Meninqokokk infeksiyası
Meninqokokk infeksiyası- infeksion xəstəlik olub, nazofaringitdən meninqokokk sepsisi və meningitinədək müxtəlif kliniki təzahürlərlə özünü büruzə verən xəstəliklər qrupundan ibarətdir. Bu xəstəlikləri birləşdirən ortaq cəhət, hava-damcı yolu ilə ötürülən meninqokokk infeksiyası tərəfindən törədilmələridir. Meninqokokk infeksiyası geniş yayılması, sürətli inkişafı, ölümə səbəb ola biləcək ağırlaşmalarla keçdiyi üçün təhlükəli infeksiyalardan hesab olunur.
Meninqokokk infeksiyası haqqında ümumi məlumat
Meninqokokk infeksiyası- infeksion xəstəlik olub, burun-udlağın selikli qişasında xarakterik kliniki əlamətlərlə özünü büruzə verir. Bu xəstəlik üçün prosesin yayılması, spesifik septisemiya və irinli leptomeningitin inkişafı xarakterikdir. Meninqokokk infeksiyası dünyanın bütün ölkələrində yayılmışdır. Bəzi ölkələrdə sporadik hallar kimi, digərilərində isə epidemik sıçrayış, bəzən hətta epidemiya şəklində rast gəlinmişdir. Meninqokokk infeksiyasının ən geniş yayıldığı ölkələrə Mərkəzi Afrika ölkələri, Cənubi Amerika və Çin daxildir. Xəstəliyin sıçrayışları, adətən əhalinin sıx olduğu və antisanitar şəraitin hökm sürdüyü yerlərdə meydana çıxır.
Xəstəliyin coğrafi analizi, inkişafı üçün daha əlverişli əraziləri aşkar etməyə imkan verir. Bura ilk növbədə, uzaq şərq ölkələri, Çin və Monqolustanla sərhəd ərazilər daxildir.
Meninqokokk infeksiyasının səbəbləri
Meninqokokk infeksiyasının törədicisi Neisseria meningitidis-dir. Bu qram mənfi diplokokk, qamçı və kapsula malik deyil və spor əmələ gətirmir. Meninqokokklar təmiz kültürdən alınmış materialda anilin boyaları ilə asanlıqla vizualizə olunur. Onlar cüt şəkildə, iki bir-birinə daxili səthlərinə doğru çevrilmiş paxla şəklində yerləşirlər. Meninqokokkların inkişafı üçün optimal temperatur 37 °С-dir. Onlar xarici mühitə davamsızdırlar, günəş şüalarının və dezinfeksiyaedici maddələrin təsirindən, quruluq və 22 °С-dək temperaturdan dərhal məhv olurlar. Meniqokokkların bir neçə seroloji tipi mövcuddur, onlardan 4-ü əsasdır: A,B,C,D serotipləri.
Hava-damcı yolu ilə meninqokokk sağlam insanda burun udlağa, ağız boşluğuna, yuxarı tənəffüs yollarına daxil olaraq hematogen yolla bütün bədənə yayılır. Meninqokokk infeksiyasının patogenezində allergik reaksiyaların qoşulduğu toksiki və septiki xarakterli proseslərin birgə təsiri əsas rol oynayır.
Meninqokokk infeksiyasının epidemiologiyası
Meninqokokk infeksiyasının mənbəyi xəstəliyin kiliniki əlamətlərini daşıyan xəstə və ya daşıyıcıdır. Meninqokokkun ötürülmə yolu- aspirasion yolladır. İnfeksiya danışıq, öskürmə, asqırma zamanı kiçik damcıların ətrafa atılması yolu ilə yayılır. Xəstə ilə sıx kontakt, xüsusilə qapalı mühitdə olmaq yoluxma riskini artırır.
Meninqokokk infeksiyası müəyyən qədər infeksion xarakter daşıyır. Xəstə sayı ilin quru və soyuq dövründə artaraq mart-may aylarında pik həddə çatır. Meninqokokk infeksiyası üçün xəstəliyin 10-15 illik intervallarla periodik artımı tipikdir. Xəstəlik istənilən yaş qrupuna aid şəxlərdə inkişaf edə bilər, lakin daha çox uşaqlarda müşahidə olunur. Uşaqlar ümumi xəstə sayının demək olar ki, 70%-ni təşkil edir. İmmun sistemin zəifləməsi meninqokokk infeksiyasının inkişafında mühüm əhəmiyyət kəsb edir.
Meninqokokk infeksiyasının təsnifatı
Meninqokokk infeksiyası lokal və generalizə olunmuş ola bilər. Lokal formalara meninqokokk daşıyıcılığı, kəskin nazofaringit və izoləolunmuş meninqokokk pnevmoniyası aiddir. Generalizəolunmuş formalara: kəskin və xroniki meninqokokkemiya, meninqokokk meninqoensefaliti, meninqokokk meningiti daxildir. Nadir formalar: meninqokokk artriti və ya poliartriti, meninqokokk endokarditi və iridosikliti də rast gəlinir. Daha çox meninqokokk infeksiyasının qarışıq formalarına rast gəlinir.
Meninqokokk infeksiyasının simptomları
Meninqokokk infeksiyasında inkubasiya dövrü 1-10 gün, orta hesabla 2-3 gün davam edir. Meninqokokk daşıyıcılığı zamanı adətən sağlamlıq pozulmur. Adətən xəstəlik qəfil başlayır, lakin bəzi hallarda prodromal dövr: zəiflik və tər ifrazının artması, baş ağrısı və temperaturun bir qədər yüksəlməsi müşahidə oluna bilər.
Kəskin meninqokokk nazofaringiti subklinik gedişə malik ola bilər. O, həmçinin yüngül, orta ağır və ağır formada keçə bilər. Əksər hallarda nazofaringitin yüngül forması zəif intoksikasiya əlamətləri və subfebril temperaturla keçir. Orta ağır formada temperatur 38-38,5 °С-dək artır. Xəstələrdə ümumi intoksikasiya əlamətləri, baş ağrısı və başgicəllənmə, zəiflik və gücsüzlük əlamətləri müşahidə olunur. Bu simptomlarla yanaşı boğazda qıcıqlanma və ağrı, burun tutulması və az miqdarda selikli-irinli ifrazat, bəzən quru öskürək ola bilər. Dəri örtükləri quru və solğun olur. Nazofaringitin ağır forması 39 °С və daha yüksək hərarətlə keçir. Baş ağrısına qusma, meningial simptomlar da qoşula bilər. Nazofaringit generalizəolunmuş formanın inkişafına təkan ola bilər.
Meninqokokk meningiti adətən titrətmə və temperatutun 38-40 °С-dək yüksəlməsilə kəskin başlayır. Əsas şikayət güclü baş ağrıları, işıqdan qorxmadır. Meningial simptomlar tez yaranır və sürətlə inkişaf edir. Ənsə əzələlərinin rigidliyi, Kerniq simptomu və digər simptomlar müsbət olur. Hərəkət narahatlığı, üzün hiperemiyası, toxunduqda isti olması,qırmızı dermoqrafizm, bəzən dərinin hiperesteziyası xarakterikdir. Xəstə yataqda məcburi vəziyyət alır- başını arxaya əyir və ayaqlar qarına yığılmış olur.
Meninqokokk meningitində düşünmə və psixi pozğunluqlar yarana bilər. Sayıqlama, oyanıqlıq, hallusinasiya və ya adinamiya, tormozlanma, sopor, hətta koma mümkündür. Uşaqlarda qıcolmalar, bəzən hiperkinezlər müşahidə olunur. Əksər xəstələrdə periostal və vətər reflekslərinin zəifləməsi və ya güclənməsi, eləcə də, qeyri-düzgün yayılması, beyin sinirlərinin zədələnməsi baş verir. İrinli labirintit və karlıq yarana bilər. Bəzən görmə sinirinin nevriti yarana bilər.
Meninqokokkemiya kəskin meninqokokk sepsisidir, kəskin başlanğıc, yüksək hərarət, bir çox septiki əlamətlər, eləcə də, ürək-damar sisteminin funksiyasının əhəmiyyətli pozğunluqları, səpkilərin erkən formalaşması və ağır gedişlə xarakterikdir. Səpkilər adətən gövdə və aşağı ətraflarda, parlaq-çəhrayı və ya azca göyümtül çalarda, rozeola və papula şəklində ola bilər. Bununla yanaşı, dəridə müxtəlif ölçülü hemorragik elementlər və ulduzvari qırmızı ləkələr olur və daha sonra nekrozlaşır.
Meninqokokkemiya zamanı konyunktiva, sklera və burun-udlağın selikli qişasına qansızmalar müşahidə olunur. Xəstələrdə burun, uşaqlıq, mədə qanaxmaları, subaraxnoidal qansızmalar, mikro- və makrohematuriya müşahidə olunur. Bəzi hallarda artrit və poliartritlər yarana bilər. Böyüklərdə ağır meninqokokkemiya çox vaxt meningitlə müşayiət olunur.
Meninqokokk meninqoensefaliti artıq xəstəliyin ilk günlərindən qıcolmalarla, bir çox hallarda isə görmə və ya eşitmə hallusinasiyaları ilə özünü büruzə verir. Onun üçün erkən iflic və parezlər xarakterikdir.
Meninqokokk infeksiyasının fəsadları
Xəstəliyin erkən və gecikmiş spesifik fəsadları mümkündür. Bunlara daxildir:
- toksiki-infeksion şok;
- kəskin böyrək çatışmazlığı;
- mədə-bağırsaq və uşaqlıq qanaxmaları;
- baş beynin kəskin ödemi;
- serebral hipotenziya;
- ağciyər ödemi;
- ifliclər və parezlər;
- hormonal disfunksiyalar;
- epilepsiya;
- hidrosefaliya.
Qeyri-spesifik ağırlaşmalara herpes, otit, pnevmoniya, pielonefrit və s daxildir.
Meninqokokk infeksiyasının diaqnostikası
Diaqnozun dəqiq qoyulması üçün xəstəliyin klinikası ətraflı öyrənilməlidir. Epidemioloji məlumatlar, anamnez, qanın və lumbal punksiya ilə əldə edilmiş onurğa beyin mayesinin laborator nəticələri diqqətə alınmalıdır. Meninqokokk daşıyıcılığına və ya meninqokokk nazofaringitinə şübhə olduqdaqırtlağın arxa divarından götürülmüş seliyin bakterioloji müayinəsi mütləqdir. İmmunoloji müayinə üsullarından da istifadə edilə bilər.
Digər xəstəliklərlə differensial diaqnostika aparılmalıdır. Nazofaringit kəskin virus infeksiyaları, angina, faringitlə differensiasiya edilir. Meninqokokk infeksiyasının qarışıq formasını və meninqokokkemiyanı digər infeksion xəstəliklərlə differensiasiya etmək lazımdır. Meninqokokk meningitini digər etiologiyalı irinli meningitlərlə differensiasiya etmək lazımdır.
Meninqokokk infeksiyasının müalicəsi
Meninqokokk infeksiyasında erkən hospitalizasiya mütləqdir. Xəstə infeksion xəstəxananın xüsusi şöbəsində yerləşdirilir. Ağırlaşmalar olduqda xəstəni reanimasiya şöbəsinə yönləndirirlər. Ağır intoksikasiya, qızdırma zamanı antibiotik təyin olunur. Ağır hallarda şokəleyhinə tədbirlər, dehidratasion və dezintoksikasion müalicə, qıcolmaəleyhinə preparatlar təyin olunur. Analgetiklər, kortikosteroidlər, oksigenoterapiya, ağciyərlərin süni ventilyasiyası və digər vasitələr təyin edilir. Göstərişə əsasən vitaminlər, nootrop preparatlar və ürək qlikozidləri yazılır. Stasionardan çıxış- klinik simptomların itməsi, sağalma və bakterioloji müayinədə (əsnək və ya burundan götürülmüş yaxmada) meninqokokkun olmaması halında mümkündür.
Düzgün və vaxtında aparılmış müalicə zamanı meninqokokk infeksiyasının proqnozu qənaətbəxşdir. Statistik olaraq letal nəticələr- baş beynin şişməsi və ödemi, infeksion toksiki şok kimi fəsadlar zamanı mümkündür. Qalıq əlamətlər müalicəsi gecikmiş xəstələrdə müşahidə olunur. Sinir-psixi aktivliyin funksional pozğunluqları yarana bilər. Meninqokokk infeksiyası keçirmiş xəstələrə ambulator nəzarət və nevroloqun sonrakı müalicəsi göstərişdir.
Meninqokokk infeksiyasının profilaktikası
Meninqokokk infeksiyasının müxtəlif formalarının diaqnozu və hospitalizasiyası vaxtında olmalıdır. Epidemiyaəleyhinə tədbirlərə infeksiya daşıyıcılarının aşkarlanması və onlarda burun-udlağın sanasiyası aiddir. İmmunitetin artırılması böyük profilaktik əhəmiyyətə malikdir. Xəstə ilə kontaktda olanlar həkim nəzarətinə götürülməli və bakterioloji müayinədən keçməlidirlər. Göstərişlərə əsasən A və C seroloji qrupuna aid meninqokokkəleyhinə polisaxarid peyvəndi vurulur və 3-5 illik immunitet saxlanılır. Epidemiya təhlükəsi olduqda təkrari immunizasiya 3 ildən sonra aparıla bilər.