1 aylıq uşaq

Doğuşdan sonrakı ilk aylarda uşaq sürətlə inkişaf edir. Valideynlərin bu dövrdə bütün inkişaf dövrləri haqqında məlumatlı olması uşağın normal inkişafı baxımından çox əhəmiyyətlidir.  

Körpənin fiziki, əqli, sosial və duyğusal inkişaf dövrləri ilə yanaşı, qidalanma, yuxu və sağlamlıq göstəriciləri haqqında düzgün bilgiyə sahib olması da uşağın normal böyüməsi və valideynin özünə inamının olması baxımından da böyük əhəmiyyət kəsb edir.

1 aylıq uşağın fiziki inkişafı

Hər bir körpə müəyyən reflekslərlə (anadəngəlmə) dünyaya gəlir.  Bu reflekslərdən ən önəmlisi və gözə çarpanı -əmmə və tutma refleksidir. Uşaq doğulduğu andan çox hərəkətlidir. Uzandığı yerdə əllərini və qollarını hərəkət etdirir və başını yana çevirə bilir. 1 aylıq uşaq qarnı üstə uzadıldıqda başını yuxarı qaldırar, lakin hələ başını saxlama tam formalaşmamış olur. Onurğası hələ tam formalaşmadığından bu dövrdə uşağı qucaqda tutarkən başını və kürəyini dəstəkləmək lazımdır.

1 aylıq uşaqda zehni inkişaf

Körpə dünyaya gəldikdə eşitmə və görmə duyğuları formalaşmış, dad qabiliyyəti və toxunmaya həssaslıq olur. Yenidoğulmuş 15-20 sm məsafədən əşyaları görə bilir, səslərə həssasdır, başını səs gələn tərəfə çevirə bilir.

Körpə ana bətnində olarkən dadbilmə duyğusu formalaşmağa başlayır. Belə ki, dölyanı mayeni udur və ilk dadı alır. Doğularkən artıq dadbilmə duyğusu formalaşmış olur və 1 aylıq dövrdə dadları asanlıqla ayırd edə bilir. Şirin qidalar daha çox xoşuna gəlir. Ana südü və süni qidaların dadı uşağın dad duyğusuna uyğun olur. Körpədə qoxu duyğusu də inkişaf etmiş olur, xüsusilə anasının qoxusuna çox həssas olur.

Bu ayda körpə gülümsəməyə başlayır. Gülümsəməyə gülümsəməklə cavab verir.

Duyğusal olaraq bu dövrdə körpənin yeganə ünsiyyət yolu ağlamaqdır. Bir yeri ağrıdığında, yuxusu gəldikdə, köpü varkən, ani hərəkət və qəfil səsdən diksindikdə ağlamaqla bildirir. Uşağın ağlamasına mütləq reaksiya vermək, onu rahatlatmaq, ehtiyaclarını qarşılamaq lazımdır. Bu onda güvən duyğusunu formalaşdırır.

1 aylıq uşaq nələr edir?

  • Qarnı üstə uzatdıqda başını qısa müddətli qaldırır
  • Başını sola-sağa çevirir
  • Yaxınlığındakı simaları ayırd edə bilir
  • Arxası üstdə uzatdıqda əllərini və ayaqlarını hərəkət etdirir
  • Ovucuna verilən əşyaları möhkəm sıxır
  • 15-20 sm məsafəni görür
  • 10-15 sm məsafədən gələn səsə doğru başını çevirir
  • Gülümsəyər
  • Anasının səsini, qoxusunu və üzünü tanıyır

1 aylıq körpə necə qidalanmalıdır?

Ilk aylarda valideynləri ən çox narahat edən məsələ qidalanmadır. Uşaq necə qidalanmalıdır? Ana südü yetərlimidir? Hansı tezliklə qidalanmalıdır? Və s.

Uşağın normal inkişafı üçün ilk 6 ayda yalnız ana südü yetərlidir. Ana südündə körpənin ehtiyacını qarşılayacaq miqdarda su, dəmir, vitamin, yağ və protein mövcuddur. Ana südü körpənin immun sistemini gücləndirir, infeksiyalardan qoruyur, skeletin formalaşmasını təmin edir və həzm sisteminin normal fəaliyyətini təmin edir.

Hər hansı bir səbəbdən körpə ana südü almırsa, həkim məsləhətinə görə süni qida verilməlidir. İlk 6 ayda ana südü və ya süni qidadan başqa bir qidaya ehtiyac yoxdur.

Qidalanma tezliyi necə olmalıdır?

Ilk həftələrdə körpəni hər ağladığında yedizdirmək məsləhətdir. Belə ki, körpənin mədəsinin ölçüsü çox kiçikdir və tez acır. 1 aylıq dövrdə mədənin ölçüsü xeyli böyüdüyündən, qidalanma tezliyini azaltmaq lazımdır. Bu dövrdə orta hesabla 2.5 saatdan bir əmizdirmək məsləhət görülür ki, bu da orta hesabla gün ərzində 6-10 dəfə qidalandırmaq deməkdir. Lakin ağlama səbəbinin köp,yuxusuzluq, qəfil səs və s deyil də aclıq olduğunu düşünürsüzsə əmizdirmək daha məqsədəuyğundur.

1 aylıq uşaqlarda yuxu rejimi

Doğulduqdan sonrakı ilk aylarda körpə vaxtının çoxunu yataraq keçirir. Yuxu körpənin normal inkişafı üçün çox vacibdir. Yuxu zamanı körpənin fiziki və əqli inkişafı gedir. Ilk aylarda qidalanmaq, altının dəyişildirilməsi, əzizlənmək və dünyanı kəşf etmək kimi ehtiyacları üçün oyanıb, qalan zamanı yatmaqla keçirməlidir. Yuxuya ehtiyac uşaqdan uşağa dəyişsə də, orta hesabl ilk aylarda 11-18 saat yuxuda keçir. Aylar artdıqca iki yuxu arasında ayıqlıq dövrü tədricən uzanır. Ilk 6 ayda uşağın yuxu rejiminə müdaxilə etməyə ehtiyac yoxdur, uşaq ehtiyacı olan rejimi özü tənzimləyir.

1 aylıq uşaq yuxuda niyə ağlayır?

Ilk aylarda körpənin yuxuda ağlaması və oyanması çox rast gəlinir. Bu bir çox səbəbdən ola bilər, lakin ən çox rast gəlinən səbəbi qaz sancısıdır. Körpə əllərini yumruqlayıb sıxırsa, ayaqlarını qarnına doğru sıxarsa, üzü qızarırsa –köpün əlamətləridir. Bu vəziyyətdə yuxunin normal davam etməsi üçün körpənin kürəyini sığallamaq və qazını çıxarmasına kömək etmək lazımdır. Aclıq da səbəblərdən biridir. Aclıqdan ağlayırsa, əmizdirib yuxusunu davam etməsinə çalışın. Bezi kirləndikdə də də uşaq ağlayaraq narahatlığını bildirər. Altını təmizlədikdən sonra körpə yuxusuna davam edəcək. Bütün bu ehtimallar nəzərə alındığı halda uşaq rahatlamırsa, xəstəlik ehtimalını düçünüb həkimlə məsləhətləşmək lazımdır.

1 aylıq uşaqda yuxuya getməmə səbəbləri nələrdir?

Körpənin yuxuya getməməsinə qaz sancısı, aclıq və ya artıq qidalanma səbəb ola bilər. Bu hal davamlı xarakter daşıyarsa həkimlə məsləhətləşmək lazımdır. Yuxuya getməməyə səbəb mədə problemi, infeksion xəstəliklər ola bilər. Əgər hər hansı sağlamlıq problemi yoxdursa, yuxu üçün normal şəraitin olub-olmamasını aydınlaşdırmaq lazımdır. 21 dərəcə otaq temperaturu və işıqlanmanın zəif olması yuxu üçün ideal mühitdir. Yatızdırmadan öncə uşaqla vaxt keçirmək, onu qucaqlamaq, sakit səs tonuyla danışmaq və rahatlatıcı masaj etmək yuxuya getməni asanlaşdıracaq.

1 aylıq körpə üçün oyunlar

Körpə dünyanı və özünü oyunla kəşf edər. Körpənin ilk oyuncağı öz vücududur. Ilk ayda ən əhəmiyyətli aktivliklər -kiçik gimnastik hərəkətlər, uşaqla danışmaq və mahnı oxumaqdır. Bu şəkildə uşaqla oyun oynamağa başlamaq olar. Yatağın üstündən sallanan oyuncaqlar görmənin inkişafını dəstəkləyər. Tutma refleksindən yararlanaraq uşağın əlinə səsli oyuncaqlar vermək olar. 15-20 sm məsafədə kiçik oyuncaqlarla oyunlar körpəni həm əyləndiri, həm də körpənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.