Açıq oval pəncərə

Açıq oval pəncərə – qulaqcıqlararası çəpərdə oval dəliyin tam bağlanmaması ilə xarakterizə olunan ürək qüsurudur. O, normada embrional dövrdə fəaliyyət göstərir və uşaq doğulduqdan sonra həyatın ilk ilində bağlanır. Açıq oval pəncərə burun-dodaq üçbucağının sianozu, fiziki inkişafın ləngiməsi, təngnəfəslik və taxikardiya, bayılmalar, baş ağrıları, tez-tez təkrarlanan KRVİ və bronx-ağciyər xəstəlikləri ilə təzahür edir. Diaqnoz EKQ (sakitlik halında və fiziki yüklənmədən sonra), adi və doppler-Exo-KQ, rentgenoqrafiya, ürək boşluqlarının zondlanmasının nəticələrinə əsasən qoyulur. Açıq oval pəncərə zamanı antikoaqulyant terapiya, zərurət olduqda cərrahi müalicə (qüsurun endovaskulyar okklüziyası) aparılır.

Açıq oval pəncərə barədə ümumi məlumat

Açıq oval pəncərə  – dölün ürəyinin oval dəliyinin qalıq elementi olub, sağ və sol qulaqcıqlar arasında patoloji əlaqənin yaranması ilə xarakterizə edilir. Qapaqlı qulaqcıqlararası dəliyin mayası bətndaxili inkişaf zamanı qoyulur, o, bu dövrdə ürək-damar sisteminin fəaliyyətinin zəruri komponenti hesab olunur. Açıq oval pəncərə hesabına oksigenlə zənginləmiş qanın bir hissəsi inkişaf etməyən ağciyərlərə daxil olmadan sağ qulaqcıqdan sol qulaqcığa daxil olur, dölün boyun və baş hissəsinin normal qan təhcizatını, baş və onurğa beyninin inkişafını təmin edir.

Vaxtında doğulan sağlam uşaqlarda açıq oval pəncərə adətən doğuşdan sonra ilk 12 ay ərzində qapanır, lakin bu proses fərdi xarakter daşıyır: orta hesabla 1 yaşına çatan uşaqların 40-50%-də oval pəncərə açıq qalır. 1-2 yaşdan sonra açıq oval pəncərənin olması ürəyin kiçik inkişaf anomaliyalarına aid edilir. Yetkin pasiyentlərin təxminən 25-30%-də açıq oval pəncərə aşkarlanır. Müasir kardiologiyada bu problemin aktuallığı anomaliyanın geniş yayılması ilə bağlıdır.

Açıq oval pəncərənın yaranma səbəbləri

Bütün uşaqlar açıq oval pəncərə ilə doğulur. İlk sərbəst tənəffüsdən sonra yenidoğulmuşda ağciyər qan dövranı fəaliyyət göstərməyə başlayır və açıq oval pəncərəyə tələbat itir. Sağ qulaqcıqla müqayisədə sol qulaqcıqda təzyiqin yüksəlməsi oval pəncərənin qapağının örtülməsinə səbəb olur. Əksər hallarda qapaq kip bağlanır və birləşdirici toxuma ilə örtülür – açıq oval pəncərə itir. Bəzən dəlik hissəvi qapanır və ya ümumiyyətlə bağlanmır, müəyyən şəraitlərdə (güclü öskürək, ağlama, qışqırma, qarnın ön divarının gərginləşməsi zamanı) qan sağ qulaqcıqdan sol qulaqcığa atılır.

Oval pəncərənin hissəvi qapanmasının səbəbləri hər zaman aydın olmur. Hesab edilir ki, irsi meyllik, uşağın vaxtından əvvəl doğulması, anadangəlmə ürək qüsurları, birləşdirici toxuma displaziyası, ətraf mühitin əlverişsiz amillərinin təsiri, hestasiya dövründə qadının spirtli içkilərdən istifadə etməsi açıq oval pəncərəyə gətirib çıxara bilər. Genetik xüsusiyyətlərlə əlaqədar qapağın oval dəliyin  diametrindən kiçik olması onun tam bağlanmasına mane olur. Açıq oval pəncərə anadangəlmə mitral və trikuspidal qapaq qüsurları, açıq arterial axacaqla müşayiət oluna bilər.

Ağır atletika, güləş, atletik gimnastika ilə məşğul olan idmançılarda izafi fiziki yüklənmələr oval pəncərənin qapağının açılma təhlükəsini artırır. Dərinliklərə dalan və kesson xəstəliyinin inkişaf riskinin 5 dəfədən yüksək olduğu dalğıc və dayverlərdə açıq oval pəncərə problemi xüsusilə aktualdır. Aşağı ətraflar və ya kiçik çanağın tromboflebitindən əziyyət çəkən, anamnezində ağciyər arteriyasının tromboemboliyasının epizodları olan pasiyentlərdə ağciyər qan dövranının zəifləməsi ürəyin sağ kameralarında təzyiqin artamsına və oval pəncərənin yenidən fəaliyyət göstərməsinə səbəb ola bilər.

Açıq oval pəncərə zamanı hemodinamikanın xüsusiyyətləri

Açıq oval pəncərə sağ qulaqcığın daxili sol divarında oval çuxurun dibində yerləşir, əksər hallarda kiçik ölçüyə (sancaq başı) və yarığabənzər formaya malik olur. Açıq oval pəncərənin ölçüsü orta hesabla 4,5mm təşkil edir, lakin onun diametri 19mm-ə çata bilər. Qulaqcıqlararası çəpər qüsurundan fərqli olaraq, açıq oval pəncərə qulaqcıqlararası əlaqənin qeyri-stabilliyini, qanın yalnız bir istiqamətdə atılmasını (kiçik qan dövranından böyük qan dövranına) təmin edən qapaq quruluşu ilə səciyyələnir.

Açıq oval pəncərənin klinik əhəmiyyəti birmənalı deyil. Kiçik ölçü və qanın soldan sağa atılmasına mane olan qapaq hesabına açıq oval pəncərə hemodinamik pozğunluqlara səbəb olmaya, pasiyentin sağlamlığına mənfi təsir göstərməyə bilər. Bu tip insanların əksəriyyəti anomaliyadan şübhələnmədən adi həyat tərzi keçirir.

Açıq oval pəncərənin birincili ağciyər hipertenziyası ilə müşayiət olunması yaşama müddəti baxımından qənaətbəxş proqnostik əlamət sayılır, lakin sağ qulaqcıqda sol qulaqcığa nisbətən təzyiqin artması hipoksemiya törədən periodik sağ-sol şunta, beyin qan dövranının tranzitor pozğunluqlarına (tranzitor işemik həmlə), həyat üçün təhlükəli ağırlaşmalara: paradoksal emboliya, miokard infarktı, işemik insult, böyrək infarktına gətirib çıxarır.

Açıq oval pəncərənın əlamətləri

Açıq oval pəncərə spesifik xarici əlamətlərə malik olmur, adətən gizli gedir, bəzən zəif simptomatika ilə özünü büruzə verir. Açıq oval pəncərənin dolayı əlamətlərinə fiziki gərginlik (ağlama, qışqırma, öskürək, gücənmə) zamanı dodaq nahiyəsi və burun-dodaq üçbucağında kəskin avazıma və ya sianoz; KRX, bronx və ağciyərlərin iltihabi xəstəliklərinə meyllik; fiziki inkişafın ləngiməsi (iştahsızlıq, zəif çəki artımı), fiziki yüklənmələrə qarşı aşağı rezistentlik və onun tənəffüs çatışmazlığının simptomları (təngnəfəslik, taxikardiya) ilə müşayiət olunması; bayılma və beyin qan dövranının pozulmasının əlamətləri (xüsusən cavan pasiyentlərdə, venaların varikoz genişlənməsi, aşağı ətraflar və kiçik çanağın tromboflebiti fonunda) aiddir.

Pasiyentlərdə tez-tez təkrarlanan baş ağrıları, miqren, postural hipoksemiya sindromu (vertikal vəziyyətdə təngnəfəsliyin inkişafı və arterial qanın oksigenlə doyma dərəcəsinin azalması, uzanarkən vəziyyətin yaxşılaşması) müşahidə oluna bilər. Açıq oval pəncərə nadir hallarda fəsadlaşır. Beyin damarlarının bu anomaliyanı ağırlaşdıran paradoksal emboliyası üçün nevroloji simptomatikanın qəfil inkişafı və xəstənin gənc  yaşda olması xarakterikdir.

Açıq oval pəncərənın diaqnostikası

Anamnestik məlumatlar və fizikal müayinə (dərinin sianozu, bayılma, tez-tez təkrarlanan KRVİ, fiziki inkişafın ləngiməsi) adətən açıq oval pəncərənin olmasını dərhal müəyyən etməsə də ondan şübhələnməyə əsas verir. Auskultasiya prosesində qanın yüksək təzyiqli kameradan aşağı təzyiqli kameraya patoloji şuntu nəticəsində yaranan ürək küyləri müəyyən edilir.

Açıq oval pəncərənin diaqnozunun dəqiq qoyulması üçün instrumental müayinələr və vizualizasiya üsulları: EKQ (sakitlik halında və fiziki yüklənmədən sonra), adi  və doppler-ExoKQ, döş qəfəsinin rentgenoqrafiyası, ürək boşluqlarının zondlanmasından istifadə olunur.

EKQ-dəyişikliklər ürəyin sağ kameralarının,  xüsusən sağ qulaqcığın yüklənməsinə dəlalət edir. Açıq oval pəncərəli yetkin şəxslərdə rentgenoloji müayinə zamanı  ürəyin sağ kameralarının genişlənməsinin və ağciyər damarlarında qanın həcminin artmasının əlamətləri aşkarlana bilər.

Yenidoğulmuş və az yaşlı uşaqlarda transtorakal ikiölçülü exokardioqrafiya tətbiq edilir, bu üsul açıq oval pəncərənin vizualizasiyasına, onun diamterinin təyin edilməsinə, qapaq taylarının hərəkətlərinin qrafik təsvirinin əldə edilməsinə, qulaqcıqlararası çəpərin qusuru ilə differensiasiyasına imkan verir. Qrafik və rəngli rejimdə doppler-ExoKQ açıq oval pəncərənin olmasını və onun ölçüsünü dəqiqləşdirməyə, oval dəlik nahiyəsində qanın turbulent axınını, onun sürətini və şuntun təxmini həcmini aşkar etməyə kömək edir.

Yuxarı yaşlı uşaqlar, yeniyetmələr  və böyüklərdə daha informativ üsul sayılan transezofageal ExoKQ icra olunur. Bu metod qovuqcuqlu kontrastlaşdırma (bubble test) və gücənmə sınağı (Valsalva sınağı) ilə tamamlanır.  Qovuqcuqlu kontrastlaşdırma açıq oval pəncərənin vizualizasiyasını yaxşılaşdırır, onun dəqiq ölçülərini təyin etməyə, qanın patoloji şuntunu qiymətləndirməyə şərait yaradır.

Açıq oval pəncərənin ən informativ, lakin aqressiv üsulu ürək boşluqlarının zondlanmasıdır. Bu üsul ixtisaslaşdırılmış kardiocərrahi stasionarda  cərrahi müalicədən bilavasitə əvvəl aparılır.

Varikoz xəstəliyi, tromboflebit, beyin qan dövranının pozulması, ağciyərlərin xroniki xəstəliyindən əziyyət çəkən pasiyentlər paradoksal emboliyanın risk qrupuna daxil olduğundan açıq oval pəncərənin olmasını dəqiqləşdirmək üçün mütləq müayinədən keçməlidirlər.

Açıq oval pəncərənin müalicəsi

Açıq oval pəncərənın simptomsuz gedişi norma hesab olunur. Anomaliyalı pasiyentlərin anamnezində tranzitor işemik həmlə və insulta rast gəlindikdə tromboembolik ağırlaşmaların profilaktikası məqsədilə antikoaqulyantlar və dezaqreqantlar (varfarin, asetilsalisil turşusu) ilə sistemli terapiya təyin edilir. Antikoaqulyant terapiyaya nəzarət məqsədilə beynəlxalq normallaşdırılmış münasibət (BNM) yoxlanılır, açıq oval pəncərə zamanı BNM 2-3 diapazonunda olur.

Cərrahi əməliyyatın zəruriliyi şuntlanan qanın həcmi və onun ürək-damar sisteminin fəaliyyətinə təsirinə əsasən müəyyənləşdirilir. Qanın patoloji axınının az həcmdə olduğu, yanaşı gedən patologiya və ağırlaşmaların müşahidə edilmədiyi hallarda əməliyyat tələb olunmur.

Qanın sağ qulaqcıqdan sol qulaqcığa ifadəli patoloji axını zamanı açıq oval pəncərənin az travmatik rentgenendovaskulyar okklüziyası həyata keçirilir. Əməliyyat rentgenoloji və exokardioskopik nəzarət altında bütün dəliyi tutan xüsusi okklüderin tətbiqi ilə aparılır.

Açıq oval pəncərənin proqnozu

Açıq oval pəncərəli pasiyentlərə həkim–kardioloqun müntəzəm müşahidəsi və ExoKQ-nəzarət məsləhət görülür.  Açıq oval pəncərənin endovaskulyar okklüziyası pasiyentlərin məhdudiyyətlər qoyulmadan adi həyat tərzinə qayıtmalarına imkan verir. Bakterial endokarditin profilaktikası məqsədilə xəstələr əməliyyatdan sonra ilk 6 ay ərzində antibiotiklər qəbul etməlidir. Endovaskulyar okklüziyanın effekti qanın sağdan sola ifadəli patoloji axını və platipnoenin qeydə alındığı pasiyentlərdə daha aydın görünür.

error: Content is protected !!