amillərdən asılı olaraq müxtəlif qruplara bölünür. Bunlara aşağıdakılar daxildirlər:

  • Endokrin xəstəliklər: insulindənasılı şəkərli diabet, İtsenko-Kuşinq sindromu və xəstəliyi, hipertireoz, hiperparatireoz, hipoqonadizm, hipopituitarizm.
  • Həzm pozğunluqları: malabsorbsiya sindromu, mədə rezeksiyasından sonrakı vəziyyət, qaraciyərin xroniki xəstəlikləri.
  • Böyrəklərin zədələnməsi: Fankoni xəstəliyi, böyrək tubulyar asidozu, XBÇ.
  • Revmatik patologiyalar: revmatoid artrit, ankilozlaşdırıcı spondiloartrit, QQE.
  • Qan xəstəlikləri: talassemiya, mieloma xəstəliyi, sistemli mastositoz, limfoma, leykoz.
  • Digər vəziyyətlər: davamlı immobilizasiya, Ağciyərlərin Xroniki Obstruktiv xəstəlikləri, yumurtalıqların xaric olunmasından və ya orqanların transplantasiyasından sonrakı vəziyyət, alkoqolizm, sinir anoreksiyası, aclıq.
  • Genetik patologiyalar: Marfan sindromu, qeyri-yetkin osteogenez, homosistinuriya, Elars-Danlos sindromu.
  • Dərman preparatları: immunodepressantlar, tireoid hormonları, antikonvulsantlar, qlükokortikoidlər, alüminium tərkibli antasid preparatlar.

Yayılmasına görə sistemli və ya lokal, sümüyün zədələnməsinə nahiyyəsinə görə- kortikal, trabekulyar və qarışıq osteoporoz ayırd edilir. Xəstəlik aktiv və ya qeyri-aktiv fazalarda ola bilər.

Osteoporozun simptomları

Sistemli patologiya, adətən uzun müddət nəzərə çarpmır. Osteoporozun inkişafının yeganə əlaməti bəzən onurğa nahiyyəsində (döş və ya bel-oma) ağrı olur. Ağrı sindromu çox vaxt qeyri-intensiv xarakter daşıyır, ağır fiziki yük, hava şəraitinin dəyişiklikləri zamanı artır.

Postmenopauzal və senil osteoporoz xəstələri çox vaxt ağrılara əhəmiyyət vermirlər və bunu təbii yaşlanma prosesi kimi qiymətləndirib, həkimə müraciət etmirlər. Osteoporoz bir neçə il ərzində proqressivləşir. Beldə ağrılar tədricən artır, pasiyentin boyu qısalır, duruşu dəyişir, onurğa daha az hərəkətli olur.

Osteoporozun ən vacib göstəricisi, əksər hallarda silinmiş kliniki simptomatika ilə müşayiət olunan sınıqlardır. Mil sümüyünün xarakterik nahiyyəsində sınıq daha qabarıq ağrı əlamətləri, ödemin və xarici deformasiya simptomlarının mövcudluğu düzgün diaqnoza imkan yaradır. Fəqərə sınıqları aşkarlanmamış ola bilər. Osteoporozun ağır gedişi zamanı yaşlı şəxslərdə kompression sınıqlar fonunda fəqərə cisimlərinin bir neçəsinin qısalması bel donqarının formalaşmısana səbəb ola bilir.

Xüsusi təhlükəli hal bud sümüyünün başının sınığıdır və bu adətən yaşlılarda osteoporozun xarakterik əlaməti olub, sümüyün kortikal və trabekulyar sahələrinin eyni vaxtda zədələnməsi ilə əlaqədar meydana çıxır. Məcburi hərəkətsiz vəziyyət almaq səbəbilə xəstələrdə durğunluq pnevmoniyası formalaşır, trombotik ağırlaşmalar riski artır ki, bu da letal nəticələrə səbəb ola bilər.

İrsi osteoporoz

Osteoporozun genetik formalarında kliniki şəkil xəstəliyin növündən asılıdır. Marfan sindromu və homosistinuriya zamanı sümüyün sərtliyinin orta və ya az dərəcədə azalması baş verir. Osteoporozla yanaşı skeletdə xarakterik dəyişikliklər (ətrafların uzanması, araxnodaktiliya), tipik oftalmoloji və nevroloji pozğunluqlar da müşahidə olunur. Osteoporozun gedişi nisbətən qənaətbəxşdir.

Autosom-dominant və ya autosom-resessiv yolla ötürülən 4 yetkin olmayan ostegenez forması mövcuddur. IV tip nisbətən qənaətbəxş gedişli olub, sümük kövrəkliyi digər orqan və sistemlərdə dəyişikliklər olmadan müşahidə olunur. Osteoporozun büruzə dərəcəsi fərqli olub, xəstəlik doğumdan dərhal sonra, uşaq və ya yeniyetmə yaş dövrlərində aşkarlana bilir və ətrafların əyilməsi, tək və ya çoxsaylı sınıqlarla özünü büruzə verir.

II tip yetkin olmayan osteogenez letal sindrom hesab olunur. Doğulmuşların yarısı ölü doğulur, digərləri isə südəmər dövrdə tənəffüs çatışmalığından ölürlər. Xəstəlyin I tipi ətrafların əyilmələri və sınıqları ilə, bəzən- böyüklərdə kifosklerozla özünü büruzə verir, III tipə (sadalanan simptomlara erkən kəskin nəzərə çarpan kifoskleroz, ağır ürək-ağciyər ağırlaşmaları ilə müşayiət olunan) nisbətən daha qənaətbəxş gedişlidir.

Osteoporozun ağırlaşmaları

Patoloji sınıqlar osteoporozun əsas özünü büruzə əlaməti və eyni zamanda da ağırlaşması hesab olunur. Mil sümüyünün sınıqları zamanı mil-bilək oynağında hərəkət məhdudiyyəti, əl barmaqlarının gücsüzlüyü müşahidə oluna bilər. Onurğanın təkrari sınıqları güclü ağrılara səbə olur ki, bu da pasiyentlərin hərəkətliliyinə neqativ təsi göstərir, məişət işlərinin həyata keçirilməsinə maneə yaradır.

Bud sümüyünün başının sınıqları zamanı sümükləri öz-özünə bitişməsi baş vermir və cərrahi əməliyyatdan imtina və ya əməliyyata əks göstərişlərin mövcud olduğu hallarda ətrafın dayaq funksiyası bərpa olunmur. Patologiya 20-25% hallarda travmadan sonrakı ilk 6 ayda ölümlə və ya 40-45% hallarda ağır əlilliklə nəticələnir.

Osteoporozun diaqnostikası

Osteoporozun diaqnozu travmatoloq-ortopedin konsultasiyası və sümüyün mineral sıxlığını təyin edən obyektiv müayinə üsulları və prosedurları vasitəsilə qoyulur. Bunlara aşağıdakılar daxildir:

  • Ümumi baxış, anamnez. Ümumi baxış zamanı həkim xarakterik anamnestik məlumatları (davamlı ağrılar, təkrari sınıqlar) toplayır. Duruşun pozulmasına, genetik osteoporoz şübhəsi olduqda bu və ya digər xəstəliyin simptomlarına diqqət edir.
  • Densitometriya. Sümüyün mineral sıxlığını təyin etməyə kömk edir. İkiqat rentgen absorbsiometriya zamanı dəyişikliklərin ölçmə dəqiqliyi 2% təşkil edir. Sümüyün sıxlığının təyini üçün bəzən birfotonlu (daha az informativ) və ikifotonlu densitometriya təyin olunur. Skrininq müayinələri zamanı daha az informativ olan ultrasəs densitometiyası tətbiq olunur.
  • Rentgenoloji üsullar. Xəstəliyin diaqnostikası zamanı az informativ üsuldur, osteoporoz əlamətlərini yalnız sümük kütləsinin böyük həcmli (30%-dən çox) itkisi zamanı aşkar edə bilir. Təzə sınıqların, həmçinin anamnezdə sümük toxumasının tamlığının pozulması halları mövcud olarsa sümük döyənəklərinin və posttravmatik deformasiyaların aşkarlanması məqsədilə aparılır.
  • Laborator müayinələr. Qanda fosfor, kalsium, D vitamini və paratireoid hormonun miqdarının, sutkalıq sidikdə fosfor və kalsiumun itirilmə səviyyəsinin təyini üçün aparılır. İkincili osteoporoz ehtimalı varsa qalxanvari vəzi hormonlarının, testosteron, qaraciyər markerlərinin müayinəsi mütləqdir.

ÜST kriteriyalarına görə eyni cinsdən olan 30 yaşadək şəxslərdə sümük-kütlə indeksinin 2,5 və daha aşağı olması osteoporoz diaqnozunu qoymağa əsas verir. Differensial diaqnostika osteoporozun müxtəlif formaları arasında aparılır. Digər orqanların zədələnməsi ilə müşayiət olunan irsi formaları zamanı oftalmoloq, nevroloq və digər mütəxəssislərin də konsultasiyası tələb oluna bilər.

Osteoporozun müalicəsi

Müalicəyə, provokasiya faktorunun (əgər mövcuddursa) aradan qaldırılması, həyat tərzinin dəyişməsi, medikamentoz terapiya, yaranmış fəsadların konservativ və cərrahi yolla aradan qaldırılması daxildir. Osteoporozun müalicəsində əsas məqsəd- sümük toxumasının itirilməsinin qarşısını almaq və eyni zamanda bərpa proseslərini sürətləndirmək, pasiyentin həyat keyfiyyətinə təsir göstərəcək neqativ nəticələrin qarşısının alınması və ya minimal həddə endirilməsidir.

Qeyri-medikomentoz terapiya

Osteoporozun inkişafını əhəmiyyətli dərəcədə ləngidə bilən müəyyən davranış stereotiplərinin formalaşdırılması. Bura aşağıdakılar daxildir:

  • Pəhriz. Kalsiumla zəngin qidaların qəbulu. Osteoporoz zamanı müntəzəm şəkildə süd məhsulları, balıq, yaşıl tərəvəzlər, paxlalılar, ləpələr, kalsiumla zəngin mineral sular qəbul olunmalıdır. Kalsiumun mənimsənilməsi bir çox mikroelementlərdən və vitaminlərdən asılıdır, ona görə qidalanma balanslaşdırılış olmalıdır.
  • Fiziki aktivlik. Fiziki aktivlik orta səviyyədə, lakin requlyar olmalıdır. Klimaks öncəsi yaşda olan qadınlara profilaktik üzgüçülük, yoqa, trenajorda məşqlər, velosipedlə və piyada gəzintilər məsləhətdir. Osteoporoz əlamətləri zamanı xüsusi müalicəvi bədən tərbiyəsi kompleks hərəkətləri göstərişdir.
  • Pis vərdişlərdən azad olmaq. Siqaret və alkoqol qəbulundan imtina, rasionda kofenin miqdarını azaltmaq lazımdır. Bu böyrəklərlə böyük həcmdə kalsiumun xaric olmasının qarşısını almağa və sümük toxumasının bərpa proseslərini yaxşılaşdırmağa yardım edir.

Konservativ terapiya

Osteoporozun kompleks medikomentoz müalicəsinə uzun kurslar şəklində hormonal terapiya, D vitamini, bikarbonatlar, kalsitonin və digər dərman preparatlarının qəbulu daxildir. Osteoporoz zamanı müalicə planı cinsiyyət, yaş və risk faktorlarına əsasən təyin olunur:

  • Anabolik dərman preparatları. Paratireoid hormon preparatları (teriparatit, rekombinəə insan PTH) sümük toxumasının sərtliyini artırır, sümük əmələgəlmə fazasını uzadır, mikrosınıqların sağalmasını təmin edir.
  • Antikatabolik vasitələr. Bifosfonatlar (alendronat, rizedronat, ibandronat və analoqları), kalsitoninlər (məsələn, qızıl balıq kalsitonini) sümükdə rezorbsiyanın aktivliyini azaldır, sümük toxumasının strukturunun dağılmasına mane olur.
  • Hormonal preparatlar. Antikatabolik vasitələrin növlərinə aiddir. Esrogenlər, androgenlər, hestagenlər təyin oluna bilər. Qadınlarda dərman preparatlarının təyinatı zamanı klimaksın fazası, uşaqlığın mövcud olub-olmaması, postmenstrual dövrdə qadının menstruasiyaya bənzər reaksiyaların olmasına razılıq vermə istəyinə əsasən təyin olunur.
  • Kalsium və D vitamini preparatları. Osteoporozun kompleks müalicəsində mübadilə proseslərinin normallaşdırılması məqsədilə təyin olunur. Kalsiumun trifosfat, sitrat və ya karbonat forması daha məqsədəuyğun hesab olunur, kalsium qlükonat qəbulu məsləhət görülmür. D3 vitamini D2 ilə müqayisədə daha yüksək effektivliyə malikdir.

Qaraciyərin və böyrəklərin ağır xəstəlikləri, tromboemboliyalar, kəskin tromboflebitlər, uşaqlıq qanaxmaları, qadın cinsiyyət orqanlarının törəmələri və şəkərli diabetin ağır formaları zamanı hormonal terapiya əks göstərişdir. Hormonal terapiya zamanı AT nəzarətdə saxlanılmalı və onkositoloji müayinələr aparılmalıdır. İldə 1 dəfə süd vəzilərinin mammoqrafiyası və kiçik çanağın USM-i aparılır.

Fizioterapiya

Osteoporozun medikomentoz müalicəsinə ağrı sindromunun azaldılması, sümük toxumasının dağılmasının azaldılması və bərpasının sürətləndirilməsi, patoloji sınıqların bitişməsinin sürətləndirilməsi məqsədilə fizioterapiya üsulları da əlavə edilə bilər. Fizioterapiya üsullarına daxildir:

  • Dərman elektroferezi– kalsium.ş fosfor, flor və s. preparatları ümumi və ya yerli;
  • maqnitoterapiya- iltihabəleyhinə, ağrıkəsici və damargenəldici təsirə malikdir, ümumi və yerli təyin oluna bilər;
  • UB-şüalanma– dəridə D vitamininin sintezini stimulə edir, dərman preparatlarından fərqli olaraq hipervitaminoz yaratmır.
  • Lazeroterapiya– mübadilə proseslərini aktivləşdirir, analgetik, damargenişləndirici və iltihabəleyhinə təsirlərə malikdir, xaricə və ya venadaxili lazer şüalanması şəklində tətbiq oluna bilər.

Cərrahi müalicə

Osteoporoz zamanı cərrahi əməliyyata əsas göstəriş bud sümüyü başının patoloji sınığıdır. Cərrahi müdaxilə yalnız pasiyentin həyat keyfiyyətini yüksəltmir, həm də uzunmüddətli yataq rejimi ilə əlaqədar meydana çıxa biləcək ağırlaşmaların qarşısını da alır və bu səbəbdən yaşlı xəstələrdə də aparılmalıdır. Tətbiq olunur:

  • Bud sümüyü başının osteosintezi. Xüsusi mil, vint, əyilmiş lövhələr vasitəsilə aparılır. Qırılmış hissələr möhkəm fiksasiya olunur, hərəkət funksiyasının saxlanması ilə möhkəm biləşdirici toxuma vasitəsilə yapışır.
  • Bud-çanaq oynağının endoprotezi əməliyyatı. Total və ya bipolyar ola bilər. Adətən orta və ahıl yaş qrupunandaxil fiziki aktiv şəxslərdə aparılır. Tədricən oynağın funksiyası təmamilə bərpa olunur, endoprotezin ömrü 15-20 il təşkil edir.

Əməliyyatdan sonrakı dövrdə analgetiklər, antibiotiklər təyin olunur, bərpaedici tədbirlər (masaj, müalicəvi bədən tərbiyəsi, fizioterapiya) aparılır.

Osteoporozun proqnozu

Osteoporozun pronozu yaranma səbəbindən və ağırlığından asılıdır. Zəif proqressivləşən yüngül formalarda və zamanında müalicə tədbirlərinin görülməsi halında nəticə qənaətbəxşdir, pasiyentlər əmək qabiliyyətini və hərəki aktivliyini saxlaya bilirlər. Gec aşkarlanmış, sümük sərtliyinin nəzərəçarpacaq dərəcədə zəifləməsi, ağırlaşmaların mövcudluğu həyat keyfiyyətinin pisləşməsinə səbəb ola bilər.

Osteoporozun profilaktikası

Osteoporozun profilaktikası gənc yaşlardan başlanılmalı və ömür boyu davam etdirilməlidir. Profilaktik tədbirlərə, xüsusilə, cinsi yetişkinlik və postmenopauzal dövrdə diqqət yetirmək lazımdır. Balanslaşdırılmış qidalanma, müntəzəm fiziki aktivlik sümük toxumasının sərtliyinin artmasına və rezorbsiyasının azalmasına səbəb olur.

Alkoqol, qəhvə və nikotin qəbulunu məhdudlaşdırmaq lazımdır. Yaşlı dövrdə osteoporoz riskini zamanında aşkarlamaq və ehtiyac olarsa D vitamini, kalsium əlavələri qəbul etmək lazımıdır. Profilaktik məqsədlə hormonal preparatlar təyin oluna bilər. Peri- və postmenopauza dövründə olan qadınlara kalsiumla zəngin süd məhsullarının qəbulunu artırmaq məsləhət görülür.

Südə qarşı allergiya, dözümsüzlük zamanı kalsiuma olan tələbatı ödəmək üçün kalsium preparatları D vitamini ilə kombinasiya şəklində qəbul olunmalıdır. 50 yaşdan sonra osteoporoz riskini aşkarlamaq üçün requlyar profilaktik müayinələrdən keçmək və ehtiyac olduqda hormonal əvəzedici müalicə təyin etmək lazımdır.

error: Content is protected !!