Ağciyər arteriyasının qapaq çatışmazlığı

Ağciyər arteriyasının qapaq çatışmazlığı – qapaq taylarının tam bağlanmaması nəticəsində sağ mədəciyin diastola fazasında qanın ağciyər kötüyündən geriyə axını ilə xarakterizə edilir. Patologiya halsızlıq, ürəkdöyünmə, təngnəfəslik, sianoza səbəb olur. Diaqnostika prosesində EKQ, ExoKQ, vidaci venanın fleboqrafiyası, döş qəfəsi orqanlarının rentgenoqrafiyası, ürək boşluqlarının kateterizasiyası, angiopulmonoqrafiyadan istifadə olunur. Qüsurun müalicəsi sağ mədəcik çatışmazlığının terapiyası, infeksion endokarditin profilaktikası, ağciyər arteriyası qapağının protezlənməsindən ibarətdir.

Ağciyər arteriyasının qapaq çatışmazlığı barədə ümumi məlumat

Ağciyər arteriyasının qapaq çatışmazlığı – ağciyər arteriyasının qapaq taylarının tam qapanmaması nəticəsində qanın ağciyər arteriyasından sağ mədəciyə patoloji requrgitasiyası ilə səciyyələnir. Bu zaman sağ mədəciyin həcmi yüklənməsi baş verir. Qapaq çatışmazlığı anadangəlmə və ya qazanılmış olur. Anadangəlmə qapaq çatışmazlığının yayılma tezliyi 0,2% təşkil edir; anomaliya həm izoləolunmuş, həm də digər anadangəlmə ürək qüsurları ilə müştərək şəkildə qeydə alınır.

Ağciyər arteriyasının qapaq çatışmazlığının yaranma səbəbləri

Qüsurun anadangəlmə forması ağciyər kötüyünün dilatasiyası və ya qapaq taylarının inkişafının pozulması ilə əlaqədar yaranır. Uşaq kardiologiyasında ağciyər arteriyası qapağının hipoplaziyası və tamamən olmaması (ageneziya, anadangəlmə qapaqsız ağciyər arteriyası) müşahidə edilir. Bəzən ağciyər arteriyası qapağı ikitaylı (normal və ya rudimentar) olur. Ağciyər arteriyası qapağının anadangəlmə çatışmazlığı adətən Fallo tetradasında rast gəlinir, açıq arterial axacaq, qulaqcıqlararası və ya mədəciklərarası çəpər qüsuru, magistral damarların sağ mədəcikdən ikili ayrılması, Marfan sindromu ilə müşayiət olunur.

Ağciyər arteriyasının qazanılmış qapaq çatışmazlığının ən geniş yayılmış səbəbi septiki endokarditdir. Sifilis, ateroskleroz zamanı ağciyər arteriyasının zədələnməsi qapaq komissuralarının genişlənməsinə gətirib çıxara bilər.

Qapaq çatışmazlığı həmçinin ballon vulvoplastika və valvulotomiyadan sonra yarana bilər. Ağciyər arteriyası qapağının nisbi çatışmazlığı ağciyər hipertenziyası, ağciyərlərin xroniki xəstəlikləri və mitral stenoz, ağciyər arteriyasının tromboemboliyası zamanı formalaşır. Bəzən qapaq çatışmazlığı aorta anevrizmasının ağciyər arteriyasına təzyiqi nəticəsində inkişaf edir.

Ağciyər arteriyasının qapaq çatışmazlığında hemodinamikanın xüsusiyyətləri

Ağciyər arteriyasının qapaq çatışmazlığı qanın geriyə – ağciyər kötüyündən sağ mədəciyə axınına səbəb olur. Sağ mədəciyə qanın həm də sağ qulaqcıqdan tökülməsi ilə əlaqədar onun həcmi yüklənməsi və dilatasiyası baş verir.

Ağciyər hipertenziyası və trikuspidal çatışmazlıq olmadıqda hipertrofiyalaşmış sağ mədəcik yüklənmənin öhdəsindən gəlir. Dekompensasiya şəraitində sağ mədəcikdə diastolik təzyiq yüksəlir, bu da sağ mədəcik çatışmazlığı və üçtaylı atrioventrikulyar qapağın  çatışmazlığı ilə müşayiət olunur.

Ağciyər arteriyasının yüngül dərəcəli qapaq çatışmazlığında hemodinamik dəyişikliklər baş verməyə bilər, lakin qapağın ümumiyyətlə olmaması ürək çatışmazlığının sürətlə proqressivləşməsinə gətirib çıxarır.

Ağciyər arteriyasının qapaq çatışmazlığının əlamətləri

Ağciyər arteriyasının anadangəlmə qapaq çatışmazlığının klinikası doğuşdan sonra qısa müddət ərzində sağ mədəcik çatışmazlığının əlamətləri, ağciyər arteriyasının genişlənmiş şaxələrinin bronx və ağciyərləri sıxması nəticəsində yaranan respirator pozğunluqlarla manifestasiya edir. Ağciyər arteriyası qapağının izoləolunmuş ikincili çatışmazlığı uzun müddət simptomsuz gedə bilər.

Sağ mədəcik və trikuspidal çatışmazlıqlar proqressivləşdikdə xəstələr yuxululuq, halsızlıq, təngnəfəslik, sianoz, ürək nahiyəsində ağrılardan şikayət edir. 20-30 yaşdan yuxarı pasiyentlərdə aritmiyalar yarana bilər. Baxış zamanı boyun venalarının qabarması, barmaq falanqalarının baraban çubuqlarına bənzəməsi nəzərə çarpır. Bir müddətdən sonra periferik ödemlər, davamlı taxikardiya, hidrotoraks, assit, qaraciyərin kardial sirrozu müşahidə edilir. Ağciyər arteriyasının qapaq çatışmazlığının ən təhlükəli ağırlaşmalarına ağciyər emboliyası, ağciyər arteriyasının anevrizması aiddir.

Ağciyər arteriyasının qapaq çatışmazlığının diaqnostikası

Pasiyentlərin fizikal müayinəsi zamanı palpasiyada sağ mədəciyin pulsasiyası, diastolik titrəmə müəyyən edilir; II tonun ağciyər komponentinin güclənməsi, azalan diastolik küy eşidilir.

Fonokardioqrafiyada ağciyər arteriyası nahiyəsində erkən, tədricən azalan diastolik küy qeyd olunur. EKQ-məlumatlar ürəyin sağ şöbələrinin hipertrofiya və yüklənməsini təsdiqləyir. Doppleroqrafiya ilə aparılan exokardiqorafiya ağciyər arteriyasından sağ mədəciyə diastolik requrgitasiyanın əlamətlərini aşkar edir. Bəzən qapaqda vegetasiya, stenoz, ağciyər arteriyasının venoz həlqəsinin genişlənməsi, mədəciklərarası çəpərin sol mədəciyin boşluğuna qabarması müəyyən edilir.

Döş qəfəsi orqanlarının rentgenoqrafiyası ağciyərin damar şəklinin güclənməsi, ağciyər arteriyası qövsünün qabarması, ürəyin sağ kameralarının dilatasiya əlamətləri ilə səciyyələnir. Vidaci venanın fleboqrafiyasının nəticələri trikuspidal requrgitasiyanın olmasını sübut edir. Ürək kameralarının zondlanmasının köməyilə mərkəzi venoz təzyiq və sağ mədəcikdə son diastolik təzyiqin yüksəlməsi aşkarlanır. Angiopulmonoqrafiyada kontrast maddənin sağ mədəciyin diastolası zamanı ağciyər arteriyasından geriyə qayıtması requrgitasiyanı təsdiqləyir. Diaqnostika prosesində aortal çatışmazlıq, ağciyər arteriyasının idiopatik genişlənməsi inkar olunmalıdır.

Ağciyər arteriyasının qapaq çatışmazlığının müalicəsi

Ağciyər arteriyasının qapaq çatışmazlığının medikamentoz müalicəsi ürək çatışmazlığının əlamətlərinin zəiflədilməsinə yönəldilir: bu məqsədlə venoz dilatatorlar və diuretiklərdən istifadə olunur. Qapağın üzvi zədələnməsi bakterial endokarditin antibiotikoprofilaktikasının aparılmasını tələb edir.

Hemodinamik dəyişikliklər qeydə alınmadıqda ağciyər arteriyasının qapaq çatışmazlığının kardiocərrahi korreksiyasına ehtiyac yaranmır. Ağciyər arteriyasının anadangəlmə qapaq çatışmazlığının rast gəlindiyi uşaqlarda palliativ müdaxilələr (ağciyər kötüyünün daraldılması, sistem-ağciyər anastomozunun qoyulması və s.) yerinə yetirilə bilər. Qapaq çatışmazlığının radikal müalicə üsullarına ağciyər arteriyası qapağının bioloji və ya mexaniki protezlə protezlənməsi və yanaşı gedən anadangəlmə ürək qüsurlarının aradan qaldırılması aiddir.

Postoperasion dövr ağciyər arteriyasının tromboemboliyası, ikincili infeksion endokardit, bioloji protezlərin degenerasiyası ilə ağırlaşa bilər. Axırıncı halda qapaq təkrarən protezlənməlidir.

Ağciyər arteriyasının qapaq çatışmazlığının proqnoz və profilaktikası

Ağciyər arteriyasının qapaq çatışmazlığının proqnozu fərqli olur. Həyatın ilk günündən özünü büruzə verən kəskin formalı qüsurlar cərrahi müdaxilənin erkən dövrlərdə aparılmasını tələb edir, yüksək letallıqla müşayiət olunur. Ağciyər arteriyasının izoləolunmuş qapaq çatışmazlığı uzun müddət kompensə olunmuş formada gedir, xəstələr 40-57 yaşa qədər yaşayır.

Ağciyər arteriyasının qapaq çatışmazlığının müşahidə edildiyi qadınlarda hamiləlik dövründə dölün hipoksiyası və vaxtından əvvəl doğuşların profilaktikası aparılmalıdır. Uşaqlıq-plasentar qan dövranının USM-monitorinqi və mama-ginekoloq, kardioloq, terapevt, kardiocərrahın müşahidəsi məsləhət görülür.

Ağciyər arteriyası qapağının ikincili çatışmazlığının profilaktikası bakterial endokardit, ateroskleroz, sifilis, ağciyərlərin xroniki xəstəlikləri, ürək üzərində aparılan əməliyyatların yatrogen ağırlaşmalarının qarşısının alınmasından ibarətdir. Ağciyər arteriyası qapağının birincili çatışmazlığının profilaktikası digər anadangəlmə ürək qüsurlarında olduğu kimidir.

error: Content is protected !!