Abuliya
Abuliya- iradəsizlik. Hərəkətlərin (fəaliyyətin) ləngiməsi ilə xarakterizə olunan fəaliyyətin bütün formalarına qarşı marağın sönməsidir. Xəstə əksər hallarda vəziyyətin fərqindədir, lakin yenə də hərəkət etmir. Xəstələr sadə günlük fəaliyyətləri belə- yemək yemək, su içmək, gigiyenaya riayət etmək kimi rutin həyat fəaliyyətini belə etmək istəmir.
Abuliya haqqında məlumat
Abuliya yunan dilindən tərcümədə “iradəsizlik” kimi tərcümə olunur. Sindrom 1838-ci ildən elmə məlumdur və depressiya, şizofreniya, əqli çatışmazlıq, demensiya, neyroinfeksiya, beynin üzvi xəstəlikləri zamanı rast gəlinir. Çox zaman apato-abulik və abulik-akinetik sindromun tərkib hissəsi kimi diaqnoz olunur. Sərbəst xəstəlik deyil də, simptom olaraq qiymətləndirilir. Əsas etioloji faktor kimi depressiya mühüm rol oynayır.
Abuliyanın səbəbləri
- Nevroloji patologiyalar: Sindrom- travmalar; törəmələr; beynin toksiki və infeksion zədələnmələri; Tentunqton, Pik , Parkinson xəstəlikləri; insultdan sonra meydana çıxır. İradəsizlik hərəkət və düşüncənin tormozlanması ilə müşayiət olunur.
- Psixi pozğunluqlar: Abuliya- şizofreniya, dərin oliqofreniya, endogen və nevrotik depressiya, bipolyar effektiv pozğunluqlar, demensiyalı xəstələr üçün xarakterik simpdomdur.
- İrsi faktorlar: İrsi abuliya şizofreniyaya meyilli uşaqlarda rast gəlinir. Yaş faktoru səbəbindən belə hallarda diaqnoz gecikir.
Abuliyanın patogenezi
Abuliyanın inkişafına səbəb beyin yarımkürələrinin alın payının və ya qabıqaltı nüvələrin zədələnməsi nəticəsində neyronlarda dofamin ötürücülüyün pozulmasıdır. Nəticədə iradi hərəkətlərin ilkin etapı- təşəbbüskarlıq, danışmaq və sosial münasibətlər pozulur. İradi pozğunluğun proqressivləşməsi və ya geriyə inkişafı xəstəliyin gedişatından asılıdır. Belə ki, sinir sisteminin degenerativ dəyişiklikləri zamanı abuliya tədricən ağırlaşır, depressiv hallarda isə doğru terapiya nəticəsində aradan qalxır.
Abuliyanın təsnifatı
Abuliya kəskin simptomlarla – motivasiyanın, təşəbbüskarlığın tam olmaması və məqsədyönlü fəaliyyəin mümkün olmaması ilə xarakterizə olunur. Təsnifat simptomun davametmə müddətinə görə aparılır və proqnoz vermək, düzgün müalicə sxemini təyin etmək üçün zəruridir. Abuliyanın aşağıdakı kliniki formaları ayırd edilir:
- Qısa müddətli. Adinamik depressiya, nevrotik pozğunluqlar, astenik sindrom zamanı rast gəlinir. Xəstənin kritik qabiliyyətləri saxlanılır, iradə çatışmazlığının fərqindədir, lakin bununla mübarizə apara bilmir.
- Periodik. Təkrarlanan sindrom tutmaları depressiv bipolyar affektiv pozğunluqla, şizofreniyanın kəskinləşmə dövrləri ilə növbələşir. İradəsizlik adətən hiperaktivliklə əvəz olunur.
- Daimi. Katatonik şizofreniya, beynin ağır üzvi zədələnmələri zamanı yaranan abuliya müalicəyə tabe olmur. Çox vaxt abuliya apatiya və akineziya ilə müşayiət olunur.
Abuliyanın simptomları
- Sərbəst şəkildə məqsədyönlü fəaliyyəti başlamaq və davam etmək
- Spontan hərəkətlərin olmaması və ya çox az olması
- Qısa və “solğun” nitq
- Emosional reaksiyaların zəifliyi və ya monotonluğu
- Passivlik
- Sosial kontakt azlığı
- Aktiv həyat tərzinin bütün növlərinə qarşı marağın itməsi
Yaxın ətrafının köməyi olmazsa xəstə bütün zamanını evdə keçirir, uzanır və ya oturur, bədən vəziyyətini çox vaxt dəyişmir. Baxış mənasızdır, suala cavab vermir və ya uzun fasilədən sonra verir. Nitqdə sadə cümlələrdən (1-2 sözdən ibarət) istifadə edir. Emosional reaksiyanı yalnız həyati əhamiyyətli hadisələrə ( qorxu, qəfil yıxılmaq və s) verir.
Əvvəllər həzz aldığı məşğuliyyətlərə qarşı laqeyd olur. İradəsizlik günlük rituallarda da özünü büruzə verir. Xəstə sərbəst olaraq yemək hazırlaya və ya duş qəbul edə bilmir. Başqalarının motivasiyası və təşəbbüsü ilə məclislərdə, ümumi masa ətrafında otura bilər, lakin yemək yedikdə uzun müddət çeynəyir, yeməyi udmur, iştaha tez itir. Öz xarici görünüşünə laqeyddir, günlük gigiyenik prosedurlara belə riayət etmir. Özünütənqid hissi saxlanan xəstələr nə isə etməli olduqlarını dərk edirlər və ətrafın lazımi dəstəyi ilə özünə qulluq edirlər, verbal kontakt qururlar.
Abuliyanın fəsadları
Abuliyanın xarakter xüsusiyyəti odur ki, baza fizioloji tələbatların yerinə yetirilməsi və mövcud psixoloji inkişaf dərəcəsini qorunması üçün daimi xarici stimuləedici yardıma ehtiyac olur. Abuliya xəstəsinə yetərli qədər yardım və müalicə aparılmazsa, bu şəxslərdə tədricən sosial və məişət dezadaptasiyası formalaşır.
Abuliyanın diaqnostikası
Diaqnoz adətən psixi və nevroloji xəstəliklərin kompleks müayinələri əsasında qoyulur. Diaqnozun dəqiqləşməsi üçün nevroloq, psixiatr və psixoloqun birgə rəyi nəzərə alınır. Əsas şərt sindromu tənbəllik, tərbiyənin düzgün olmaması ilə differensasiya edə bilməkdir. Kompleks müayinə tədbirlərinə aşağıdakılar aiddir:
- Söhbət, ümumi baxış. Xəstənin ailə üzvləri ilə söhbət edilir: anamnez toplanır, şikayətləri, davam etmə müddəti, şikayətlərin qabarıqlıq dərəcələri dəqiqləşdirilir. Xəstənin özü ilə söhbət çox vaxt az informativ olur. Nevroloq reflekslərin saxlanma dərəcəsini, hərəkət aktivliyini, həssaslığını müayinə edir. Əldə edilmiş məlumatlara əsasən həkimlər əsas xəstəliyi aşkar edir və hansı müalicə tədbirləri görəcəkləri haqda qərar verə bilirlər.
- Nəzarət. Abuliyanın simptomları haqda dəqiq təsəvvür konsultasiya və xəstənin stasionar müşahidəsi zamanı mümkün olur. Xəstənin həkim və tibb personalı ilə münasibətə marağın olmaması, passivlik, lənglilik, gündəlik ritualları yerinə yetirməkdən imtina görülür.
- İnstrumental müayinələr. Diaqnozun təsdiqi və nevroloji patologiyaların differensiasiyası məqsədilə aparılır. Əsasən baş beynin maqnit rezonans tomoqrafiyası və kompyuter tomoqrafiyası təyin edilir. Abuliya üçün prefrontal bölgədə xarakterik patoloji dəyişikliklər aşkarlanır.
- Psixodiaqnostika. Kliniki psixoloq koqnitiv və emosional-şəxsi sferanın müayinəsini aparır. Bir çox hallarda dolğun məlumat toplamaq mümkün olmur. Düşüncə, yaddaş və emosional vəziyyəti təyin etmək üçün xüsusi sınaqlar aparılır ki, bunların hesabına şizofreniya, depressiya, manyakal-depressiv psixoz, demensiya xəstəliklərini differensiasiya etmək mümkün olur.
Abuliyanın müalicəsi
Abuliyanın müalicəsi əsas xəstəliyin simptomlarının aradan qaldırılması və ümumi rebilitasiya tədbirləri şəklində aparılır. Müalicə kompleks şəkildə həkim psixiatr, nevroloq, fizioterapevt, reabilitoloq, loqoped tərəfindən aparılır. Ümumi müalicə sxemi yoxdur, individual müalicə üsulu təyin edilir. Depressiv pozğunluqlar zamanı-antidepressant, şizofreniya zamanı- antipsixotik dərmanlar, beynin üzvi zədələnmələri zamanı -nootroplar, beyin qan dövranını yaxşılaşdıran preparatlar yazılır.
Reabilitasiya tədbirləri nitq və fiziki aktivliyin bərpasına- loqopedlə individual seanslar, qrup şəkilli əmək fəaliyyəti tədbirlərinə (rəsm kursları, rəqs) yönəltməklə əldə edilir.
Abuliyanın spesifik müalicə üsulları öyrənilməkdədir. Dofaminin bioloji aktivliyini artıran preparatların öyrənilməsi davam edir. Psixoloq və psixoterapevtlər sindromun proqressivləşməsinin qarşısını almağa və iradə funksiyasını hissəvi geri qaytarmağa nail olmuşlar.
Abuliyanın proqnoz və profilaktikası
Abuliyanın proqnozu əsas xəstəliyin ağırlıq dərəcəsi ilə bilavasitə əlaqəlidir. Daha qənaətbəxş gediş tutmaşəkilli şizofreniya, depressiya, nadir depressiv epizodlarla müşayiət olunan bipolyar affektiv pozğunluqlar zamanı, həmçinin geriyə inkişaf edən nevroloji xəstəliklər zamanı müşahidə olunur. Spesifik profilaktika yolları mövcud deyil, profilaktika nevroloji və psixi xəstəliklərin qarşısını almaqla mümkündür.
Abuliyanın ilkin simptomları aşkar edilən kimi onun proqressivləşməsini -dost məclislərinə dəvət, gəzintilər, idman və ya rəqslə məşğul olmaq, yaradıcılığa cəlb etmək yolu ilə tormozlamaq mümkündür. Pasient nə qədər sosial aktiv tədbirlərə cəlb edilərsə, iradəsizlik simptomlar bir o qədər ləng inkişaf edəcəkdir.