Abdominal miqren
Abdominal miqren — qarnın mərkəzi hissəsində 1-72 saat davam edən ağrı epizodları ilə xarakterizə olunan paroksizmal idiopatik pozulmadır. Ağrı tutması dispeptik, vazomotor təzahürlərlə müşayiət olunur. Abdominal miqren mədə-bağırsaq, böyrəklər və baş beyin tərəfdən mümkün səbəblər inkar olunduqdan sonra patologiyanın klinik simptomatikasına əsasən diaqnostika olunur. Müalicə abdominalgiyaların aradan qaldırılmasına (QSİƏP, kombinə olunmuş analgetiklər, triptanlar, antiemetiklər (qusmaəleyhinə preparatlar)) yönəlmiş tədbirlər və paroksizmlərarası dövrdə terapiyanı (profilaktik dərman terapiyası, rejimə riayət, tirggerlərin ləğvi) əhatə edir.
Аbdominal miqren barədə ümumi məlumat
“Abdominal miqren” (AM) termini nevrologiyada 1921-ci ildən istifadə olunur. Patologiya uşaqlarda və yeniyetmələrdə rastlandığından əvvəllər periodik uşaq sindromlarına aid edilirdi. Sonralar məlum oldu ki, oxşar vəziyyətlər böyüklərdə də aşkarlana bilər. Baş ağrılarının beynəlxalq təsnifatına (2013) əsasən abdominal miqren “miqrenlə yanaşı gedə bilən epizodik sindromlar”a aid edilir. Müxtəlif məlumatlara əsasən abdominal xarakterli miqren 2-4% uşaqlarda müşahidə olunur. Əksər hallarda xəstəliyin ilk əlamətləri 2-10, pik təzahürləri isə 10-12 yaşlarda meydana çıxır. 20 yaşa qədər oğlan və qızlarda rast gəlmə tezliyi 2:3 nisbətindədir; böyüklər arasında qadınlar kişilərlə müqayisədə 2 dəfə çox xəstələnir. AM-li uşaqların 70%-ində sonralar klassik miqren sefalgiya tutmaları əmələ gəlir.
Аbdominal miqrenin səbəbləri
Patologiyanın dəqiq səbəbi məlum deyil, multifaktorial etiologiyalı olması ehtimal olunur. AM-li xəstələrin çoxsaylı müşahidəsi psixoloji aspektin – uşağın və valideynlərin xarakterlərinin, ailədə qarşılıqlı münasibətlərin xüsusiyyətlərin mühüm rolunu aşkarlamışdır. Xəstəliyə narahat, ağrıya, diskomforta həssaslığı yüksək olan oyanıq uşaqlar meyillidir. Vəziyyəti valideynlərin, xüsusən ananın davamsız psixikası dərinləşdirir; AM-li uşağı olan ailələrdə ananın nevroz olma riski yüksəkdir. Xəstələrin 65%-inin miqrendən əziyyət çəkən valideynləri var; bu da irsi meyilliyin mövcudluğuna dəlalət edir. Əldə edilən məlumatların xülasəsinə əsasən bir çox tədqiqatçılar hesab edirlər ki, abdominal miqren genetik determinə olunmuş meyillik fonunda psixoloji faktorların təsiri nəticəsində meydana çıxır.
Miqren paroksizmlərini provokasiya edən triggerlər, adətən, müxtəlif psixoemosional yüklənmələr – güclü mənfi və ya müsbət emosiyalar, çıxış zamanı psixoloji yüklənmələr, imtahan və s. olur. Meteohəssaslıq mümkündür. Yuxunun deprivasiyası, fiziki tükənmə, aclıq hissi də tutmaları provokasiya edir. Bir sıra xəstələrdə abdominal miqren müəyyən qida məhsullarının (yağlı balıqlar, şokolad, fındıq) qəbulu nəticəsində yaranır; bu məhsulların qida rasionundan çıxarılması abdominal ağrı epizodlarının tezliyinin azalmasına gətirib çıxarır.
Аbdominal miqrenin patogenezi
AM-in inkişaf mexanizmi məlum deyil, xəstəliyin morfoloji substratı yoxdur. Patologiya funksional xarakter daşıyır, eyni embrional toxumadan inkişaf etmiş MSS və mədə-bağırsaq traktı arasında birbaşa qarşılıqlı əlaqə ilə bağlıdır. Əsas patogenetik hipotezlərdən biri abdominal paroksizmlərin inkişaf mexanizmində aşağıdakı mexanizmi ehtimal edir: stress MSS-nin aktivliyini yüksəldir, neyropeptidlərin və neyromediatorların ifrazının yüksəlməsi nəticəsində mədə-bağırsaq traktının sinir, vegetativ, damar disrequlyasiyası meydana çıxır. Tədqiqatçılar qeyd edir ki, adekvat tənzimləmənin pozulması bağırsaq reseptorlarının hiperhəssaslığına gətirib çıxarır; nəticədə bağırsağın adi dartılması onurğa beyində, sonra isə aparıcı yollarla serebral strukturlarda hiperimpulsasiyanı provokasiya edir. Paroksizmlərin sonrakı inkişafı baş beyin səviyyəsində ağrıların meydana çıxmasının patoloji mexanizminin fiksasiyası ilə iz yaddaşının saxlanması ilə bağlıdır.
Аbdominal miqrenin simptomları
Miqren qarında tranzitor ağrı paroksizmləri və həftələrlə və ya aylarla davam edən simptomsuz aralıqlarla xarakterizə olunur. Mülayim və ya güclü abdominal ağrı göbəkətrafı nahiyədə lokalizasiya olunur; 16% hallarda diffuz xarakter daşıyır. Əksər pasientlərdə qarında ağrı hissi küt xarakterli olur. Ağrı sindromu anoreksiya, ürəkbulanma, qusma, diareya ilə gedir. Ağrı uşağın həyat fəaliyyətinə mənfi təsir göstərir. Pasientin davranışı yaşından asılıdır: kiçik uşaqlar kaprizli olurlar, qucağa istəyirlər; böyük yaşlılar isə uzanırlar, məktəbə gedə bilmirlər. Tipik vazomotor reaksiyalar – dəri örtüyünün avazıması (5% hallarda hiperemiya), ətrafların soyuması müşahidə olunur.
75% hallarda abdominal miqren səhərlər qeyd olunur. Bəzən o meydana çıxmazdan əvvəl prodormal əlamətlər – anoreksiya, davranış və ya əhval-ruhiyyənin dəyişilməsi özünü göstərir. Tutmaların davametmə müddəti 1 saatdan 3 günədək dəyişə bilir; orta hesabla 17 saatdır. Yuxu zamanı ağrıların itməsi xarakterikdir. İl ərzində paroksizmlərin tezliyi 2-200 arasında dəyişir. Əksər pasientlərdə abdominal miqren hər ay müşahidə olunur, tutmaların illik sayı orta hesabla 14 olur. Tədricən abdominal formalı tutmalararası və ya onlarla eyni zamanda meydana çıxan sefalgik miqren paroksizmlərinin miqdarı artır.
Аbdominal miqrenin ağırlaşmaları
Tez-tez təzahür edən abdominal miqren tutmaları məktəbəqədər yaş qrupuna mənsub uşaqların uşaq kollektivlərinə getməsini çətinləşdirir, məktəblilərin isə dərslərini buraxmalarına səbəb olur. Ağrı sindromu uşağın psixikasına mənfi təsir göstərir; asteniya, nevrasteniya, depressiv, ipoxondrik tip xarakterin formalaşması təhlükəsi yaradır. Ciddi fəsadlaşma AM-in ilk diaqnostikasının səhvən bağırsaq infeksiyası, kəskin qarın kimi qiymətləndirilməsi ilə bağlıdır. Qeyri-adekvat antibiotikoterapiya bağırsaq disbakteriozunun inkişafını provokasiya edir. Kəskin abdominal patologiyanın hiperdiaqnostikası əməliyyatı uzun müddətli bərpa dövrünə malikdir; cərrahi ağırlaşmalar mümkündür.
Аbdominal miqrenin diaqnostikası
Qeyri-spesifik simptomatika, onun mədə-bağırsaq xəstəliklərinin təzahürləri ilə oxşarlığı, pediatrın miqrenin abdominal forması ilə bağlı az informasiyasının olması diaqnostik çətinliklər törədir. İlk müraciət zamanı diaqnostikanın gedişində ağrı sindromunun funksional xarakterini təsdiq etmək mütləqdir. Bu, mədə-bağırsaq traktı orqanlarının anatomik, neoplastik, iltihabi patologiyalarını hərtərəfli araşdırmağı tələb edir. Tövsiyə olunan müayinələr aşağıdakılardır:
- Obyektiv müayinə. Pediatr, qastroeneteroloq tərəfindən aparılır. Mədə-bağırsaq traktının zədələnmə simptomlarının olmaması xarakterikdir. Dili təmiz, epiqastral nahiyənin palpasiyası ağrısız, bağırsaq spazmsızdır; peritonun qıcıqlanma simptomları aşkar olunmur. Paroksizm dövründə qarnın palpasiyası hiperesteziyalar səbəbindən çətinləşmişdir.
- Laborator diaqnostika. Sidiyin və qanın ümumi analizi, koproqramma normal olur, iltihabi dəyişikliklər aşkar olunmur. Qanın biokimyəvi analizi patoloji dəyişikliklərsizdir. Pankreatik fermentlərin (amilaza, lipaza) normal səviyyəsi mədəaltı vəzin patologiyasını, nəcisin bakterioloji əkilməsi patogen mikrofloranı inkar edir.
- Böyrəklərin və qarın boşluğunun orqanlarının USM-i. Orqanların anatomik quruluşunun dəyərləndirilməsi, üzvi patologiyanın aşkarlanması məqsədilə mühümdür. Differensial diaqnostikanın aparılmasında böyük əhəmiyyət kəsb edir. Ehtiyac olarsa, böyrəklərin USM-i ekskretor uroqrafiya ilə tamamlana bilər.
- Bağırsaqların rentgenoqrafiyası. Kontrast maddə ilə həyata keçirilir. İnkişaf anomaliyası, selikli qişaların konfiqurasiya və relyef dəyişiklikləri təsdiqlənmir. Yenitörəmələri, invaginasiya, bağırsaq keçməzliyi, Kron xəstəliyini inkar etməyə kömək edir.
- Qarın aortasının doppleroqrafiyası. Aortanın qarın şöbəsində qan dövranının xətti sürətinin yüksəlməsi əksər pasientlər üçün tipikdir. Dəyişikliklər paroksimlər dövründə müayinə zamanı xüsusən güclü izlənir.
- Baş beynin MRT-i. Sefalgiyalar zamanı göstərişdir. Müayinə intrakranial patologiyaları – baş beynin şişləri, hidrosefaliya, serebral kistlər, kəlladaxili hematomaları inkar etmək üçün mühümdür.
Diaqnoz Roma diaqnostik kriteriyalarına müvafiq simptomatika və patologiyanın başqa səbəbləri olmadıqda qoyulur. Əsas əlamət anamnezdə ürəkbulanma, qusma, avazıma, anoreksiya kimi simptomlardan azı ikisi ilə müşayiət olunan, 1-72 saat davam edən beşdən artıq göbəkətrafı küt ağrı və diffuz abdominalgiya epizodunun olmasıdır. Differensial diaqnostika bağırsaq infeksiyaları (dizenteriya, qida toksikoinfeksiyası, salmonelyoz), enteropatiyalar, kəskin qarın, qıcıqlanmış bağırsaq sindromu, funksional dispepsiya, pankreatit, böyrək xəstəlikləri ilə aparılır.
Аbdominal miqrenin müalicəsi
Terapiya prinsipi adi miqrenin müalicəsinə müvafiqdir. Terapevtik tədbirlər kompleks aparılmalı, abdominalgiyaların aradan qaldırılması və tutmalararası müalicəni əhatə etməlidir. Xəstələrə nevroloq, nevroloq-alerqoloq nəzarət edir. Əsas müalicə mərhələləri aşağıdakılardır:
- Paroksizmin müalicəsi. Ənənəvi analgetiklər az effektlidirlər. Qeyri-steroid iltihab əleyhinə preparatlar (ibuprofen), kombinə olunmuş kodein tərkibli farmpreparatlar, parasetamol istifadə olunur. Triptan qrupu preparatlar (sumatriptan, eletriptan) effektivdir; lakin pediatrik praktikada onların qəbulu məhduddur. Çoxsaylı qusma antiemetik (qusma əleyhinə) preparatlara göstərişdir. Ayrı-ayrı müəlliflər uşaqlarda tutmaların dəf edilməsində venadaxili valproev turşusunun yeridilməsi imkanlarını təklif edirlər.
- Profilaktik müalicə. Trigger faktorların aşkarlanması, tutmaların inkişaf mexanizmini aydınlaşdırmaq üçün uşaqla və valideynlərlə söhbətin aparılması, provokasiyaedici təsirlərin aradan qaldırılması vacibdir. Ümumi tövsiyələr yuxu və istirahət rejiminə riayət, psixoloji və fiziki yüklənmənin məhdudlaşdırılması, qidalanmanın normallaşdırılması, provokasiyaedici qida məhsullarının rasiondan çıxarılmasından ibarətdir. Tutmalarının tezliyi yüksək olan АМ profilaktik farmakoterapiya tələb edir. Siproheptadin, pizotifen, propanolol, sedativ preparatlar istifadə oluna bilər.
Аbdominal miqrenin proqnoz və profilaktikası
Dəqiq proqnostik məlumatlar mövcud deyil. Əsasən xoşxassəli gedişat xarakterikdir. Ayrı-ayrı tədqiqatlar böyüdükdən sonra abdominalgiyaların keçib getdiyini qeyd edir. 70% xəstə uşaqlarda baş ağrıların miqren epizodlu olmasından asılı olmayaraq abdominal miqren tədricən klassik sefalgik formaya çevrilir. AM-in profilaktikası ailədə xoş, etibarlı psixoloji atmosferin olması, gündəlik rejimə və qidalanmaya nəzarət, uşağın sinir sisteminin xüsussiyyətlərinə uyğun adekvat psixoemosional yüklənməsi ilə həyata keçirilir.