Adenomioz
Adenomioz – uşaqlığın daxili qatının (endometrium) orqanın əzələ qatına infiltrasiyasıdır. Adenomioz endometriozun bir forması hesab olunur. Xəstəlik uzunmüddətli, gur aybaşı halları, aybaşıarası dövrdə qanaxmalar və qəhvəyi ifrazat, kəskin PMS əlamətləri, aybaşı və cinsi həyat zamanı ağrı hissi ilə özünü büruzə verir. Adenomioz əsasən reproduktiv yaşda olan qadınlarda inkişaf edir, klimaks dövrü başlandıqdan sonra əlamətlər öz-özünə geriyə inkişaf edir. Xəstəliyin diaqnozu ginekoloji, instrumental və laborator müayinələrin nəticələrinə əsasən qoyulur. Müalicə konservativ, cərrahi və ya kombinə olunmuş yolla aparılır.
Adenomioz barədə ümumi məlumat
Аdenomioz – endometriumun uşaqlığın qonşu qatlarına infiltrasiyası nəticəsində yaranır. Bu xəstəliyə adətən reproduktiv dövrdə olan 27-30 yaş arası qadınlar tutulur. Adenomioz bəzi hallarda anadangəlmə xarakter daşıyır. Klimaks dövrü başlandıqda xəstəlik öz-özünə geriyə inkişaf edir. Yayılma tezliyinə görə adenomioz adneksit və uşaqlığın miomasından sonra 3-cü yeri tutur və əksər hallarda mioma ilə müştərək şəkildə aşkarlanır. Son zamanlar ginekoloqlar adenomiozlu xəstələrin sayının artdığını qeyd edirlər, bu da immun pozğunluqların çoxalması və diaqnostika üsullarının təkmilləşməsi ilə əlaqədardır.
Аdenomiozlu xəstələr çox vaxt sonsuzluqdan şikayət edir, lakin mayalanmanın mümkün olmaması və hamiləliyin başa çatdırılmamasının xəstəliklə birbaşa bağlı olması dəqiq məlum deyildir. Bir çox mütəxəssislər sonsuzluğun səbəbini adenomioz deyil, onunla yanaşı gedən endometriozla əlaqələndirirlər. Müntəzəm güclü qanaxmalar anemiyaya gətirib çıxara bilər. İfadəli PMS əlamətləri və menstruasiya zamanı intensiv ağrılar xəstənin psixoloji vəziyyətinə neqativ təsir göstərərək, nevrozun yaranmasına səbəb ola bilər. Adenomiozun müalicəsi ginekoloji sahənin mütəxəssisləri tərəfindən həyata keçirilir.
Adenomioz və endometrioz arasında əlaqə
Adenomioz – endometriozun bir forması olub, endometrium hüceyrələrinin uşaqlığın selikli qışasından kənarda (uşaqlıq boruları, yumurtalıqlar, həzm, tənəffüs və ya sidik-ifrazat sistemi) çoxalması ilə xarakterizə olunur. Hüceyrələrin yayılması kontakt, limfogen və ya hematogen yolla baş verir. Endometrioz şiş xəstəliklərinə aid edilmir, çünki bu patologiya zamanı heterotopik yerləşmiş hüceyrələr öz normal quruluşlarını qoruyub saxlayır.
Bununla yanaşı, xəstəlik bir çox ağırlaşmalara gətirib çıxarır. Uşaqlığın daxili qişasının bütün hüceyrələri yerləşməsindən asılı olmayaraq, cinsi hormonların təsiri altında siklik dəyişikliklərə məruz qalır. Onlar intensiv olaraq çoxalır, aybaşı zamanı qoparaq ayrılır. Bu da öz növbəsində kistaların yaranmasına, ətraf toxumaların iltihabına və bitişmə proseslərinin inkişafına səbəb olur. Daxili və xarici endometriozun birgə rastgəlmə tezliyi məlum deyil, lakin mütəxəssislərin fikrincə, uşaqlığın adenomiozu olan xəstələrin əksəriyyətində digər orqanlarda da endometrium hüceyrələrinin heterotopik ocaqları mövcuddur.
Adenomiozun səbəbləri
Bu patologiyanın yaranma səbəbləri dəqiq müəyyənləşdirilməmişdir. Sübut olunmuşdur ki, adenomioz hormondan asılı xəstəlikdir. Xəstəliyin inkişafına immunetitin pozulması, birləşdirici toxumanın endometriumu miometriumdan ayıran və endometriumun uşaqlığın divarına doğru inkişafının qarşısını alan nazik arakəsmənin zədələnməsi təkan verir. Arakəsmə abortlar, diaqnostik qaşımalar, uşaqlıqdaxili spiralın istifadəsi, iltihabi proseslər, doğuş (xüsusən fəsadlaşmış doğuş), əməliyyatlar və disfunksional uşaqlıq qanaxmaları (əməliyyatdan sonra və ya hormonal vasitələrlə müalicə fonunda) nəticəsində zədələnə bilər.
Аdenomiozun reproduktiv sistemin fəaliyyəti ilə bağlı digər risk amillərinə erkən və ya gecikmiş menarxe, cinsi həyata gec başlamaq, oral kontraseptivlərin qəbulu, hormonal terapiya və orqanizmdə estrogenlərin miqdarının artmasına səbəb olan piylənmə aiddir. İmmunitetin pozulması ilə assosiasiyalı adenomiozun risk faktorlarına isə əlverişsiz ekoloji şərait, allergik və infeksion xəstəliklərə tez-tez yoluxma daxildir.
Bir sıra xroniki patologiyalar (həzm sistemi xəstəlikləri, hipertoniya xəstəliyi), izafi fiziki yüklənmələr və hipodinamiya immun sisteminin vəziyyətinə mənfi təsir göstərir. Qeyri-qənaətbəxş irsi faktorlar adenomiozun inkişafında müəyyən rol oynayır. Adenomioz, endometrioz və qadın cinsiyyət sisteminin şiş xəstəliklərindən əziyyət çəkən yaxın qohumların olması bu patologiyanın yaranma riskini daha da artırır. Dölün bətndaxili inkişaf pozğunluqları nəticəsində anadangəlmə adenomioz yarana bilər.
Uşaqlığın adenomiozunun təsnifatı:
Morfoloji fonu nəzərə alaraq, adenomiozun dörd forması ayırd edilir:
- Ocaqlı adenomioz. Endometrium hüceyrələri qonşu hüceyrələrə nüfuz edərək, ayrı-ayrı ocaqlar əmələ gətirir.
- Düyünlü adenomioz. Endometrium hüceyrələri formaca miomanı xatırladan düyünlər (adenomioma) şəklində miometrium qatında yerləşir. Düyünlər adətən çoxsaylı qanlı boşluqlardan ibarət olur, xaricdən iltihab nəticəsində yaranan sərt birləşdirici toxuma ilə örtülür.
- Diffuz adenomioz. Endometrium hüceyrələri aydın nəzərəçarpan ocaq və ya düyünlər əmələ gətirmədən miometrium qatına invaziya edir.
- Qarışıq diffuz-düyünlü adenomioz. Düyünlü və diffuz adenomiozun müştərək inkişafı nəticəsində yaranır.
Endometrium hüceyrələrinin invaziya dərinliyindən asılı olaraq, adenomiozun dörd dərəcəsi qeyd olunur:
- I dərəcə – prosesə ancaq uşaqlığın selikaltı qatı cəlb olunur.
- II dərəcə – uşaqlığın əzələ qatının dərinliyinin yarıdan az hissəsi zədələnir
- III dərəcə – proses uşaqlığın əzələ qatının dərinliyinin yarıdan çox hissəsinə yayılır.
- IV dərəcə – bütün əzələ qatı zədələnir, patologiyanın qonşu orqan və toxumlara yayılması mümkündür.
Adenomiozun əlamətləri
Adenomiozun əsas xarakterik əlaməti uzunmüddətli (7 gündən artıq), ağrılı, gur aybaşı sayılır. Qanda tez-tez laxtalar müşahidə olunur. Aybaşıdan 2-3 gün əvvəl və onun qurtarmasından sonra 2-3 gün müddətində ləkə şəklində qəhvəyi axıntı müşahidə oluna bilər. Bəzən aybaşıarası uşaqlıq qanaxmaları və siklin ortasında qəhvəyi ifrazata rast gəlinir. Adenomiozlu xəstələr adətən ağır formalı predmenstrual sindromdan əziyyət çəkir. Adenomiozun digər tipik əlaməti ağrı hesab olunur. Ağrı hissi adətən aybaşıdan bir neçə gün əvvəl yaranır, onun başlanmasından 2-3 gün sonra isə keçib gedir. Ağrı sindromunun xüsusiyyətləri patoloji prosesin lokalizasiya və yayılma dərəcəsindən asılıdır. Ən güclü ağrı uşaqlıq boynu ətrafı nahiyənin zədələnməsi və çoxsaylı bitişmələrlə fəsadlaşmış uşaqlıq adenomiozu zamanı yaranır. Ağrı patoloji prosesin uşaqlıq boynu ətrafı nahiyədə lokalizasiyası zamanı aralığa, uşaqlıq bucağı nahiyəsində yerləşdiyi hallarda isə sol və ya sağ qasıq nahiyəsinə yayılır. Əksər xəstələr cinsi akt zamanı və aybaşıdan əvvəl güclənən ağrılardan şikayət edir.
Аdenomiozlu xəstələrin təxminən 50%-i sonsuzluqdan əziyyət çəkir. Buna uşaqlıq boruları nahiyəsində yumurtahüceyrənin uşaqlığa daxil olmasına mane olan bitişmə prosesləri, endometriumun yumurtahüceyrənin implantasiyasını çətinləşdirən struktur pozğunluqları, o cümlədən yanaşı gedən iltihabi proseslər, hamiləliyin spontan pozulması ehtimalını yüksəldən amillər (miometriumun tonusunun artması və s.) səbəb olur. Xəstələrin anamnezində müntəzəm cinsi həyat zamanı hamiləliyin baş tutmaması və ya çoxsaylı düşüklər aşkarlanır.
Adenomioz zamanı gur aybaşı əksər hallarda dəmirdefisitli anemiyaya gətirib çıxarır, bu da halsızlıq, yuxululuq, tez yorulma, təngnəfəslik, dəri və selikli qişaların solğunluğu, tez-tez baş verən soyuqdəymə halları, başgicəllənmə, bayılma və bayılmaönü hallarla təzahür edir. Ağır PMS, uzunmüddətli menstruasiyalar, aybaşı zamanı daimi ağrılar və anemiya ilə əlaqədar ümumi vəziyyətin pisləşməsi pasiyentlərin psixoloji stresslərə qarşı dözümlülüyünü aşağı salaraq, nevrozların yaranmasına təkan verə bilər.
Xəstəliyin kliniki təzahürü prosesin ağırlıq dərəcəsi və yayılmasına uyğun gəlməyə bilər. I dərəcə adətən simptomsuz gedir. II və III dərəcələr həm simptomsuz və ya az simptomlu gediş, həm də ifadəli klinik əlamətlərlə müşahidə olunur. Adenomiozun IV dərəcəsi adətən bitişmə proseslərinin yayılması nəticəsində yaranan ağrılarla müşayiət olunur, qalan əlamətlər müxtəlif dərəcədə variasiya edə bilər.
Ginekoloji müayinə prosesində uşaqlığın forma və ölçülərinin dəyişildiyi aşkarlanır. Diffuz adenomioz zamanı uşaqlıq şarvari forma alır, aybaşı dövründə ölçüləri artır, yayılmış proseslərdə orqanın ölçüsü 8-10 həftəlik hamiləliyə uyğun gələ bilər. Düyünlü adenomioz hallarında uşaqlığın divarında qabarıqlıqlar və şişəbənzər törəmələr müşahidə olunur. Adenomioz və miomanın müştərək inkişafı zamanı uşaqlığın ölçüsü miomaya uyğun gəlir, aybaşıdan sonra orqan kiçilmir, adenomiozun digər əlamətləri adətən dəyişilməz qalır.
Adenomiozun diaqnostikası
Adenomiozun diaqnozu anamnez, xəstənin şikayətləri, ginekoloji və instrumental müayinələrin nəticələri əsasında qoyulur. Ginekoloji müayinə aybaşıdan əvvəl aparılır. Ölçüləri böyümüş şarvari uşaqlıq və ya uşaqlıq nahiyəsində rast gəlinən qabarıqlıqlar, düyünlər, ağrılı, uzunmüddətli, gür aybaşı, cinsi akt zamanı ağrı və anemiya əlamətləri ilkin diaqnozun qoyulmasına əsas yaradır.
Diaqnostikanın əsas metodu USM hesab olunur. Daha dəqiq nəticələr (90%) transvaginal ultrasəs müayinənin əsasında qoyulur. USM ginekoloji müayinə kimi aybaşıdan əvvəl aparılır. Uşaqlığın ölçülərinin artaraq, şarvari şəkil alması, divarlarının qalınlaşması, aybaşı ərəfəsində uşaqlığın divarında yaranan 3 mm-dən böyük kistoz törəmələr adenomiozun inkişafını sübut edir. Diffuz adenomioz zamanı USM-in effektivliyi azalır. Xəstəliyin bu formasında ən effektiv diaqnostik metod histeroskopiyadır.
Histeroskopiyadan həmçinin digər xəstəlikləri: uşaqlığın polipozu və mioması, endometriumun hiperplaziyası və bədxassəli törəmələri inkar etmək məqsədilə istifadə olunur. Bundan əlavə adenomiozun differensial diaqnostikası zamanı MRT müayinə metodu aparılır. Bu üsul uşaqlıq divarlarının qalınlaşması, miometriyanın struktur dəyişiklikləri və endometriumun miometriuma invaziya ocaqlarını təyin etməyə, o cümlədən düyünlərin sərtlik və quruluşunu qiymətləndirməyə kömək edir. Adenomioz zamanı instrumental diaqnostika metodları laborator analizlər (qan və sidiyin analizi, hormonların tədqiqi) anemiya, iltihabi proseslər və hormonal balansın pozğunluqlarını aşkar etməyə imkan verir.
Adenomiozun müalicəsi və proqnozu
Adenomiozun müalicəsi konservativ, cərrahi və ya kombinə olunmuş yolla aparıla bilər. Müalicənin taktikası adenomiozun forması, prosesin yayılma dərəcəsi, xəstənin yaşı və sağlamlıq vəziyyəti, onun reproduktiv funksiyanı qorumaq istəyinə əsasən müəyyənləşdirilir. İlk növbədə konservativ terapiya aparılır. Pasiyentlərə hormonal preparatlar, iltihabəleyhinə vasitələr, vitaminlər, immunomodulyatorlar və qaraciyərin fəaliyyətini bərpa edən vasitələr təyin olunur. Yanaşı olaraq anemiyaəleyhinə preparatlar qəbul edilir. Nevroz zamanı adenomiozlu xəstələr psixoterapiyaya yönəldilir, trankvilizator və antidepressantlardan istifadə olunur.
Konsevativ terapiyanın müsbət nəticə vermədiyi hallarda cərrahi müdaxiləyə müraciət olunur. Adenomioz zamanı cərrahi əməliyyat radikal (panhisterektomiya, histerektomiya, subtotal histerektomiya) və ya orqanqoruyucu (endometrioz ocaqlarının endokoaqulyasiyası) üsulla aparılır. Adenomioz zamanı endometriumun hiperplaziyası, irinləmə, yumurtahüceyrənin uşaqlıq boşluğuna duşməsinə mane olan bitişmə prosesləri, 3 ay ərzində hormonal vasitələrlə aparılan terapiyanın qeyri-effektivliyi və hormonal terapiyanın aparılmasına əks-göstərişlərin olduğu hallar endokoqulyasiyaya göstəriş sayılır.Uşaqlığın amputasiyasına olan göstərişlərə 40 yaşdan yuxarı xəstələrdə adenomiozun proqressivləşməsi, konservativ və orqanqoruyucu əməliyyatların effektiv olmaması, III dərəcəli diffuz adenomioz və ya mioma ilə müşayiət olunan düyünlü adenomioz, maliqnizasiya riski aiddir.
Əgər hamiləlik planlaşdıran qadında adenomioz aşkar olunarsa, ona mayalanma cəhdini konservativ müayinə kursunun başa çatmasından və endokoaqulyasiyadan minimum 6 ay sonra həyata keçirməsi məsləhət görülür. I trimestrdə gestagenlər təyin olunur. II və III trimestrdə hormonal terapiyanın vacibliyi qanda progesteronun miqdarını təyin edən qan analizinin nəticələrinə əsasən müəyyənləşdirilir. Hamiləlik fizioloji menopauza olub, hormonal fonun kəskin dəyişiklikləri ilə müşayiət olunur, o, endometriumun heterotopik hüceyrələrinin inkişaf sürətini azaldaraq, xəstəliyin gedişinə müsbət təsir göstərir.
Adenomioz – residiv riski yüksək olan xroniki xəstəlikdir. Konservativ terapiya və orqanqoruyucu əməliyyatlardan sonra bir il ərzində reproduktiv yaş dövründə olan hər 5-ci qadında adenomiozun residivilərinə rast gəlinir. 5 il müddətində 70%-dən çox xəstələrdə residivləşmə müşahidə edilir. Preklimakterik yaş dövründə olan xəstələrdə proqnoz daha qənaətbəxşdir, bu da yumurtalıqların funksiyasının tədricən azalması ilə izah olunur. Panhisterektomiyadan sonra residivlərin inkişafı mümkün deyil. Klimakterik dövrdə xəstəliyik öz-özünə geriyə inkişaf edir.