Ağciyər absesi
Ağciyər absesi – ağciyər toxumasının qeyri-spesifik iltihabıdır. Patologiya nəticəsində irinli-nekrotik boşluq əmələ gəlir. İrinliyin formalaşdığı dövrdə hərarət, torakalgiyalar, quru öskürək, intoksikasiya; absesin açılması dövründə çox bəlğəmli öskürək qeyd olunur. Diaqnoz klinik mənzərə, laborator göstəricilər, rentgenoloji mənzərəyə əsasən qoyulur. Müalicə massiv antimikrob terapiya, infuzion-transfuzion terapiya, sanasion bronxoskopiya seriyasından ibarətdir. Cərrahi taktika absesin drenajı və ya ağciyərlərin rezeksiyasından ibarət ola bilər.
Ağciyər absesi barədə ümumi məlumat
Ağciyər absesi “Ağciyərlərin infeksion destruksiyası” və ya “destruktiv pnevmonitlər” qrupuna qanqrena və ağciyər absesi daxildir. Ağciyərlərin irinli prosesləri arasında abseslərin payına 25-40% düşür. Ağciyər toxumasının absesləri kişilərdə 3-4 dəfə çox qeyd olunr. Orta yaşlı (45-50 yaş), sosial şəraiti qənaətbəxş olmayan, alkoqoldan sui-istifadə edən, uzun müddət siqaret çəkmiş kişilər tipik pasientlərdir. Abseslərin yarıdan çoxu sağ ağciyərin yuxarı paylarında əmələ gəlir. Müasir pulmonologiyada problemin aktuallığı qeyri-kafi sonlanmanın yüksək olması ilə əlaqəlidir.
Ağciyər absesinin səbəbləri
Törədicilər ağciyərə bronxogen yolla daxil olur. Qızılı stafilokokklar, qram-mənfi aerob bakteriyalar və spor əmələ gətirməyən anaerob mikroorqanizmlər ağciyər absesinin nisbətən geniş yayılmış səbəbləridir. Ağız boşluğunun və burun-udlaq nahiyəsinin iltihabi prosesləri (parodontoz, tonzillit, gingivit və s.) zamanı ağciyər toxumasının yoluxma ehtimalı yüksəlir. Nadir hallarda törədicinin ağciyər toxumasına daxil olması hematogen yolla baş verir. Məs., huşsuz vəziyyətdə və ya alkoqol sərxoşluğu vəziyyətində qusuntu kütləsi ilə aspirasiya, yad cisimlə aspirasiya da ağciyər absesinin səbəbi ola bilər.
Bakteriemiya (sepsis) zamanı infeksiya ağciyər kapilyarlarına düşdükdə hematogen yolla yoluxma variantına nadir hallarda rast gəlinir. İkincili bronxogen yoluxma ağciyər infarktında mümkündür. Bu, ağciyər arteriyasının şaxələrindən birinin emboliyası nəticəsində baş verir. Hərbi əməliyyatlar və terror aktı zamanı ağciyər absesi döş qəfəsinin yaralanması və ya birbaşa zədələnməsi nəticəsində yarana bilər.
Risk qrupuna irinli iltihab ehtimalı yüksək olan, məs., şəkərli diabet xəstələri daxildir. Bronxoektatik xəstəlikdə yoluxmuş bəlğəmin aspirasiyası ehtimalı yaranır. Xroniki alkoqolizm zamanı qusuntu kütləsi ilə aspirasiya da mümkündür, kimyəvi-aqressiv mühit də ağciyər absesini təşviq edə bilər.
Ağciyər absesinin patogenezi
Başlanğıc mərhələ ağciyər toxumasının məhdud iltihabi infiltrasiyası ilə xarakterizə olunur. Sonra infiltratıtn mərkəzdən periferiyaya doru irinləməsi baş verir; nəticədə boşluq əmələ gəlir. Tədricən boşluğun ətrafındakı infiltrasiya itir, boşluğun özü isə qranulyasion toxuma ilə örtülür. Absesin xoşxassəli gedişində boşluğun obliterasiyası baş verir və pnevmoskleroz əmələ gəlir. İnfeksion proses nəticəsində fibroz divarlı boşluq formalaşarsa, irinli proses uzun müddət saxlana bilər (xroniki ağciyər absesi).
Ağciyər absesinin təsnifatı
Etiologiyasına görə ağciyər absesləri törədisindən asılı olaraq pnevmokok, stafilokok, kollibasilyar, anaerob və s. olmaqla təsnif olunur. Patogenetik təsnifat hansı şəkildə yoluxmaya (bronxogen, hematogen, travmatik və başqa yollarla) əsaslanır. Ağciyər toxumasında yerləşməsinə görə abseslər mərkəzi və periferik olur. Bundan başqa, onlar tək və çoxsaylı ola; bir və ya hər iki ağciyərdə lokalizasiya oluna bilər. Bəzi müəlliflər qeyd edirlər ki, ağciyər qanqrenası ağciyər absesinin növbəti mərhəlisidir. Mənşəyinə görə aşağıdakı abseslər ayırd edilir:
- Birincili abseslər. Əvvəllər sağlam olmuş insanlarda fon patologiya olmadıqda inkişaf edir.
- İkincili abseslər. İmmunsupressiyadan (İİV infeksiyasına yoluxmuş, orqan transplantasiyası keçirmiş) əziyyət çəkən insanlarda formalaşır.
Ağciyər absesinin simptomları
Xəstəlik iki mərhələdə gedir: absesin formalaşması mərhələsi və irinli boşluğun yarılması mərhələsi. İrinli boşluğun əmələ gəlmə mərhələsində döş qəfəsində tənəffüs və öskürək zamanı güclənən ağrılar, hərarət (bəzən hektik tipli), quru öskürək, təngnəfəslik, temperaturun yüksəlməsi qeyd olunur. Lakin bəzi hallarda klinik təzahürlər zəif nəzərə çarpa bilər; məs., alkoqolizm zamanı ağrılar, demək olar ki, müşahidə olunmur, temperatur isə nadir hallarda subfebril göstəricilərədək yüksəlir. Xəstəliyin inkişafı ilə intoksikasiya simptomları – baş ağrıları, iştahanın itirilməsi, ürəkbulanma, ümumi zəiflik artır. Ağciyər absesinin birinci mərhələsi orta hesabla 7-10 gün davam edir; lakin 2-3 həftəyə qədər uzanmış gedişata malik ola bilər və ya əksinə, irinli boşluğun inkişafı sürətli xarakter ala bilər, bu zaman 2-3 gün sonra xəstəliyin ikinci mərhələsi başlayır.
Ağciyər absesinin ikinci mərhələsində boşluq açılır və irinli möhtəviyyat bronx vasitəsilə xaricə axır. Hərarət fonunda öskürək qəflətən yaş olur və “ağız dolu” bəlğəm xaric olur. Bir gün ərzində 1 litrə qədər və daha çox irinli bəlğəm orqanizmdən kənarlaşır; xaric olan bəlğəmin miqdarı boşluğun həcmindən asılıdır. Bəlğəm axıdıldıqdan sonra hərarət və intoksikasiya simptomları azalmağa başlayır, pasientin səhhəti yaxşılaşır, qan analizi də infeksion prosesin sönməsini təsdiqləyir. Lakin mərhələlər arasında dəqiq sərhəd həmişə olmur; belə ki, drenaj edən bronx kiçik diametrlidirsə, bəlğəmin axması mülayim xarakterli ola bilər.
Absesin səbəbi irintörədici mikroflora olduqda bəlğəmin üfunətli qoxusu pasiyentin ümumi palatada yerləşdirilməsini mümkünsüz edir. Uzunmüddətli durğunluqdan sonra bəlğəmin parçalanması baş verir: aşağı qalın və sıx qat kiçik dentrit toxumalı olub bozumtul rəng alır; orta qat duru, irinli bəlğəmdən ibarət olur və tərkibində çox miqdarda tüpürcək olur; yuxarı qatda isə köpüklü seroz maye toplanır.
Ağciyər absesinin ağırlaşmaları
Prosesə plevral boşluq və plevra cəlb olunduqda abses irinli plevrit və piopnevmotoraksla, damarların irinləməsi nəticəsində isə ağciyər qanaxması ilə ağırlaşır. Sağlam ağciyərin zədələnməsi və çoxsaylı abses ocaqlarının yaranması ilə infeksiyanın yayılması mümkündür. İnfeksiyanın hematogen yolla yayılması zamanı başqa orqan və toxumaların absesi əmələ gəlir; yəni infeksiya generalizasiya olunur və bakteriemik şok inkişaf edir. Təxminən 20% hallarda abses xronikiləşir.
Ağciyər absesinin diaqnostikası
Obyektiv müayinədə döş qəfəsinin zədələnmiş ağciyərə müşafiq hissəsi tənəffüs aktında geri qalır və ya ağciyər absesi ikitərəfli xarakter daşıdıqda döş qəfəsinin hərəkəti asimmetrik olur. Qanda güclü leykositoz, leykositar formulun çubuqnüvəli əyrisi, toksik qranulyoz neytrofilyoz, EÇS-in səviyyəsinin yüksəlməsi aşkarlanır. Ağciyər absesinin ikinci fazasında qan anlizi tədricən yaxşılaşır. Proses xronikiləşdikdə EÇS-in səviyyəsi yüksəlir; lakin nisbətən stabil qalır, həmçinin anemiya əlamətləri təyin olunur. Qanın biokimyəvi göstəriciləri dəyişir – sial turşularının, fibrinin, seromukoid, haptoqlobulin, α2- və γ-qlobulin səviyyəsi yüksəlir; qanda albuminlərin azalması prosesin xronikiləşməsindən xəbər verir. Sidiyin ümumi analizində silindruriya, mikrohematuriya və albuminuriya qeyd olunur; dəyişikliklərin təzahür dərəcəsi ağciyər absesinin gedişinin ağırlığından asılıdır.
Elastik liflər, atipik hüceyrələr, vərəm mikobakteriyaları, hematoidin və yağ turşularının müəyyənləşdirilməsi məqsədilə bəlğəmin ümumi analizi aparılır. Bəlğəmin bakterioskopiyası və bakterioloji əkilməsi törədicinin aşkarlanması və onun antibakterial preparatlara qarşı həssaslığının müəyyənləşdirilməsi məqsədilə aparılır. Ağciyərlərin rentgenoqrafiyası diaqnozun qoyulması, həmçinin absesi başqa bronxopulmonal xəstəliklərdən differensiasiya etmək üçün daha etibarlı müayinədir. Mürəkkəb diaqnostik hallarda ağciyərlərin MRT-i və ya KT-i aparılır. EKQ, spiroqrafiya və bronxoskopiya ağciyər absesinin təsdiqlənməsi və ya ağırlaşmaların istisnası məqsədilə təyin olunur. Plevritin inkişafına şübhə olduqda plevral punksiya icra olunur.
Ağciyər absesinin müalicəsi
Xəstəliyin gedişinin ağırlıq dərəcəsi müalicənin taktikasını müəyyənləşdirir. Həm cərrahi, həm də konservativ müalicə mümkündür. İstənilən halda müalicə stasionarda pulmonologiya şöbəsində ixtisaslaşmış şəraitdə aparılır. Konservativ müalicə yataq rejiminə riayət, pasientə bəlğəm axınını yaxşılaşdırmaq məqsədilə gün ərzində bir neçə dəfə 10-30 dəq ərzində drenəedici vəziyyət verilir. Antibakterial terapiya təxirə salınmadan təyin olunur; mikroorqanizmlərin həssaslığı müəyyənləşdirildikdən sonra antibiotikoterapiyanın korreksiyası mümkündür. İmmun sistemin reaktivasiyası məqsədilə autohemotransfuziya və qan komponentlərinin köçürülməsi aparılır. Antistafilokok və qamma-qlobin göstərişlərə əsasən təyin olunur.
Təbii drenaj kafi olmadıqda bronxoskopiya aparılır, irinliyin boşluğu aktiv aspirasiya olunur və antiseptik məhlullarla (bronxoalveolyar massaj) yuyulur. Antibiotiklərin ağciyər absesinin boşluğuna birbaşa yeridilməsi də mümkündür. Abses periferik yerləşdikdə və böyük ölçülü olduqda transtorakal punksiya icra olunur. Ağciyər absesinin konservativ müalicəsi az effektli olduqda və ağırlaşmalar zamanı ağciyərin rezeksiyası, yəni hissəvi eksiziyası göstərişdir.
Ağciyər absesinin proqnoz və profilaktikası
Ağciyər absesinin xoşxassəli gedişində irinliyin ətrafının tədricən infiltrasiyası ilə gedir; boşluq öz düzgün konturlarını itirir və təyin olunmur. Proses uzunmüddətli və ya ağırlaşmış xarakter daşımadıqda 6-8 həftədən sonra sağalma başlayır. Ağciyər absesi zamanı latenlik kifayət qədər yüksəkdir və hazırda 5-10% təşkil edir. Ağciyər absesinin spesifik profilaktikası yoxdur. Qeyri-spesifik profilaktika pnevmoniya və bronxitlərin vaxtında müalicəsi, xroniki infeksiya ocaqlarının sanasiyası və tənəffüs yollarına aspirasiyanın qarşısının alınmasıdır. Xəstələnmənin səviyyəsinin azalmasında alkoqolizmlə mübarizə mühüm məqamdır.