Ağciyər arteriyası dəliyinin stenozu

Ağciyər arteriyası dəliyinin stenozu – sağ mədəciyin çıxarıcı traktının daralması olub, qanın ağciyər kötüyünə normal axınının çətinləşməsi ilə xarakterizə edilir. Ağciyər arteriyası dəliyinin stenozu halsızlıq, tez yorulma, başgicəllənmə, bayilmaya meyllik, təngnəfəslik, ürəkdöyünmə, sianozla müşayiət olunur. Diaqnoz elektrokardioqrafiya, rentgenoloji müayinə, exokardioqrafiya, ürəyin kateterizasiyasının nəticələrinə əsasən qoyulur. Ağciyər arteriyası dəliyinin stenozunun müalicəsi açıq valvulotomiya və ya endovaskulyar ballon valvuloplastikadan ibarətdir.

Ağciyər arteriyası dəliyinin stenozu barədə ümumi məlumat

Ağciyər arteriyası dəliyinin stenozu  (pulmonal stenoz) – qanın sağ mədəcikdən ağciyər kötüyünə axınını çətinləşdirən maneənin yaranması ilə səciyyələnən anadangəlmə və ya qazanılmış ürək qüsurudur. Ağciyər arteriyası dəliyinin izolə olunmuş stenozu anadangəlmə ürək qüsurlarının 2-9%-ni təşkil edir. Həmçinin pulmonal stenoz mürəkkəb ürək qüsurlarının (Fallo triadası və tetradası) tərkibinə daxil ola və ya magistral damarların transpozisiyası, mədəciklərarası çəpər qüsuru, açıq atrioventrikulyar kanal, üçtaylı qapağın atreziyası ilə birgə rast gəlinə bilər. Kardiologiyada ağciyər arteriyası dəliyinin izoləolunmuş stenozu solğun tipli qüsurlara aid edilir. Pulmonal stenoz qadınlara nisbətən kişilərdə 2 dəfə çox qeydə alınır.

Ağciyər arteriyası dəliyinin stenozunun yaranma səbəbləri

Ağciyər arteriyası dəliyinin stenozu anadangəlmə və ya qazanılmış ola bilər. Anadangəlmə dəyişikliklərin etiologiyası digər ürək qüsurlarında olduğu kimidir – fetal məxmərək sindromu, dərman və kimyəvi intoksikasiyalar, irsi meyllik və s. Ağciyər arteriyası dəliyinin stenozunun yaranmasında qapağın anadangəlmə  deformasiyası mühüm rol oynayır.

Ağciyər arteriyası dəliyinin qazanılmış stenozuna infeksion endokardit, hipertrofik kardiomiopatiya, sifilitik və ya revmatik zədələnmə, ürəyin miksoması, karsinoid şişlərlə əlaqədar qapağın vegetasiyası səbəb ola bilər. Bəzən qapaqüstü stenoz böyümüş limfa düyünləri və ya aorta anevrizması tərəfindən dəliyin kompressiyası nəticəsində yaranır. Ağciyər arteriyasının əhəmiyyətli dərəcədə genişlənməsi və onun sklerozu dəliyin nisbi stenozunun inkişafına gətirib çıxarır.

Ağciyər arteriyası dəliyinin stenozunun təsnifatı

Qan dövranının obstruksiya səviyyəsinə əsasən qapaq (80%), qapaqaltı (infundibulyar) və qapaqüstü stenozlar ayırd edilir. Çox nadir hallarda kombinəolunmuş stenoza (qapaq stenozunun qapaqaltı və ya qapaqüstü forma ilə müştərəkliyi) rast gəlinir. Qapaq stenozunda çox zaman qapağın taylara ayrılması müşahidə olunmur; ağciyər arteriyasının qapağı 2-10mm diametrində dəliyə malik gümbəzəbənzər diafraqma şəklində olur; komissuralar hamarlaşmışdır; ağciyər kötüyünün poststenotik genişlənməsi formalaşır. İnfundibulyar (qapaqaltı) stenoz əzələ və fibroz toxumanın anomal çoxalması nəticəsində sağ mədəciyin çıxarıcı hissəsinin qıfşəkilli daralması ilə səciyyələnir. Qapaqüstü stenoz lokal daralma, natamam və ya tam membran, diffuz hipoplaziya, ağciyər arteriyasının çoxsaylı stenozları ilə ifadə olunur.

Praktik məqsədlərlə sağ mədəcikdə sistolik AT-nin səviyyəsi və sağ mədəciklə ağciyər arteriyası arasında təzyiq qradiyentinin təyininə əsaslanan təsnifatdan istifadə edilir:

  • I mərhələ (ağciyər arteriyası dəliyinin yüngül stenozu) — sağ mədəcikdə sistolik təzyiq 60 mm cv.süt.-dan azdır; təzyiq qradiyenti —  20-30 mm cv.süt.
  • II mərhələ (ağciyər arteriyası dəliyinin ifadəli stenozu) — sağ mədəcikdə sistolik təzyiq 60 -100 mm cv.süt.; təzyiq qradiyenti — 30-80 mm cv.süt.
  • III mərhələ (ağciyər arteriyası dəliyinin kəskin ifadəli stenozu) — sağ mədəcikdə sistolik təzyiq 100 mm cv.süt.-dan yüksəkdir; təzyiq qradiyenti —  80 mm cv.süt. –dan yuxarıdır.
  • IV mərhələ (dekompensasiya) – miokardın distrofiyası, ağır qan dövranı çatışmazlığı inkişaf edir. Sağ mədəcikdə sistolik AT onun yığılma qabiliyyətinin zəifləməsi ilə əlaqədar azalır.

Ağciyər arteriyası dəliyinin stenozu zamanı hemodinamikanın xüsusiyyətləri

Ağciyər arteriyası dəliyinin stenozu zamanı hemodinamik dəyişikliklər qanın sağ mədəcikdən ağciyər kötüyünə qovulmasının çətinləşməsi ilə bağlıdır. Sağ mədəciyin yüklənməsi onun fəaliyyətinin güclənməsi və miokardın konsentrik hipertrofiyasının formalaşması ilə müşayiət edilir. Bu zaman sağ mədəcikdə sistolik təzyiq ağciyər arteriyasındakı təzyiqdən xeyli yüksək olur: sistolik təzyiq qradiyenti ağciyər arteriyası dəliyinin stenozunun dərəcəsini təyin etməyə imkan verir. Sağ mədəcikdə təzyiqinn yüksəlməsi onun çıxarıcı dəliyinin sahəsinin 40-70% azalması zamanı baş verir.

Miokardda distrofik proseslər artdıqca sağ mədəciyin genişlənməsi, trikuspidal requrgitasiya, daha sonralar isə sağ qulaqcığın hipertrofiya və dilatasiyası inkişaf edir. Bu proseslər nəticəsində oval pəncərə açıla bilər. Belə hallarda qanın veno-arterial şuntu formalaşır, sianoz meydana çıxır.

Ağciyər arteriyası dəliyinin stenozunun əlamətləri

Ağciyər arteriyası dəliyinin stenozunun klinikası daralmanın dərəcəsi və kompensasiyanın vəziyyətindən asılıdır. Pulmonal stenozun xarakterik təzahürlərinə fiziki yüklənmə zamanı tez yorulma, halsızlıq, yuxululuq, başgicəllənmə, təngnəfəslik, ürəkdöyünmə aiddir. Uşaqlarda fiziki inkişafın (bədən kütləsi və boy) ləngiməsi, soyuqdəymə xəstəliyi və pnevmoniya ilə tez-tez xəstələnmə müşahidə edilir. Pulmonal stenozlu xəstələr bayılmaya meylli olur. Ağır hallarda kəskin hipertrofiyalaşmış mədəcikdə koronar qan dövranının çatışmazlığı nəticəsində stenokardiya tutmaları baş verə bilər.

Baxış prosesində boyun venalarının qabarması və pulsasiyası (trikuspidal çatışmazlıq zamanı), döş qəfəsinin sistolik titrəməsi, dəri örtüklərinin avazıması, ürək donqarı müəyyən edilir. Ağciyər arteriyası dəliyinin stenozunda sianozun yaranması ürək atımının azalması (dodaq, yanaq, barmaq falanqalarının periferik sianozu) və ya açıq oval pəncərədən qanın geriyə axını (ümumi sianoz) ilə bağlı ola bilər. Pasiyentlərin ölümü sağ mədəcik çatışmazlığı, ağciyər arteriyasının tromboemboliyası, ləng gedişli septiki endokardit səbəbindən baş verir.

Ağciyər arteriyası dəliyinin stenozunun diaqnostikası

Pulmonal stenozun diaqnostikası fizikal məlumatlar, instrumental diaqnostikanın nəticələrinin analizinə əsaslanır. Perkussiyada ürəyin sərhədlərinin sağa doğru dəyişməsi, palpasiyada sağ mədəciyin sistolik pulsasiyası müəyyən edilir. Auskultasiya və fonokardioqrafiyanın məlumatları kobus sistolik küy, ağciyər arteriyası üzərində II tonun zəifləməsi və onun parçalanması ilə səciyyələnir. Rentgenoqrammada ürək sərhədlərinin genişlənməsi, ağciyər arteriyası dəliyinin poststenotik genişlənməsi, ağciyər şəklinin zəifləməsi nəzərə çarpır.

EKQ sağ mədəciyin yüklənmə əlamətlərini, ürəyin elektrik oxunun sola əyilməsini aşkar edir. Exokardioqrafiyanın köməyilə sağ mədəciyin dilatasiyası, ağciyər arteriyasının poststenotik genişlənməsi təyin olunur; doppleroqrafiya sağ mədəciklə ağciyər kötüyü arasında təzyiq fərqini qiymətləndirməyə imkan verir.

Ürəyin sağ şöbələrinin zondlanması yolu ilə sağ mədəcikdə təzyiq və onunla ağciyər arteriyası arasında təzyiq qradiyenti təyin edilir. Ventrikuloqrafiyanın məlumatları sağ mədəcik boşluğunun genişlənməsi, sağ mədəcikdən kontrast maddənin ləng yayılması ilə xarakterizə olunur. 40 yaşdan yuxarı pasiyentlərdə və döş sümüyü arxasında ağrılardan şikayət edən şəxslərdə selektiv koronaroqrafiya aparılmalıdır.

Ağciyər arteriyası dəliyinin stenozu mədəciklərarası və qulaqcıqlararası çəpər qüsuru, açıq arterial axacaq, Eyzenmenger kompleksi, Fallo tetradası və s. ilə differensiasiya olunur.

Ağciyər arteriyası dəliyinin stenozunun müalicəsi

Qüsurun yeganə effektiv müalicə üsulu ağciyər arteriyası dəliyinin stenozunun cərrahi yolla aradan qaldırılmasıdır. Stenozun II və III mərhələlərində əməliyyat göstəriş sayılır. Qapaq stenozunda açıq valvuloplastika (bitişmiş komissuraların ayrılması) və ya endovaskulyar ballon valvuloplastika icra olunur.

Ağciyər arteriyasının qapaqüstü stenozunun plastikası ksenoperikardial protez və ya yamaqdan istifadə edilməklə daralma zonasının rekonstruksiyasından ibarətdir. Qapaqaltı stenozda infundibulektomiya – sağ mədəciyin çıxarıcı traktı nahiyəsində hipertrofiyalaşmış əzələ toxumasının kəsilməsi həyata keçirilir. Stenozun cərrahi müalicəsinin ağırlaşmalarına ağciyər arteriyasının müxtəlif dərəcəli qapaq çatışmazlığı aiddir.

Ağciyər arteriyası dəliyinin stenozunun proqnoz və profilaktikası

Ağciyər arteriyasının yüngül stenozu pasiyentin həyat keyfiyyətinə təsir etmir. Hemodinamik əhəmiyyətli stenozlarda sağ mədəcik çatışmazlığı erkən inkişaf edərək, qəfləti ölümə gətirib çıxarır. Qüsurun cərrahi korreksiyasının postoperasion nəticələri qənaətbəxşdir: 5 illik sağqalma ehtimalı 91% təşkil edir.

Ağciyər arteriyası dəliyinin stenozunun  profilaktikası hamiləliyin normal gedişi üçün qənaətbəxş şəraitin təmini, qazanılmış dəyişikliklərə səbəb olan xəstəliklərin erkən diaqnostika və müalicəsini tələb edir. Pulmonal stenozlu pasiyentlər kardioloq və kardiocərrahin müşahidəsi altında olmalıdır. Onlarda infeksion endokarditin profilaktikası aparılmalıdır.

error: Content is protected !!