Ağciyər arteriyasının anevrizması
Ağciyər arteriyasının anevrizması – sağ mədəcikdən çıxan və venoz qanı kiçik qan dövranına aparan iri damarın və ya onun şaxələrinin patoloji, lokal genişlənməsidir. Xəstəlik, adətən, simptomsuz gedir. Bəzən pasientin döş qəfəsində ağrılar, təngnəfəslik, səsin batması, qanhayxırma və ağciyər qanaxması meydana çıxır. Funksional və rentgenoloji (döş qəfəsinin rentgenoqrafiyası, angiopulmonoqrafiya) müayinə metodlarının, ağciyərlərin KT və MRT-inin köməyilə diaqnostika olunur. Diaqnoz qoyulduqdan sonra anevrizmanın cərrahi eksiziyası (kəsilib çıxarılması) həyata keçirilir.
Ağciyər arteriyasının anevrizması barədə ümumi məlumat
Ağciyər arteriyasının anevrizması nadir damar patologiyasıdır, anadangəlmə və ya qazanılmış ola bilər. Böyük yaşlarda, əsasən 50 yaşdan böyük insanlarda meydana çıxır. Xəstəlikdən əziyyət çəkən qadınlar bütün pasientlərin 57%-ini təşkil edir. Təxminən 80% hallarda xəstəlik simptomsuz gedir. Ağciyər arteriyasının idiopatik genişlənməsi bütün anadangəlmə anomaliyaların 0,6%-ini təşkil edir. 50% hallarda anevrizma başqa inkişaf qüsurları ilə müşayiət olunur. Ağciyər arteriyasının genişlənməsi, adətən, anadangəlmə və qazanılmış kardiovaskulyar patologiya ilə yanaşı gedir. Pulmonal arteriyanın anevrizması zamanı letallıq 5-6% təşkil edir.
Ağciyər arteriyasının anevrizmasının səbəbləri
Ağciyər kötüyünün və ya onun şaxələrinin anevrizması çox nadir hallarda müstəqil, ürək və ya ağciyərlərin digər patoloji dəyişiklikləri olmadan meydana çıxır. Belə vəziyyətlər, adətən, anadangəlmə olur. Xəstəliyə ürək-damar və tənəffüs sisteminin digər xəstəlikləri ilə yanaşı və onların fonunda daha çox rastlanır. Ağciyər arteriyasının anevrizmasının əsas yaranma səbəbləri aşağıdakılardır:
- Kardiovaskulyar patologiya. Qulaqcıqlararası və ya mədəciklərarası defekt, açıq arterial kanal, ürəyin başqa anadangəlmə və ya qazanılma qüsurları, adətən, anevrizmanın yaranmasına gətirib çıxarır. Ağciyər arteriyasının divarının lokal genişlənməsinin səbəbi ikincili ağciyər hipertenziyasına rəvac verən ürək-damar sisteminin istənilən xəstəliyi ola bilər.
- İnfeksion və parazitar xəstəliklər. Anevrizmanı bəzən visseral sifilis, dərin ağciyər mikozları, şistosomoz zamanı inkişaf edən arteriitlər təşviq edir. Ağciyər vərəminin kavernoz formalarında Rasmussen anevrizması əmələ gəlir. Bu zaman kaverna boşluğunda arteriyanın divarı gərilir.
Damar anevrizması tənəffüs orqanlarının ağır xroniki xəstəlikləri, fibrotoraks fonunda meydana çıxa; Hughes-Stovin sindromunun, sistemli vaskulitin gedişini ağırlaşdıra bilər. Patologiyanın səbəbi bəzən respirator traktın travmaları və ya tibbi manipulyasiyalar zamanı tənəffüs sistemi damarlarının zədələnmələri (yatrogen) olur.
Ağciyər arteriyasının anevrizmasının patogenezi
Ehtimal olunur ki, xəstəliyin inkişafına ağciyər arteriyasının divarının hissəvi anadangəlmə natamamlığıdır. Kiçik qan dövranında təzyiqin yüksəlməsi həmin nahiyənin gərilməsinə və nazikləşməsinə səbəb olur. Anevrizma nahiyəsində turbulent qan axını yaranır və damar şəbəkəsinin distal hissələrində hemodinamik proseslərin pozulmasına gətirib çıxarır. Tədricən gərgin orqan divarına yan tərəfli təzyiq yüksəlir, onun degenerativ-distrofik transformasiyası proqressivləşir, cırılma riski artır. Bəzən tromb kütləsinin toplanması və kalsifikasiyası nəticəsində anevrizma kisəciyinin divarı qalınlaşır.
Ağciyər arteriyasının anevrizmasının təsnifatı
Yaranma vaxtına görə ağciyər arteriyasının anevrizmaları anadangəlmə və qazanılma, etioloji faktoruna görə isə idiopatik və başqa xəstəliklərlə assosiasiya olunmuş formalara bölünür. Damar divarının zədələnmə yerindən asılı olaraq ağciyər kötüyünün, onun sağ və ya sol şaxəsinin, distal ağciyər arteriyasının anevrizmaları ayırd edilir. Kisəvari, iyşəkilli, göbələyəbənzər və qarışıq formalı anevrizmatik genişlənmələr aşkarlanır. Müasir pulmonologiyada xəstəliyin aşağıdakı variantları ayırd edilir:
- Həqiqi anevrizma. Patoloji prosesə damar divarının bütün qatları cəlb olunur.
- Yalançı anevrizma (psevdoanevrizma). Törəmənin divarı yalnız damarın adventisial qişasından təşkil olunur və mənfəz vasitəsilə damarla əlaqələnir, beləliklə, boşluğu qanla dolur. Patologiyanın bu formasında törəmənin divarının cırılma riski həqiqi anevrizma ilə müqayisədə xeyli yüksəkdir.
Ağciyər arteriyasının anevrizmasının simptomları
Əksər hallarda xəstəlik uzun müddət sinmptomsuz gedir. Klinik təzahürlər patoloji törəmənin lokalizasiyasından və böyüklüyündən asılıdır. Xəstəliyin əlamətləri tez-tez böyük ölçülü psevdoanevrizmalarda da özünü göstərir. Pasienti ümumi zəiflik, tükənmə, hərəkət zamanı təngnəfəslik, ürəkdöyünmə narahat edə bilər. Bəzən döş qəfəsində törəmənin proyeksiyasına müvafiq nahiyədə sızıldayıcı küt ağrılar, qanhayxırma meydana çıxır. Anevrizma qayıdan sinirə təzyiq etdikdə səs tembri dəyişir – səsi batıqlıq və ya xırıltılı səs əmələ gəlir.
Kiçik qan dövranı arteriyalarının anevrizmaları zamanı çox vaxt fon xəstəliyin klinik simptomları üstünlük təşkil edir. Kardiovaskulyar patologiyalar zamanı döş sümüyü arxası ağrılar, ritm və keçiricilik pozulması, ətrafların ödemi və başqa xroniki ürək çatışmalığı simptomları müşahidə olunur. Tənəffüs sisteminin xəstəlikləri üçün bəlğəmli və ya bəlğəmsiz öskürək, bronxospastik sindrom, təngnəfəslik xarakterikdir.
Patoloji prosesin nisbətən ağır təzahürü damarın cırılması nəticəsində inkişaf etmiş kəskin ağciyər ürəyidir. Pasientdə döş qəfəsi nahiyəsində qəflətən intensiv ağrılar meydana çıxır və güclü inspirator təngnəfəslik, qanhayxırma ilə müşayiət olunur. Tənəffüsün çətinləşməsi sakitlik vəziyyətində yaranır, kiçicik yüklənmə və ya danışıq zamanı kəskin artır. Dəri örtükləri göyümtül çalar alır, boyun venaları şişir. Arterial təzyiqin düşməsi, taxikardiya müşahidə olunur. Dəri solğun; yapışqan, soyuq tərlə örtülü olur. Ürəkbulanma, qusma, sağ qabırğaaltı nahiyədə ağrılar mümkündür.
Ağciyər arteriyasının anevrizmasının ağırlaşmaları
Zaman keçdikcə anevrizmatik törəmənin divarlarının patoloji dəyişiklikləri proqressivləşə bilr; divarlar daha da nazikləşir, sərtliyini və elastikliyini itirir. Damarın cırılması və ya laylanması, ağciyər parenximasına qansızma və infarkt-pnevmoniyanın inkişafı baş verir. Anevrizma qişasının tamlığının pozulması nəticəsində damar mənfəzi bronx mənfəzi ilə əlaqələnir və ağciyər qanaxması əmələ gəlir. Perikard boşluğuna cırılma zamanı ürəyin tamponadası müşahidə olunur. Rasmussen anevrizması tez-tez massiv hemoptoenin mənbəyi olur və vərəm xəstələrinin qəfləti ölüm səbəblərindən biridir. Ağciyər arteriyasının anevrizmatik qabarıqlığından trombotik kütlənin ayrılması və miqrasiyası baş beyin damarlarının trombozuna və insulta gətirib çıxara bilər.
Ağciyər arteriyasının anevrizmasının diaqnostikası
Ağciyər qan dövranına məxsus damarın anevrizmasına şübhə olduqda diaqnostik axtarışı, adətən, həkim-pulmonoloq damar cərrahı ilə birgə həyata keçirir. Birincili obyektiv müayinə zamanı fon patologiyanın əlamətləri aşkar olunur. Ağciyər kötüyünün genişlənməsi zamanı auskultativ müayinədə döş sümüyündən solda, II-III qabırğarası sahədə diastolik küy, II tonun aksenti eşidilir. Diaqnozun təsdiqlənməsi üçün aşağıdakı müayinələr aparılır:
- Kardiodiaqnostika.Elektrokardioqramda, adətən, sağ mədəciyin hipertrofiyası və ürəyin sağ şöbələrinin yüklənmə əlamətləri təyin olunur. Ultrasəs müayinəsi (ExoKQ) zamanı əsas ağciyər arteriyasının və kötüyünün genişlənməsini, aypara qapaqların çatışmazlığını və hemodinamika pozulmalarını aşkar etmək olar.
- Rentgenodiaqnostika. Rentgenoloji mənzərə anevrizma kisəsinin lokalizasiyasından asılıdır. Kötüyün və ya onun sol şaxəsinin genişlənməsi zamanı döş qəfəsi orqanlarının rentgenoqrafiyasında sol kök nahiyəsində dairəvi törəmə təyin olunur. Sağ şaxənin anevrizması sağ kök nahiyəsində lokalizasiya olunmuş arteriyanın köndələn kəsiyinin vergül şəkilli artması ilə meydana çıxır. Periferik damarların patologiyası tək və ya çoxsaylı sıx dairəvi kölgələrlə təmsil olunur. Angiopulmonoqrafiya prosesin lokalizasiyasını dəqiqləşdirməyə imkan verir.
- Ağciyər arteriyalarının KT, MRT-i. Anevrizmanın lokalizasiyasını dəqiqləşdirmək üçün tətbiq olunur. Onun ölçülərini və divarının qalınlığını qiymətləndirməyə imkan verir. Damarların analoji rentgenoloji müayinəsi ilə müqayisədə daha dəqiq və invazivliyi daha az olan metoddur.
Xəstəliyin polietioloji olmasını nəzərə aldıqda diaqnostika prosesində fon xəstəliyin müalicəsi ilə məşğul olan həkimlər – ftiziatr, dermatoveneroloq, revmatoloq da iştirak edə bilər. Bəzən damar anevrizmasını ağciyərlərin və ya divararalığının bədxassəli şişlərindən, aortanın enən hissəsinin anevrizmatik genişlənməsindən differensiasiya etmək çətin olur. Belə vəziyyətlərdə onkoloq və ya kardioloq konsultasiyası da təyin olunur.
Ağciyər arteriyasının anevrizmasının müalicəsi
Damarların patoloji genişlənməsinin lokalizasiyası müəyyənləşdirildikdən sonra anevrizmanın cərrahi korreksiyası icra olunur. Arteriyanın diametrinin daraldılması ilə anevrizmasının eksiziyası və ya damarın hissəvi rezeksiyası, sonra isə protezləşdirilməsi həyata keçirilir. Operativ müdaxilənin ikinci mərhələsi damarın stendlənməsidir. Anevrizmanı rezeksiya etmək mümkün olmadıqda palliativ cərrahi əməliyyat – divarın lavsan protezlə möhkəmləndirilməsi aparılır. Bəzən kiçik, simptomsuz anevrizmalarda gözləyici taktika seçilir. Pasient müalicə edən həkim tərəfindən müntəzəm nəzarətdə saxlanılır; belə ki, həmin həkim patoloji prosesin vəziyyətini dinamikada qiymətləndirir. Anevrizmanın ölçüləri böyüdükdə o, rezeksiya olunur.
Ağciyər arteriyasının anevrizmasının proqnoz və profilaktikası
Vaxtında həyata keçirilmiş cərrahi müalicə zamanı proqnoz kafidir, residivlər çox nadir hallarda müşahidə olunur. Müalicə olunmadıqda xəstənin həyatı üçün təhlükə törədən törəmənin divarının cırılması riski qalır. Cərrahi əməliyyat olunmamış pasientlər tez-tez kəskin sağ mədəcik çatışmazlığından və ya massiv ağciyər qanaxmasından ölürlər. Profilaktik tədbirlərə ürəyin anadangəlmə qüsurlarının erkən (ağciyər hipertenziyası meydana çıxana qədər) cərrahi korreksiyası, fon proseslərin müalicəsi aiddir.