Endoskopik retroqrad xolangiopankreatoqrafiya (ERCP)

Endoskopik retroqrad xolangiopankreatoqrafiya (Endoscopic retrograde cholangiopancreatography)- kombinəolunmuş müalicə-diaqnostik prosedur olub, endoskopik və rentgenkontrast üsulların birgə tətbiqini özündə birləşdirir. ERCP vasitəsilə qaraciyər və mədəaltı vəzi axacaqları vizualizə olunur, onikibarmaq bağırsaq və Fater məməciyinin selikli qişasına baxış, bir çox müalicəvi manipulyasiyaları etmək mümkün olur. ERCP öd axarlarının və mədəaltı vəzinin iltihabi, obstruktiv, şişlə zədələnmələrini aşkar etməyə kömək edir. Müayinə kontrast maddə yeritməklə rentgenoskopiyanın nəzarəti altında xüsusi endoskopik cihazla həyata keçirilir.

Endoskopik retroqrad xolangiopankreatoqrafiyaya göstərişlər

Retroqrad xolangiopankreatoqrafiya öd yollarının və mədəaltı vəzinin bir çox patologiyaları zamanı təyin olunur. Adətən müayinəyə ERCP yolu ilə müdaxilə mümkün olan patologiyalar zamanı müraciət olunur. Belə hallara spazmla müşayiət olunan və ödün və ya mədəaltı vəzi şirəsinin xaric olmasına mane olan axacaqların müxtəlif xarakterli xroniki-iltihabi patologiyaları daxildir. İkinci geniş yayılmış göstərişlərə xolestaza və qaraciyər koliklərinə səbəb olan kiçik konkrementlər daxildir. Müayinə yalnız daşların olmasını müəyyən etmir (bunu USM zamanı da müəyyən etmək mümkündür), həm də konkrementlərin xaric edilməsi və ya papilosfinkterotomiya əməliyyatlarını həyata keçirməyə də kömək edir.

ERCP müayinəsi üçün vacib göstərişlərdən biri də xroniki pankreatitdir. Çox vaxt xroniki pankreatitə səbəb mədəaltı vəz şirəsinin axacaqlarda durğunluğudur və ERCP vasitəsilə bu çox asan təyin olunur. Müalicəvi-diaqnostik məqsədlə sekretin xaric olmasını asanlaşdırmaq üçün axacaqların uc hissəsinə xüsusi stent yerləşdirmək mümkündür və bu xəstəliyin dinamikasına müsbət təsir göstərə bilir. Analoji olaraq ERCP vasitəsilə fater məməciyində və ya onikibarmaq bağırsaqda törəmə zamanı palliativ proseduru həyata keçirmək mümkündür- bu onkoloji xəstəliklər zamanı xolestazın və bununla əlaqədar meydana çıxan sarılığın intensivliyini azaltmağa və daha radikal müalicə üsullarına hazırlıq üçün tətbiq olunur. Bəzən bu üsuldan naməlum etiologiyalı mexaniki sarılıqların, eləcə də USM-də və ya digər müayinə üsullarında alınan şübhəli nəticələrin dəqiqləşdirilməsi üçün istifadə olunur.

Endoskopik retroqrad xolangiopankreatoqrafiyaya əks göstərişlər

ERCP-nin nisbətən yüksək invazivliyini nəzərə alaraq bir sıra əks göstərişləri vardır. Mütləq əks göstərişlərə təsdiqlənmiş kəskin pankreatit, mədəaltı vəzidə kista və ya qanaxma ocaqlarının mövcudluğu aiddir. Belə hallarda ERCP-nin aparılaması iltihabi prosesin daha da dərinləşməsinə və kliniki vəziyyətin ağırlaşmasına səbəb olar. Həmçinin, mədəaltı vəzinin bədxassəli törəmələri və öd axının sürətlənməsinin arzulanan olmadığı hallar- xolesistit və virus hepatitinin kəskin fazaları da ERCP üçün mütləq əks göstərişlərə aiddir. Yod tərkibli kontrast maddələrə allergiyanın olması da ERCP-dən imtinaya səbəb olur. Nisbi əks göstərişlərə hamiləlik, MBT-nin və ya digər orqanların yanaşı ağır patologiyaları aiddir.

ERCP müayinəsinə hazırlıq

Əksər hallarda manipulyasiyalardan öncə ultrasəs müayinəsi aparılır. Bunlar vasitəsilə müalicə-diaqnostik proseduralara (kiçik konkrementlərin aşkarlanması, axarların daralması) ehtiyac olan hallarda, USM müayinəsi dəqiq məlumat verə bilmədikdə diaqnozu təsdiqləmək üçün ERCP aparılır. ERCP acqarına aparılır, müayinədən öncə pasiyentə sedativ preparat verilir, optimal içmə rejimi təyin olunur. Prosedurdan təqribən yarım saat öncə premedikasiya aparılır- müayinəni daha rahat apara bilmək üçün əzələ daxilinə xüsusi dərman preparatları (atropin sulfat, platifillin və s.) yeridilir.

ERCP müayinəsinin aparılma qaydası

ERCP zamanı xüsusi zond ağız boşluğundan qida borusu, mədə və onikibarmaq bağırsağa ötürülür- xəstə bu zaman sol böyrü üstə uzanmış olur. ERCP bir neçə etapda həyata keçirilir- öncə bağırsağın və böyük məməciyin (fater) selikli qişasının vəziyyətini qiymətləndirmək üçün təftiş aparılır. Sonrakı etapda pappulanın (məməciyin) mənfəzinə zondu yeritməklə (yeridilmə dərinliyi müayinənin məqsədindən asılıdır) kanyulası aparılır. Hepatobiliar ağacın və mədəaltı vəzinin bütün axacaqlarına ümumi baxış keçiriləcəksə, nisbətən kiçik nüfuzetmə kifayətdir, selektiv nahiyyəyə baxılacaqsa zond daha dərinə yeridilir. Bundan sonra rentgenoskopiyanın ciddi nəzarəti altında, axarlarda hər hansı patologiyanın aşkarlanması üçün 25-40 ml kontrast maddə yavaş yeridilir.

ERCP müayinəsi nəyi göstərir

Məqbul ölçüdə (10-15 mm-dək) daşlar aşkarlandıqda öd yollarının keçiriciliyinin bərpası üçün onların xaric olunması mümkündür. Bu prosedur, həm daşın bilavasitə “dartılaraq” çıxarılması şəklində, həm də papillosfinkterotomiya- fater məməciyinin parçalanması yolu ilə mümkündür. Onun daralması və ya digər problemləri zamanı ERCP vasitəsilə öd axarların stentlənməsi- öd axınını asanlaşdlrmaq üçün axara xüsusi plastik borucuğun yerləşdirilməsi mümkündür. Hepatobiliar ağac və ya mədəaltı vəzinin axacaqlarında hər hansı bir struktur dəyişikliklər aşkarlanmadıqda rentgenoskopiyanın nəzarəti altında kontrastın evakuasiya sürəti ölçülür- bu yolla müvafiq sistemdə hərəkət pozğunluqları aşkarlana bilir. ERCP-nin nəticələri, əməliyyatdan əvvəl hazırlığın bir hissəsi kimi həyata keçirildikdə, cərrah tərəfindən diqqətlə analiz edilir və cərrahi müdaxiləyə hazırlıq kimi istifadə olunur.

error: Content is protected !!