Balıq yağı və D vitamini körpələrdə inağın yaranmasının qarşısını alır

Son kliniki araşdırmalara görə hamiləlik dövründə ana balıq yağı və D vitamini tərkibli əlavələr qəbul edərsə, onların körpələrində 3-yaşadək dövrdə yalançı inağın rast gəlmə tezliyi çox aşağı olur. Kopenhagen universitet klinikasının (Danimarka) alimlərinin apardıqları randomizə olunmuş kliniki araşdırmanın nəticəsi 5 sentyabr 2022-ci il tarixində Barselonada (İspaniya) keçirilən Avropa respirator xəstəliklər cəmiyyətinun Beynəlxalq konqressində təqdim edilmişdir.

İnaq (kəskin stenozlu laringit) -erkən yaşlı uşaqlarda geniş yayılmış, infeksiyalar və xüsusilə paraqripp virusları vasitəsilə törədilən respirator xəstəliklərdəndir. İnaq hürücü öskürək, xırıltılı səs və tənəffüsün çətinləşməsi ilə xarakterizə olunur. İnaq adətən yüngül formada keçsə də, bəzi uşaqlarda stasionar müalicə və respirator yardıma ehtiyac olur.

Günümüzdə inağın profilaktikası üçün təsirli bir yol məlum deyil və bu səbəbdən mütəxəssislər vitamin və mikroelemetlərin prenatal dövrdə qəbulunun potensial effektini araşdırmışlar. Araşdırmada 736 hamilə qadın iştirak edib (COPSAC-Kopenhagen-2010).

Qadınlar 4 qrupa bölünürdü. Birinci qrupa böyük dozada (2800 BV/gün.) D vitamini və Omega-3 -uzunzəncirli polidoymamış yağ turşuları (2,4 q); ikinci qrupa yüksək dozada D vitamini və zeytun yağı; üçüncü qrupa -standart dozada (400 BV/gün.) D vitamini və balıq yağı; dördüncü qrupa isə standart dozada D vitamini və zeytun yağı təyin olunur. Bütün qadınlar təyin olunmuş bioloji əlavələri hamiləliyin 24-cü həftəsindən doğuşdan sonrakı 7-ci günədək hər gün qəbul edirlər. Nə qadınlar, nə də müşahidəçilər qəbul edilən əlavələrin nə olduğunu bilmirdilər.

Bütün yenidoğulmuşların 97-də (14%) 3 yaşadək dövrdə inaq aşkarlanməşdır. Ümumilikdə isə, balıq yağı qəbul edən anaların uşaqlarında inağın rastgəlmə tezliyi 11%, zeytun yağı qəbul edənlərdə isə 17% olmuşdur. Böyük dozada D vitamini qəbul edən hamilələrin körpələrində inağın rastgəlmə tezliyi 11%, standart doza qəbul edənlərdə isə 18% olmuşdur.

D vitamini və balıq yağının təsir mexanizmi tam olaraq məlum olmasa da, onların immun sistemə stimuləedici təsirilə əlaqədar olduğu ehtimal olunur. Vitamin D və balıq yağının digər müsbət effektlərindən sümük toxumasının inkişafına, MSS-nə və astmadan qorunmağa təsiri də böyük əhəmiyyət kəsb edir.

Bu araşdırma hamiləlik dövründə D vitamini və balıq yağının qəbulunun erkən yaş dövründə inağın profilaktikası üçün böyük əhəmiyyət kəsb etdiyini göstərir. Bu bioloji əlavələr hər kəs üçün münasib olduğundan əksər hamilələr onu rahatlıqla əldə edə və qəbul edə bilərlər. Lakin, hər hansı bir preparatı qəbul etməzdən qabaq öz həkiminizlə məsləhətləşməyi unutmayın.

error: Content is protected !!