Abdominal piylənmə

Abdominal piylənmə – gövdə və daxili orqanlar nahiyəsində piy toplanması ilə müşayiət olunan xəstəlikdir. Əsas əlamətlər bel çevrəsinin 100 sm-dən çox olması, sistemli izafi qidalanma, şirniyyatlara meyillik, güclü susuzluqdur. Tez-tez arterial hipertenziya, yuxu apnoesi, apatiya, yuxululuq, sürətli tükənmə, xroniki qəbizlik və başqa həzm pozulmaları müəyyən olunur. Diaqnostika endokrinoloq tərəfindən klinik müayinə, bel çevrəsinin ölçülməsi, BÇİ-nə (bədən çəki indeksi) əsasən aparılır. Müalicə pəhrizə riayət, müntəzəm fiziki yüklənmədən ibarətdir; əlavə olaraq dərman terapiyası təyin olunur.

Abdominal piylənmə barədə ümumi məlumat

Abdominal piylənmə həm də mərkəzi, visseral, kişi tipli və “alma” tipli piylənmə adlandırılır. XBT-10-da o, “Endokrin sistemin xəstəlikləri, qidalanmanın pozulması və maddələr mübadiləsinin pozulması” kateqoriyasına aid edilib. Artıq çəki problemi Hippokratın dövründən məlumdur; lakin bu xəstəliyin müalicəsində uğurlar azdır, epidemioloji göstəricilər isə tədricən artır. Sonuncu fakt qida sənayesinin inkişafı, sağlam qidalanma vərdişlərinin olmaması və azhərəkətliliklə bağlıdır. ÜST-nin məlumatlarına əsasən dünya əhalisinin 30%-i artıq çəkidən əziyyət çəkir. Abdominal piylənməyə kişilər daha çox məruz qalır; son onilliklərdə bu patologiyanın uşaqlar və yeniyetmələr arasında yayılması artmışdır.

Abdominal piylənmənin səbəbləri

Etioloji əlamətlərinə görə piylənmə alimentar-konstitusional və simptomatik olur. Birinci varianta irsi meyillik və insanın həyat tərzi ilə əlaqəli olaraq daha çox rastlanır. Klinik təcrübəyə əsasən endokrin və digər patologiyalar nəticəsində yaranmış artıq çəki nisbətən az yayılıb. Abdominal piylənmənin səbəbləri aşağıdakılardır:

  • Konstitusional xüsusiyyətlər. Genetik meyillik 25-70% hallarda xəstəliyin səbəblərindən biridir. Mübadilə proseslərinin xarakteristikası, diabetin və metabolik sindromun inkişaf faktorları irsən ötürülür.
  • Qidanın tipi. Piylənməyə qidaların həddən artıq kalorili olması, onun çox hissəsinin axşamlar və gecələr qəbulu, ənənəvi qidalanmadan sənaye qidalanmasına keçid səbəb olur. Pasiyentlərin rasionunda yağlar, yüngül karbohidratlar, alkoqol üstünlük təşkil edir.
  • Qidalanma pozulmaları. Qida asılılığı qidaya münasibətdə ailəvi və milli stereotiplər, psixoloji sağlamlığın vəziyyətinə əsasən müəyyən olunur. Emosional pozulmalarda endorfin və serotonin mübadiləsi pozulur. Bu zaman şirniyyat və alkoqol qəbulu “dopinq” kimi təsir göstərir, beləliklə, asılılıq inkişaf edir.
  • Hipodinamiya. Piyin miqdarının artması tez-tez gündəlik azhərəkətliliklə (qida ilə təmin olunan enerjinin sərfinin qeyri-kafiliyi) əlaqəli olaraq yaranır. Orqanizmin hərəki aktivliyi ilə sərf olunmamış yağlar və karbohidratlar piyə çevrilərək “depo” şəklində toplanır.
  • Endokrin pozulmalar. Hiperkortisizm, insulinoma, hipoqonadizm və hipotireoz piylənməyə gətirib çıxarır. Xəstəlik hormonların sekresiyası ilə təşviq olunur; iştaha artır, izafi qidalanma vərdişi yaranır, lipoliz zəifləyir.

Abdominal piylənmənin patogenezi

Əksər hallarda abdominal piylənmə əmələgəlmə mexanizminə görə ekzogen-konstitusionaldır. Xəstəliyin əsasında irsi faktorlar, müntəzəm izafi qidalanma və qeyri-kafi hərəki aktivlik durur. Qidanın izafi qəbulu qlükozanın qanda konsentrasiyasının artmasına və hiperinsulinemiyanın inkişafına (insulin sintezinin artması), iştahanın stimulyasiyasına, liposintezin aktivasiyasına gətirib çıxarır. Beləliklə, qüsurlu dövran əmələ gəlir və qidaya tələbat artır.

Aclıq və toxluq hissinin yaranması ventrolateral və ventromedial hipotalamus nüvələrinin aktivliyindən asılıdır. Aclıq mərkəzinin aktivliyi dofaminoergik sistemlə kontrol olunur; toxluq mərkəzi adrenergik tənzimləmə altında fəaliyyət göstərir. Abdominal piylənmənin inkişafı ilə neyroendokrin tənzimləmənin bütün həlqələrində – mədəaltı vəzidə, hipotalamusda, hipofizdə, qalxanabənzər vəzidə, böyrəküstü vəzidə və cinsiyyət vəzilərində birincili və ikincili (ekzogen) kənaraçıxmalar müəyyən olunur.

Abdominal piylənmənin təsnifatı

Həkim-pasiyent kommunikasiyası praktikasında abdominal piylənmə birincili (alimentar) və ikincili (qida qəbulu, endokrin və başqa xəstəliklər nəticəsində yaranmış) olmaqla spontan ayrılır. Birinci tip daha çox yayılıb; qidalanma, xəstənin fiziki aktivliyinin xarakteri ilə əlaqəlidir; sağalmaq üçün iradə tələb edir. İkinci formada əsas xəstəliyin müalicəsi mütləqdir; müsbət nəticə üçün məsuliyyəti həkim və preparatların təsiri daşıyır. Daha mürəkkəb kliniko-patogenetik təsnifat da mövcuddur; həmin təsnifata əsasən piylənmənin aşağıdakı 4 forması ayırd edilir:

  • Abdominal-konstitusional. Qidalanmanın xüsusiyyətləri, hipodinamiya və piy toplanmasının irsiyyətlə əlaqəsi ilə bağlıdır. BÇİ, adətən, 40 balı aşmır.
  • Hipotalamik. Hipotalamus patologiyalarında inkişaf edir. Aclıq hissinin artması, toxluq hissinin olmamasına əsaslanır.
  • Endokrin. Hormonal disbalansın nəticəsi kimi inkişaf edir. Hipotireoz, hiperkortisizm, hipoqonadizm üçün xarakterikdir. BÇİ-nin koeffisenti 40-50 baldan yüksəkdir.
  • Yatrogen. Piylənmənin dərman formasıdır. Onun inkişafı kortikosteroid, antidepressant, antipsixotik, kontraseptiv preparatların qəbulu ilə təşviq olunur.

Abdominal piylənmənin simptomları

Xəstəliyin əsas əlaməti piyin qarında və gövdənin yuxarı hissəsində toplanmasıdır. Pasiyentin silueti yumru olur; buradan da alma tipli piylənmə adı yaranmışdır. Kişilərdə bel çevrəsinin ölçüsü 94 sm, qadınlarda 80 sm-dən çox olur. Bununla belə, BÇİ norma daxilində qala bilər; buna görə də bədənin müxtəlif hissələrində piy qatı normal və ya hipotrofik olur; əzələ toxuması zəifləyir. Rasion yüksək kalorili qida məhsullarından təşkil olunur. Qida davranışları əsas yeməklərarası tez-tez qida qəbulu, çoxlu nahar, gecələr yemək; şirniyyatlar, hisəverilmiş və qızardılmış xörəklər, zəif alkoqollu içkilərdən sui istifadə ilə xarakterizə olunur. Pasiyentlər bir sıra hallarda yüksək kalorili qidalanmanı hiss etmir və ya səhv dəyərləndirirlər: əsas yeməklərarası qidanı, yağlı sousların əlavəsini, qidanın hazırlanma qaydasını (dərin qızartmaq, adi qızartma) nəzərə almır.

Xəstələrin başqa bir xarakterik xüsusiyyəti özünün gündəlik aktivliyini qeyri-düzgün qiymətləndirməsidir. Bir çoxlarında fiziki yüklənməyə aşağı tolerantlıq (orqanizmin qeyri-kafi hazırlığı; dözümlülük və əzələ gücünün inkişafı üçün məşqləri icra etmək qabiliyyətinə malik olmama) olur. Bu, orqanizmin enerji qoruyucu aktivlik rejiminin formalaşmasına səbəb olur. Piylənmədən əziyyət çəkən insanlar yeriməkdən imtina edir, nəqliyyat vasitələrindən istifadə edirlər; komanda oyunlarında iştirak etmir və ya onlarda azhərəkətli olaraq qalırlar; fiziki səy tələb edən ev işlərindən (yeri silmək, evi yığışdırmaq) qaçırlar.

Pasiyentlərdə tez-tez orqanizmin digər sistemləri tərəfindən pozulmalar müşahidə olunur. Piylənmə arterial hipertoniya, ürəyin işemik xəstəliyi, 2-ci tip şəkərli diabet və onun ağırlaşmaları, obstruktiv yuxu apnoesi sindromu, öddaşı xəstəliyi, qəbizlik, yumurtalıqların polikistozu sindromu, sidikdaşı xəstəliyi, osteoartroza səbəb olur. Sinir sisteminin patologiyası özünü apatiya, yuxululuq, sürətli tükənmə ilə təzahür edir. Pasiyentlər depressiya, təlaş, kommunikasiya problemləri, özünə inamsızlıq hissi və izafi çəki ilə əlaqədar olaraq kompleks natamamlıq hissindən şikayətlənirlər.

Abdominal piylənmənin ağırlaşmaları

Mərkəzi formalı piylənmədən əziyyət çəkən insanlarda qlükozaya tolerantlıq, stabil hiperinsulinemiyanın inkişafı və arterial hipertoniya nəticəsində yaranmış 2-ci tip şəkərli diabet ehtimalı yüksəlir. Əksər ağırlaşmalar metabolik sindromla bağlıdır. Metabolik sindrom üçün hiperqlikemiya, karbohidrat mübadiləsinin pozulması və dislipidemiya xarakterikdir. Mübadilə pozulmaları nəticəsində qan damarlarının divarında aterosklerotik ərplər formalaşır. Qadınlarda abdominal piylənmə hormonal disfunksiyaya səbəb olur; tez-tez androgen sintez edən böyrəküstü vəzin aktivliyinin güclənməsinə gətirib çıxarır. Bu, üz, sinə və kürəyin (kişi tipli) tüklənməsi ilə özünü göstərir. Piylənmənin gecikmiş mərhələlərində sonsuzluq, kişilərdə potensiyanın zəifləməsi, reproduktiv funksiyaların pozulması diaqnostika olunur.

Abdominal piylənmənin diaqnostikası

Pasiyentin müayinəsi həkim-endokrinoloq tərəfindən həyata keçirilir. Differensial diaqnostika və yanaşı gedən xəstəliklərin müəyyənləşdirilməsi prosesində tibbin başqa sahələrinin mütəxəssisləri – kardioloq, nevroloq, funksional diaqnostika həkimi, laborant da işirak edir. Müayinə prosesi aşağıdakılardan ibarətdir:

  • Anamnezin toplanması. Mütəxəssis piylənmənin, 2-ci tip şəkərli diabetin, yaxın qohumlarda insulinə rezistenlik sindromunun olub-olmamasını aydınlaşdırır. Pasiyentin qidalanması, hərəki aktivliyi haqda sorğu aparır. Pasiyentlər qida rasionunun kaloriliyini, yüklənmə həcmini qiymətləndirə bilmədiyindən onlara bir həftə ərzində gündəlik tutması tövsiyə olunur və sonra həmin gündəlik analiz olunur.
  • Obyektiv müayinə. Mütəxəssis vizual olaraq və kaliperin köməyilə artıq piyi, onun paylanma xarakterini (gövdənin yuxarı hissəsində, bel çevrəsində) qiymətləndirir. Xəstələrdə təz-tez tər və piy vəzilərinin aktivliyi artır; bu da dərinin parlaqlığı, yağlılığı, irinli səpkiləri, furunkulyoz, piodermiya ilə təzahür edir.
  • Bədən ölçüləri, çəkinin təyini. Çəki, boyun uzunlu, bud və bel çevrəsi ölçülür. Qızlarda və qadınlarda abdominal piylənmə zamanı bel çevrəsi 80-84 sm-dən; bel çevrəsinin bud çevrəsinə nisbəti isə 0,85-dən çox olur; oğlanlarda və kişilərdə bel çevrəsi 94-98 sm-dən, bel çevrəsinin bud çevrəsinə nisbəti 1,0-dan çox olur. Pasiyentin boyu və çəkisi təyin olunduqdan sonra bədən çəki indeksi hesablanır. Alimentar piylənmə üçün nisbətin 30-dan çox, endokrin üçün isə 40-dan çox olması xarakterikdir.
  • Laborator testlər. Piylənmənin ağırlaşmalarının diaqnostikası, xəstəliyin səbəbinin aşkarlanması məqsədilə lipid profilinin analizi təyin olunur. Plazmada triqliseridlərin ((≥ 150 mq/ dl) və qlükozanın (> 5,6 mmol/l) səviyyəsinin yüksəlməsi, yüksək sıxlıqlı lipoproteidlərin konsentrasiyasının azalması (< 40 mq/ dl), xolesterinin artması (< 5,2 mmol/ l) xarakterikdir. Əlavə olaraq hormonal status analiz olunur; hiperaldosteronizm, estradiolun konsentrasiyasının yüksəlməsi, LH/ FSH göstəricisinin normadan kənara çıxması xarakterikdir.
  • İnstrumental müayinə. Piy qatının miqdarı və yerləşməsinin qiymətləndirilməsi abdominal nahiyənin kompüter tomoqrafiyası və maqnito-rezonans tomoqrafiyası, iki enerjili rentgen absorbsiometriya metodları ilə həyata keçirilir. Piy toxumasının sahəsi və həcmi nəzərə alınır. Visseral piy nahiyəsi 3-4 və ya 4-5-ci bel fəqərələri səviyyəsindədir.

Abdominal piylənmənin müalicəsi

İkincili və ya somatik piylənmə zamanı əsas xəstəliyin müalicəsi tələb olunur. Pasiyentlərin böyük hissəsi alimentar-konstitusional tipli piylənmədən əziyyət çəkir; bu zaman həyat tərzinin korreksiyası (qidalanma vərdişlərinin dəyişdirilməsi, müntəzəm fiziki aktivlik) daha vacibdir. Müalicə sxemi endokrinoloq, dietoloq, idman instruktoru ilə fərdi olaraq təşkil olunur. Piylənmənin dərəcəsi, xəstədə somatik patologiyalar (ÜİX, osteoartroz, diabet və s.) nəzərə alınır. Müalicə proqramı aşağıdakılardan ibarət ola bilər:

  • Pəhriz. Müalicəvi qidalanmanın əsas prinsipi kalorili rasionun qadınlarda 1200-1500 kKal, kişilər üçün 1400-1800 kKal-ə qədər məhdudlaşdırılmasıdır. Yağlar və sadə karbohidratların qəbulu minimuma endirilir. Qida rasionu zülal və liflərlə zəngin məhsullardan təşkil olunur. Qidalanma planını dietoloq təşkil edir; onun kontrolu üçün qidalanma gündəliyi tutulur.
  • Fiziki yüklənmənin artırılması. Fiziki yüklənmənin dərəcəsi və məşqlərin rejimi ümumi fiziki hazırlıqdan və pasiyentin sağlamlığından asılıdır. Ağır dərəcəli piylənmə zamanı gəzintinin davametmə müddətinin artırılması ilə başlanır; ikinci mərhələdə gimnastika və üzgüçülük; üçüncü mərhələdə isə fitnes, qaçış, idmanın orta və yüksək intensivlikli başqa növləri ilə məşğul olmaq təyin olunur.
  • Dərman korreksiyası. Dərman qəbulu ağır dərəcəli piylənmədə, pəhriz effektsiz olduqda, fiziki aktivliyi gücləndirməyə imkan verən ağırlaşmalar olduqda göstərişdir. Müalicə piylərin parçalanması və sorulması, serotonin və adrenalin reseptorlarının aktivliyinin yüksəldilməsinə (parçalanmanın sürətlənməsi, iştahanın azalması, termoproduksiyanın güclənməsi) yönəlir. Müalicə HMQ-KoA-reduktaza (statinlər), fibratlar, AÇF-in inhibitorları ilə aparılır.
  • Bariatrik cərrahiyyə. Cərrahi müalicə piylənmənin ağır formalarında, prosedurun aparılmasına ümumi əks-göstərişlər olmadıqda istifadə oluna bilər. Müsbət nəticəyə mədə kiçiltmə əməliyyatı, mədənin laparoskopik şuntlanması, bağırsağın hissəvi rezeksiyası ilə nail olunur.

Abdominal piylənmənin proqnoz və profilaktikası

Həkimin iki əsas təyinatına – pəhrizlərə və hərəki aktivliyin artırılmasına riayət etmə əksər klinik hallarda abdominal piylənmənin öhdəsindən gəlməyə imkan verir. Profilaktika dispanser müayinələrdə olmaq, mülayim qidalanma, idmanla müntəzəm məşğul olmaqdan ibarətdir. Doluluğa meyilli insanlara tərkibində karbohidrat və yağ çox olan qidaları rasionda azaltmaq; tərəvəz, meyvə, yağsız ət və süd məhsullarını artırmaq, gecə yatmazdan 3 saat əvvələ qədər qida qəbul etmək, hər gün yürüyüşlərə, səhər gimnastikasına vaxt ayırmaq, həftədə 2-3 dəfə idmanla məşğul olmaq tövsiyə olunur.

error: Content is protected !!