Abdominoplastika

Abdominoplastika — qarın nahiyəsindəki artıq piy toxumasının və dərinin xaric edilməsinə əsaslanan cərrahi əməliyyatdır. Onun köməyilə qarnın estetik görünüşü bərpa olunur. Plastika qarın və bel nahiyəsinin gözəlləşdirilməsinə yönəldilir. Aparılma qaydası və korreksiya dərəcəsindən asılı olaraq, bu tip əməliyyatların müxtəlif növləri mövcuddur. Klassik abdominoplastika qasıqüstü horizontal kəsikdən aparılır. Reabilitasiya dövrü təxminən 30-45 gün davam edir. Abdominoplastikanın qiyməti əməliyyatın həcminə əsasən müəyyənləşdirilir.   

Abdominoplastika və onun növləri  

Pasiyent plastik cərraha müraciət edərkən həkim qarnın deformasiya dərəcəsini, arzuolunan effekti və yanaşı gedən xəstəlikləri nəzərə alaraq, ən optimal əməliyyat növünü təyin edir. Abdominoplastika əsasən 5 formada icra olunur:  

  • Miniabdominoplastika. Qarnın aşağı hissəsinin kiçik həcmli korreksiyasıdır. Bu əməliyyat göbək həlqəsinin yerini dəyişdirmədən aparılır. Miniabdominoplastika dərinin elastikliyi az olduqda, doğuşdan sonra qarın divarı sallandıqda yerinə yetirilir.   
  • Göbəyin yerdəyişməsi ilə abdominoplastika. Əməliyyat geniş həcmli olub, dəri və piy toxumasının artıq hissəsinin götürülməsindən, düz əzələlərin diastazının tikilməsindən ibarətdir. Klassik müdaxilə əsnasında göbəyin forma və vəziyyəti korreksiya edilir.  
  • Endoskopik abdominoplastika. Plastik korreksiyanın müasir variantı olub, videoendoskop və xüsusi manipulyatorlarla icra edilir. Endoskopik üsulun qiyməti klassik əməliyyatdan orta hesabla 1,5 dəfə bahadır.  
  • Bodiliftinq. Qarın, bud və sağrı nahiyəsindəki dərinin kombinəolunmuş formada dartılmasıdır. Bu üsul kəskin arıqlayan pasiyentlərdə çoxsaylı dəri sallanmalarını aradan götürmək üçün məsləhət görülür.  
  • Umbilikoplastika. Göbəyin izoləolunmuş plastikasıdır. Göbək yırtığının cərrahi müalicəsindən sonra və yaxud göbəyin doğuşdan sonrakı deformasiyalarında tətbiq edilir. Əməliyyat az travmatik olub, qısa bərpa dövrünə malikdir.  

Abdominoplastikaya göstərişlər

Estetik əməliyyat kimi abdominoplastikaya ciddi göstərişlər yoxdur. Cərrahi müdaxilə pasiyentin kosmetik qüsuru aradan qaldırmaq istəyinə əsasən  aparılır. Abdominoplastika həmçinin dərinin elastikliyinin pozulduğu hallarda liposaksiyaya alternativ olaraq, təyin edilir. Qarın nahiyəsinin plastikası aşağıdakı estetik problemləri həll edir:  

  • hamiləlik və doğuş prosesindən sonra qarnın aşağı hissəsindəki dəri sallanması (dəri-piy önlüyü);  
  • qısa zaman ərzində kəskin arıqlayan şəxslərdə dəri büküşləri;
  • qarnın ön divarında həddindən çox inkişaf edən dərialtı-piy qatı;  
  • qarın karkasının ümumi zəifliyi ilə müşayiət olunan düz əzələlərin diastazı;  
  • çoxsaylı dəri çatları, posttravmatik çapıqlar.  

Abdominoplastika əməliyyatına əks-göstərişlər

İfadəli piylənmə zamanı abdominoplastika məsləhət görülmür. Ona görə ki, plastik korreksiya bədən çəkisini azaldan əməliyyat deyil. Həmçinin yaxın gələcəkdə hamiləlik planlaşdıran qadınlarda da abdominoplastika məqsədəuyğun sayılmır. Çünki hamiləlik dövründə əzələlər və dəri örtüyü yenidən gərilməyə məruz qalır. Ümumterapevtik göstərişlərə isə aşağıdakılar aiddir:

  • 18 yaşdan kiçik şəxslər;
  • kəskin infeksion proseslər;
  • birləşdirici toxumanın sistem xəstəlikləri;
  • şəkərli diabet;
  • qan sisteminin patologiyaları;
  • ürək və tənəffüs çatışmazlıqları.  

Abdominoplastikaya hazırlıq

Konsultasiya zamanı plastik cərrah qarın divarının dərisi və əzələ toxumasının vəziyyətini qiymətləndirir, kontrol şəkillər çəkir, vəziyyətə uyğun ən optimal əməliyyat növünü dəqiqləşdirir. Sonra pasiyent əməliyyatönü diaqnostikadan keçir. Bura qanın ümumi və biokimyəvi analizi, koaquloqramma,  hepatit virusunun markerlərinin təyini, EKQ aiddir.  

Xroniki xəstəlikləri olan insan abdominoplastikadan əvvəl həmin sahə üzrə mütəxəssisin konsultasiyasından keçməlidir. Əməliyyatdan 1 ay qabaq siqaret və spirtli içkilərdən imtina etmək tövsiyə olunur. 2 həftə əvvəl QSİƏP və qan duruldan preparatların qəbulu dayandırılmalıdır. Abdominoplastikadan öncə 2-3 gün rəzində xüsusi pəhriz saxlanılmalıdır. Bu, bağırsağı təmizləməyə və qaz əmələ gəlməni azaltmağa imkan verir.  

Abdominoplastikanın aparılma qaydası

Abdominoplastika yalnız ümumi narkoz altında aparılır. Əməliyyat adətən qarnın aşağı hissəsindəki horizontal kəsikdən icra olunur. Geniş müdaxiləyə ehtiyac yarandıqda göbəyə qədər uzanan vertikal orta kəsik əlavə edilir. Əməliyyat prosesində cərrah artıq piy yığıntılarını bədəndən xaric edir,  qarnın düz əzələlərini möhkəmləndirir və öz aralarında birləşdirir, aponevrozu tikir.

Göstəriş olduqda göbək həlqəsinin forma, ölçü və yeri korreksiya olunur. Sonra həkim izafi dəri büküşlərini kəsir, kosmetik tikiş qoyur. Eksudatın xaricə axını üçün drenaj boru qoyulur. Abdominoplastika əməliyyatın ağırlığından 1,5-4 saat davam edir.

Pasiyent stasionarda adətən 2 gün qalır. Bu müddət ərzində sarğılar mütəmadi qaydada dəyişdirilir, analgetiklər təyin edilir. Xəstə evə buraxılandan sonra bandaj taxmalı, fiziki yüklənmələrdən və qarnın ön divarına günəş şüalarının uzunmüddətli təsirindən özünü qorumalıdır. Əməliyyatdan 1 ay sonra qoyulan məhdudiyyətlər götürülür. Yekun nəticə toxumalar tam sağaldıqdan, yəni plastikadan 1,5-2 ay keçdikdən sonra bilinir.  

Abdominoplastikanın ağırlaşmaları

Abdominoplastika mürəkkəb və həcmli əməliyyat olduğundan reabilitasiya dövründə bəzi ağırlaşmalar yarana bilər. Cərrahi müdaxilədən sonra ilk günlərdə 3-4% pasiyentlərdə hematoma və ya seroma (toxuma mayesinin dərialtı toxumada toplanması) formalaşa bilər. Bir sıra hallarda abdominoplastikadan sonra nəzərə çarpan çapıq əmələ gəlir.

Ümumiyyətlə, əməliyyatdan əvvəlki gözləntinin nəticəyə tam uyğun gəlməsi üçün yalnız peşəkar mütəxəssisə müraciət etmək lazımdır. Bu halda abdominoplastika prosesi və bərpa dövrü fəsadsız keçir. 

error: Content is protected !!